Məhkəmə qərarları › İş №2(012)-4797/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4797/2021

10.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4797/2021 10.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun miras əmlakına yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun miras əmlakına yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, X6 Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 21/16 ünvanında yerləşən 2 otaqlı miras əmlakı və faktiki mirası qəbul edən cavabdehlər X5, Cavabdeh2 və Cavabdeh3 fərdi yaşayış evinə 33500 ABŞ dolları borcun yönəldilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək 08 yanvar 2021-ci il tarixdə borclu X7 vəfat etdiyini nəzərə alaraq, 33500 ABŞ dolları və rüsum kimi ödənilmiş 30 manat pulun vərəsələr-cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən müştərək qaydada tutularaq ona qaytarılması, pulu qaytarmayan 11 il ərzində borclu X7 vurduğu maddi zərərə görə, qızı və özünün xəstəlik tapması, müalicə alması, bu illər ərzində kirayə qalmalarına görə 18500 ABŞ dolları pul vəsaitinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı Mülki Prosessual Məcəllənin 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə yenidən məhkəməyə müraciət edərək 08 yanvar 2021-ci il tarixdə borclu X7 vəfat etdiyini nəzərə alaraq, 33500 ABŞ dolları, rüsum kimi ödənilmiş 30 manat pulun, maddi zərərə görə 17739 manat pulun vərəsələr-cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən müştərək qaydada tutularaq cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, 2009-cu ildə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 anası X3 rayonu Xırdalan şəhəri 28-ci məhəllə 21/16 ünvanında yerləşən 27.8 kv.m olan 2 otaqlı fərdi yaşayış evini 34500 ABŞ dolları məbləğinə ona satmışdır. Bir müddətdən sonra o, satın aldığı fərdi yaşayış evinin yaşamaq üçün yararsız olduğu qənaətinə gəlmişdir. Evlə bağlı rəsmi alqı-satqı müqaviləsinin notarial qaydada bağlanması qeyri-mümkün olduğuna görə X21 həmin əmlak üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını verən 50 illik etibarnaməni ona vermişdir. Ev yaşamaq üçün yararsız olması səbəbindən o, X6 evə görə verilən pulu qaytarmasını və evi geri götürməsini xahiş etmişdir. Belə ki, dələduz və dəllal olan X18 tikib onu aldadaraq satdığı evin altından minlik su və kanalizasiya xətləri keçdiyindən, zəhərli həşəratların olduğu, xəstəlik mənbəyi olan evi məhkəmədə iddia qaldıraraq geri qaytarmaq məcburiyyətində qalmışdır. Onun xahişinə məhəl qoyulmadığına görə o, məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuş, 21 iyun 2010-cu il tarixdə Abşeron rayon Məhkəməsində onun X13 qarşı əqdin etibarsız hesab edilməsi və dəymiş zərərin ödənilməsi tələbinə dair iddia tələbi qismən təmin olunaraq X21 ilə onun arasında bağlanmış əqdin etibarsız hesab olunması və ondan 33500 ABŞ dolları pul vəsaitinin tutularaq ona verilməsi barədə qətnamə qət olunmuşdur. Abşeron rayon Məhkəməsi onun gətirdiyi sübutları əsaslı hesab edərək, evin satıcıya və fərdi yaşayış evinə ödənilmiş məbləği ona, yəni, alıcı İddiaçı qaytarılmasına dair qətnamə qəbul etmişdir. Qətnaməyə əsasən icra vərəqəsi verilsə də hal-hazırki dövrədək qətnamə icra olunmamışdır. Qətnamə icra olunması üçün Abşeron rayon İcra şöbəsinə göndərilmişdir. Qətnamə qərəzli olaraq icra olunmadığı üçün Azərbaycan Respublikası Ədliyyə Nazirinin göstərişi ilə 2016-cı ildən etibarən Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. Qanuni qüvvəsini almış qətnaməni Sumqayıt şəhəri üzrə İcra İdarəsində çalışan Toğrul Rüstəmov, Ziya Abdullayev, Siyavuş Beydullayev, Orxan, Gündüz adlı icra məmurları, kurator Rəsul Yusifov hərəkətsizliyi və şəxsi maraqlarına görə heç bir iş görməmişdir. Hesab edir ki, hakimlərin və icraçıların bu hərəkətsizliyi tam araşdırılmalıdır. Çünki məhz bu hərəkətsizliyinin nəticəsində Azərbaycan Respublikası adından çıxarılmış qətnamə icra edilmir. Bu günə qədər icraçılar faktiki olaraq icra ilə bağlı yalnız şərti xarakter daşıyan tədbirlər görmüşdür. Məhkəmə hakimlərinin hərəkətsizliyi və icra məmurlarının nəyəsə görə qanuni qüvvəsini almış qətnaməni icra etmək istəməmələri məlum deyildir. Qətnamənin qanuni qüvvəsini aldığı və icra vərəqəsinin verildiyi 10 dekabr 2010-cu il tarixdən bu günə kimi ona heç bir ödəniş edilməmişdir. X21 tərəfindən 33500 ABŞ dolları pulun qaytarılması və qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icra edilməsi ilə bağlı heç bir iş görülməmişdir. İş üzrə Abşeron rayon Məhkəməsinin qətnaməsindən bu vaxta qədər 11 il keçmişdir. Buna baxmayaraq 33500 ABŞ dolları pul vəsaiti X4ndan alınaraq ona verilməsi təmin edilməmişdir. Həmçinin evin mülkiyyəti də onun adında qalmışdır. Qeydiyyatları, kommunal ödənişləri dələduz və dəllal olan X10 adında qalmışdır. Həmçinin 2013-cü ildə ev onun sahibliyindən alınaraq, X1 qaytarılmasına dair qətnamə qəbul edilmişdir. İcra vərəqəsi olmasına baxmayaraq pulu qaytarılaraq evinə sahib çıxmamışdır. Müxtəlif dövlət qurumlarına dəfələrlə müraciət etsə də heç kəs ona köməklik etməmişdir. Azərbaycan Respublikası adından çıxarılmış və qanuni qüvvəsini almış məhkəmə qətnaməsi məlum olmayan səbəblərdən borclu tərəfindən icra edilməmişdir. Ondan alınmış pul vərəsələrin işlərinin görülməsinə xərclənmişdir. (maşınlar, evlər, cehiz, torpaq sahələri alınmışdır). Belə ki, mübahisə predmeti olan fərdi yaşayış evinin satılmasından əldə olunmuş pul vəsaiti hesabına X21 pulu dövriyyəyə buraxaraq uzun illər gəlir əldə etmişdir. 2021-ci ildə X21 dünyasını dəyişmişdir. Buna baxmayaraq Rəna Əliyevadan sonra yuxarıda göstərilən ünvanda yerləşən fərdi yaşayış evi və digər miras əmlakları qalmışdır. Dünyasını dəyişmiş Rəna Əliyevanın başqa əmlakı olmadığından və əlavə olaraq ona 33500 ABŞ dolları borcu olduğundan həmin borcun Rəna Əliyevanın miras əmlakına yönəldilməsi zəruridir. Rəna Əliyevanın varisləri Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 mövcud olan borcu notarial qaydada qəbul etməsələr də, onu faktiki olaraq qəbul edərək üzərində sahiblik hüquqlarını həyata keçirmişlər. Bunu o məqsədlə etmişlər ki, Rəna Əliyevadan qalan miras əmlakından tutmaları çətinliklə baş verə bilsin. 11 il ərzində ona xəsarət yetirib cəzasız qalan, hər cür imkanı olub, qəsdən və qərəzli olaraq rüşvət verərək azadlıqda qalan, saxta əlil X10 vərəsələrindən ona olan borc pul alınaraq, ağır vəziyyəti nəzərə alınaraq ödətdirilməsi məqsədəuyğundur. Xəstəlik mənbəyi olan evin satılması nəticəsində o, həmin evdə bir müddət yaşayıb ağır xəstəlik tapdıqdan sonra doqquz ildir ki, özgə qapılarında qalıb 8500 manat kirayə pulu ödəmişdir. Hazırda isə əməliyyat olmağa, dərman vasitələri almaq üçün pul vəsaitinə ehtiyacı vardır. X2 vərəsələrinin Abşeron rayonu Qobu qəsəbəsində, Xırdalan şəhərində hər birinə məxsus fərdi yaşayış evləri vardır. Belə ki, hər birinin maddi vəziyyəti yaxşı olmaqla hər cür imkanları da vardır. Xəstəlik mənbəyi olan evin ona satılmasından sonra o və qızı bir müddət orada yaşasalar da xəstəliyə tutulmuşlar, bu səbəbdən də uzun illərdir ki, müalicələr almış və maddi vəsait sərf etmişdir. Belə ki, o, Abşeron rayon Mərkəzi Xəstəxanasında, 3 saylı uşaq poliklinikasının nevrologiya şöbəsində, Bakı şəhəri Yasamal rayonu 39 nömrəli poliklinikada, 7 ildir ki, kirayə yaşadığı ərazi üzrə poliknikada qeydiyyatdadır. Həmçinin, əvvəlki məhkəmə prosesləri ərəfəsində X21, həmçinin onun oğlu ona xəsarətlər yetirmiş, bu səbəbdən də sağlamlığına dəymiş zərərə görə o, mənəvi stress keçirmişdir. Eyni zamanda, yaşamış olduğu evin şəraitsizlik baxımı səbəbindən əşyaları, mebelləri çürümüş, sıradan çıxmış, istifadəyə yararsız hala gəlmişdir. Göründüyü kimi, yol xərci, müalicə, müayinə xərci, əşyaların korlanması ilə bağlı xərcləri, yetirdikləri mənəvi stress bütün bunlar hamısı ona böyük məbləğdə maddi ziyanın vurulması ilə nəticələnmişdir ki, həmin məbləği də o, ümumilikdə 17739 manat dəyərində qiymətləndirir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki Prosessual Məcəllənin: 62.1 maddəsinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1-ci və 76.2 maddələrinə əsasən işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 26.10.2021-ci il tarixinə təyin olunmuş məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, o, Sumqayət şəhəri üzrə İcra İdarəsində icra məmuru işləyir. İddiaçı borcun ödənilməsi ilə bağlı icra sənədi barəsində icra tədbirləri həyata keçirilmişdir. Belə ki, icra sənədi müxtəlif icra məmurlarının icraatında olmuşdur. Ondan əvvəl Siyavuş Beydullayevdə, ən son olaraq isə onun icraatında olmuşdur. X4 08.01.2021-ci il tarixdə vəfat etmişdir. Borclu barəsində icra portalında axtarış verilmiş, borclunun əmlakı barəsində vərəsəlik işinin açılmadığı müəyyən edilmişdir. Həmçinin, əmlakları barədə məlumat axtarışa verilmiş, lakin heç bir əmlak aşkar edilməmişdir. Vərəsələr əmlakı qəbul etmədiyindən borcun ödənilməsi mümkün olmamışdır. Bu səbəbdən də icra sənədi üzrə icraata xitam verilmiş və bu barədə qərar qəbul edilmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını, şahid ifadəsini dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Abşeron rayonu Xırdalan şəhəri 28-ci məhəllə 21/16 ünvanında yerləşən ümumi sahəsi 27.8 kv.m olan 2 otaqlı ev X10 adına Abşeron rayon İcra Hakimiyyəti Başçısının 24.02.2001-ci il tarixli 041 saylı sərəncamına əsasən 30129 saylı reyestr kitabında 3548 nömrəsi ilə qeydə alınmışdır. -Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 10 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Cavabdeh3 tərəfindən verilmiş 08.10.2009-cu il tarixli ərizənin surətindən görünür ki, o, Əliyeva (Cabbarova) Rəna Cabar qızına məxsus olan Abşeron rayonu Xırdalan şəhəri 28-ci məhəllə 21/16 ünvanında yerləşən evin satılmasına etiraz etməmişdir. -Abşeron rayonu 2-ci notariat kontoruna X14 tərəfindən verilmiş 09.10.2009-cu il tarixli ərizənin surətindən görünür ki, o, Əliyeva (Cabbarova) Rəna Cabar qızına məxsus olan Abşeron rayonu Xırdalan şəhəri 28-ci məhəllə 21/16 ünvanında yerləşən evin satılmasına etiraz etməmişdir. -Abşeron Rayon Məhkəməsinin 21.06.2010-cu il tarixli 2(012)-275/2010 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, X21 ilə İddiaçı arasında bağlanmış əqd etibarsız hesab edilmiş, X6 33500 ABŞ dolları məbləğində pulun ödəniş gününə olan manata məzənnə ilə tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun 10 manat hissəsinin cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. -Abşeron Rayon Məhkəməsinin 21.06.2010-cu il tarixli 2(012)-275/2010 saylı icra vərəqəsindən görünür ki, Abşeron Rayon Məhkəməsinin 21.06.2010-cu il tarixli 2(012)- 275/2010 saylı qətnaməsi 10.12.2010-cu il tarixdə icraya yönəldilmişdir. -Sumqayıt şəhəri üzrə İcra İdarəsi tərəfindən verilmiş 31.08.2021-ci il tarixli 13085/42 saylı icra sənədi üzrə icraata xitam verilməsi barədə qərardan görünür ki, Abşeron rayon Məhkəməsinin 2(012)-275 saylı, 21.06.2010-cu il tarixli icra sənədinə əsasən X6 33500 ABŞ dolları məbləğində pul ödəniş gününə manata məzənnə ilə tutularaq İddiaçı ödənilməlidir. İcra işi 27.09.2018-ci il tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsindən ərazi aidiyyatı üzrə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuşdur. İcraat zamanı borclu R.Əliyeva məhkəmə qərarını qərəzli olaraq icra etmədiyinə görə Binəqədi Rayon Məhkəməsinin müvafiq qərarı ilə inzibati məsuliyyətə cəlb edilmiş, sonra isə Abşeron Rayon Məhkəməsinin 18.05.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək hər ay qazancından 20% dövlət nəfinə tutulmaqla, 2 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. İcra sənədi borc məbləğinin ödənilməsi üçün görülmüş tədbirlər səmərə vermədiyindən icraat zamanı 05.12.2018-ci il tarixdə borclunun pensiyasından hər ay 50% tutulması üçün Dövlət Sosial Müdafiə Fondunun Abşeron Rayon Şöbəsinə göndərilmişdir. İcraat zamanı borclunun pensiyasından qismən ödəniş aparılmış və 08.01.2021-ci il tarixdə vəfat etdiyi müəyyən olunmuşdur. Qanunvericiliklə müəyyən olunmuş 6 ay müddət gözlənilmiş, lakin həmin müddətdə vərəsə qeydə alınmamışdır. Göstərilənlərə əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.3-cü və 20.2-ci maddəsini rəhbər tutaraq Abşeron Rayon Məhkəməsinin 2(012)-275 saylı, 21.06.2010-cu il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. -Abşeron Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 28.10.2021-ci il tarixli 05/Q- 7470/13 saylı məktubdan görünür ki, X10 barəsində “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə 28.10.2021-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və xx.xx.1982-ci il təvəllüdlü qızı Əliyeva (Babayeva) Zümrüd Aydın qızı, xx.xx.1989-cu il təvəllüdlü qızı Əliyeva (Eyvazova) Səbirə Aydın qızı, 15.06.1960-cı il təvəllüdlü əri X9 barəsində məlumatlar aşkar edilmişdir. X21 08.01.2021-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhərində vəfat etmişdir, bu barədə Abşeron rayon Qeydiyyat şöbəsində 102 nömrəli, 14.01.2021-ci il tarixli ölüm haqqında akt qeydi tərtib edilmişdir. -Səhiyyə Nazirliyi Ambulator X17 Kartasından TQS-027 saylı 25.03.2019-cu il tarixli çıxarışdan görünür ki, İddiaçı öd daşı ilə bağlı diaqnoz qoyulmuşdur. -Sumqayıt şəhər Polis İdarəsinin 05.07.2019-cu il tarixli cinayət işi başlamaq və icraata qəbul etmək haqqında qərardan görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilərək istintaqı aparılmışdır. -Nazirlər Kabineti Aparatı tərəfindən İddiaçı ünvanlanmış 15.03.2019-cu il tarixli, 07.05.2019-cu il tarixli, 18.05.2019-cu il tarixli, 20.05.2019-cu il tarixli, 13.07.2019-cu il tarixli və 17.07.2019-cu il tarixli məktublardan görünür ki, ərizəçiyə müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadığı təqdirdə həmin qərardan inzibati və ya məhkəmə qaydasında şikayət vermək hüququ izah olunmuşdur. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, X21 23.06.1961-ci il tarixdə anadan olmuş, 08.01.2021-ci il tarixdə vəfat etmiş və ölən şəxsə dair vərəsəliyin açılması barədə məlumat sistemdə müəyyən edilməmişdir. -Abşeron rayon İcra Hakimiyyəti 1 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsi tərəfindən verilmiş 09.10.2019-cu il tarixli 108 saylı arayışdan görünür ki, X21 23.07.2005-ci il tarixdən, X15 24.07.2005-ci il tarixdən, Cavabdeh3 24.07.2005-ci il tarixdən, X16 24.07.2005-ci il tarixdən, X14 27.09.2005-ci il tarixdən Abşeron rayonu Xırdalan şəhəri 28-ci məhəllə 21/16 saylı fərdi yaşayış evinə qeydiyyata alınmışlar. -İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş ödəniş qəbzlərindən və poçt xəbərnamələrindən görünür ki, iddiaçı müxtəlif tarixlərdə tibbi ləvazimatların, dərman vasitələrinin alınmasına, tibbi xidmətlərin göstərilməsinə görə ödəniş etmiş, həmçinin aidiyyəti qurumlara müraciət olunmasına dair məktubların göndərilməsi barədə poçt xərci ödənişini etmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Əliyev X20 rayonu Xırdalan şəhərində qeydiyyatdadır. -Abşeron RPİ tərəfindən verilmiş 22.05.2017-ci il tarixli AZE № 16616296 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 rayonu Xırdalan şəhəri 28-ci məhəllə 21/16 ünvanında qeydiyyatda olmuşdur. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş 04.12.2019-cu il tarixli arayışdan görünür ki, Cavabdeh1 Abşeron rayonu Qobu qəsəbəsində qeydiyyatdadır. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş 04.12.2019-cu il tarixli arayışdan görünür ki, Cavabdeh2 Abşeron rayonu Xırdalan şəhəri 28-ci məhəllə 21/16 ünvanında qeydiyyatdadır. -AA 12998771 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1956-cı il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisə predmeti olmuş Abşeron rayonu Xırdalan şəhəri 28-ci məhəllə 21/16 saylı fərdi yaşayış evi İddiaçı X4 tərəfindən 33500 ABŞ dolları məbləğinə satılmışdır. Lakin satıcı tərəfindən daşınmaz əmlakın alqı-satqısına dair qanunvericiliyin tələblərinə uyğun olaraq notarial qaydada təsdiq edilməsi qaydasına riayət edilmədiyindən iddiaçının tələbi əsasında Abşeron Rayon Məhkəməsinin 21.06.2010-cu il tarixli 2(012)-275/2010 saylı qətnaməsi ilə X21 ilə İddiaçı arasında bağlanmış əqd etibarsız hesab edilmiş, X6 33500 ABŞ dolları məbləğində pulun ödəniş gününə olan manata məzənnə ilə tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qanuni qüvvəsini almış Abşeron Rayon Məhkəməsinin 21.06.2010-cu il tarixli 2(012)- 275/2010 saylı qətnaməsi 10.12.2010-cu il tarixdə Abşeron rayon İcra şöbəsinə göndərilmiş, icra sənədi aidiyyəti üzrə icra edilməsi üçün Sumqayıt şəhəri üzrə İcra idarəsinə göndərilmişdir. İcra sənədi üzrə ödənişlərdən bir qisim borclunun pensiyası hesabına ödənilmiş olsa da, həmin icra sənədi üzrə X2 08.01.2021-ci il tarixdə vəfat etməsi və barəsində vərəsəliyin açılmaması, borclunun uşaqlarının vərəsəliyi qəbul etməməsi səbəbi ilə Sumqayıt şəhəri üzrə İcra İdarəsi tərəfindən 31.08.2021-ci il tarixdə 13085/42 saylı icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilmişdir. Göründüyü kimi, 33500 ABŞ dolları pul vəsaitinin ödənilməsini təsdiq edən Abşeron Rayon Məhkəməsinin 21.06.2010-cu il tarixli 2(012)-275/2010 saylı qətnaməsi vərəsəlik müəyyən edilmədiyindən həmin qətnamə əsasında verilmiş icra sənədi üzrə icraata xitam verilmişdir ki, hazırki iş üzrə iddiaçı da məhz həmin pul vəsaitinin borclunun vərəsələri tərəfindən müştərək qaydada ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 1159.1. maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1243.1 maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246. maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1255. maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarındakı hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır. Həmçinin, Qanunvericilik mirasın qəbulunun iki üsulunu, formal və qeyri-formal üsullarını müəyyən etmişdir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (Mülki Məcəllənin 1243.2-ci maddəsi). Mülki Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günü və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günü mirasın açıldığı vaxt kimi müəyyən edir. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir (Mülki Məcəllənin 1151.1 və 1153-cü maddələri). Göründüyü kimi, şəxsi xarakterli hüquq və vəzifələr miras qoyanın vərəsələrinə vərəsəlik qaydasında keçmir. Miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər isə vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Şəxsin ipoteka müqaviləsindən irəli gələn vəzifələri şəxsi xarakterli olmayan və şəxsən icranı tələb etməyən, ipoteka qoyanın öldüyü təqdirdə onun miras qalmış əmlakı hesabına icrası mümkün olan əmlak öhdəliyidir. Mülki Məcəllənin 1306.1-ci maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin mirasın qəbulu qaydasını müəyyənləşdirən 1243-cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi). Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Beləliklə, mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Belə iddialara məhkəmələrdə hansı qaydada baxılmasının qeyri-müəyyən olmasına dair müraciətedənin qənaəti ilə bağlı qeyd edilməlidir ki, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsinin mexanizmi mülki prosessual qanunvericiliklə müəyyən edilmişdir. Məhkəmə Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə istinad edərək hesab edir ki, borclu şəxsin vərəsələri olan uşaqlarının, yəni hazırki iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən vərəsəlik şəhadətnaməsi almamaları miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır. Göründüyü kimi, miras qoyan şəxs X21 çıxış etdiyi halda miras qoyanın kreditoru qismində İddiaçı iştirak edir ki, qanunvericilik iddiaçının miras qoyanın vərəsələrindən Abşeron Rayon Məhkəməsinin 21.06.2010-cu il tarixli 2(012)-275/2010 saylı qətnaməsi ilə qət edilmiş 33500 ABŞ dolları məbləğində pul vəsaitinin müştərək qaydada tutulmasını tələb etmək hüququnu istisna etmir. Belə ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə mülki iş materiallarına əlavə edilmiş Abşeron Rayon Məhkəməsinin 21.06.2010-cu il tarixli 2(012)-275/2010 saylı qətnaməsi ilə bağlı qeyd edir ki, həmin mülki iş üzrə cavabdeh X10 İddiaçı 33500 ABŞ dolları məbləğində borcunun olması, hazırki iş üzrə isə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ölən şəxsin borcu ilə bağlı kreditoruna münasibətdə öhdəlik daşımaları öz təsdiqini tapdığından, məhkəmə iddiaçının iddia tələbinin bu hissədə əsaslı hesab edilərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı xeyrinə 33500 ABŞ dolları məbləğində pul vəsaitinin tutulması hissəsində təmin edir. Həmçinin, İddiaçı fərdi yaşayış evində yaşaması, həmçinin evdən məhrum olması nəticəsində kirayə pulu, sağlamlığına dəymiş ziyana görə müalicə xərcləri, yol xərci, poçt zərflərinin göndərilməsinə görə ünvanlanmış məktublara dair, eyni zamanda, ev əşyalarının yararsız vəziyyətə düşməsi nəticəsində 17739 manat maddi ziyana uğradığını bildirmişdir ki, həmin tələbinin əsası kimi istinad etdiyi həmin hallara dair sübut kimi iddia ərizəsinə müxtəlif həkim reseptləri, tibbi xidmətin göstərilməsinə dair sənədlər, dərman vasitələrinin alınması və onların ödənişinin edilməsinə dair çeklər, həmçinin, poçt zərflərinin göndərilməsinə dair xəbərnamələr əlavə etmişdir. Məhkəmə İddiaçı iddia tələbinin fərdi yaşayış evində yaşaması, həmçinin evdən məhrum olması nəticəsində vurulmuş maddi ziyanla bağlı qeyd edir ki, iddiaçının əlavə etdiyi həmin sənədlər sübut kimi qəbul edilmiş olsa da, digər sübutlarla paralel qiymətləndirilərək iddiaçının iddia tələbinin əsası kimi istinad edilmiş halları sübuta yetirmədiyindən iddia tələbi bu hissədə qəbul edilə bilməz. Belə ki, iddiaçının iddia tələbində müalicə xərci ilə bağlı qeyd etdiyi məbləğ ödəniş qəbzlərində qeyd edilmiş məbləğlə uyğunluq təşkil etmir, həmçinin həmin qəbzlərin həqiqətən də iddiaçı tərəfindən müalicə xərci ilə bağlı dərman vəsaitlərinin alınmasına sərf etdiyi, eyni zamanda, poçt zərflərinin həqiqətən də iddiaçının mübahisə predmeti barəsində aidiyyəti qurumlara müraciət edib-etməməsi sübuta yetirilməmişdir. Bu səbəbdən də iddia tələbi bu hissədə də təmin edilə bilməz. Məhkəmə, həmçinin, qeyd edir ki, Əhalinin sağlamlığının qorunması haqqında 26 iyun 1997-ci il tarixli Qanunun: 4-cü maddəsinə əsasən dövlət səhiyyə sisteminə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), dövlət tabeçiliyindəki müalicə-profilaktika, elmi-tədqiqat, təhsil, əczaçılıq, sanitariya-profilaktika müəssisələri, eləcə də səhiyyənin maddi-texniki təchizatı ilə məşğul olan, tibbi texnika və dərman vasitələri istehsal edən müəssisələr, sanitariya-epidemiologiya xidməti, məhkəmə-tibb ekspertizası daxildir. 5-ci maddəsinə əsasən qeyri-dövlət səhiyyə sisteminə qanunvericilikdə müəyyən olunmuş qaydada fəaliyyət göstərən və əmlakı xüsusi mülkiyyətə, yaxud icarə müqaviləsi əsasında istifadə olunan mülkiyyətə əsaslanan özəl tibb müəssisələri, o cümlədən əmlakını bələdiyyə mülkiyyəti təşkil edən tibb və əczaçılıq müəssisələri, özəl tibbi praktika və əczaçılıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər daxildir. 10-cu maddəsinə (əvvəlki redaksiyada) əsasən Azərbaycan Respublikası vətəndaşlarının sağlamlığını qorunmaq və tibbi yardım almaq hüququ vardır. Dövlət tibb müəssələrində tibbi xidmət pulsuzdur, yalnız bu Qanunda nəzərdə tutulan hallar istisna olmaqla pullu ixtisaslaşdırılmış tibbi yardımın növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 12-ci maddənin yeni redaksiyasında isə xəstələndikdə, əmək qabiliyyətini itirdikdə və digər hallarda vətəndaşların tibbi-sosial yardım almaq hüququ vardır. Tibbi-sosial yardım dövlət və qeyri-dövlət səhiyyə sistemi, eləcə də sosial müdafiə sistemi müəssisələrində göstərir. Vətəndaşlar tibbi sığorta sistemindəki tibb müəssisələrində qanunvericiliyə uyğun olaraq icbari tibbi sığorta əsasında tibbi yardımla təmin edilirlər. Vətəndaşların könüllü tibbi sığorta əsasında, eləcə də müəssisələrin, təşkilatların ayrı-ayrı şəxslərin vəsaitləri və qanunvericilikdə qadağan edilməyən digər mənbələr hesabına tibbi yardım almaq və digər əlavə tibbi xidmət növləri ilə təmin olunmaq hüququ vardır. Tibbi sığorta haqqında 28 oktyabr 1999-cu il Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 20 dekabr 2018-ci il tarixli 418 nömrəli Fərmanına əsasən vətəndaşlar icbari tibbi sığortadan istifadə etməklə özlərini müalicə etdirmək hüququndan istifadə edə bilərlər. Qanunun hər iki halında pasientlər özlərini pulsuz və eyni zamanda icbari sığorta vasitəsilə müalicə etdirmək hüququndan istifadə edə bilərlər. Göründüyü kimi iddiaçı Qanunun ona verdiyi pulsuz müalicədən istifadə etmək hüququndan istifadə etməmiş könüllü olaraq ödənişli özəl tibbi xidmətlərdən yararlanmışdır. Tibbi sığorta haqqında Azərbaycan Respublikasinin Qanununun: 15-7.1. maddəsinə əsasən, tibb müəssisəsinin aşağıdakı hüquqları vardır: 15-7.1.2. bu Qanunun 15-3.1-ci maddəsinə əsasən müəyyən edilən tələblərə cavab verdikdə, icbari tibbi sığortanın həyata keçirilməsində iştirak etmək. 15-12.1. maddəsinə əsasən, tibbi xidmətlər sığortaolunanlara xidmətlər zərfinə uyğun olaraq icbari tibbi sığorta fondunun vəsaiti hesabına göstərilir. 15-12.2. maddəsinə əsasən, ilkin tibbi-sanitariya yardımı, habelə təcili və təxirəsalınmaz tibbi yardım istisna olmaqla, sığorta haqları ödənilmədiyi hallarda xidmətlər zərfi çərçivəsində sığortaolunanlara tibbi xidmətlər onların öz vəsaiti hesabına göstərilir. 15-15.1. maddəsinə əsasən, ilkin tibbi-sanitariya yardımı üzrə sığorta ödənişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada dövlət tibb müəssisəsinə təhkim olunmuş şəxslərin sayına əsasən ödənilir. 15-15.2. maddəsinə əsasən, sığortaolunanların ilkin tibbi-sanitariya yardımı üzrə tibbi xidmət göstərən dövlət tibb müəssisəsinə təhkim olunma qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Göründüyü kimi, qanunvericilik vətəndaşların tibbi xidmət və dərman yardımı almaq hüququna təminat verir. Məhkəmə iddia tələbi ilə bağlı mahiyyəti üzrə baxarkən tədqiq edilmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsi tərəfindən verilmiş 31.08.2021-ci il tarixli 13085/42 saylı icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarla bağlı qeyd edir ki, həmin qərarda borc ödənişinin bir qisminin X2 pensiyası hesabına ödənilməsi qeyd edilsə də, hansı məbləğdə ödəniş edilməsi qeyd edilməmiş, məhkəmə iclasında həmin icra sənədi üzrə icra tədbirlərini icra edən icra məmuru isə ifadəsində bununla bağlı hər hansı bir məlumat qeyd etməmişdir. Bu səbəbdən də məhkəmə 33500 ABŞ dolları pul vəsaitinin tam şəkildə iddiaçının xeyrinə tutulması qərarına gəlir. Beləliklə Məhkəmə tədqiq olunmuş sübutları qiymətləndirib qanunvericiliyin tələblərinə istinad edərək belə qənaətə gəlir ki, iddia ərizəsi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı xeyrinə 33500 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) pul vəsaiti tutulmalı, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Məhkəmə eyni zamanda cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçıya ödənilməli olan pul məbləğinin ödənilməsi üsulu və qaydasını araşdıraraq hesab edir ki, məhkəmə qətnaməsi ilə qət edilmiş pul vəsaiti ABŞ dolları ilə ifadə olunduğundan, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğundan və pul öhdəliyi manatla ifadə edilməli olduğundan iddiaçıya ödənilməli olan pul vəsaiti manatla ödənilməlidir. Mülki Prosessual Məcəllənin:

107. maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia ərizəsi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 33500 (otuz üç min beş yüz) ABŞ dolları pul vəsaiti (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) İddiaçı xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver