Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5775/2021 01.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin təyin edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh övladları 15.05.2020-ci il təvəllüdlü X2 üçün hər ay qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi və əlavə olaraq 100 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq bildirmişdir ki, Cavabdeh övladı 15.05.2020-ci il təvəllüdlü X2 üçün hər ay 175 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, Cavabdeh ilə sinif yoldaşı olmuşdur. 2 il bundan öncə ona yaxın şəxslərdən biri ilə xəbər göndərərək görüşmüş, həyat yoldaşından xəyanət üzündən ayrıldığını, onun də əvvəllər evli olduğunu, bir qızının olduğunu bildiyini və onunla evlənmək istədiyini bildirmişdir. O, yaxınları ilə məsləhətləşdikdən sonra cavabdehin təklifini qəbul etmiş və cavabdehin evinə köçmüşdür. Lakin cavabdeh bir neçə ay müxtəlif bəhanələrlə nikaha girməyi yubatmışdır. Sonradan ona məlum olmuşdur ki, cavabdeh həyat yoldaşından boşanmamış və yenidən həyat yoldaşı ilə qovuşmaq üçün ondan istifadə etmişdir. O, ailə dağıtmağa bais olmamaq, aldandığı və bunu qüruruma sığışdırmadığı üçün cavabdehlə ayrılmışdır. Həmin vaxt artıq 5 aylıq hamilə olmuş və 15 may 2020-ci il tarixdə onların X4 adlı oğlan övladları dünyaya gəlmişdir. Bundan sonra cavabdeh Abşeron Rayon Qeydiyyat Şöbəsinə "atalığın müəyyən olunması barədə" müraciət etmiş, bundan sonra uşağa cavabdehin soyadı verilmişdir. Həmin vaxtdan cavabdeh uşağın saxlanılması üçün ona heç bir maddi köməklik göstərməmişdir. Bu yaxınlarda uşağı baxçaya qeydiyyat üçün şəxsiyyət vəsiqəsi almaq lazım olduğunu və bunun üçün də cavabdehin ya asan xidmətə ya da polisə pasport masa xidmətinə gələrək imza atması lazım olduğunu bildirdikdə cavabdeh, iş yerinə gələrək mübahisə yaratmış və bunu etməyəcəyini bildirmişdir. O, uşağa hələ də şəxsiyyət vəsiqəsi ala bilməmişdir. Bir neçə gün öncə də mediatr tərəfindən dəvət olunarkən yenə də ona zəng edərək iş yerinə gələcəyi ilə onu hədələmişdir. Məsələ ilə bağlı Mediasiya Şurasına müraciət etmiş və cavabdeh 07.09.2021-ci il tarixdə saat 12:00-a təyin olunmuş mediasiya sesiyasında iştirak etməmişdir. Belə olan təqdirdə o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Xırdalan şəhərində yerləşən restoranda aşbaz köməkçisi işləyir və cüzi əmək haqqı alır. Himayəsində əvvəlki həyat yoldaşından bir azyaşlı qızı olmaqla, iki uşaq vardır. Cavabdeh isə taksi şirkətində əmək müqaviləsi ilə işləyir, lakin aliment ödəmək istəmir. Qeyd olunanlara əsasən, o, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, iddiaçının izahatına uyğun izahat verdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, iddianı qəbul edir. O, iddiaçı ilə faktiki münasibətlərindən dünyaya gəlmiş övladı 15.05.2020-ci il təvəllüdlü X2 üçün hər ay 175 manat aliment ödəməyə razıdır. İş materiallarında olan Abşeron Rayon Qeydiyyat Şöbəsi tərəfindən qeydə alınmış AZ-İV № 476266 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X4 15.05.2020-ci ildə Abşeron rayonu, Xırdalan şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Abşeron Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ № 380605 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Cavabdeh 15.05.2020-ci ildə İddiaçı doğulmuş X3 atası hesab edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 maddəsinə əsasən, valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) muəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq, “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası qanununa əsasən 2021-ci il üçün uşaqların yaşayış minumumunu nəzərə almaqla hesab edir ki, 15.05.2020-ci il təvəllüdlü X1 üçün hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ona görə məhkəmə hesab edir ki, aliment 21.09.2021-ci ildən tutulmalıdır. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə İddiaçı dövlət rusumunu ödəməkdən azad edildiyindən, Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. 21.09.2021-ci il tarixindən başlayaraq 15.05.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 175 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq, İddiaçı verilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-5775/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5775/2021
01.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver