Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-6448/2024 22.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlu tərəfindən, İddiaçı Cavabdeh fərdi yaşayış evinə köçürülmə və alimentin artırılması tələbinə dair iddia ərizəsini və ərizəsinə əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh fərdi yaşayış evinə köçürülmə və alimentin artırılması tələbinə dair ərizə ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, onun azyaşlı övladları yəni, 13 noyabr 2011-ci il təvəllüdlü X3 və 12 sentyabr 2014-cü il təvəllüdlü X4 ilə birlikdə Abşeron rayonu, Saray qəsəbəsi ərazisi ünvanında yerləşən, 0,03 ha torpaq sahəsinin üzərində inşa edilmiş 49.6 kv metr sahədən ibarət fərdi yaşayış evinə köçürülməyi və rəsmi nikahlarından anadan olmuş 13 noyabr 2011-ci il təvəllüdlü X1 və 12 sentyabr 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Sumqayıt şəhər Məhkəməsinin 19 fevral 2021-ei il tarixli, 2(060)-767/2021 saylı qətnaməsi ilə təyin edilmiş hər ay hər uşağa görə 140 manat, cəmi 280 manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq, hər ay hər uşağa görə 235 manat, cəmi 470 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ərizəyə əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq) 149 və 151-ci maddələrinin tələblərinə cavab vermədiyindən ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin: 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.2 maddəsinə görə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları). 151.1 maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddia ərizəsindən göründüyü kimi, iddiaçı hazırda məhkəməyə müraciət edərək, onun azyaşlı övladları ilə birlikdə fərdi yaşayış evinə köçürülməsini və təyin olunmuş alimentin artırılmasını xahiş etmişdir. Lakin hazırki tələblər bir-biri ilə əlaqədar olmadığından, məhkəmə hesab edir ki, iddiaçı fərdi yaşayış evinə köçürülmə və alimentin artırılmasına dair ayrı-ayrı iddia tələbləri şəklində məhkəməyə müraciət etməlidir. Bununla da, iddia ərizəsinin verilməsinin forma və məzmununa riayət edilməmişdir. Mülki Prosessual Məcəllənin: 152.1.1 maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə istinad edərək belə qənaətə gəlir ki, ərizə və ona əlavə olunmuş sənədlər ərizəçiyə geri qaytarılmalı, ərizəsində yol verilmiş nöqsanlar aradan qaldırıldıqdan sonra ərizəçiyə təkrarən ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüquqlarının olması izah olunur. Həmçinin, Mülki Prosessual Məcəllənin: 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. 114.2. maddəsinə əsasən, bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə - dövlət rüsumu geri qaytarılır. Məhkəmə qeyd edir ki, ərizə geri qaytarıldığından iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ərizəçiyə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 152.1.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh fərdi yaşayış evinə köçürülmə və alimentin artırılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə, ********** saylı qəbz əsasında ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu ərizəçiyə geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-6448/2024
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-6448/2024
22.11.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver