Məhkəmə qərarları › İş №2(012)-6394/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-6394/2025

06.02.2026 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Sair mülki iş - Sair mülki iş - Torpaq sahəsinin boşaldılması - Maneənin aradan qaldırılması - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-6394/2025 06.02.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı tikilinin boşadılması və maneələrin aradan qaldırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı tikilinin boşadılması və maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən "xxxx" ASC-nin tabeliyində olan ünvan 1 ünvanda yerləşən İddiaçı ASC-nin ərazisində yerləşən yaşamadığı tikilinin boşaldılması və iddiaçı tərəfindən sökünti-tikinti və digər işlərin aparılmasına maneə yaradılmasının Cavabdeh Cəbrayıl oğluna qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2011-ci il tarixli, 407 nömrəli sərəncam ilə "xxxx" ASC-nin tabeliyində olan ünvan 1 ünvanda yerləşən X3 müəssisəsinin İddiaçı ASC-yə çevrilməsi qərara alınmışdır. Zavod ərazisinin bir hissəsində məcburi köçkün olan bir neçə ailə məskunlaşmışdır. Həmin məcburi köçkünlərin zavod ərazisində rahat şəkildə yaşamaları üçün hər cür şərait vardır, heç bir maneə yaradılmır. Həmin şəxslər hələ ki, öz doğma torpaqlarında mənzil ilə təmin edilməmişdirlər. Bu səbəbdən də onların həmin ərazidə sərbəst yaşamaları üçün zəruri şərait yaradılmışdır. Lakin hazırki iş üzrə Cavabdeh zavodun fəaliyyətinə mane olur, zavod daxilində tikinti və digər işlərin aparılmasına mane olur. Belə ki, onun zavodda məcburi köçkün kimi məskunlaşmasına heç bir etiraz yoxdur. Lakin cavabdeh öz məskunlaşdığı yerdən əlavə daha bir tikilini zəbt etmişdir. Həmin tikili zavodun balansındadır, iddiaçının məqsədi oranı təmir elətdirib anbar kimi istifadə etməkdir. Lakin cavabdeh qanunsuz olaraq qapıya qıfıl vuraraq bildirmişdir ki, bura onundur, içində əşyaları vardır. Halbuki içində heç bir əşyası yoxdur. İddia ərizəsinə əlavə edilən şəkillərdən də görünür ki, tikilinin içində ancaq zibil vardır. İddiaçının həmin tikiliyə daxil olmaq hüququ olsa da, hazırki mübahisənin məhkəmə müstəvisində həllinin tərəfdarıdır. Cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, heç bir nəticəsi olmamışdır. Mübahisənin məhkəmədən kənar həlli mümkün deyildir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, mübahisəli ərazi iddiaçıya məxsus olmaqla boşdur. İçəri isə zibillə doludur. Ərazidan istifadə etmək istəyərkən cavabdehlə danışılsa da, lakin razılıq əldə edilə bilməmişdir. İddiaçının iddiası cavabdehin evinə deyil, evin qarşısındaki əraziyə dairdir. İki ildir ki, orada işləyir, cavabdehi orada yaşayan görməmişdir. Orada zibildən başqa heçnə yoxdur. Söküntünün qarşısını onların əşyası alır, qarşı tərəf əşyaları olduğuna görə içəri daxil olmağa qoymur. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, o, 30 ildir ki, orada məskunlaşmışdır. Qeyd edilən ərazi heç bir dövlət zavoduna məxsus deyildir, özəlləşib başqa şəxsə satılmışdır. İl yarımdır ki, başqa yerə köçmüşlər. Hazırda orada yaşamır. Ceyranbatanda kirayədə yaşayır. Həmin əraziyə gediş-gəliş edir. Oranın şüşələrini sındırmışlar. Əşyaları oğurlandığına və yaşayış yeri balaca olduğuna görə maşınlarının ehtiyat hissələri və digər əşyalarını həmin əraziyə yaşadığı yerin həyətinə yığmışdır. Oğurlanma barədə polisə müraciət etməmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -xx.xx.2011-ci il tarixli, 407 nömrəli Sərəncamdan görünür ki, "xxxx" ASC-nin tabeliyində olan ünvan 1 ünvanda yerləşən X3 Müəssisəsi İddiaçı ASC-ə çevrilmişdir. -Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-da qeydiyyatdan keçərək “X4" ASC-a təqdim olunmuş MİS-nin balansında olan ümumi sahəsi 331.2 m2 olan tikiliyə dair Baş planda həmin tikili daxilində yerləşən A, B, C, D, E, V, R və K tikililərində məcburi köçkün ailələrinin yaşadığı və sözügedən (məcburi köçkünlər tərəfindən inşa olunmuş) tikililərin sahəsinin ümumi sahəyə daxil edilməməsi, həmçinin uzunluğu 724.4 m olan daxili dəmir yolu xətti və onun altındakı 2680.28 m2 torpaq sahəsinin qonşu ərazisində yerləşməsinə baxmayaraq, Ceyranbatan Sənaye-Törəmə müəssisəsinə aid ərazinin ümumi torpaq sahəsinə daxil edilməsi qeyd olunmuşdur. -xx.xx.2026-cı il tarixdə məhkəmə tərəfindən ünvan 1 ünvana yerində baxış zamanı müəyyən edilmişdir ki, mübahisəli tikilidə yaşayışın olmadığı və tikilinin tullantı ilə dolu olduğu müəyyən edilmişdir. -“Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş Qaçqınların və X2 üzrə Dövlət Komitəsi məlumatlarından görünür ki, Cavabdeh qaçqınlıq və ya məcburi köçkünlük statusu var. -“Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün İddiaçı ASC tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, İddiaçı ASC ünvan 1 ünvanda yerləşir. Hazırda iddiaçı öz ərazisində müəyyən tikinti işləri aparmağa çalışsa da, onun ərazisində Cavabdeh tərəfindən zavodun tikinti aparılmalı olan hissəsində zavodun fəaliyyətinə və zavod daxilində tikinti işlərinin aparılmasına maneələr törədilməkdədir. Bu hal həm yerli baxış zamanı, həm də cavabdehin izahatlarından da müəyyən olunur. Dəfələrlə cavabdehə xəbərdarlıqlar edilməsinə baxmayaraq, o buna heç bir məhəl qoymamış, iddiaçının mülkiyyət hüququnu pozmağa davam etmiş, nəticədə iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinin mahiyyətindən görünür ki, əgər mülkiyyətçiyə mülkiyyətdən məhrum etmədən maneələr törədilirsə, o, bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Eyni zamanda, İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüquq baxımından, «Loizidu Türkiyəyə qarşı» işi üzrə məhkəmə qeyd etdi ki, mülkiyyətə «müdaxilə şübhəsiz ki, öz əmlakından maneəsiz istifadə hüququna müdaxilə kimi 1 №-li Protokolun 1-ci maddəsinin birinci cümləsində yer alan normanın qüvvəsi altına düşür. Bununla əlaqədar olaraq Məhkəmə hesab edir ki, hüquqi xarakterli maneə kimi, bu hüququn həyata keçirilməsinin faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər» (Loizidou v.Turkey, xx.xx.1996, § İİ, B, h63.) Beləliklə, Məhkəmə qeyd etdi ki, mülkiyyətdən maneəsiz istifadə hüququnun faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malikdir. Maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil: burada araşdırılmalı məqam işin təfərrüatlarının ərizəçinin həmin müddəada nəzərdə tutulan hüquqa aidiyyəti olubolmamasıdır. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” o halda qanunidir ki, o hər hansı qanunvericilik müddəasına və ya mübahisə obyektinə dair hüquqi sənədə əsaslansın (Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə 2010-cu il 27 may tarixli Qərar, § 103). Mülki qanunvericiliyə əsasən, tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir (Konstitusiya Məhkəməsi Plenumunun V.Q. Teryoxinin şikayəti üzrə 2010-cu il 15 yanvar tarixli Qərarı). Məhkəmə işin araşdırılan hallarında müəyyən edir ki, cavabdehlərin iddiaçının daşınmaz əmlak üzərində maneəsiz mülkiyyət hüquqlarını həyata keçirmək imkanının məhdudlaşdırılması, iddiaçı tərəfindən həmin ərazidə təmir və tikinti işlərinin aparılmasına maneələr törədilməsi kimi qanunsuz müdaxilələri iş materialları və məhkəmə tərəfindən xx.xx.2026-cı il tarixdə aparılmış yerində baxış zamanı aşkarlanan hallarla öz təsdiqini tapmışdır. Məhkəmə qeyd edir ki, cavabdehin hazırda hər hansı hüquqi əsas olmadan mübahsilə əmlakdan qanunsuz istifadə etməsi iddiaçının həmin əmlakdan istədiyi kimi istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırdığından, iddiaçının hüququnun pozulmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün cavabdehin həmin əmlakdan qanunsuz istifadəsinə son qoyulmalıdır. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə qeyd edir ki, iddia tələbinin təmin edilməsinə baxmayaraq, cavabdeh (məcburi köçkün olduğu üçün) dövlət rüsumu ödəməkdən qanunla azad edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməli, cavabdeh tərəfindən İddiaçı ASC-nin ərazisində - ünvan 2 ünvanında yerləşən tikili boşaldılmalı, "xxxx" ASC-nin tabeliyində olan ünvan 1 ünvanda yerləşən İddiaçı ASC-nin ərazisində iddiaçı tərəfindən tikinti-söküntü və digər işlərin aparılmasına maneə yaradılması Cavabdeh Cəbrayıl oğluna qadağan edilməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Həmçinin Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Cəbrayıl oğlu tərəfindən İddiaçı ASC-nin ərazisində - ünvan 2 ünvanında yerləşən tikili boşaldılsın. "xxxx" ASC-nin tabeliyində olan ünvan 1 ünvanda yerləşən İddiaçı ASC-nin ərazisində iddiaçı tərəfindən tikinti-söküntü və digər işlərin aparılmasına maneə yaradılması Cavabdeh Cəbrayıl oğluna qadağan edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı ASC-nin özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə və Mülki Prosessual Məcəllənin 2 saylı əlavəsinə uyğun olaraq) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver