Məhkəmə qərarları › İş №2(017)-1593/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1593/2023

31.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Atalığın etiraf olunması faktı - Doğumun
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1593/2023 31.08.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hacıyev Fuad Hacı oğlunun katibliyi və Ərizəçi iştirakı ilə Ərizəçi “doğum faktının müəyyən edilməsi və atalığın tanınması faktı” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi “doğum faktının müəyyən edilməsi və atalığın tanınması faktı” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edib verdiyi izahatında göstərdi ki, 2014-cü ildə X7 ilə faktiki nikah münasibətinə daxil olmaqla ailə qurmuş, faktiki nikahdan onların xx.xx.2016-cı il tarixdə İbrahim və xx.xx.2018-ci il tarixdə ev şəraitində Məryəm adlı uşaqları anadan olmuşdur. İbrahimə doğum haqqında şəhadətnamə alınmış, X7 ilə aralarında rəsmi nikah olmaması səbəbindən onun doğum şəhadətnaməsində soyadı atalarının soyadı ilə deyil, onun soyadı olan Məmmədov kimi qeyd edilmişdir. Lakin Məryəm ev şəraitində doğulduğuna görə ona doğum haqqında şəhadətnamə alınmamışdır. X3 xx.xx.2023-cü il tarixdə vəfat etmiş, hər iki uşaqlar onun himayəsində qalmışlar. Hazırda uşaqlar onunla birlikdə yaşayırlar. Qeyd edilən xüsusatları əsas gətirən ərizəçi qızı Məryəmin xx.xx.2018-ci il tarixdə ev şəraitində doğulması faktının müəyyən edilməsinə, X4 xx.xx.2016-cı il təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdlü Məryəmin ataları olmasına, hər iki uşağın doğum akt qeydlərində müvafiq qeydlərin aparılmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs - Maraqlı şəxs məhkəməyə məktub göndərərək məhkəmə iclasını nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X8 ifadəsində göstərdi ki, Müşfiq onun oğludur. Ərizəçi ilə oğlu Müşfiq 2014-cü ildə faktiki nikaha daxil olmaqla evlənib ailə həyatı qurmuşlar. Onların faktiki nikahlarından xx.xx.2016-cı il tarixdə İbrahim və xx.xx.2018-ci il tarixdə ev şəraitində Məryəm adlı uşaqları anadan olmuşdur. X7 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Hər iki uşaq anasının himayəsində qalmışdır. Məhkəmə iclasında şahidlər X9 və X10 şahid X5 ifadəsinə uyğun ifadə verdilər. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2016-cı il tarixdə anadan olmuş, onun doğum haqqında şəhadətnaməsinin atası qrafasında heç bir qeyd aparılmamış, anası qrafasında Ərizəçi kimi qeyd edilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2023-cü il tarixdə ölmüşdür. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli məktublarından görünür ki, Ərizəçi müraciətinə baxılmış, doğum haqqında tibbi sənəd təqdim olunmadığına görə xx.xx.2018-ci il tarixdə doğulmuş qız uşağının qeydə alınması və X2 atalığı müəyyən edib yeni şəhadətnamənin verilməsi mümkün olmamışdır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, Ərizəçi ilə X7 2014-cü ildə faktiki nikah münasibətinə daxil olmaqla ailə qurmuş, faktiki nikahdan onların xx.xx.2016-cı il tarixdə İbrahim və xx.xx.2018-ci il tarixdə ev şəraitində Məryəm adlı uşaqları anadan olmuşdur. X1 doğum haqqında şəhadətnaməsinin atası qrafasında heç bir qeyd aparılmamış, anası qrafasında Ərizəçi kimi qeyd edilmişdir. X7 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların tanınması haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktların tanınmasına dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. «Uşaq hüquqları haqqında» BMT-nin 20 noyabr 1989-cu il tarixli Konvensiyasının 7ci maddəsində göstərilir ki, uşaq doğulduqdan sonra dərhal qeydə alınır və doğulduğu andan ad və vətəndaşlıq əldə etmək hüququna, habelə, mümkün olduğu dərəcədə, öz valideynlərini tanımaq və onlardan qayğı görmək hüququna malikdir. Həmin Konvensiyanın 8-ci maddəsində göstərilir ki, iştirakçı dövlətlər qeyri-qanuni müdaxiləyə yol vermədən, qanunda nəzərdə tutulduğu kimi, uşağın öz fərdiliyini, o cümlədən vətəndaşlığını, adını və ailə əlaqələrini saxlamaq hüququna hörmət bəsləməyi öhdələrinə götürürlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.2-ci maddəsinə əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə atalığın tanınması faktı mülki prosessual qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında tanına bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 309.1-ci maddəsində göstərilir ki, hüquqi əhəmiyyəti olan faktların tanınması haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın tanınmasının ərizəçiyə nə üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.2018-ci il tarixdə Ağcabədi şəhərində, ev şəraitində Məryəm adlı qız uşağının doğulması faktı müəyyən edilməli, xx.xx.2016-cı il təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdlü Məryəmin atalarının X7 olması faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.2018-ci il tarixdə Ağcabədi şəhərində, ev şəraitində Məryəm adlı qız uşağının doğulması faktı müəyyən edilsin. xx.xx.2016-cı il təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdlü Məryəm adlı uşağın atalarının X7 olması faktı müəyyən edilsin. Hər iki uşağın doğum akt qeydində soyadları Məmmədov(a), atası qrafasında X7, anası qrafasında Ərizəçi qeyd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver