Məhkəmə qərarları › İş №2(012)-5905/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5905/2025

16.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5905/2025 16.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi, cavabdehin ailə üzvləri ilə birlikdə evdən çıxarılması və evin boşaldılaraq təhvil verilməsi» tələbinə dair mülki işə 16 yanvar 2026-cı il tarixdə, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi, cavabdehin ailə üzvləri ilə birlikdə evdən çıxarılması və evin boşaldılaraq təhvil verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurduğu ziyan məbləğinin (1220 manatın) ona ödənilən məbləğindən (50000 manatdan) qalan məbləğ onun tərəfindən cavabdehə qaytarılmaqla 14 iyul 2025-ci il tarixdə 26 saylı notariat kontorunda cavabdeh ilə aralarında bağlanmış alqı-satqı müqaviləsinin və cavabdehin adına həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi, cavabdehin ailə üzvləri ilə birlikdə evdən çıxarılması və evin boşaldılaraq öz mülkiyyətinə qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin əsasını dəyişərək 14 iyul 2025-ci il tarixdə 26 saylı Notariat kontorunda Cavabdeh ilə aralarında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, cavabdehin adına həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi, cavabdehin ailə üzvləri ilə birlikdə evdən çıxarılması, evin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, ünvan 1 ünvanında yerləşən və sahəsi 0,02 ha olan şəxsi mülkiyyət hüququ əsasında ona məxsus olan torpaq sahəsində tikilmiş sahəsi 60,6 kv.m olan evini Cavabdeh ilə 70000 manat qiymətinə razılaşaraq ona satmışdır. Qeyd edir ki, həm torpaq sahəsinin, həm də evin onun adına çıxarışı olmuşdur. Lakin alqı-satqı zamanı cavabdeh əlində cəmi 50000 manat pul olduğunu, qalan 20000 manatı isə bankdan kredit götürmək istədiyini, lakin bank bu məbləği ona vermək üçün girov tələb etdiyini, evi girov qoymaq üçün isə alqı-satqını rəsmiləşdirdikdən və cavabdehin adına həmin mülkə çıxarış alındıqdan sonra həmin evi banka girov qoyub kredit götürməyin mümkün olduğunu bildirərək, ondan xahiş etmişdir ki, əlində olan 50000 manata evin alqı-satqısını etsinlər, adına çıxarış aldıqdan sonra, evi banka girov qoyub qalan 20000 manat pulu da ən geci 15 gün ərzində bankdan götürüb verəcəkdir. Cavabdeh özünü ibadət edən, namaz qılan mömin və halal insan kimi təqdim edərək, and-aman edib onu əmin etmişdir ki, qalan 20000 manatı 15 gün ərzində bankdan götürüb ona verəcəkdir. O, cavabdehi imanlı bir insan bilib inanmışdır və bu şərtlə razılaşmışdır ki, evi 70000 manata razılaşdıqlarını və 50000 manatı alqı-satqı zamanı ödəməklə, qalan 20000 manatı alqı-satqıdan sonra, özü söz verdiyi kimi ən geci 15 gün ərzində ona ödəyəcəyinə yazılı zəmanət versin. Cavabdeh bununla razılaşmış və onlar alqı-satqıda iştirak edən hər ikisinin ailə üzvlərinin və maklerin iştirakı ilə bu barədə akt tərtib etmişdirlər və hamısı aktı imzalamışdır. Lakin bu zaman cavabdeh aktda ona 20000 manatın əvəzində 18000 manat borclu qaldığını göstərməyi israrla təkid etmişdir. Səbəbini soruşduqda isə cavabdeh demişdir ki, həmin puldan 2000 manatı maklerə çatacaq, guya 2000 manat da özü maklerə verməyə söz vermişdir. Ona görə də aktda ona 50000 manat deyil, guya 52000 manat pul verildiyi və 18000 manat ona borclu qaldığı göstərilmişdir. Sonradan bilmişdir ki, cavabdeh burada da onu aldatmış, maklerə cəmi 700 manat pul vermiş, qalan 1300 manatı özü mənimsəmişdir. Bundan sonra notariat orqanında alqı-satqı müqaviləsi bağlayaraq, cavabdeh (alıcı) gətirdiyi 50000 manatı hesaba ödəmiş, lakin müqavilədə evin razılaşdıqları qiyməti, yəni 70000 manat deyil, 50000 manat məbləğində göstərilmişdir. Bundan sonra o, cavabdehin 15 gün ərzində qalan 18000 manatı qaytaracağına əmin olub özünə ev axtarmağa başlamış və bir neçə gün sonra bir ev bəyənib almaq üçün 500 manat məbləğində beh qoymuşdur. O, əmin olmuşdur ki, qalıq pulunu cavabdehdən alıb həmin evi alacaqdır. Cavabdehin söz verdiyi kimi 15 gün gözlədikdən sonra cavabdeh ilə əlaqə saxlayıb pulun hazır olub-olmadığını soruşduqda cavabdeh bildirmişdir ki, onun pulu yoxdur, bankdan da pul götürmək istəmir və səbəbini belə izah etmişdir ki, guya bankdan götürülən pul haramdır, nə vaxt pulu olacaqsa onda verəcəyini bildirmişdir. O, ev tapıb beh qoyduğunu, 1 ay ərzində evi ala bilməsə, behinin batacağını, özünə ev ala bilməyəcəyini, ona görə də pulu mümkün qədər tez düzəldib verməsini tələb etsə də bu günə qədər o, cavabdehdən qalan pulunu ala bilmir. Bildirir ki, o, alqısatqıdan bir neçə gün sonra evi tərk edərək cavabdehə təhvil vermişdir. O, özü məcbur olub kirayəyə ev tutub köçmüşdür. Hazırda satdığı evdə cavabdeh ailəsi ilə birlikdə yaşayır, çıxarış da cavabdehin adına keçmişdir. Neçə dəfə gedib pulu tələb etsə də pulunu vermir və onu polis ilə hədələyir. Özünə ev almaq üçün verdiyi 500 manat beh də batmış, pulu çatmadığından evi ala bilməmişdir. Cavabdehin günahı ucbatından, 2 aydır ki, ayda 250 manata kirayədə qalır. Beləliklə, cavabdeh ona 20000 manat borclu olduğu halda, aktda göstərdiyi 18000 manatını belə vermir. Nəticədə onu bu günə qədər 1220 manat, yəni 500 manat batan behi, 500 manat iki aylıq kirayə haqqı, 120 manat ödədiyi vergi haqqı və məhkəməyə ödədiyi 100 manat məbləğində dövlət rüsumu məbləğində real ziyan vurmuşdur. Üstəlik, maklerə onun adından cəmi 700 manat pul verməklə, onu aldadaraq 1300 manat ona çatası pulu da özü mənimsəmişdir. Beləliklə, cavabdeh aralarındakı razılaşmanı birtərəfli qaydada öz xeyrinə pozaraq, onu aldatdığı və qalıq pulunu vermədiyinə görə o, evsiz qalmışdır. Ona görə də hazırda o, 14 iyul 2025-ci il tarixdə 26 saylı Notariat kontorunda Cavabdeh ilə aralarında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, cavabdehin adına həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi, cavabdehin ailə üzvləri ilə birlikdə evdən çıxarılması və evin boşaldılaraq ona təhvil verilməsini tələb edir. Odur ki, qeyd edilənlərə əsasən o, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, o, ev almaq istəmiş, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən sözügedən evin satıldığını öyrənmiş, tanışı ona həmin evin 60000 manata satıldığını bildirmişdir. İddiaçı həyat yoldaşı ona zəng etmiş, onlar da evə baxmağa getmişdirlər. Evin qiyməti barədə soruşduqda, evin qiymətinin 70000 manat olduğu deyilmiş, o da qeyd edilən qiymət ilə razılaşmışdır. Onlar «ASAN xidmət» mərkəzinə getmiş, lakin müəssisə işləmədiyi üçün sənədləşmə işi sabaha qalmışdır. Daha sonra onlar 26 saylı Notariat kontoruna getmiş, ev ilə bağlı 50000 manata müqavilə bağlanmış, 700 manat pulu isə maklerə vermişdir. Onun kartında da 55000 manat pul olmuş, əlavə olaraq 2000 manat ondan pul çıxılmışdır. O, İddiaçı 18000 manat borcu olduğunu qəbul edir. Yalnız evi satdıqdan sonra o, qalan 18000 manatı iddiaçıya qaytaracaqdır. İddiaçı ondan nağd şəkildə 52000 manat pul almışdır. O, iddiaçıya ödəməli olduğu borcdan qalan məbləği hər ay təxminən 300 manat, 400 manat və 500 manat olmaqla hissə-hissə ödəməyə razıdır. Lakin buna baxmayaraq iddiaçı tərəfindən ona ödədiyi pul qaytarılsa, bu halda o, evi iddiaçıya verməyə razıdır. Hətta o, məhkəmədən kənar qaydada evi qaytarmağı qarşı tərəfə təklif etmişdir. Həmin evdə onun heç bir əşyası yoxdur. O, həqiqətən də iddiaçının vaxtilə mülkiyyətində olan evi almaq niyyətində olmuş, lakin maklerlərin oyununa gəlmişdir. Hazırda o, ödədiyi pulun ona qaytarılması şərtilə evi boşaltmağa razıdır. Məhkəməyə şahid qismində cəlb edilmiş X5 məhkəmədə ifadəsində bildirdi ki, tərəflər Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən evin satış qiyməti olaraq 70000 manata razılaşdırmışdırlar. İddiaçı həyat yoldaşı ilə münasibəti olmuşdur. O, iddiaçıya evə müştəri olduğunu bildirmiş, daha sonra cavabdehi həmin evə aparmış, tərəflər arasında razılıq əldə edildikdən sonra onun iş yerində cavabdeh iddiaçıya ilkin olaraq 1000 manat beh vermişdir. Daha sonra Cavabdeh notariat kontorunda 50000 manat pulu kart vasitəsilə, 1000 manat pulu isə əlbəəl olaraq iddiaçıya vermiş, nəticədə onun iddiaçıya 18000 manat borcu qalmışdır. Qalan borc məbləği ilə bağlı tərəflər arasında müvafiq akt tərtib edilmişdir. Cavabdeh borcunu 15 gün ərzində qaytarmağı öz öhdəsinə götürsə də öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh tərəfindən iddiaçıya cəmi 52000 manat pul verilmişdir. İş materiallarında olan Bakı şəhəri 26 saylı notariat ofisində satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında bağlanmış və reyestrdə 4Ə-687 nömrə ilə qeyd edilmiş 14 iyul 2025-ci il tarixli, AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, satıcı İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 0,02 ha olan torpaq sahəsini və həmin torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 60,6 kv.m olan fərdi yaşayış evini 50000 manat müqabilində alıcı Cavabdeh mülkiyyətinə vermişdir. İş materiallarında olan İddiaçı, Cavabdeh, X2, X3, Vüsal Əsgərov və X4 tərəfindən tərtib edilmiş 14 iyul 2025-ci il tarixli aktdan görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Savalan 4A küçəsində yerləşən evi Cavabdeh 70000 manata almış, İddiaçı həmin məbləğdən 52000 manatını almış, Cavabdeh İddiaçı 18000 manat borclu qalmış və qeyd edilən məbləği razılaşma əsasında 15 gün ərzində İddiaçı ödəməsi barədə öz üzərinə öhdəlik götürmüş və bu faktı İddiaçı, Cavabdeh, X2, X3, Vüsal Əsgərov və X4 öz imzaları ilə təsdiq etmişdirlər. Məhkəmə tərəflərin izahatını və şahid ifadələrini dinləyib, işin materiallarını araşdırıb iş üzrə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki,məhkəmədə işin mübahisə edilməyən halları ilə müəyyən edlir ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 0,02 ha olan torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 60,6 kv.m olan fərdi yaşayış evinin 70 000 manata satılması barədə tərəflər arasında razılıq əldə edilmiş,ilkin olaraq cavabdeh tərəfindən 2000 manat ödənilmiş, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri 26 saylı notariat ofisində 14 iyul 2025-ci il tarixli, AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsi 50000 manata bağlanmış həmin müqaviləyə əsasən İddiaçı mübahisə predmeti olan fərdi yaşayış evini və onun yerləşdiyi torpaq sahəsini 50000 manata Cavabdeh satmış, Cavabdeh İddiaçı 18000 manat borclu qalmış, qeyd edilən məbləği razılaşma əsasında 15 gün ərzində İddiaçı ödəməsi barədə öz üzərinə öhdəlik götürməsi barədə İddiaçı, Cavabdeh, X2, X3, Vüsal Əsgərov və X4 tərəfindən tərtib edilərək imzalanmış 14 iyul 2025-ci il tarixli akt tərtib edilmiş,lakin Cavabdeh qalan 18000 manat borcu ödəməmiş və məhkəmə iclasında da dəfələrlə ödəmək niyyətnin olmadığını məhkəmənin diqqətinə çatdırmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 324.1-ci maddəsi ilə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi kimi müəyyən edilmişdir. Əqdin bir növü olan müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (Mülki Məcəllənin 324.4-cü maddəsi). Məhkəmə qeyd edir ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Azərbaycan Respublikası Mülki Məcəllənin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. İşin faktiki hallarından görünür ki,müqaviləyə qədərki dövrə qədər Cavabdeh mübahisə predmeti olan daşınmaz əmlakı əldə etmək üçün akt tərtib etmək vasitəsi ilə iddiaçıda inam yaradaraq aldatma yolu ilə alğı-satqı müqaviləsinin bağlanmasına nail olmuş,halbuki aldatma olmadan müqavilənin iddiaçı tərəfindən bağlana bilməyəcəyinin aşkar olduğu məhkəmədə müəyyən edilir və iddia tələbinin hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəllənin 337 və 339.2-ci maddələri təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 337.2-ci maddəsinə görə əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.3-cü maddəsinə görə əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 339.2-ci maddəsinə əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Məhkəmə İddiaçı ilə Cavabdeh arasında bağlanmış 14 iyul 2025-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi nəticəsinə gəldiyindən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.5-ci maddəsinə istinad edərək hesab edir ki, cavabdehin adına həmin müqavilə əsasında mübahisə predmeti olan daşınmaz əmlaka verilmiş çıxarış ləğv edilməli, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalı,52000 manat pulun iddiaçı tərəfindən cavabdehə qaytarılması və cavabdeh tərəfindən evin boşaldılaraq iddiaçıya təhvil verilməsi eyni vaxtda icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri 26 saylı notariat ofisində İddiaçı ilə Cavabdeh arasında bağlanmış və reyestrdə 4Ə-687 nömrə ilə qeyd edilmiş 14 iyul 2025-ci il tarixli, AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsi etibarsız hesab edilsin, cavabdehin adına həmin müqavilə əsasında verilmiş çıxarış ləğv edilsin, cavabdeh ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 0,02 ha olan torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 60,6 kv.m olan fərdi yaşayış evindən çıxarılsın və ev boşaldılaraq iddiaçıya təhvil verilsin. Cavabdeh ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 0,02 ha olan torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 60,6 kv.m olan fərdi yaşayış evindən çıxarılması, ev boşaldılaraq iddiaçıya təhvil verilməsi, İddiaçı tərəfindən 52000 manat pulun Cavabdeh verilməsi ilə eyni zamanda icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar