Məhkəmə qərarları › İş №2(012)-916/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-916/2021

01.07.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması - Mənzilə istifadə hüququnun tanınması - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-916/2021 01.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı3, X4, İddiaçı1 nümayəndəsi X2, Cavabdeh «xxxx» MMC-nin nümayəndəsi X7 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5, X9, X4, cavabdehlər «xxxx» MMC-yə və X5 qarşı «binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlərə ümumi mülkiyyət, sərəncamvermə və istifadə hüququnun tanınması, eyni zamanda qeyd olunan obyektlərin cavabdeh tərəfindən ayrı-ayrı şəxslərə satışının qadağan edilməsi, bu günə qədər qeyd olunan obyektlərin satışı, icarəyə verilməsi ilə bağlanılmış müqavilələrin etibarsız hesab edilməsi barədə» tələbinə dair mülki işə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5, X9, X10 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlərə Mənzil Məcəlləsi ilə müəyyən olunmuş ümumi mülkiyyət, sərəncamvermə, istifadə hüququnun tanınması, cavabdehə binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlərə dair sərəncamvermə, o cümlədən iddiaçıların razılığı olmadan ayrı-ayrı şəxslərə satmaq, icarəyə vermək qadağan edilməsi, iddia ərizəsi verilən tarixə qədər cavabdeh tərəfindən binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlərin satışı, icarəyə verilməsi ilə əlaqədar bağlanılmış müqavilələr (binaların zirzəmiləri faktiki olaraq ticarət məqsədləri üçün başqa şəxslər verilmişdir, həmin ərazilərdə "Araz" Minimarket, "OBA" Market və başqa obyektlər faktiki olaraq fəaliyyət göstərir, lakin müqavilələri əldə edə bilmədiyimizdən sizə təqdim edə bilmirik) etibarsız hesab edilməsi, iddiaçılar tərəfindən ödənilmiş 110 manat dövlət rüsumunun cavabdehdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5 məhkəməyə iddia ərizəsinə əlavə ünvanlayaraq, hazırki iş üzrə X3 da cavabdeh qismində cəlb edilməsini və onların binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlərə Mənzil Məcəlləsi ilə müəyyən olunmuş ümumi mülkiyyət, sərəncamvermə, istifadə hüququnun tanınması, cavabdehlərdən biri “xxxx” MMC-yə binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlərə dair sərəncamvermə, o cümlədən iddiaçıların razılığı olmadan ayrı-ayrı şəxslərə satmaq, icarəyə vermək qadağan edilməsi, bu günə qədər mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlərin satışı, icarəyə verilməsi ilə əlaqədar cavabdehlərin iştirakı ilə bağlanılmış müqavilələrin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar və X9, X10 məhkəməyə iddia ərizəsinə əlavə ünvanlayaraq, hazırki iş üzrə X9 və X4 da iddiaçı qismində cəlb edilməsini xahiş etmişlər. İddiaçı1 məhkəmə iclasında izahatında bildirdi ki, cavabdeh "xxxx" MMC ilə iddiaçılar arasında ayrı-ayrılıqda müxtəlif tarixlərdə bağlanılmış alğı-satqı müqavilələrinə əsasən, o və digər iddiaçılar "AAAF-Park" yaşayış massivi A kompleksində inşa edilmiş yaşayış binasında mənzil almışlardır. Hal-hazırda onlar qeyd olunan həmin ünvanda yaşayırlar. Hazırda onların zirzəmiyə giriş imkanları yoxdur. Digər tərəfdən, yaşadıqları müddətdə binaya aid zirzəmidən sakinlərin ümumi məqsədləri üçün istifadə zərurəti yaranmışdır, belə ki, sakinlərə-onlara məxsus bəzi əşyaların, hansı ki, mütəmadi olaraq həyətdə istifadə olunur (velosipedlərin, uşaq arabalarının və s.), zirzəmidə saxlanılması üçün tərəflərindən 24.08.2020-ci il tarixində "xxxx" MMC-yə müraciət olunmuş və bildirilmişdir ki, qeyd olunan ərazini öz hesablarına təmir etdirməklə sakinlərin ümumi istifadəsi üçün yararlı vəziyyətə gətirməyi planlaşdırırlar. O, 10.09.2020-ci il tarixində cavabdeh şirkətin Emin adlı hüquqşünası ilə əlaqə saxlayaraq, müraciətin statusu barədə soruşmuşdur. Cavabdehin nümayəndəsi bildirmişdir ki, binanın zirzəmisi "xxxx" MMC-nin mülkiyyətindədir, sakinlərə yalnız satıla və yaxud müəyyən haqq qarşılığında icarəyə verilə bilər. Bununla da cavabdeh şirkət onların Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən olunmuş hüquqlarını pozmaqla məsələnin könüllü həllinin tərəfdarı olmamışdır. Müraciəti göndərdikləri tarixdən ötən bir ay ərzində müraciətlərinə yazılı qaydada hər hansı cavab verilməmişdir. Halhazırda zirzəmilərin bir hissəsi şəxsi və kommersiya məqsədilə ayrı-ayrı şəxslərə satılmış və icarəyə verilmişdir. Bundan əlavə "xxxx" MMC 23.01.2021-ci il tarixində “zirzəmi sahəsinin alğısatqı” müqaviləsi ilə sakinlərə məxsus zirzəmini qeyri-qanuni şəkildə X1. Qeyd olunanlara əsasən, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçılar İddiaçı3, X10 və İddiaçı1 nümayəndəsi X6 da məhkəmədə iddia tələbini müdafiə edərək, İddiaçı1 izahatına uyğun izahat verdi,digər iddiaçılar isə məhkəmə iclasına gəlməmişlər. Cavabdeh «xxxx» MMC-nin nümayəndəsi X12 məhkəmə iclasında izahatında və ünvanlandığı etirazda bildirdi ki, məhkəmə bu məsələyə yalnız 6 nəfər iddiaçının cavabdehlə olan mübahisəsi kontekstində baxır. Halbuki burada söhbət 430 mənzilli 12 binanın ümumi sakinlərinin mülkiyyət hüquqlarının pozulmasından gedir. Təbii ki, 430 sakinin hər birinin adının iddia ərizəsinə salınması və hər biri üçün ayrıca dövlət rüsumunun ödənilməsi faktiki olaraq real deyildir. Bu səbəbdən onlar hər bina üzrə bir nəfəri rəsmi olaraq iddiaçılar sırasına daxil etdilər. Eyni zamanda onlar 30.09.2020-ci il tarixində çoxmənzilli binalarda mənzil mülkiyyətçilərinin ümumi yığıncağını keçirdilər. Yığıncaqda Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin yaradılmasın qərar verilmiş, eyni zamanda bu məsələlərin Ədliyyə Nazirliyində qeydiyyatı və binanın idarəedilməsi ilə bağlı səlahiyyətlərin sakinlərdən biri İddiaçı1 verilməsi yığıncağın iclas protokolunda öz əksini tapmışdır. Mənzil Məcəlləsini 35.3-cü maddəsinə əsasən çoxmənzilli binada ümumi mülkiyyətin azaldılmasına yalnız həmin binanın yenidən qurulması yolu ilə binanın bütün sahə mülkiyyətçilərinin razılığı ilə yol verilir. Mənzil Məcəlləsinin 35-cü maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında qəbul edilmiş qərara əsasən çoxmənzilli binada ümumi mülkiyyət obyektləri digər şəxslərin istifadəsinə verilə bilər, bu şərtlə ki, belə qərar vətəndaşların və hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmasın. Mənzil Məcəlləsinin 36.4. maddəsinə deyilir: çoxmənzilli binada olan sahənin mülkiyyətçisinin aşağıdakıları etməyə hüququ yoxdur: 36.4.1. çoxmənzilli binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payını natura şəklində ayırmağa; 36.4.2. çoxmənzilli binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payını özgəninkiləşdirməyə, habelə həmin payın göstərilən sahəyə mülkiyyət hüququndan ayrılıqda keçməsinə səbəb olan digər hərəkətləri etməyə. Eyni zamanda bildirir ki, iddiaçılardan biri olmuş İddiaçı2 sonradan təzyiq və təhdid altında ümumi mülkiyyət hüququndan imtina etmişdir. Hər hansı şəxsin öz mülkündən imtina etməsi ağlasığan deyil. Digər tərəfdən, hər hansı bir sakinin bu məsələdə passiv mövqe tutması heç də sahə mülkiyyətçilərinin ümumi əmlaka hüququnu məhdudlaşdıra bilməz. Nəhayət, bu, "xxxx" MMC-yə səlahiyyət vermir ki, ümumi mülkiyyət hüququ ilə sakinlərə məxsus olan sahəni üçüncü tərəfə satsın və yaxud da icarəyə versin,çünki Mənzil Məcəlləsinin 35.6-cı maddəsinə əsasən, mülkiyyətçilər mülki qanunvericiliyə uyğun olaraq bu maddədə nəzərdə tutulan əmlaka sahiblik edir və barəsində sərəncam verilir. Odur ki, o, məhkəmə işinə yalnız 6 nəfərdən ibarət iddiaçıların deyil, ümumilikdə bina sakinlərinin mübahisəsi konteksində baxılaraq qərar verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə digər cavabdeh X8 məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə digər cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, 27 iyun 2013-cü il tarixli A(b)/046 №-li torpaq sahəsinin və fərdi yaşayış evinin alğı-satqısı haqqında müqavilə, 07 may 2014-cü il tarixli, D(b)/079 №-li torpaq sahəsinin və fərdi yaşayış evinin alğı-satqısı haqqında müqavilə, 10 fevral 2014-cü il tarixli B(b)/061 №-li torpaq sahəsinin və fərdi yaşayış evinin alğı-satqısı haqqında müqavilə, 17 may 2016-cı il tarixli, No M-0353 saylı mənzilin alğı-satqı müqaviləsi, 18 yanvar 2014-cü il tarixli, B(b)/014 №-li torpaq sahəsinin və fərdi yaşayış evinin alğı-satqısı haqqında müqavilə, 02 mart 2017-ci il tarixli, B/52310 №-li xidmət göstərilməsi haqqında müqavilələrin ksero surətləri iş materiallarına əlavə olunmuşdur. Lakin iddiaçılar tərəfindən təqdim olunmuş yazılı sübutlar AR MPM-in 89.3-cü maddəsinin tələblərinə uyğun olmadığından, yəni təqdim olunmuş bütün sübutlar kserosurətdən ibarət olduğundan sübutların mahiyyəti üzrə qiymətləndirilməsi mümkün olmamışdır. Məhkəmə tərəfindən iddiaçının nümayəndəsinə lazımi sübutların AR MPM-in 89-cu maddəsinin tələblərinə uyğun təqdim olunması təklif olunmuş, lakin məhkəmədə işdə iştirak edən iddiaçı tərəf iş materiallarında olan sübutlar əsasında işə baxılmasını tələb etdiyindən məhkəmə yuxarıda qeyd etdiyi kimi kserosurət sənədlər əsasında sübutları qiymətləndirə bilmədiyindən, iddia tələbinin rədd edilməsi nəticəsinə gəlir. Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5 cavabdehlər «xxxx» MMC-yə və X5 qarşı onların binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlərə Mənzil Məcəlləsi ilə müəyyən olunmuş ümumi mülkiyyət, sərəncamvermə, istifadə hüququnun tanınması, cavabdehlərdən biri “xxxx” MMC-yə binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlərə dair sərəncamvermə, o cümlədən iddiaçıların razılığı olmadan ayrı-ayrı şəxslərə satmaq, icarəyə vermək qadağan edilməsi, bu günə qədər mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlərin satışı, icarəyə verilməsi ilə əlaqədar cavabdehlərin iştirakı ilə bağlanılmış müqavilələrin etibarsız hesab edilməsinə dair iddia ərizəsi rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver