Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-792/2021 12.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı4, İddiaçı3 və İddiaçı1, Cavabdeh nümayəndəsi və vəkili, Abşeron rayon Vəkil Bürosunun vəkili X11 iştirakı ilə, İddiaçılar İddiaçı4, İddiaçı3 və İddiaçı1 Cavabdeh qarşı “dəymiş maddi zərərin ödənilməsi, özbaşına tikilmiş fərdi yaşayış evinin sökülməsi və maneələrin aradan qaldırılması” tələbinə dair birgə iddia ərizələri üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı4, İddiaçı2, İddiaçı3 və İddiaçı1 Cavabdeh qarşı “dəymiş maddi zərərin ödənilməsi, özbaşına tikilmiş fərdi yaşayış evinin sökülməsi və maneələrin aradan qaldırılması” tələbinə dair birgə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişlər. İddiaçı2 məhkəmə iclaslarına gəlməmiş, səlahiyyətli nümayəndəsi vasitəsi ilə təmsil olunmamış və ya işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş və cavabdeh işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən, proses isə çəkişmə prinsipinin təmin edilməsi yolu ilə həyata keçirilməli olduğundan, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(012)-792/2021 nömrəli qərardadı ilə iddia tələbi həmin iddiaçıya aid hissədə baxılmamış saxlanılmışdır. Məhkəmə baxışı zamanı Abşeron rayon İcra Hakimiyyəti iş üzrə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, uzun müddətdir ki, ailəsi ilə birlikdə Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 10 ünvanda yaşayır. İndiyiə kimi yaşadığı evdə rahat yaşamış və gündəlik qayğılar ilə məşğul olmuşdur. Amma ötən ilin iyun ayında evlərinin yanında düz yolun kənarında cavadeh Cavabdeh gəlib evlərinin yanında 220 kv.metr yer almış və həmin ərazidə, yəni 220 kv.m ərazidə dördmərtəbəli bina tikmişdir. Onlar - həmin ərazidə yerləşən qonşular ona burda binanın tikilməsinin yolverilməz olduğunu, evlərinə giriş-çıxışlarına, evlərinə və həyətlərinə günəş işığının düşməsinin qarşısını alacağını, evlərinin içərisinə pəncərələrin baxacağını bildirərək etiraz etdikdə, qəti sürətdə bildirmişlər ki, burda bina tikintisindən söhbət belə gedə bilməz. Cavabdeh onları qəti sürətdə əmin etmişdir ki, burda o da onlar kimi ikimərtəbəli ev tikir və gələcəkdə qonşu olacaqlar, bir-birlərinin xeyir-şərində iştirak edəcəklər. Cavabdehin bu sözlərinə inanıb evinin tikintisinə xeyir-dua vermişlər. Amma zaman keçdikcə cavabdehin özü üçün tikdiyi “ikimərtəbəli ev” dördmərtəbəli binaya çevrilməyə və beləliklə onların dəhşətli günləri başlamışdır. Respublikada xüsusi sərtləşdirilmiş rejim tətbiq olunduğu və hamının iyirmi dörd saat evdə qaldığı bir vaxtda həmin bu tikilən dörd mərtəbəli ev hər gün tikilməyə başlamış, tikintidə olan səs-küy demək olar ki, evlərinin içərisində olmuşdur. Evlərinin hər gün içi toz ilə dolmuş, evə dolan tozdan rahat nəfəs ala bilməmişlər. Bütün günü evin toz ilə dolması onların normal həyatlarını “cəhənnəmə” çevirmiş, hər gün evdə dava-dalaşa səbəb olmuş, mənəvi iztirab və sarsıntı keçirmələrinə səbəb olmuşdur. Gecə-gündüz tikintinin getdiyi bir vaxtda uşaqlarının həyati təhlükəsi və psixologiyalarının pozulmaması üçün rayonda kirayə ev tutub ora göndərmişlər. Demək olar ki, tikinti aparılan zaman heç bir təhlükəsizlik qaydalarına əməl olunmamışdır. Hətta, binanın yanından keçən 10000 voltluq elektrik enerjisi orada işləyən bir fəhləni vurub yerə yıxmışdır. Aparılan tikinti işləri elə bir formada həyata keçirilmişdir ki, evlərində səsdən və gurultudan oturmaq belə mümkün olmamışdır. Eyni zamanda ağır zərbələr və titrəyişlər nəticəsində evlərinin divarları bərpaolunmaz dərəcədə çatlamağa başlamışdır. Hər gün evlərinin uçması təhlükəsi ilə üz-üzə qalmağa başlamışlar. Balkonlarının reşotkaları tikinti nəticəsində dağıdılmışdır. Daş parçaları eyvanlarına düşərək mebelləri yararsız hala salmışdır. Eyvana və çölə çıxarkən hər an üzərlərinə daş və tikinti materiallarının töküləcəyindən qorxmuşlar. Evlərinin yanında təqribən 10-a qədər ağac olmuşdur. İsti yay günlərində məhəllə sakinləri altında oturub istirahət etmişlər. Cavabdeh ağacları kökündən kəsərək həm onların isti yay günlərində istirahətlərini pozaraq, həm də Xırdalan şəhərinin yaşıllıqlarına ağır zərbə vuraraq özünün dördmərtəbəli binasını tikmək üçün şərait yaratmışdır. Ailələri, qonşularının bu gün həyatı üçün təhlükə yaradan, artıq bir ildir ki, dinc yaşamağa qoymayan, ömür boyu qəpik-qəpik yığdıqları pulun hesabına aldıqları evi bu gün ucaltdığı qeyri-qanuni tikintisi nəticəsinə yaşamaq üçün mümkün olmayan bir yerə çevirənin qeyriqanuni əməlləri barədə yazmaqla bitməz. Ancaq cavabdeh Mənsur adlı “iş adamı” tərəfindən bu konstitusion hüququları hər gün pozulur. Bir məsələyədə xüsusi diqqət yetirmək istəyir ki, evləri ilə tikilən bina arasında məsafə 20 sm-dir. Bu qədər az məsafənin saxlanılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 11 mart tarixli 72 nömrəli qərarı ilə təsdiq edilmiş “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”ın tələblərinə də ziddir. Həmin qərarın 9-cu bəndinə görə, ara məsafəsi olaraq divar hündürlüyünün 0,6 hissəsi, xüsusi yaşayış ərazilərində (hərbi şəhərciklər, tələbə şəhərcikləri, müvəqqəti məskunlaşma əraziləri) divar hündürlüyünün 0,4 hissəsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən fərdi yaşayış evlərinə münasibətdə isə divar hündürlüyünün 0,3 hissəsi, yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş ərazilərdə və sənaye ərazilərində divar hündürlüyünün 0,25 hissəsi qəbul olunur. Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 11 ünvanında Cavabdeh tərəfindən özbaşına tikilmiş tikilinin sökülməsi, bina tikilərkən İddiaçı4 dəymiş 4000 manat maddi zərərin, 3000 mənəvi zərərin, ümumilikdə 7000 manat pul məbləğinin ödənilməsi, cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması, iddiaçılara gedən yolun əvvəlki vəziyyətə qaytarılması, məhkəmədə iddia aldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı4, İddiaçı2, İddiaçı3 və İddiaçı1 Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən tələbin dəqiqləşdirilməsi barədə birgə ərizə verərək, iddia ərizəsində mübahisəli evin ünvanının səhv yazılması səbəbindən dəqiqləşdirmə aparılması zərurəti yarandığını göstərmiş, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 1242 (köhnə Xırdalan şəhəri, X24 prospekti ev 19) ünvanında Cavabdeh tərəfindən özbaşına tikilmiş dörd mərtəbəli fərdi yaşayış evinin sökülməsi və maneələrin aradan qaldırılması, bina tikilərkən İddiaçı4 dəymiş 4000 manat maddi zərərin, 3000 mənəvi zərərin, ümumilikdə 7000 manat pul məbləğinin ödənilməsi, cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması, iddiaçılara gedən yolun əvvəlki vəziyyətə qaytarılması; məhkəmədə iddia aldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianı müdafiə etmiş, əlavə olaraq göstərmişdir ki, evində oğlu, gəlini, nəvələri yaşayır. Cavabdeh ona demişdir ki, torpaq tapsın, onun evini alacaqdır. O da torpaq taparaq cavabdehə demiş, lakin o, pul verməmiş, buna görə torpaq satılmışdır. Cavabdeh evi tikib çıxarış aldıqdan sonra ona demişdir ki, öz yoluna getsin. Cavabdehin tikdiyi binanın navalçasından su onun evinə tökülür. Həyətindəki ağaclar da yaman günə qalmışdır. Bina standartlara uyğun tikilməmişdir. Bina qaz xəttinin yaxınlığında tikilmişdir, qan sızmasından bina çökə bilər. Cavabdeh onların evini almamaqla yanaşı öz tikdiyi binanı başqa şəxslərə satmışdır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianı müdafiə etmiş, əlavə olaraq göstərmişdir ki, o da cavabdehin tikdiyi binanın yaxınlığında yaşayır. Həmin binaya köçənlərin hərəsi bir dəmir qoyub deyirlər ki, cavabdeh demişdir. Cavabdeh ona mənəvi ziyan vurur. Bina 1,50 m aralıdadır. Cavabdeh əvvəllər demişdir ki, onların evlərini alacaq, lakin sonra almamışdır. Evinə getmək üçün əziyyət çəkir, giriş-çıxışına maneçilik olur. Binanın dörd pəncərəsi onun evinə tərəf baxır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianı müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyib, izahatında göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 1282 ünvanında yerləşən 0,027 ha ölçüdəki torpaq sahəsinin üzərindəki 712,1 kv.m ölçüdə çoxmərtəbəli yaşayış binası mülkiyyət hüququ əsasında onun adına qeydiyyata alınmışdır. Mülkiyyət hüququ qeydiyyata alınarkən yaşayış binasının tikintisinə lazımi icazə verilmiş, texniki pasportu tərtib edilmişdir. Binada 11 mənzil satılmışdır, 12-si isə qalmışdır. İddiaçılardan İddiaçı4 evinə baxan pəncərə deyil, “fortuçka”dır. İddiaçı4 bir ildən artıqdır ki, onun yerini zəbt etmişdir. İddiaçı4 oğluna hər ay 500-700 manat pul vermişdir ki, rayona gedib-gəlsinlər, bina tikiləndə toz olur. İddiaçı3 onun evinə heç bir aidiyyəti yoxdur. Digər cavabdeh İddiaçı2 da bu binaya aidiyyəti yoxdur. İddia əsassız olduğu üçün rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi, vəkil X16 cavabdehin dəlillərini müdafiə edib, əlavə olaraq göstərmişdir ki, sözügedən tikinti qanunsuz aparılmamışdır, hüquqmüəyyənedici sənədləri mövcuddur, tikinti hər hansı şəxsə maneçilik törətməməklə sökülməsi üçün qanuni əsaslar yoxdur. İddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş üçüncü şəxs Abşeron rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş, bunun üzrlü səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseyn küçəsi ev 5-də yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə tam payda xx xxxx 2013-cü il tarixdə İddiaçı2 adına qeydiyyata alınmışdır; -Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, V.Axundov küçəsi ev 8-də yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə xx xxxxxxx 2009-cu il tarixdə İddiaçı3 adına qeydiyyata alınmışdır; -Abşeron rayon Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, H.Z.Tağıyev küçəsindəki 42,9 kv.m yaşayış sahəsi, 54,3 kv.m köməkçi sahəsi olan 3 otaqlı fərdi yaşayış evi Abşeron rayon İHB-nın xx xxxx 1997-ci il tarixli 66 saylı sərəncamı əsasında İddiaçı4 adına qeydiyyata alınmışdır; -Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti ev 10A-da yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə tam payda xx xxx 2015-ci il tarixdə X9 adına qeydiyyata alınmışdır; -Abşeron rayon İcra Hakimiyyəti başçısı tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli “Tikinti obyektinin istismarına icazə”dən görünür ki, İddiaçı4 Abşeron rayonu Xırdalan şəhərində 31,95 kv.m sahədə qeyri-yaşayış sahəsinin tikintisinə icazə verilmişdir; -“xxxx” ASC-nin Texniki departamentinin 31 avqust 2020-ci il tarixli 6-02/06/Ə- 396/2697 nömrəli məktubundan görünür ki, İddiaçı4 müraciətində qeyd olunan bina “xxxx” ASC-nin balansında olan 10 kv-luq hava EVX-nin mühafizə zonasında tikilmişdir və bu barədə Abşeron rayon İH-nə və aidiyyəti orqanlara xx xxxxxx 2020-ci il tarixdə tərəflərindən yazılı məlumat verilmişdir; -Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən elektron çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 1282 ünvanında yerləşən 712,1 kv.m ümumi sahəsi olan çoxmərtəbəli yaşayış binası xüsusi mülkiyyət hüququ üzrə tam payda xx xxxxxx 2019-cu il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır; -Texniki pasportun surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 1282 ünvanında yerləşən 712,1 kv.m ümumi sahəsi olan çoxmərtəbəli yaşayış binasının texniki pasportu tərtib olunaraq, Baş mühəndis; Daşınmaz Əmlakın Kadastr, Texniki İnventarlaşdırma və Ünvan şöbəsinin müdiri; Daşınmaz Əmlakın kadastrı və ünvanların verilməsi sektorunun müdiri; Daşınmaz əmlakın texniki inventarlaşdırma və ölçmə işlərinin aparılması sektorunun müdiri; İcraçı; Kadastr üzrə mütəxəssis tərəfindən yoxlanılaraq təsdiq edilmişdir; -Abşeron rayonu 2 saylı notariat ofisində təsdiqlənmiş xx xxxxxx 2020-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Hacıyev X21 rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti b.1282 ünvanında yerləşən ümumi sahəsi 712,1 kv.m olan mənzilin 31,4 kv.m hissəsini (2 otaq) X2; -Abşeron rayonu 2 saylı notariat ofisində təsdiqlənmiş xx xxxxxx 2020-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Hacıyev X21 rayonu, Masazır kəndində yerləşən ümumi sahəsi 0,04 ha olan torpaq sahəsini X3; -Abşeron rayonu 2 saylı notariat ofisində təsdiqlənmiş xx xxxxxx 2020-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Hacıyev X21 rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti b.1282 ünvanında yerləşən ümumi sahəsi 712,1 kv.m olan mənzilin 46,8 kv.m hissəsini (2 otaq) X5; -Abşeron rayonu 2 saylı notariat ofisində təsdiqlənmiş xx xxx 2020-ci il tarixli alqısatqı müqaviləsindən görünür ki, Hacıyev X21 rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti ev 1282, mənzil 1 ünvanında yerləşən ümumi sahəsi 31,4 kv.m olan mənzili X1; -Abşeron rayonu 2 saylı notariat ofisində təsdiqlənmiş xx xxxx 2020-ci il tarixli alqısatqı müqaviləsindən görünür ki, Hacıyev X21 rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti ev 1282, mənzil 3 ünvanında yerləşən ümumi sahəsi 48,1 kv.m olan mənzili X4; -Abşeron rayonu 2 saylı notariat ofisində təsdiqlənmiş xx xxxxxxx 2020-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Hacıyev X21 rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti ev 1282, mənzil 7 ünvanında yerləşən ümumi sahəsi 48,1 kv.m olan mənzili X6; -Abşeron rayonu 2 saylı notariat ofisində təsdiqlənmiş xx xxxxxx 2020-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Hacıyev X21 rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti ev 1282, mənzil 2 ünvanında yerləşən ümumi sahəsi 46,8 kv.m olan mənzili X7; -Bakı şəhəri 51 saylı notariat ofisində təsdiqlənmiş xx xxxxxx 2021-ci il tarixli alqısatqı müqaviləsindən görünür ki, Hacıyev X21 rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti ev 1282 ünvanında yerləşən ümumi sahəsi 183,5 kv.m olan qeyri-yaşayış sahəsinin 60,5 kv.m hissəsini X8. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən elektron çıxarışa əsasən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 1282 ünvanında yerləşən 712,1 kv.m ümumi sahəsi olan çoxmərtəbəli yaşayış binası xüsusi mülkiyyət hüququ üzrə tam payda xx xxxxxx 2019-cu il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. Hazırda iddiaçılar həmin cavabdehə qarşı onun tərəfindən özbaşına tikilmiş dörd mərtəbəli fərdi yaşayış evinin sökülməsi, maneələrin aradan qaldırılması və digər tələblərlə bağlı məhkəmədə iddia qaldırmışlar. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, tələbin ilkin hissəsi Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 1242 (köhnə Xırdalan şəhəri, X24 prospekti ev 19) ünvanında Cavabdeh tərəfindən özbaşına tikilmiş dörd mərtəbəli fərdi yaşayış evinin sökülməsi ilə bağlıdır. İddiaçılar həmin tələblə bağlı iddia qaldırsalar da, burada sübutetmə yükü üzərlərinə düşməsinə baxmayaraq, sökülməsini tələb etdikləri dörd mərtəbəli fərdi yaşayış evinin özbaşına tikilməsinə, ümumiyyətlə hüquqi rejiminə dair müvafiq sübutlarını təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və X15 haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Marks Belçikaya qarşı iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Sporronq və Lonnpot İsveçə qarşı işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Akimova Azərbaycana qarşı işi üzrə qərarında isə göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. 1 saylı Protokolun 1-ci maddəsinin başlıca və ən əsas tələbi mülkiyyətdən istifadə hüququna dövlət tərəfindən hər hansı bir müdaxilənin qanun çərçivəsində olmasından ibarətdir. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Bundan əlavə, qanunun aliliyi demokratik cəmiyyətin fundamental prinsiplərindən biridir və Konvensiyanın bütün maddələrindən ayrılmazdır. Bundan irəli gəlir ki, cəmiyyətin mühüm maraqlarının qorunması və müdafiəsi arasında tarazlığın əldə edilməsi artıq müəyyən edildiyi kimi qanunauyğun olmalı və özbaşına xarakteri daşımamalıdır. Məhkəmə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla nəzərə alır ki, mülkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılarkən mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulub-pozulmamasını da müəyyən etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar “xüsusi və həddən artıq məhrumiyyətlərə” məruz qalırlar. Konvensiyanın müddəaları, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüquqları baxımından məhkəmə cavabdehlər tərəfindən iddiaçıya edilən müdaxilələrin iddiaçının mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirir.. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 31-ci maddəsinin İİ bəndinə əsasən qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır. İddiaçılardan fərqli olaraq Cavabdeh tərəfindən təqdim olunmuş sübutlarla isə müəyyən olunmuşdur ki, faktiki olaraq Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 1282 ünvanında yerləşən və 712,1 kv.m ümumi sahəsi olan çoxmərtəbəli yaşayış binası xüsusi mülkiyyət hüququ üzrə tam payda xx xxxxxx 2019-cu il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır, eyni zamanda bu yaşayış binasının texniki pasportu tərtib edilmiş, müvafiq mütəxəssis tərəfindən yoxlanılaraq təsdiq edilmişdir. Buradan da görünür ki, özbaşına tikildiyi iddia olunaraq sökülməsi tələb edilən dörd mərtəbəli fərdi yaşayış evi faktiki olaraq tikinti məqsədləri üçün ayrılmış torpaq sahəsində tikilmişdir, mülkiyyət hüququ üzrə qeydə alınmaqla texniki pasportu tərtib edilmişdir, bu hüquqmüəyyənedici sənədlər isə hazırda qüvvədədir. Mübahisələndirilən binanın buna lazımi icazələr alınaraq və ya şəhərsalma və tikinti normalarını və qaydalarına əməl edilərək tikilməsinin müəyyən edilməsi isə hazırkı iddianın predmeti deyildir. Qaldı ki, tikintinin qanunsuz olması müəyyən edildiyi halda isə, onun sökülməsi məsələsini araşdırmaq və mübahisələndirmək Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin səlahiyyətlərinə aiddir. Bu zaman xüsusən nəzərə alınmalıdır ki, Cavabdeh mülkiyyət hüququ üzrə adına qeydiyyata alınmış 712,1 kv.m sahəsi olan çoxmərtəbəli yaşayış binasının müvafiq sahələrini notarial qaydada bağlanmış alqı-satqı müqavilələri əsasında digər vətəndaşlara satmış, binanın həmin sahələri ayrı-ayrı vətəndaşların istifadəsində və sərəncamındadır. Məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı4, İddiaçı3 və İddiaçı1 iddia ərizəsində irəli sürdükləri və məhkəmə iclasında müdafiə etdikləri dəlillər əsassızdır, Cavabdeh mülkiyyətində, sərəncamında olan dörd mərtəbəli fərdi yaşayış evinin özbaşına tikilmiş tikili kimi qiymətləndirilərək iddianın həmin hissədə təmin olunması üçün mötəbər dəlil, sübut qismində hesab oluna bilməz, ona görə iddia təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “maneələrin aradan qaldırılması, bina tikilərkən İddiaçı4 dəymiş 4000 manat maddi zərərin, 3000 mənəvi zərərin, ümumilikdə 7000 manat pul məbləğinin ödənilməsi, cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması, iddiaçılara gedən yolun əvvəlki vəziyyətə qaytarılması” ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, həmin tələblər məhkəmənin yuxarıda hüquqi qiymət verərək təmin olunmasına hüquqi əsaslar olmadığını müəyyən etdiyi iddia tələbinə nisbətdə törəmə tələblərdir, əsas tələb təmin edilmədiyi halda törəmə tələblərin əsaslılığının müəyyən edilib yoxlanılmasına əsaslar qalmır, ona görə məhkəmə hesab edir ki, həmin törəmə tələblər də təmin edilməməlidir. Mülki prosessual qanunvericiliyə görə, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göründüyü kimi, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Beləliklə, məhkəmə işin faktiki müəyyən olunmuş hallarını, istinad edilən maddi hüquq normalarının tələblərini nəzərə alaraq, hesab edir ki, iddia tələbi ümumilikdə əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla bağlı məhkəmə hesab edir ki, iddia təmin edilmədiyi üçün iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. İnsan hüquqlarının və X15 haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 4-cü, 7-ci, 14-cü, 36cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı4, İddiaçı3 və İddiaçı1 “Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 1242 (köhnə Xırdalan şəhəri, X24 prospekti ev 19) ünvanında Cavabdeh tərəfindən özbaşına tikilmiş dörd mərtəbəli fərdi yaşayış evinin sökülməsi və maneələrin aradan qaldırılması, bina tikilərkən İddiaçı4 dəymiş 4000 manat maddi zərərin, 3000 mənəvi zərərin, ümumilikdə 7000 manat pul məbləğinin ödənilməsi, cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması, iddiaçılara gedən yolun əvvəlki vəziyyətə qaytarılması, məhkəmədə iddia aldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi” tələbinə dair birgə iddiaları təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumları iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-792/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-792/2021
12.02.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maneənin aradan qaldırılması - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver