Məhkəmə qərarları › İş №2(012)-92/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-92/2022

15.03.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması - Mənzilə istifadə hüququnun tanınması - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Sair öhdə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-92/2022 15.03.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil, Cavabdeh1 MTK-nın nümayəndəsi X10, Cavabdeh2 və onun vəkili-nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı «müqavilənin etibarsız hesab edilməsi, sahiblik və istifadə hüququnun tanınması, mənzilin təhvil verilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında bağlanmış 23 aprel 2019-cı il tarixli, 251 saylı müqavilənin etibarsız hesab edilməsi və ünvan 1 ünvanda inşa olunmuş yaşayış binasının V blok, 14-cü mərtəbəsində ümumi sahəsi 111.4 kvadrat metr olan, 3 otaqlı, 111 saylı mənzil üzərində İddiaçı sahiblik və istifadə hüququnun tanınması, həmin mənzilin ona təhvil verilməsi vəzifəsinin cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil məhkəmədə iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, "xxxx" MMC ilə bağlanmış 11 mart 2014-cü il tarixli, 111 saylı müqaviləyə əsasən ünvan 2 ünvanda inşa olunmuş yaşayış binasının V blok, 14-cü mərtəbəsində ümumi sahəsi 111.4 kvadrat metr olan, 3 otaqlı 111 saylı mənzil iddiaçıya satılmışdır. Həmin mənzilə görə hər kvadrat metri 450 manat olmaqla ümumilikdə 49950 manat iddiaçı tərəfindən tam ödənilmişdir. Ödəniş barədə müvafiq maliyyə arayışı verilmişdir. Daha sonra iddiaçıyla "xxxx" MMC-nin direktoru X16 arasında 27 dekabr 2015-ci il tarixdə 11 mart 2014-cü il tarixli, 111 saylı müqaviləyə əlavə dəyişiklik edilməsi haqqında razılaşma imzalanmışdır. Mahiyyəti üzrə razılaşma tikintinin aparılması məqsədilə hər kvadrat metr üçün əlavə 100 (bir yüz) manat olmaqla cəmi 11140 manat ödənilməsini nəzərdə tutulmuşdur. ünvan 2 ünvanda inşa olunmuş yaşayış binasının V blok, 14-cü mərtəbəsində ümumi sahəsi 111.4 kvadrat metr olan, 3 otaqlı, 111 saylı mənzilə dair 11 mart 2014-cü il tarixli,111 saylı müqaviləyə və 27 dekabr 2015-ci il tarixli Razılaşmaya əsasən "xxxx" MMC-nin hüquqi varisi Cavabdeh1 MTK ilə yeni şərtlərlə 27 mart 2016-cı il tarixli, 06 saylı müqavilə bağlanmışdır. Müqavilə üzrə hər kvadrat metri 550 manat olmaqla (450 manat +100 manat əlavə =550 manat) 61050 manat tərəfimdən tam ödənilmişdir. Bu haqda müvafiq maliyyə arayışı imzalanıb təsdiq edilərək iddiaçıya verilmişdir. Cavabdeh1 MTK-nə 28 sentyabr 2020-ci il tarixdə bildirişlə müraciət edərək 10 gün ərzində Cavabdeh1 MTK ilə bağlanmış 27 mart 2016-cı il tarixli, 06 saylı müqaviləyə əsasən ünvan 3 ünvanda inşa olunmuş yaşayış binasının V blok, 14-cü mərtəbəsində ümumi sahəsi 111.4 kvadrat metr olan, 3 otaqlı, 111 saylı mənzilə sahiblik və istifadə hüququnun tanınması, mənzilin iddiaçıya təhvil verilməsi barədə konkret tədbirlər görülməsi və iddiaçıya rəsmi qaydada məlumat verilməsi xahiş olunmuşdur. Cavabdeh “Progress-2016" MTK- nin 23 oktyabr 2020-ci il tarixli,12/10 sayllı cavab məktubunda isə payçı Cavabdeh2 onunla əvvəllər bağlanmış 160 saylı, 04.10.2016-cı il tarixli müqavilənin əsasında yeni şərtlərlə 251 saylı, 23.04.2019-cu il tarixli müqavilə bağlanıldığı və pay haqqı onun tərəfindən ödənildiyi bildirilmişdir. Müqavilənin 1.3.cü bəndinə əsasən yeni nömrələnməyə əsasən mübahisəli 111 saylı mənzilin 15- ci mərtəbədə,ümumi sahəsi 111.4 kvadrat metr olmaqla 103 saylı mənzil hesab edildiyi qeyd edilmişdir. Məktubda ərizədə qeyd edilən tələblərin təmin edilməsi üçün məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Mülki Məcələnın 178.8.-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010- cu il tarixli Azərbaycan Respublikası "Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Qərarı ilə Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. 27 mart 2016-cı il tarixli, 06 saylı müqavilə üzrə hər kvadrat metri 550 manat olmaqla (450manat+100manat=550manat) 61050 manat tərəfimdən tam ödənilmişdir. Bu haqda 27 mart 2016-cı ilı tarixdə müvafiq maliyyə arayışı imzalanıb təsdiq edilərək iddiaçıya verilmişdir. Uzun müddət keçməsinə baxmayaraq Cavabdeh1 MTK ünvan 3 ünvanda inşa olunmuş yaşayış binasının V blok, 14-cü mərtəbəsində ümumi sahəsi 111.4 kvadrat metr olan, 3 otaqlı,111 saylı mənzilini iddiaçıya təhvil vermir. Digər tərəfdən ünvan 4 ünvanda inşa olunmuş yaşayış binasının V blok, 14-cü mərtəbəsində ümumi sahəsi 111.4 kvadrat metr olan, 3 otaqlı, 111 saylı mənzilinə digər payçı Cavabdeh2 ilə təkrar onunla əvvəllər bağlanmış 04.10.2016-cı il tarixli,160 saylı müqavilənin əsasında yeni şərtlərlə 23.04.2019-cu il tarixli, 251 saylı müqavilə bağlanılmışdır. Mübahisəli ünvan 5 ünvanda inşa olunmuş yaşayış binasının V blok, 14-cü mərtəbəsində ümumi sahəsi 111.4 kvadrat metr olan, 3 otaqlı,111 saylı mənzil öncədən 11.03.2014-cü il tarixli müqavilənin əsasında yeni şərtlərlə 27 mart 2016-cı il tarixli, 06 saylı müqavilə əsasında iddiaçıya satılmışdır. Göründüyü kimi 27 mart 2016-cı il tarixli, 06 saylı müqavilə əsasında mübahisəli 111 saylı mənzil öncədən mənə satılmışdır və dəyəri tam olaraq iddiaçı tərəfindən ödənilmişdir. Cavabdeh2 isə həmin mənzili 04 oktyabr 2016- cı il tarixdə əldə etmişdir. Cavabdeh "xxxx" MTK iddiaçıyla bağlanmış 27 mart 2016-cı il tarixli müqavilə ləğv edilmədən və ya etibarsız hesab olunmadan iddiaçının razılığı olmadan mübahisəli mənzilə istənilən sərəncam, o cümlədən üçüncü şəxslərlə həmin mənzilə dair sonrakı tarixlərdə bağlanmış müqavilə heç bir hüquqi əhəmiyyətə malik deyil və hüquqi nəticələr doğurmur. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh1 MTK-nın nümayəndəsi X20 məhkəmə iclasında izahatında bildirdi ki, Abşeron rayonu, Xırdalan şəhəri, ev 1A, 5-ci blok, 14-cü mərtəbədə yerləşən mənzilə dair İddiaçı ilə Cavabdeh1 MTK arasında payçı müqaviləsi bağlanmışdır. 2015-ci il tarixdə sözügedən mənzilə dair yeni bir müqavilə bağlanmışdır. Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında ünvan 6 ünvanında inşa edilən 5-ci blok, 14-cü mərtəbədə yerləşən mənzilə dair 04.10.2016-cı il tarixdə müqavilə bağlanmış və 2019-cu il tarixdə yeni şərtlərlə başqa müqavilə bağlanmışdır. Həm iddiaçı həm də Cavabdeh2 Cavabdeh1 MTK ilə payçı müqaviləsi bağlamışdır və hər iki tərəfin iddiası əsaslıdır. Lakin iddiaçı Cavabdeh1 MTK ilə daha öncədən payçı müqaviləsi bağlamışdır. Hazırda cavabdeh təşkilatda belə hallar çoxdur. Məlumat üçün bildirir ki, hazırda Cavabdeh1 MTK-da boş mənzil, ehtiyat fondu yoxdur və heç bir tikinti işləri aparılmır. Cavabdeh2 məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı "xxxx" MTK və ona qarşı «mənzilin təhvil verilməsi» tələbinə dair Abşeron rayon məhkəməsində iddia qaldıraraq onunla "xxxx" MTK arasında bağlanmış 23 aprel 2019-cu il tarixli 251 saylı müqavilənin etibarsız hesab edilməsi və ünvan 7 ünvanda inşa olunmuş yaşayış binasının 5-ci blok, 14-cü mərtəbəsində ümumi sahəsi 111.4 kvadrat metr olan 3 otaqlı, 111 saylı mənzil üzərində İddiaçı sahiblik və istifadə hüququnun tanınması, həmin mənzilin təhvil verilməsi vəzifəsinin cavabdeh "xxxx" MTK-nə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinə etiraz etməklə hesab edir ki, həmin dəlillərə əsasən iddia tələbi tamamilə rədd edilməlidir. Əvvəla 25.04.2014-cü il tarixdə «Hayan»-E» MMC ilə müqavilə bağlayaraq 48000 manat dəyərində olan ünvan 8 ünvanda inşa olunan binada 3-cü blokun 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 133,6 kv.m olan 4 otaqlı mənzili almışdır. Həmin mənzilə görə müqavilə bağladıqları gün 48000 manat tam şəkildə "xxxx" MMC-yə ödəmişdir. 2016-cı ilin təxminən fevral ayında "xxxx" MMC-nin rəhbərliyinə müraciət edərkən, məlumat almışdır ki, ona satılmış mənzil ondan başqa 2008-ci ildə X1. 03 avqust 2016-cı il tarixdə şikayət ərizəsi ilə AR Baş Prokurorluğuna müraciət etmiş və bununla əlaqədar şirkətin rəhbəri X9 dəvət edilmişdir. X21 4 otaqlı mənzilin əvəzinə ona həmin binada 3 otaqlı mənzil təklif etmiş və aralarında bağlanmış 04 oktyabr 2016-cı il tarixli 160 saylı müqavilə əsasında həmin binanın 5-ci blokun 15-ci mərtəbəsindəki ümumi sahəsi 111 kv.m olan 3 otaqlı mənzil ona ayrılmışdır. Sonradan "xxxx" MMC-nin hüquqi varisi olan "xxxx" MTK-nın yeni rəhbəri Emin Səməndərov ona verilən 04 oktyabr 2016-cı il tarixli 160 saylı müqavilə 2019-cu ildə yenilənərək 23 aprel 2019-cu il tarixli 251 saylı müqavilə ilə əvəz edilmişdir. Bir müddət sonra, yəni 2020-ci ilin son aylarında ona Abşeron rayon Məhkəməsindən daxil olan bildiriş əsasında məlum olmuşdur ki, həmin mənzil 27.03.2016-cı il tarixli 06 saylı müqaviləyə əsasən İddiaçı satılmışdır. Lakin eyni saylı eyni tarixli, yəni 27.03.2016-cı il tarixli 06 saylı müqaviləyə əsasən həmin binanın 2-ci blokunda yerləşən sahəsi 97.7 kv.m olan 3 otaqlı mənzil X13 da satılmışdır. Hətta hər iki müqavilədə göstərilən ödəniş məbləğləri də eynidir. Öz növbəsində İddiaçı əvvəl aldığı 5-ci blokdakı mənzili 11.04.2019-cu il tarixli 224 saylı müqavilə əsasında 2-ci blokda yerləşən sahəsi 97.7 kv.m olan 3 otaqlı mənzil ilə dəyişmişdir. Belə olan halda İddiaçı ilə mübahisəli mənzilə dair əvvəllər bağlanmış 27.03.2016-cı il tarixli 06 saylı müqavilə hüquqi qüvvəsini itirilmiş hesab edilməlidir. Qeyd olunanlara əsasən, iddianın rədd edilməsini xahiş edir. Cavabdeh2 vəkili-nümayəndəsi X7 məhkəmə iclasında izahatında Cavabdeh2 izahatına uyğun izahat verdi. İş materiallarında olan "xxxx" MTK tərəfindən təstiqlənmiş11 mart 2014-cü il tarixli, 111 saylı müqavilənin surətindən görünür ki, icraçı "xxxx" MMC Abşeron rayon İcra Hakimiyyəti Başçısının 25.08.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçələrinin kəsişdiyi ünvanda 14 mərtəbəli yaşayış evinin XİV mərtəbəsində ümumi sahəsi 111.0 kv.metr olan 3 otaqlı, V blok, 111 saylı mənzil pay kimi payçı İddiaçı verməyi, payçı X17 isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MTK tərəfindən təstiqlənmiş "xxxx" MMC tərəfindən verilmiş 11 mart 2014-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, X3 şəhəri, M.Ə.Rəsulzadə küçələrinin kəsişdiyi ünvanda 14 mərtəbəli yaşayış evinin XİV mərtəbəsində ümumi sahəsi 111.0 kv.metr olan 3 otaqlı, V blok, 111 saylı mənzil üçün ümumilikdə 49950 manat məbləğində pul ödəmişdir. İş materiallarında olan 27 dekabr 2015-ci il tarixli razılaşmadan görünür ki, X17 ilə "xxxx" MMC arasında bağlanmış 11 mart 2014-cü il tarixli, 111 saylı müqavilədə göstərilən Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçələrinin kəsişdiyi ünvanda 14 mərtəbəli yaşayış evinin XİV mərtəbəsində ümumi sahəsi 111.0 kv.metr olan 3 otaqlı, V blok, 111 saylı mənzil üçün ümumi sahənin hər kvadrat metrinə görə əlavə 100 manat pul vəxsaiti ödənilməsi öhdəliyi “Payçı” öz üzərinə əlavə öhdəlik olaraq götürülməyi razılaşdırılmışdır. İş materiallarında olan 27 mart 2016-cı il tarixli, 06 saylı müqavilədən görünür ki, icraçı "xxxx" MTK Abşeron rayon İcra Hakimiyyəti Başçısının 25.08.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçələrinin kəsişdiyi ünvanda 15 mərtəbəli yaşayış evinin 14-cü mərtəbəsində ümumi sahəsi 111.0 kv.metr olan 3 otaqlı, V blok, 111 saylı mənzil pay kimi payçı İddiaçı verməyi, payçı İddiaçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MTK tərəfindən verilmiş 27 mart 2016-cı il tarixli maliyyə arayışından görünür ki, Osmanov X15 şəhəri, M.Ə.Rəsulzadə küçələrinin kəsişdiyi ünvanda 15 mərtəbəli yaşayış evinin 14-cü mərtəbəsində ümumi sahəsi 111.0 kv.metr olan 3 otaqlı, V blok, 111 saylı mənzil üçün ümumilikdə 61050 manat məbləğində pul ödəmişdir. İş materiallarında olan X14 ilə "xxxx" MMC arasında bağlanmış, 25 aprel 2014-cü il tarixli, 418 saylı müqavilənin "xxxx" MTK tərəfindən təstiqlənmiş surətindən görünür ki, icraçı "xxxx" MMC Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçələrinin kəsişdiyi ünvanda 14 mərtəbəli yaşayış evinin Vİİ mərtəbəsində ümumi sahəsi 133.0 kv.metr olan 4 otaqlı, İİİ blok, 42 saylı mənzil pay kimi payçı X8 verməyi, payçı X14 isə müqavilədə göstərilmiş 26200 manat məbləği tam ödəmişdir. İş materiallarında olan "xxxx" MTK tərəfindən təstiqlənmiş "xxxx" MMC tərəfindən verilmiş 25 aprel 2014-cü il tarixli, 418 saylı maliyyə arayışının surətindən görünür ki, X2 şəhəri, M.Ə.Rəsulzadə küçələrinin kəsişdiyi ünvanda 14 mərtəbəli yaşayış evinin Vİİ mərtəbəsində ümumi sahəsi 133.0 kv.metr olan 4 otaqlı, İİİ blok, 42 saylı mənzil üçün ümumilikdə 26200 manat məbləğində pul ödəmişdir. İş materiallarında olan 04 oktyabr 2016-cı il tarixli, 160 saylı müqavilənin kserosurətindən görünür ki, X14 ilə "xxxx" MMC arasında bağlanmış 25 aprel 2014-cü il tarixli, 418 saylı müqavilənin əsasında icraçı “"xxxx" MTK Abşeron rayon İcra Hakimiyyəti Başçısının 25.08.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 “A” ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 5-ci blok, 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 111,4 kv.metr olan, izolə olunmuş 3 otaqdan ibarət 111 saylı mənzili pay kimi payçı X8 verməyi, payçı X14 isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürməsi barədə yeni şərtlərlə razılığa gəlinmişdir. İş materiallarında olan 23 aprel 2019-cu il tarixli, 251 saylı müqavilənin "xxxx" MTK tərəfindən təstiqlənmiş surətindən görünür ki, X14 ilə "xxxx" MTK arasında bağlanmış 04 oktyabr 2016-cı il tarixli, 160 saylı müqavilənin əsasında icraçı "xxxx" MTK Abşeron rayon İcra Hakimiyyəti Başçısının 25.08.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 “A” ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin V blok, 15-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 111,4 kv.metr olan, izolə olunmuş 3 otaqdan ibarət 103 saylı mənzili pay kimi payçı X8 verməyi, payçı X14 isə mənzil üçün ümumilikdə 26200 manat məbləğində pul ödəməlidir. İş materiallarında olan "xxxx" MTK tərəfindən təstiqlənmiş, 23 aprel 2019-cu il tarixli maliyyə arayışından görünür ki, X2 şəhəri, M.Ə.Rəsulzadə 1 “A” ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin V blok, 15-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 111,4 kv.metr olan, izolə olunmuş 3 otaqdan ibarət 103 saylı mənzil üçün ümumilikdə 26200 manat məbləğində pul ödəmiş, "xxxx" MTK -ya heç bir borcu yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12 avqust 2021-ci il tarixli, 5/768 №-li ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, 27 mart 2016-cı il tarixli, 06 saylı müqavilənin mətnindəki əlyazıları, “İcraçı” hissəsindəki “51810” və “9240” rəqəmləri və “Payçı” hissəsindəki əlyazıları və imza rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə eyni diyircəkli qələmlə icra olunmuşdurlar. Həmin müqavilənin “İcraçı” hissəsindəki “Sədr” sözündən sonrakı imza rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə gelli qələmlə icra olunmuşdur. Həmin müqavilədə olan möhürün rəngləyici maddəsi kimyəvi tərkibinə görə ştempel boylarına aiddir. Rəyin tədqiqi hissəsinin 2-ci bəndində göstərilən səbəbə görə qərardadda göstərilən “İş materiallarında olan 27 mart 2016-cı il tarixli, 06 saylı müqavilədəki əl ilə yazılmış yazıların, vurulmuş möhürün və imzalanmış 2016-cı il tarixdə yazılmasına və möhürlənməsinə uyğun gəlirmi? Sualları üzrə tədqiqat aparılmamışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, tədqiq olunmuş sübutları məcmu halında qiymətləndirib hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iddiaçı tərəf iddia ərizəsində və məhkəmə iclasında sübut kimi tərəflər arasında bağlanmış 11 mart 2014-cü il tarixli, 111 saylı müqaviləyə, 11 mart 2014-cü il tarixli maliyyə arayışına, 27 dekabr 2015-ci il tarixli razılaşmaya, 27 mart 2016-cı il tarixli, 06 saylı müqaviləyə və 27 mart 2016-cı il tarixli maliyyə arayışına istinad edərək iddianın təmin olunmasını xahiş etmiş,lakin məhkəmdə sübutların tədqiqatı zamanı 11 mart 2014-cü il tarixli, 111 saylı müqavilənin, 11 mart 2014-cü il tarixli maliyyə arayışının və 27 dekabr 2015-ci il tarixli razılaşmanın mötəbərliyi məhkəmə üçün şübhə yaratdığından, qeyd olunan sənədlərin əslinin və sənədlərin qeydiyyat kitabının məhkəməyə təqim olunması "xxxx" MTK-ya həvalə olunmuş, 11 mart 2014-cü il tarixli, 111 saylı müqavilənin və 11 mart 2014-cü il tarixli maliyyə arayışının əsilləri məhkəməyə təqdim olunmamış, 27 dekabr 2015-ci il tarixli razılaşmanın „14-cü mərtəbə“ yazılan hissəsində açıq-aşkar düzəliş edilməsi müşahidə olunur, həmçinin eyni tarixli, eyni məzmunlu, möhürün rəngləyici maddələri fərqli olan razılaşmalar məhkəmyə təqdim olunmuşdur. 11 mart 2014-cü il tarixli, 111 saylı müqavilənin, „XİV mərtəbə“yazılan hissəsində adi gözünən görünən pozuntu aparılması müşahidə olunur.Bundan əlavə bağlanmış müqavilələrdən göründüyü kimi mənzillərin mərtəbələri kiril rəqəmləri ilə yazılsa da, 11 mart 2014-cü il tarixli, 111 saylı müqavilə mərtəbə sayı Rum rəqəmləri ilə “XİV mərtəbə” olaraq qeyd edilmişdir.Lakin, məhkəmədə qeyd olunan şübhələri aradan qaldıran sübutlar müəyyən edilməmiş, halbuki həmin şübhələri aradan qaldıran sübutları təqdim etmək vəzifəsi Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə əsasən iddiaçı tərəfin üzərində olmuş,lakin iddiaçı tərəf bunu edə bilmədiyindən 11 mart 2014-cü il tarixli, 111 saylı müqavilə, 11 mart 2014-cü il tarixli maliyyə arayışı, 27 dekabr 2015-ci il tarixli razılaşma sübut kimi qəbul edilə bilinmədiyindən, 27 mart 2016-cı il tarixli, 06 saylı müqavilə də qeyd olunan sənədlərlə birbaşa əlaqəli olduğundan,bu müqailə də iddianın təmin olunmasına əsas verə bilməz. Məhkəmə iddiaçı tərəfin təqdim etdiyi sübutların mötəbərliyi ilə əlaqədar iddianın rədd edilməsi qənaətinə gəldiyindən,hesab edir ki,cavabdeh tərəfin təqdim etdiyi sübutların qiymətləndirilməsi zərurətini aradan qaldırmışdır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərəkən, bir qayda olaraq, affırmanti, non neganti incumbiti probation (sübut etmək yükü təkzib edənin deyıl, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən 12 avqust 2021-ci il tarixli, 5/768 saylı xətşünaslıq ekspertizasına görə 80 manat ekspertiza xərcinin İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: SAP (XİİS) hesabı- X5, kod-210005; VÖEN- **********; müxbir hesab- AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi- VÖEN **********; hesabAZ34CTRE********************. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında bağlanmış 23 aprel 2019-cı il tarixli, 251 saylı müqavilənin etibarsız hesab edilməsi və ünvan 1 ünvanda inşa olunmuş yaşayış binasının V blok, 14-cü mərtəbəsində ümumi sahəsi 111.4 kvadrat metr olan, 3 otaqlı, 111 saylı mənzil üzərində İddiaçı sahiblik və istifadə hüququnun tanınması, həmin mənzilin ona təhvil verilməsi vəzifəsinin cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə həvalə edilməsi barədə iddiası rədd edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən 12 avqust 2021-ci il tarixli, 5/768 saylı xətşünaslıq ekspertizasına görə 80 manat ekspertiza xərcinin İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülsün: SAP (XİİS) hesabı- X5, kod-210005; VÖEN- **********; müxbir hesab- AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesabAZ34CTRE********************. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver