Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-87/2023 28.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil, Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X4, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-yə qarşı “alqı-satqı müqaviləsində göstərildiyindən az olması səbəbindən ödənilmiş artıq pul məbləğinin qalıq borcdan çıxılması, maddi və mənəvi zərərin ödənilməsi, cərimənin əsassız hesab edilməsi” tələbinə dair ilkin iddiası, "xxxx" MMC-nin İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla "xxxx" MMC arasında 03 dekabr 2015-ci il tarixli, E/0129 saylı “alqı-satqı” müqaviləsinə əsasən "xxxx" MMC tərəfindən ona verilməli olan 47,4 kv. metr sahə ilə satıcı tərəfindən ona verilən 37,5 kv metr-lik sahə arasındakı 9,9 kv metr-lik fərqin manat ekvivalentinin (9,9 x 675 : 6682,50 manat) "xxxx" MMC-yə yaranmış borcunun qalıq hissəsi olan 22058 manat məbləğindən çıxılmasına, cavabdeh tərəfindən ona təhvil verilmiş sahənin dam örtüyünün yararsız olması səbəbindən təmirə xərclədiyi 1200 manat, dam örtüyünün izolyasiya edilməsinə görə xərclədiyi 2900 manat və mətbəx mebelinin yığılmasına görə xərclədiyi 3000 manat məbləğində pul, həmçinin cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməməsi səbəbindən ona yaşatdığı mənəvi və psixoloji iztirabın qarşılığı (mənəvi zərər) kimi 5000 manat məbləğində, ümumilikdə 12100 manat pulun və 30 manat dövlət rüsumunun "xxxx" MMC-dən alınaraq ona ödənilməsinə, cavabdeh tərəfindən ondan dəbbə pulu kimi tələb olunan 8000 manat cərimənin əsassız hesab olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" MMC məhkəməyə qarşılıqlı iddia ərizəsi ünvanlayaraq, ilkin İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı ilkin iddia tələbinin təmin edilməməsinə, qarşılıqlı iddia tələbinin təmin edilərək, cavabdeh İddiaçı 03 dekabr 2015-ci il tarixli E/0129 nömrəli Mansardın alqı satqısı haqqında müqaviləsi üzrə ödənilməmiş əsas borc 22958 manat və 16524 manat cərimə borcu olmaqla, cəmi 39482 manat borcun, habelə ödənilmiş dövlət rüsumu məbləğinin qarşılıqlı iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, onunla "xxxx" MMC arasında bağlanmış 03 dekabr 2015-ci il tarixli, E/0129 saylı “alqısatqı” müqaviləsinə əsasən, "xxxx" MMC Abşeron rayonu, Xırdalan edilmiş “AAAF-PARK” yaşayış massivindəki “A” kompleksi, 2 saylı, 7 mərtəbəli yaşayış binasında ümumi sahəsi 47,4 kv.m. olan 1 otaqdan ibarət 47 saylı mansardı (gələcəkdə vahid əmlak adlandırılacaq) ona satmağı, o isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında vahid əmlakın dəyərini (qiymətini) ödəməyi öz üzərinə götürmüşdür. Eyni zamanda "xxxx" MMC ilə aralarında bağlanmış alqı-satqı müqaviləsinin 3.1.2.4-cü bəndinin 4-cü abzasında satıcı mansardı ona evin dam örtüyü vurulmuş vəziyyətdə təhvil verməyi öz öhdəsinə götürmüşdür. O, müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, "xxxx" MMC müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, satıcı müqavilənin 2.1-ci bəndində ümumi sahəsi 47,4 kv. metrdən ibarət mansardı ona satmağı öz öhdəsinə götürsə də, faktiki olaraq ona 37.5 kv.metrdən ibarət sahə vermişdir. Müqavilədə 47,4 kv.m sahəsi olan mansardın ümumi dəyəri 31995 manat göstərilmişdir. Yəni mənzilin hər bir kv. metrinin qiyməti 675 manat dəyərləndirilmişdir. Bu belə olduğu halda mənzilin ümumi dəyəri heç də 31995 manat deyil, 25315,50 manat məbləğində olmalı idi. Bu məbləğdən o, "xxxx" MMC-yə 9937 manat ödəmişdir. Ona görə də bugün onun "xxxx" MMC-yə borcu 22058 manat yox, 15375,50 manat olmalıdır. Bundan əlavə alqı-satqı müqaviləsinin 3.1.2.4-cü bəndinin 4cü abzasında satıcı mansardı ona evin dam örtüyü vurulmuş vəziyyətdə təhvil verməyi öz öhdəsinə götürsə də, üzərinə götürdüyü bu öhdəliyi lazımınca icra etməmişdir. Belə ki, evin dam örtüyünün vurulmasına baxmayaraq, keyfiyyətsiz inşaat materiallarından istifadə olunmuşdur. Dam örtüyünün alt hissəsi izolyasiya edilməmişdir. Meteoroloji amillərin təsiri nəticəsində həmin örtükdə çoxsaylı dəliklər yaranmışdır. Bu səbəbdən atmosfer yağıntıları yağdığı zaman bütün yağıntı suları onun ailə üzvləriylə birlikdə yaşadığı mənzilə dolur. Buna görə də, mənzildə quraşdırdığı mətbəx mebeli sıradan çıxmış, mənzilin təmirinə ciddi ziyan dəymişdir. Dam örtüyünün altında izolyasiya qatının olmaması yayda onların həmin mənzildə yaşamaqlarını mümkünsüz edir. Belə ki, isti yay aylarında yaşadıqları mənzildə otaq temperaturu 30-40 dərəcədən çox olur, həmin vaxt kondisionerlərdən istifadə etməklərinə baxmayaraq, onlar yaşadıqları mənzildə normal tempraturun əmələ gəlməsinə nail ola bilmirlər. Binada problemlər təkcə bununla bitmir. Binada 5 ildən çox yaşayış olmasına baxmayaraq, binanın liftləri qoyulmamış, blokların giriş qapılarında və dəhlizlərdə işıqlar quraşdırılmamışdır. O, "xxxx" MMC-nin təqsirli hərəkətləri ucbatından həm maddi, həm də mənəvi zərərə məruz qalmışdır. Belə ki, evin dam örtüyündə keyfiyyətsiz materiallardan istifadə səbəbindən mənzilinin təmiri yararsız hala düşmüş, həmçinin damdan mənzilin içinə axan yağış və qar suları mətbəx mebelinin də yararsız hala düşməsi ilə nəticələnmişdir. Bununla da ona evin təmirinə görə 1200 manat, mətbəx mebelinə görə isə 3000 manat məbləğində ziyan dəymişdir. Bütün bunlar azmış kimi "xxxx" MMC ondan cərimə kimi 8000 manat pul tələb edir. "xxxx" MMC bunu onunla əsaslandırır ki, guya o, müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini icra etməmiş, ona görə də cavabdeh tərəfindən ona 8000 manat məbləğində cərimə hesablanmışdır. O, sonuncu dəfə "xxxx" MMC-yə ödəniş etdiyi zaman onun borcu 22058 manat kimi qeyd olunmuşdur. Digər tərəfdən isə "xxxx" MMC ona müqavilə öhdəliklərini icra etmədiyinə görə cərimə hesablaya bilməz. Çünki onu müqavilə öhdəliklərini icra etməməyə məcbur edən sırf "xxxx" MMC-nin təqsirli hərəkətlərinin nəticəsi, daha doğrusu qarşı tərəfin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında tam və lazımi şəkildə icra etməməsi olmuşdur. Beləliklə, işin faktiki hallarından məlum olur ki, onun müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam və vaxtında icra etməyinə baxmayaraq, cavabdeh tərəf öz öhdəliklərini tam və vaxtında icra etməmişdir. Buna görə də o, müqavilə üzrə öhdəliklərimin icrasını dayandırmağa məcbur olmuşdur. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin olunmasını,qarşılıqlı iddianın isə rədd edilməsini məhkəmədən xahiş etdi. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili-nümayəndəsi Vəkil İddiaçı izahatı ilə eyni məzmunda izahat verdi və əlavə olaraq göstərdi ki, məhkəmə ekspertriza mərkəzinin eksperti Xəyyam İsgəndərov tərəfindən verilmiş xx.xx.2022 tarixli, 10/4006 saylı ekspert rəyində qeyd olunan suallara tam, hərtərəfli cavab verilməmiş, həmçinin təqdim olunan cavablar isə dolğun və düzgün deyildir. Belə ki, ekspert qarşısına qoyulmuş Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr. 167-də "xxxx" MMC tərəfindən inşa edilmiş binada yerləşən və tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı təhvil verilməli olan mənzilin (mansardın) ümumi sahəsinin müəyyən edilməsi sualı üzrə ekspert Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2012-ci il tarixli 07 saylı Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydaları”nın tələblərinə əməl etməmişdir. Həmin Qaydaların 3.8-ci bəndinə əsasən, mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0.3, şüşəbənd və lociyalar - 0.5, eyvanlar (verandalar) - 1.0 azaltma əmsallarına vurulmaqla hesablanır. Həmçinin qeyd edilir ki, mənzildaxili pilləkanın altındakı sahə, hündürlüyü döşəmədən konstruksiyanın altına qədər 1.6 metr və daha az olduqda pilləkan olan yerləşgənin sahəsinə daxil edilmir. Həmin qanunda ayrıca qeyd edilmişdir ki, mansarda mərtəbəsində yerləşən mənzilin sahəsi təyin edilərkən tavanın hündürlüyü 2.7 metrdən az olan hissəsin sahəsi 0.7 azaltma əmsalına vurulmaqla hesablanır. Eyni zamanda, mansardada yerləşən mənzilin hündürlüyü 2.7 metrdən az olan hissənin sahəsinin həmin mənzilin ümumik sahəsinin 50%-dən çox olmasına yol verilmir. AAAF İnşaat MMC tərəfindən İddiaçı verilmiş mənzildə (mansard) ümumi sahənin 30-40 faizi döşəmədən tavana qədər hündürlük nəinki 2.7 metr, hətta minimal 1.6 metrdən də az təşkil edir. Eskeprt mənzilin sahəsinin 46.7 m2 müəyyən etməklə səhvə yol vermişdir. Məhkəmənin qərardadında ekspertiza qarşısına qoyulan suallardan biri də “su sızması nəticəsində mansardda hansı zədələr əmələ gəlmişdir və onların aradan qaldırılması üçün mənzildə hansı məbləğdə təmir tikinti işləri aparılmalıdır” olmuşdur. Bu suala da ekspert tərəfindən dolğun cavab verilməmiş, həmçinin aparılması tələb olunan təmir işlərinin smeta dəyəri tərtib olunan rəqəmlərə uyğun deyildir. Belə ki, ekspert rəyinin 3-cü səhifəsində təqdim olunan smeta cədvəlinin 3-cü hissəsində hesablamada xətaya yol verilmiş, görülən işin hər 1 metr üçün 10 manat tələb olunduğu, cəmi təmir tələb olunan sahə isə 181 m2 olduğu halda, ümumi rəqəm 181x10=1810.0 azn olmalı olduğu halda, texniki səhvə yol verilərək 181.0 azn qeyd olunmuş, nəticədə isə mənzildə aparılması tələb olunan ümumik təmir işlərinin dəyəri səhvən 4696.0 azn əvəzinə, 3067.0 azn göstərilmişdir. Bundan əlavə, ekspert mənzildə olan və su sızmadan zərər görmüş mebel və avadanlıqlar barədə ümumiyyətlə rəy verməmişdir. Halbuki, mənzildə ən çox zərər çəkmiş hissı mətbəx mebeli və mətbəx avadanlıqları olmuşdur. Göründüyü kimi, təqdim olunan ekspert rəyi natamam, bəzi hissələrdə isə yanlış olmaqla işin düzgün və obyektiv həll edilməsi üçün tam yararlı deyildir. Ona görə də ilkin iddia tələbini müdafiə edərək tam təmin olunmasını,qarşılıqlı iddianın isə rədd edilməsini məhkəmədən xahiş edir. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X6 məhkəmə iclasında izahatında bildirdi ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət ilə cavabdeh İddiaçı arasında bağlanmış 03 dekabr 2015-ci il tarixli E/0129 nömrəli Mansardın alqı satqısı haqqında müqaviləyə əsasən, Cəmiyyət tərəfindən Xırdalan şəhəri, Abşeron rayonu, Heydər Əliyev prospektində (167) inşa edilmiş “AAAF-PARK” yaşayış massivindəki A kompleksinin, 2 saylı, 7 mərtəbəli yaşayış binasında, ümumi sahəsi (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri daxil olmaqla, eyni zamanda divarın çöl hissəsindən hesablanmaqla) 47.4 kv.metr olan 1 otaqdan ibarət, ümumi dəyəri 31995 (otuz bir min doqquz yüz doxsan beş) manat olan 47 saylı mansardı hər bərabər məbləğdə ödənilmək şərti ilə 120 (yüz iyirmi) ay müddətinə cavabdeh İddiaçı satılmışdır. xx.xx.2015-ci il tarixli E/0129 nömrəli Mansardın alqı satqısı haqqında müqaviləsinin 1.1 və 1.2-ci bəndlərinə müvafiq olaraq cavabdeh (Alıcı) İddiaçı razılaşdırılmış şərtlər daxilində aldığı vahid əmlakın dəyərini ödəməyi öhdəsinə götürməsinə baxmayaraq, öhdəliyini vaxtında və lazımi qaydada yetirə yetirməmişdir. Cavabdeh müqavilə öhdəliklərinin icra olunması və ya mənzilin təhvil verilməsi barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmişdir. Bununla da, iddiaçı Cəmiyyət sözügedən müqavilənin 3.1-ci bəndində qeyd olunan hüquqlarından istifadə edərək, müqavilə üzrə hesablanmış əsas və cərimə məbləğinin ödənilməsini tələb edir. Müqavilənin 4.3-cü bəndinə görə, ...Əgər aylıq ödəmələr qeyd olunan vaxtda ödənilməzsə bu zaman "Alıcı” gecikdirilən hər gün üçün müqavilənin dəyərinin 0.1% həcmində "Satıcı”ya cərimə ödəməlidir. Sonrakı ödəmələr 45 gündən artıq yubadılarsa müqaviləyə əsasən gecikdirilən günlər üçün cərimə hesablanır və "Alıcı” tərəfindən ödənilən məbləğdən tutularaq, qalan məbləğ yalnız həmin vahid əmlak satıldıqdan sonra "Alıcı”ya geri qaytarılır. Belə ki, cavabdeh İddiaçı dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, xx.xx.2019-cu il tarixdən etibarən ödəniş etməmişdir. Həmin tarixdən hazıra kimi hesablanan günlərin sayı (iki il ərzində) 720 gün və hesablanmış cərimə məbləği isə (1 gün = 22.95AZN) 16524 (on altı min beş yüz iyirmi dörd) manat təşkil edir. Həmin Müqavilənin 3.1.2.3-ci bəndinə əsasən, Satıcının alqı-satqı müqaviləsi ləğv olunduğu halda "AAAF-İnşaat” MMC bu müqavilədə nəzərdə tutulan hesablanmış cəriməni ödənilən məbləğdən çıxaraq qalıq məbləği vahid əmlak satıldıqdan sonra geri qaytarmalıdır. Ərizəyə əlavə edilən Torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında Müqaviləyə Əlavənin 1.2-ci bəndinə görə, "Alıcı” müqavilə öhdəliklərini yerinə yetirə bilmədikdə daşınmaz əşyaların alqı-satqısı müqaviləsini ləğv edilməsini tələb edərək əmlakı "Satıcı”ya qaytararkən, hər bir halda onun ödədiyi vəsait 12 ay müddətində yalnız həmin əmlak satıldıqdan sonra ona qaytarılır. Həmin Əlavənin 1.3-cü bəndinə görə, "Alıcı” daşınmaz əşyanın (mansardın) əsaslı səbəb olmadan geri qaytarılması tələbi ilə "Satıcı”ya müraciət etdikdə qeyri-şərtsiz qaytarılan əmlakın 15% miqdarında cərimə ödəyir. Həmin Əlavənin 1.4-cü bəndinə əsasən, "Alıcı” aylıq ödənişləri müqaviləyə əlavə edilmiş cədvələ uyğun olaraq həmin gün ödəyir, əks halda hər gecikdirilmiş gün üçün əmlakın ümumi dəyərinin 0.1% miqdarında cərimə ödəyir. Beləliklə, cavabdeh İddiaçı 03 dekabr 2015-ci il tarixli E/0129 nömrəli alqı satqısı haqqında müqaviləsi üzrə ödənilməmiş əsas borc 22958 (iyirmi iki min doqquz yüz əlli səkkiz) manat və 16524 (on altı min beş yüz iyirmi dörd) manat cərimə borcu olmaqla cəmi 39482 (otuz doqquz min dörd yüz səksən iki) manat təşkil edir. Hazırda, cavabdeh İddiaçı 03 dekabr 2015-ci il tarixli E/0129 nömrəli alqı satqısı haqqında müqaviləsi üzrə cəmi 9037 (doqquz min otuz yeddi) manat ödənilməklə neçə ildir daşınmaz əmlakdan yararlanaraq, istifadə edir və sərəncam verir, lakin ödənişlərdən qərəzli şəkildə yayınır. Çünki, Abşeron rayon məhkəməsinin icraatında olmuş 2(012)-734/2020 nömrəli mülki iş üzrə iddiaçı "AAAF-İnşaat” MMC-nin iddia tələbi təmin edilmiş və qiyabi qətnamə qət edilmişdir. Sonradan məhkəmənin 2(012)-2762/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qərardadla iddia ərizəsi baxılmamış saxlanılmışdır. Məhkəmə çəkişməsi zamanı dəfələrlə cavabdeh İddiaçılə şifahi qaydada danışıqlar aparılmış, ödənişləri hissə-hissə ödəcəyinə dair vədlər vermişdir. Lakin sonradan cavabdeh İddiaçı "vəd”lərini yerinə yetirməyərək, öhdəliklərin icrasından yayınmağa cəhd göstərmiş və göstərməkdədir. Halbuki cavabdeh/ qarşılıqlı iddiaçı MMC mənzili inşa edib təhvil verərək, məqsədi mənfəət əldə etmək olmuşdur. Lakin borclu/cavabdeh İddiaçı öhdəliklərini uzun müddət icra etməməsi cavabdeh/ qarşılıqlı iddiaçı MMCnə maddi ziyanın vurulması ilə nəticələnmişdir. Belə ki, cavabdeh İddiaçı tərəfindən müqavilə üzrə mənzilin dəyərini vaxtında ödədiyi halda satıcı MMC həmin ödənilmiş vəsaiti digər öhdəliklərinə və ya digər məqsədlərə istifadə edə bilərdi. Bununla borclu İddiaçı hərəkətləri nəticəsində satıcı MMC həmin imkanlardan məhrum olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. (449.1.) Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 465.1-ci maddəsinə görə, əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər (600.5). İddiaçı ilkin iddia ərizəsində göstərilən xüsusatların əsası və sübutu mövcud deyildir. İlkin iddiaçının nəzərinə çatdırmaq istəyir ki, satıcı "xxxx" MMC 03 dekabr 2015-ci il tarixli, E/0129 saylı alqı-satqı müqaviləsinin 1.1 və 1.2-ci bəndlərinə müvafiq olaraq, Xırdalan şəhəri, Abşeron rayonu, Heydər Əliyev prospektində (167) inşa edilmiş “AAAF-PARK” yaşayış massivindəki A kompleksinin, 2 saylı, 7 mərtəbəli yaşayış binasında, ümumi sahəsi (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri daxil olmaqla, eyni zamanda divarın çöl hissəsindən hesablanmaqla) 47.4 kv.metr olan 1 otaqdan ibarət, 47 saylı mansardı tikinti işləri başa çatdıqdan sonra təhvil vermək öhdəliyini tam yerinə yetirmiş və həmin daşınmaz əmlakı “Alıcı” qismində İddiaçı də təhvil alaraq qəbul etmişdir. Qəbul etdiyi tarixdən öhdəliyini qismən icra etmiş, həmin daşınmaz əmlakda yaşayaraq təsərrüfat yürütmüşdür. Xüsusilə qeyd etmək istərdik ki, borclu İddiaçı kredit öhdəliklərini aylıq 267 (iki yüz altmış yeddi) manat ödəyərək icra etdiyi 2019-cu il sentyabr tarixinə kimi hər hansı bir şikayət və müraciəti olmamışdır. Hazırki ilkin iddia tələbi üzrə borclu İddiaçı iddia etdiyi məbləğlər (6682,50 AZN + 12100 AZN) əsassız olaraq, mübahisəli mənzilə görə kredit öhdəliyinin həcminin azaldılması məqsədi daşıyır. İlkin iddia tələbi üzrə “cavabdeh tərəfindən ona təhvil verilmiş sahənin dam örtüyünün yararsız olması səbəbindən təmirə xərclədiyi 1200 manat, dam örtüyünün izolyasiya edilməsinə görə xərclədiyi 2900 manat və mətbəx mebelinin yığılmasına görə xərclədiyi 3000 manat məbləğində pul, həmçinin cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməməsi səbəbindən ona yaşadığı mənəvi və psixoloji iztirabın qarşılığı (mənəvi zərər) kimi 5000 manat məbləğində, ümumilikdə 12100 manat pulun və 30 manat dövlət rüsumunun "xxxx" MMC-dən alınaraq ödənilməsi” hissəsi tamamilə əsassız və qanunsuz tələbdir. Borclu İddiaçı öz yaşayış sahəsinin vəziyyətini yaxşılaşdırmaq məqsədilə xərclədiyi vəsaiti hər hansı əsassız bir xüsusatla əlaqələndirməsi yanlışdır. Daşınmaz əmlakın təhvil alınması zamanı hər hansı bir çatışmazlıq aşkar etdiyi halda, əmlakı qəbul etməyə bilərdi. Bu da anlaşılan olardı. Lakin borclu İddiaçı təhvil aldığı və qəbul etdiyi daşınmaz əmlakda 6 (altı) il yaşadıqdan sonra həmin əmlakın “dam örtüyü”, “izolyasıya” kimi nöqsanların aşkar edilməsinə görə iddia qaldırılması absurddur. (770) Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. (775) Əgər podratçı qüsuru bilərəkdən gizlədərsə, sifarişçinin məmulatın qüsuru ilə bağlı hüquqlarını istisna edən və ya məhdudlaşdıran razılaşmaya istinad edə bilməz. Belə ki, alıcı (borclu) İddiaçı təhvil aldığı və qəbul etdiyi daşınmaz əmlaka dair hər hansı bir qüsur və çatışmazlıq barədə bildirməmişdir. Qeyd etmək istərdik ki, ilkin iddiaçı Ağayev iddia tələbi üzrə ümumiyyətlə pretenziya qaydasına əməl etməmiş və məhkəmə də icraata qəbul edərək baxışını həyata keçirir. Bu da Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən prosessual pozuntu olaraq qiymətləndirilir. Bundan başqa, AR MPM-nin 776.1-ci maddəsini rəhbər tutsaq, sifarişçi - İddiaçı icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində tələb irəli sürə bildiyi halda sürməyərək iddia müddətini buraxmışdır. Çünki xx.xx.2015-ci il tarixli, E/0129 saylı alqı-satqı müqaviləsinin müddəaları Mülki Məcəllənin 752.1-ci maddəsinin tələblrəinə cavab verir. Maddi normaya görə, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. (752.2.) Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. İlkin iddia tələbinin "mətbəx mebelinin yığılmasına görə xərclədiyi 3000 manat məbləğində pul, həmçinin cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazıminca yerinə yetirməməsi səbəbindən ona yaşadığı mənəvi və psixoloji iztirabın qarşılığı (mənəvi zərər) kimi 5000 manat məbləğinin” MMC-dən tutulması hissəsini sübut etmək vəzifəsi ilkin iddiaçının üzərinə düşür. İş materiallarında ilkin iddiaçının "təzə mebel” almaq və ya yığılmasının, habelə "mənəvi” zərər kimi psixoloji iztirab keçirməsinin mənzilin hər hansı bir qüsuru ilə səbəbli əlaqəsini sübut edən sənəd və ya sübut mövcud deyildir. Hesab edir ki, belə bir sübut da yoxdur. Şərh olunanlardan göründüyü kimi ilkin İddiaçı iddia tələbinin hüquqi əsası olmadığından rədd edilməsini və sözügedən kredit öhdəliklərini icra etmədiyinə görə qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etdi. Həmçinin qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X6 məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ünvanlayaraq bildirmişdir ki, ilkin iddia tələbinə iddia müddəti tətbiq edilməklə İddiaçı iddia tələbi təmin edilməməlidir. Çünki İddiaçı 03.12.15-ci il tarixli, E/0129 saylı müqavilə üzrə mübahisəli daşınmaz əmlakı qəbul etmiş və qüsur barədə bildirməmişdir. Əmlakı qəbul etmişdir. Müddət ötürülmüşdür. Qeyd olunanlara əsasən, mülki iş üzrə İddiaçı iddia tələbinə iddia müddəti tətbiq edilməsini və rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti X3 27 fevral 2023-cü il tarixində keçirilən məhkəmə iclasında izahatında bildirdi ki, AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 04 noyabr 2022-ci il tarixli, 10/4006 saylı ekspert rəyində smeta hissəsində səhvə yol verilmişdir. Rəyin nəticə hissəsində texniki səhv olmuşdur, əslində məbləğ 4696 manat olmalıdır. Rəyin 3-cü bəndində 181 kvadratmetr üçün 1810 manat əvəzinə 181 manat göstərilmiş və bu səhv nəticəyə təsir göstərmişdir. Sözügedən mənzilin divarlarında, tavanınd çox su sızmaları mövcuddur. Mənzilin mansardı dam örtüyü ilə bağlanıb, sızma qüsurları dam örtüyündə olan nasazlıqdan əmələ gəlmişdir. Tavan isə alçıpanla bağlanmışdır. Mənzilin tam daxili təmiri üçün 4696 manat məbləği tələb olunur. İş materiallarında olan 03 dekabr 2015-ci il tarixli E/0129 saylı mansardın alqı-satqısı haqqında müqavilədən görünür ki, satıcı "xxxx" MMC ilə İddiaçı arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti yerləşən «AAAF-Park» yaşayış massivindəki A kompleksində inşa edilən 2 saylı, 7 mərtəbəli yaşayış binasında ümumi sahəsi 47,4 kv.m olan 1 otaqdan ibarət 47 saylı mansardı 31995 manata alıcı İddiaçı satmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ilkin və qarşılıqlı iddia qismən təmin edilməlidir. Belə ki, 03 dekabr 2015-ci il tarixli E/0129 saylı mansardın alqı-satqısı haqqında müqaviləyə əsasən, satıcı "xxxx" MMC ilə İddiaçı arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti yerləşən «AAAF-Park» yaşayış massivindəki A kompleksində inşa edilən 2 saylı, 7 mərtəbəli yaşayış binasında ümumi sahəsi 47,4 kv.m olan 1 otaqdan ibarət 47 saylı mansardı 31995 manata alıcı İddiaçı satmışdır. 03 dekabr 2015-ci il tarixli E/0129 saylı mansardın alqı-satqısı haqqında müqavilədə "xxxx" MMC tərəfindən İddiaçı satılmış «AAAF-Park» yaşayış massivindəki A kompleksində inşa edilən 2 saylı, 7 mərtəbəli yaşayış binasında ümumi sahəsi 47,4 kv.m olan 1 otaqdan ibarət 47 saylı mansardın ümumi sahəsinin 47,4 kv.m olduğu göstərilsə də, AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 04 noyabr 2022-ci il tarixli, 10/4006 saylı rəyi ilə sözügedən mənzilin ümumi sahəsinin 46,7 kv.m olduğu müəyyən edilmişdir. Belə olduğu halda əskik verilmiş 0,7 kv.metr sahənin, hər kv.metr sahənin 675 manat təşkil etdiyini nəzərə alaraq İddiaçı artıq alınmış 472,50 manat pul vəsaiti (31995 - (46,7 m2 × 675 manat) ) "xxxx" MMC tərəfindən iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.. Həmçinin məhkəmədə sübutların tədqiqatı zamanı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167-də inşa edilmiş “AAAF-PARK” yaşayış massivindəki “A” kompleksi, 2 saylı 7 mərtəbəli yaşayış binasında yerləşən, 1 otaqdan ibarət 47 saylı mansardın divarlarında divar kağızlarının qopması, tavanda boya qatının şişməsi, tavanda, divarlarda su sızma ləkələrinin olması, tavanda və divarlarda olan qüsurların mansarddan axan su sızmaları nəticəsində əmələ gəlməsi müəyyən edilmiş,qeyd olunan hallar ilkin iddia üzrə iddiaçı tərəfin izahatı ilə yanaşı, iş materiallarında olan 04 noyabr 2022-ci il tarixli, 10/4006 saylı ekspert rəyi ilə tam təstiqini tapmışdır.Həmin mansardın binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər siyahısına aid olduğunu və məhkəmə iclasında mansardın yararlı vəziyyətdə saxlanması öhdəlinin AAAF-İnşaat» MMC-in vəzifəsinin olması mübahisə predmeti olmadığını nəzərə alaraq məhkəmə AR Mülki Məcəllənin 21-ci maddəsinə əsaslanarq hesab edir ki, mənzilə görə vurulmuş zərər "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməlidir. Vurulmuş zərərin miqdarı ilə bağlı məhkəmə qeyd edir ki,bununla bağlı ekspertiza təyin edilmiş AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 04 noyabr 2022-ci il tarixli, 10/4006 saylı ekspert rəyində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167-də inşa edilmiş “AAAF-PARK” yaşayış massivindəki “A” kompleksi, 2 saylı 7 mərtəbəli yaşayış binasında yerləşən, 1 otaqdan ibarət 47 saylı mansardda su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 3067 manat məbləğində müəyyən olunduğu göstərilmiş, lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti X3 məhkəmə iclasında izahatında rəyin smeta hissəsində texniki səhvə yol verilərək divara və tavana şpaklyovka çəkilməsi, divar kağızının vurulması, tavanın boya ilə rənglənməsi, üçün 181 kv.m-ə görə 1810 manat əvəzinə 181 manat göstərildiyini bildirmiş və mənzilin tam daxili təmiri üçün 4696 manat məbləği tələb olunuduğunu qeyd etmiş və məhkəmədə ekspert rəyi tədqiq edilərkən rəydə texniki səhvə yol verildiyi,ekspertin məhkəmədə ifadəsinin həqiqəti əks etdirdiyi müəyyən olunmuşdur.Lakin, iddiaçının tələbi mənzilin təmirinə xərclədiyi 1200 manat, dam örtüyünün izolyasiya edilməsinə görə xərclədiyi 2900 manat, ümumilikdə 4100 manat olduğundan və məhkəmə MPM-in 218.3-cü maddəsinə görə tələbdən kənara çıxa bilmədiyidən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167-də inşa edilmiş “AAAF-PARK” yaşayış massivindəki “A” kompleksi, 2 saylı 7 mərtəbəli yaşayış binasında yerləşən, 1 otaqdan ibarət 47 saylı mansarda su sızma nəticəsində vurulmuş ziyana görə 4100 manat məbləğində pul "xxxx" MMC-dən alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Bundan başqa İddiaçı mətbəx mebelinin yığılmasına görə xərclədiyi 3000 manat məbləğində pul, həmçinin "xxxx" MMC-nin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməməsi səbəbindən ona yaşatdığı mənəvi və psixoloji iztirabın qarşılığı (mənəvi zərər) kimi 5000 manat məbləğində pulun tutulması ilə bağlı məhkəməyə sübutlar təqdim etmədiyindən, ilkin iddia tələbi bu hissələrdə rədd edilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı qeyd edir ki, işin hallarından müəyyən olunur ki, 03 dekabr 2015-ci il tarixli, E/0129 saylı müqavilənin ümumi məbləği olan 31995 manatdan İddiaçı 9937 manat "xxxx" MMC-yə ödəniş etmiş və həmin müqavilə üzrə ödənilməmiş 22058 manat qalmış və müqavilə üzrə əskik verilmiş 0,7 kv.metr sahənin, hər kv.metr sahənin 675 manat təşkil etdiyini nəzərə alaraq İddiaçı artıq alınmış 472,50 manat pul vəsaiti 22058 manat əsas borcdan çıxılmaqla qalan 21585.5 manat borcu İddiaçı müqavilə üzrə ödəmək öhdəliyi daşıdığından həmin məbləğ sonuncudan tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə qarşılıqlı iddianın 16524 manat cərimə borcunun İddiaçı tutularaq "xxxx" MMC-yə ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, həmin hissə ilə bağlı əsaslar müəyyən edilmədiyindən rədd edilməlidir. Belə ki, müqavilədə cərimənin ödənilməsi nəzərdə tutulsada,lakin şin faktiki hallarından görünür ki, İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam və vaxtında icra etməməsinə səbəb "xxxx" MMC-nin təqsirli hərəkətlərinin nəticəsi olmuş və İddiaçı müqavilə üzrə öhdəliklərimin icrasını dayandırmağa məcbur olmuşdur. Mülki Məcəllənin 441.1-ci maddəsinə görə tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. Mülki Məcəllənin 441.2-ci maddəsinə əsasən mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Mülki Məcəllənin 441.3-cü maddəsinə əsasən əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər. Mülki Məcəllənin 441.3-cü maddəsinə əsasən əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir. Bundan əlavə məhkəməyə "xxxx" MMC-nin nümayəndəsi tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilmişdir.Lakin, "xxxx" MMC-in nümayəndəsi həmin ərizədə və məhkəmə iclsında iddia müddətinin tətbiq edilməsinə əsas verən halları və həmin halları təstiq edən sübutlara istinad etməmiş, ərizənin əsaslandırılması vəzifəsi daşıdığı halda yalnız formal olaraq müqavilənin bağlanması tarixinə istinad etdyindən, məhkəmə iddia müddəti tətbiq edilməklə ilkin iddianın rədd edilməsi barədə ərizəni əsassız hesab edir.Halbuki, Azərbaycan Respublikası Mülki Məcəllənin 377.1-ci maddəsinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, İddiaçı ödədiyi dövlət rüsumunun ilkin iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 13 manat məbləği, "xxxx" MMC alınmalı və İddiaçı ödənilməli, bundan əlavə "xxxx" MMCnin ödədiyi dövlət rüsumunun qarşılıqlı iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 16,40 manat məbləği, İddiaçı alınmalı və "xxxx" MMC-yə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 04 noyabr 2022-ci il tarixli, 10/4006 saylı eskpert rəyinə əsasən 100 manat məbləğinin iddianın təmin olunmuş hissəsinə uyğun olaraq 48 manatı "xxxx" MMC-dən, 52 manat isə İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: SAP (XİİS) hesabı-X2, kod- 210005; VÖEN-**********; müxbir hesab- AZ41NABZ********************; SFİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesab-AZ34CTRE********************. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İlkin iddia qismən təmin edilsin. "xxxx" MMC tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167-də inşa edilmiş “AAAF-PARK” yaşayış massivindəki “A” kompleksi, 2 saylı 7 mərtəbəli yaşayış binasında yerləşən, 1 otaqdan ibarət 47 saylı mansardın satışı zamanı sahəni artıq göstərməklə artıq alınmış 472,50 manat pul vəsaiti borcun qalıq hissəsi olan 22058 manat borcdan çıxılsın. Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167-də inşa edilmiş “AAAF-PARK” yaşayış massivindəki “A” kompleksi, 2 saylı 7 mərtəbəli yaşayış binasında yerləşən, 1 otaqdan ibarət 47 saylı mansardda dam örtüyünün yararsız olması səbəbindən təmirə və dam örtüyünün izolyasiya edilməsinə görə xərclənmiş 4100 manat və 13 manat dövlət rüsumu "xxxx" MMC-dən alınaraq İddiaçı verilsin. İlkin iddia tələbi qalan hissələrdə rədd edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. 03 dekabr 2015-ci il tarixli E/0129 saylı mansardın alqı-satqısı haqqında müqavilə üzrə ödənilməmiş borcun qalıq hissəsi olan 21585.5 manat və 16,40 manat dövlət rüsumu İddiaçı tutularaq "xxxx" MMC-yə ödənilsin. Qarşılıqlı iddia qalan hissədə rədd edilsin. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 04 noyabr 2022-ci il tarixli, 10/4006 saylı eskpert rəyinə əsasən 100 manat məbləğinin iddianın təmin olunmuş hissəsinə uyğun olaraq 48 manat "xxxx" MMC-dən, 52 manat isə İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülsün: SAP (XİİS) hesabı-X2, kod- 210005; VÖEN-**********; müxbir hesab- AZ41NABZ********************; SFİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesab-AZ34CTRE********************. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-87/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-87/2023
28.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver