Məhkəmə qərarları › İş №2(014)-1390/2023

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1390/2023

12.10.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1390/2023 12.10.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi, İddiaçı, Cavabdeh1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı torpaq sahəsindən və evdən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı torpaq sahəsindən və evdən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X19 hazırda ünvan 1i ünvanında yaşayır. Cavabdehlər onun qohumlarıdır. Lakin cavabdehlər ona məxsus evdə qanunsuz qalırlar və o, normal qaydada sözügedən evdən və torpaq sahəsindən istifadə edə bilmir. ünvan 1ində yerləşən torpaq sahəsi və fərdi yaşayış evi ona məxsusdur və həmin evdən normal qaydada istifadə edə bilmir. Belə ki, cavabdehlər həyətin giriş qapısını gecəni səhərə qədər açıq qoyurlar. Cavabdehin iki oğlanları gecənin gec saatlarında bəzən də səhərə yaxın evə gəlirlər. O zamana qədər qədərdə həyət qapısı açıq qalır. Valideynlərindən qalma onun adına qeydə alınmış evdə o, yox cavabdehlər yaşayırlar. O, da gecə tək qaldığı üçün həyət qapısını bağlayan zaman evdə dava düşür. Onu döyürlər, söyürlər, təhqir edirlər. O, döyüləsi və söyüləsi yaşda deyil. Onlar dəfələrlə Ağdaş rayon Polis Şöbəsinə düşmüşlər. Evə kənar şəxslərin gəlməsinə və real təhlükənin yaranmasına qərəzli olaraq zəmin yaradırlar. Özünə məxsus torpaq sahəsindən və evindən normal istifadə etmək üçün cavabdehlərin mütləq qaydada həmin ərazidən çıxarılması lazımdır. Beləki onlar özlərinə başqa yerdə ev tikdiriblər. Lakin hal-hazırda onlarla bir həyətdə yaşamaq çox təhlükəlidir, nə vaxt nə edəcəkəri bəlli deyil. Dəfələrlə cavabdehlə razılığa gəlməyə və onların qanunsuz əməllərinə son qoyulmasına çalışsa da, heç bir nəticə əldə olmamışdır. Əksinə təhqir və hədələrə məruz qalmışdır. Göstərilənlərə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 valideynlərindən qalmış və ona məxsus ünvan 1ində yerləşən torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxmaları barədə qətnamə çıxarılması xahiş edilmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 məhkəməyə iddia ərizəsinə etiraz ünvanlayaraq bildirmişlər ki, iddia tələbini qəbul etmirlər. İddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, Cavabdeh1 25 noyabr 1994-cü il tarixdə iddiaçının qardaşı mərhum əri X11 ilə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. Mərhumla evləndikdən sonra Cavabdeh1 özünə məxsus cehiz əşyaları ilə birlikdə mərhumun valideynlərinə məxsus fərdi yaşayış evinə gəlin köçmüşdür. Mərhumun valideynləri və digər ailə üzvləri, o cümlədən cavabdeh onu qeydşərtsiz ailə üzvü kimi qəbul etmişlər və onlar təsərrüfatı birlikdə idarə etmişlər. Mərhum əri ilə birgə nikahlarından digər iddiaçılar da həmin təsərrüfatda doğulmuşlar. Mərhum əri X11 ilə birgə nikah dövründə ünvan 1i ərazisində 0,51 hektar həyətyanı torpaq sahəsində onun mərhum valideynlərinə məxsus yaşayış evinin qonşuluğundan hamının razılığı ilə bir otaqdan ibarət fərdi yaşayış evi tikdirmişlər. Yaşayış evləri hazır olduqdan sonra onlar yeni evə köçərək orada yaşamağa başlamışlar. İddiaçı isə öz valideynlərinə məxsus evdə yaşayır. İslahat zamanı 0,51 hektar həyətyanı torpaq sahəsi Ağdaş rayon Aqrar İslahat Komissiyasının 14 avqust 1998-ci il tarixli, 15 saylı qərarı ilə X4, onların və İddiaçı mülkiyyətinə verilmişdir və bu barədə adlarına JN-028A (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə işlənmişdir. Ailə başçıları X11 21 iyul 2014-cü ildə ünvan 1ində ölmüşdür. X1 miras qalmış torpaq sahəsini qəbul etdikdən sonra həyətyanı torpaq sahəsini paylı mülkiyyət hüququ əsasında DƏDRX-nin 17 saylı Ərazi İdarəsində 113 nömrəli reyestr kitabında 79 nömrəli vərəqində adlarına qeydə aldırmışlar və bu barədə adlarına xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. Həmin çıxarışa əsasən 0.51 hektar həyətyanı torpaq sahəsində iddiaçının payı 4/16 hissədə, cavabdeh X5 payı 5/16 hissədə, Cavabdeh1 payı 5/16 hissədə, Cavabdeh3 payı 1/16 hissədə və Cavabdeh2 payı isə 1/16 hissədə müəyyən edilmişdir. Həmin hissələrə uyğun olaraq 0,51 hektar həyətyanı torpaq sahəsində cavabdehin payı 0,1275 hektar, cavabdehlərin birlikdə payları 0,3825 hektar təşkil edir. Hazırda paylarına düşən torpaq sahəsi naturada bölünərək tanıdılmadığına, yəni ekspert rəyinə əsasən torpaq sahələrinin yaşadıqları fərdi yaşayış evləri, həmin evlərə gediş-gəliş yolu nəzərə alınmaqla bölmək mümkün olmadığına görə torpaqdan istifadə ilə əlaqədar cavabdehlə aralarında mübahisə yaranır. İddia ərizəsindən də görünür ki, iddiaçı məhz buna görə, yəni ümumi birgə mülkiyyətlərində olan həyətyanı torpaq sahəsini yaşadıqları fərdi yaşayış eviləri nəzərə alınmaqla bölünməsinin mümkün olmamasından istifadə edərək iddia ərizəsində qeyd etdiyi və onlara qarşı yalandan uydurduğu əsaslarla onlara mübahisəli yaşayış sahəsindən çıxarmaq istəyir. Göstərilənlərə əsasən İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı torpaq sahəsindən və evdən çıxarılma tələbinə dair iddiasının təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək iddia ərizəsinə etirazda göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasına gəlməmələrini üzrsüz hesab edir və işə onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Belə ki, işin materiallarında olan olan Ağdaş rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş JN-028A nömrəli (kod ********) olan torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 14 avqust 1998-ci il tarixli, 15 saylı qərarı ilə X15 və ailə üzvləri X11, Cavabdeh1, X5 mülkiyyətinə ünvan 1indən 0,51 hektar fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşin materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Ağdaş rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci iul tarixli, 175 saylı arxiv arayışının surətindən görünür ki, Ağdaş rayon Dövlət Arxivində saxlanılan Ağdaş rayon Qoşaqovaq kənd XDSİK-nın Qoşaqovaq kəndinə aid olan 1986-1987-1988-1989-1990-cı illərin 01 №-li təsərrüfatbaşına kitabının 31/145 №-li təsərrüfatı X16 adının üstündən xətt çəkilmiş X13 adı qeyd olunmuşdur. Cavabdeh3 Paşa oğlu (ailə başçısı)-üstündən xətt çəkilib xx.xx.1989-cu ildə ölməsi göstərilmişdir. X14 (arvadı), X17 (qızı), X20 (oğlu), X11 (oğlu), X9 (qızı) olması və X6 adına 0,25 ha torpaq sahəsinin olması və 1968-ci ildə tikilmiş ümumi sahəsi 34 kv.m olan, o cümlədən yaşayış sahəsi 24 kv.m olan evin olması göstərilmişdir. İşin materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Ağdaş rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci iul tarixli, 176 saylı arxiv arayışının surətindən görünür ki, Ağdaş rayon Dövlət Arxivində saxlanılan Ağdaş rayon Qoşaqovaq kənd XDSİK-nın Qoşaqovaq kəndinə aid olan 1986-1987-1988-1989-1990-cı illərin 01 №-li təsərrüfatbaşına kitabının 28/145 №-li təsərrüfatı X6 adının üstündən xətt çəkilmiş X10 adı qeyd olunmuşdur. X18 (ailə başçısı)-üstündən xətt çəkilib xx.xx.1998-ci ildə ölməsi göstərilmişdir. X17 (qızı), X11 (oğlu), Cavabdeh1 (gəlini), X21 (nəvəsi), Cavabdeh3 (nəvəsi), Cavabdeh2 (qardaşı oğlu) olması və X7 adına 0,25 ha torpaq sahəsinin olması və 1968-ci ildə tikilmiş ümumi sahəsi 34 kv.m olan, o cümlədən yaşayış sahəsi 24 kv.m olan evin olması göstərilmişdir. İşin materiallarında olan 25 noyabr 1994-cü il tarixdə Ağdaş rayonu Qoşaqovaq kənd icra nümayəndəliyi tərəfindən verilmiş Vİ-ЖГ № 261328 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə X12 25 noyabr 1994-cü il tarixdə 20 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra ərə Muxtarov arvada Muxtarova soyadı verilmişdir. İşin materiallarında olan 08 avqust 2014-cü il tarixdə Ağdaş rayonu Qoşaqovaq kənd icra nümayəndəliyi tərəfindən verilmiş AZ-İ № 692359 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 işemiyası səbəbindən ölmüşdür. İşin materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışın surətindən görünür ki, ünvan 1inə yerləşən 0,51 hektar torpaq sahəsinin 4/16 hissəsi İddiaçı, 5/16 hissəsi X5, 5/16 hissəsi Cavabdeh1, 1/16 hissəsi Cavabdeh3, 1/16 hissəsi Cavabdeh2 mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 113 nömrəli reyestr kitabının 79 nömrəli vərəqində xx.xx.2020-ci il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. İşin materiallarında olan Ağdaş rayonu Qoşaqovaq Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 40 saylı arayışdan görünür ki, Cavabdeh1 yaşadığı həyətdə əvvəlki illərdə iki otaq və bir şüşəbənd olmuşdur. Sonradan bir ev, bir şüşəbənd sökülərək ayrı bir ev tikilmişdir. Hal-hazırda Cavabdeh1 yaşadığı həyətdə iki ayrı-ayrı ev vardır. Həmin evlərin birində Cavabdeh1 ailəsi ilə birlikdə yaşayır, digər evdə isə İddiaçı yaşayır. İşin materiallarında olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, A № ******* torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(207)-424/2019 saylı qətnaməsinə əsasən Cavabdeh1 xüsusi mülkiyyətinə ünvan 1indən 0,51 hektar yaşayış məntəqələrinin torpaqları verilmişdir. Beləliklə, iş üzrə müəyyən olunmuş faktiki hallardan görünür ki, iddiaçı cavabdehlərin ünvan 1ində yerləşən torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxmalarını tələb edir. Lakin mübahisə predmeti olan ünvan 1inə yerləşən 0,51 hektar torpaq sahəsinin 4/16 hissəsi İddiaçı, 5/16 hissəsi X5, 5/16 hissəsi Cavabdeh1, 1/16 hissəsi Cavabdeh3, 1/16 hissəsi Cavabdeh2 mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 113 nömrəli reyestr kitabının 79 nömrəli vərəqində xx.xx.2020-ci il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. Hazırda iddiaçı cavabdehlərin həmin mənzildən çıxarılmasını tələb edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5.3-cü maddəsinə əsasən torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Həmin Məcəllənin 110-cu maddəsinə əsasən bu Məcəllənin tələblərini pozmuş şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Məhkəmə qeyd edir ki, konkret yaşayış sahəsindən istifadə hüququndan fayda həmin sahədə yaşamaqdan ibarətdir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 153.1-ci maddəsinə əsasən bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 222.1-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərin çıxmalarını tələb etdiyi ünvan 1ində yerləşən 0,51 hektar torpaq sahəsinin 4/16 hissəsi İddiaçı, 5/16 hissəsi X5, 5/16 hissəsi Cavabdeh1, 1/16 hissəsi Cavabdeh3, 1/16 hissəsi Cavabdeh2 mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 113 nömrəli reyestr kitabının 79 nömrəli vərəqində xx.xx.2020-ci il tarixdə ********** nömrə ilə qeydə alındığından bütün mülkiyyətçilərin həmin torpaq sahəsindən mülkiyyət və istifadə hüquqları yarandığından iddiaçının torpaq sahəsindən və evdən çıxarılma tələbinə dair iddiası təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı torpaq sahəsindən və evdən çıxarılma tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı torpaq sahəsindən və evdən çıxarılma tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver