Məhkəmə qərarları › İş №2(016)-41/2025

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-41/2025

07.07.2025 · Sair mülki iş - Digər - Sair mülki iş - Sair mülki iş - Digər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-41/2025 07.07.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, 22 iyun 2024-cü ildə mal nobatında olan cavabdeh nobatdakı bir baș boğaz olan 4 yaşında, 1.850 manat məbləğində inəyini nəzarətsiz qoyduğundan kənd sakinlərinin dənli bitkilər yetişdirilmiş sahəsinə girib həddən çox yediyindən ölməsi nəticəsində ona vurulmuş həmin miqdar maddi ziyanın ödənilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun şəxsi təsərrüfatında özünə məxsus dörd baș iri buynuzlu heyvanları var imiş, onları naxıra qoșub növbə ilə otarırmış. Otlaq sahəsi kəndin cənub tərəfində iki dağ arasıdakı ərazində yerləşir. Oranın kənarında isə kəndin taxıllıq sahələridir. Heyvan sahibləri heyvanlarını səhər tezdən naxıra qoșur, nobatçı-yəni növbəsi çatmış şəxs onları aparıb otararaq axșam gətirir, heyvan sahibləri də heyvanların qarşısına çıxıb həyətinə gətirirlər. Demək olar ki, hər kəs nobata qoșulan heyvanların kimə məxsus olmasını tanıyır. Naxırçı heyvanları salamat otarmağa apardığı kimi salamat vəziyyətdə də gətirib təhvil verməlidir. Bu kənddə adətdir. Nobatda heyvan itəndə, canavar və s. vəhși heyvana yem olanda, dağlı ərazidə uçub öləndə cavabdehlik daşıyır. Yəni naxırçı heyvanları salamat vəziyətdə gətirməyə məsuldur. Əgər heyvan itirildisə, otlaq sahəsindən kənarlarda vəhşi heyvanlara yem olarsa, naxırçı onun ziyanını heyvan sahibinə ödəməli olur. Yəni bu adət halını alınmışdır. Əgər heyvan sahibləri arasında naxırçının məsuliyyəti qoyulmasa idi, onda naxırçı heyvanları aparıb sahəyə buraxardı və axșam da gedib orada olanları yığıb gətirərdi. 22 iyun 2024-cü il tarixində axşam onun mallarından bir baș boğaz olan 4 yaşında boz-ağ rəngli inək heyvanı nobatdan gələn heyvanlar arasında olmamışdır. Həmin gün mal nobatçısı cavabdeh olan həmkəndlisi Cavabdeh idi. Malı naxırdan gəlmədiyindən gedib axtarıb otlaq sahəsinin kənarında olan taxıl sahəsinin qırağında köpərək ölmüş vəziyyətda aşkar etmişdir. Nobatçının nəzarətsizliyi üzündən heyvan taxıllıq sahəsinə girib, dənli bitkilərdən yeyərək köpmüş və nəticədə ölüb orada qalmışdır. Heyvanının ölüm səbəbinin müəyyənləşdirilməsi üçün 23 iyun 2024-cü il tarixində Ağsu rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsindən ərizəsi əsasında mütəxəssis aparılıb yarılıb baxılmaqla rəy verilmişdir. Rəylə müəyyən edilmişdir ki, heyvan həddən artıq dənli bitki yediyinə görə ölmüşdür. Bununla əlaqədar mütəxəssis tərəfindən ona həmin yarma protokolu və rəy verilmişdir. Bundan savayı inəyin hadisə yerində ölüb qalmış halda fotoşəklini çəkmişdir. Ölmüş heyvanın dəyəri barədə verdiyi sorğu əsasında qiymətinin 1.800-1.900 manat arası olması təşkil etmişdir. Keçən müddət ərzində dəfələrlə şifahi olaraq cavabdehə dəymiş olan ziyanın ödənilməsi barədə onun özünə və yaxınlarına müraciət etsə də, cavabdeh tərəfindən heç bir reaksiya verilməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verərək tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında çıxış edərək bildirdi ki, 22 iyun 2024-cü il tarixdə nobatda olmuşdur. Həmin vaxt İddiaçı malları naxırda dayanmır. Kənd camaatı da bunu təsdiq edə bilər. Həmin gün də heyvanlar qaçıb qayaya getmiş, o da heyvanların dalınca getmişdir. Sıldırım qaya olduğuna görə o qayaya çıxa bilməmişdir. Onlara çata bilmədiyinə görə taxıl sahəsinə getmişlər. Sonra görmüşdür ki, heyvanı ilan vurub. O, iddiaçıya 250 manat pul vermək istəmiş, amma iddiaçı qəbul etməmişdir. O, heyvanları sahibsiz buraxmır. İddiaçı məxsus olan dana nəzarətsizlik ucbatından deyil, ilan vurduğu üçün tələf olmuşdur. İddia tələbinin rədd edilməsini xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Şahid, İddiaçı və Xəyal Əzizovun iştirakları ilə xx.xx.2024-cü il tarixdə tərtib olunmuş aktdan görünür ki, xx.xx.2024-cü ildə saat 14:00 radələrində patoloji anatomik yarma aparmışlar. Məlum olmuşdur ki, heyvan həddən artıq dənli bitkilər yediyinə görə mədə önlüklərindən işgənbə partlaması nəticəsində ölmüşdür. - xx.xx.2024-cü il tarixli, 05 saylı “Yarma protokolu”ndan görünür ki, İddiaçı məxsus 4 yaşlı boz rəngli inək heyvanının mədə önlüklərində həddən artıq dənli bitkilərin toxumları vardır. İşgənbə partlamışdır. Kitabça vərəqləri yapışqan vəziyytində idi. Şırdan al qırmızı idi. - Ağsu rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsi tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, bir baş ilk qarına boğaz olan 4 yaşında İBH-nin hal hazırki bazar qiyməti ilə dəyəri 1.800-1.900 manat civarındadır. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında şahid qisimində dindirilmiş Şahid öz izahatında bildirmişdir ki, o, aparıcı baytar həkimi vəzifəsində çalışır. İddiaçı məxsus inəyə baxış keçirdiyi zaman inək tələf olmuşdur, xx.xx.2024-cü ildə saat 14:00 radələrində pataloji-anatomik yarma aparmışlar. Bu zaman heyvanın həddən artıq dənli bitki yediyini və bu səbəbdən də mədə önlüklərində işgənbə partladığı üçün öldüyünü müəyyən etmişlər. Heyvanın qarnında balası var idi və 3 aylıq olardı. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında şahid qisimində dindirilmiş X1 öz izahatında bildirmişdir ki, o, Cavabdeh köməkçisidir və birlikdə nobata gedirlər. Həmin gün birlikdə heyvanları otararkən heyvanlar qayaya çıxmışlar. Sadiq qayaya çıxaraq danaları qayadan endirmiş, lakin bu zaman dəhşətli bir yağış yağdığı üçün heyvanları saxlamaq mümkün olmamış, heyvanlar yenidən qayaya çıxmışlar. Sadiq yenidən heyvanların arxasınca getmiş, amma bu səfər hava şəraiti ilə əlaqədar olaraq qayaya çıxa bilməmiş və ordan ona zəng edərək heyvanları gətirə bilmədiyini bildirmişdir. Daha sonra heyvanlar taxıl sahəsinə girmiş və taxıl bitkilərindən yemişlər. Lakin heyvan taxıl yediyi üçün yox, ilan vurduğu üçün tələf olmuşdur. Heyvan təxminən 4-5 saat taxıl sahəsində olub. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən xx.xx.2025-ci il tarixli, 9/10224 nömrəli rəydən görünür ki, 1 baş 4 yaşlı, dişi, damazlıq, 3 aylıq boğaz, çəkisi 120 kq olan inəyin orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 1.900 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı 22 iyun 2024-cü il tarixdə bir baş, boğaz olan 4 yaşlı inəyini naxıra qoşmuş, heyvanlara nəzarət etməli olan şəxs - Cavabdeh diqqətsizliyi nəticəsində, heyvan dənli bitkilər olan sahəyə girmiş, həddindən artıq dən yemiş, bu səbəbdən, mədə önlüklərində işgənbə partladığı üçün heyvan ölmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Qanuna əsasən zərərin ödənilməsi tələbi mövcuddursa, bu tələbin hüququ nəticələri Mülki Məcəllənin 21-ci maddəsinə əsasən müəyyən edilir. Zərərin ödənilməsi ilə bağlı istənilən tələb əvvəlcə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. MM-in 21-ci maddəsi isə zərərin aid edilməsi ilə bağlı birbaşa qayda müəyyən etmir. Məhkəmə qeyd edir ki, tərəflər arasında müqavilə münasibətləri olmadığından, mülki hüquq pozuntusu ilə əlaqədar mübahisə yarandığından mübahisənin həlli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1097.1-ci maddəsinə əsasən həll edilməlidir. İddia tələbinin qanuni əsaslarından biri olan mülki hüquq pozuntusunun (delikt) yaranması üçün aşağıdakı hallar mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik); əməlin hüquqa zidd olması; təqsir. MM-in 1096.1-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1097-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə qeyd edir ki, qeyd olunan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Məhkəmə hesab edir ki, cavabdehin hüquqa zidd hərəkəti nəticəsində iddiaçıya zərər vurulduğundan, ziyan mövcud olduğundan və zərərlə qanunsuz hərərəkət arasında səbəbli əlaqə olduğudan, iddia tələbi təmin edilməlidir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1.850 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver