Məhkəmə qərarları › İş №2(017)-20/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-20/2025

16.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-20/2025 16.01.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı nikah qeydinin pozulması, uşaqların ananın yanında qalmasının müəyyən edilməsi və aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə aralarında olan 13 oktyabr 2010-cu il tarixli, 20 saylı nikah qeydinin pozulması, cavabdehlə birgə nikahlarından 27 mart 2012-ci ildə anadan olmuş X2 və 29 may 2014-cü ildə anadan olmuş X3 adlı iki nəfər uşaqların onun aynında qalmasının müəyyən edilməsi və həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşağa 250 manat, cəmi 500 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək izahatında göstərdi ki, İddiaçı ilə Cavabdeh 13 oktyabr 2010-cu il tarixdə nikahlarını rəsmiləşdirməklə evlənib ailə həyatı qurmuşlar. İddiaçı ilə cavabdehin birgə nikahlarından 27 mart 2012-ci ildə X2 və 29 may 2014-cü ildə X3 adlı iki nəfər uşaqları anadan olmuş və hazırda da həmin uşaqlar iddiaçının yanında yaşayırlar. İddiaçı ilə cavabdehin aralarında yaranmış narazılıqlara görə ayrılmışlar. Məhkəmə tərəfindən iddiaçı ilə cavabdehə barışıb ailəni bərpa etmələri üçün 3 ay vaxt verilmiş, lakin onlar bu vaxt ərzində barışmamışlar. Ona görə də, göstərdiklərini nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, İddiaçı ilə 13 oktyabr 2010-cu il tarixdə nikahlarını rəsmiləşdirməklə evlənib ailə həyatı qurmuşlar. Birgə nikahlarından 27 mart 2012-ci ildə X2 və 29 may 2014-cü ildə X3 adlı iki nəfər uşaqları anadan olmuş və hazırda da həmin uşaqlar iddiaçının yanında yaşayırlar. İddiaçı ilə aralarında yaranmış narazılıqlara görə ayrılmışlar. Məhkəmə tərəfindən barışıb ailəni bərpa etmələri üçün 3 ay vaxt verilmiş, lakin onlar bu vaxt ərzində barışmamışlar. Ona görə də, iddianın təmin olunaraq iddiaçı ilə aralarında olan nikah qeydinin pozulmasına etirazı yoxdur. Lakin, uşaqların anasının yanında qalmasına narazıdır və uşaqlar anasının yanında qalarsa, uşaqların saxlanması üçün hər ay hər bir uşağa 100 manat aliment ödəmək imkanı vardır. Ona görə də, bu halın nəzərə alınmasını məhkəmədən xahiş etdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş Ağcabədi rayon Qeydiyyat şöbəsinin 04 iyul 2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh ilə İddiaçı arasında 13 oktyabr 2010-cu il tarixdə Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının Hacıbədəlli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində bağlanmış 20 saylı nikah qeydi vardır. İşdə olan və məhkəmə iclasında elan edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X2 27 mart 2012-ci ildə və X3 29 may 2014-cü ildə anadan olmuşlar və onların atası Cavabdeh, anası isə İddiaçıdır. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.2-ci maddəsinə əsasən tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, tərəflərə barışıb ailəni bərpa etmələri üçün 3 ay vaxt verilmiş, lakin onlar bu müddət ərzində barışmamışlar və hazırda da iddiaçının nümayəndəsi iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinin tələbinə görə nikah pozulduqdan sonra məhkəmə yetkinlik yaşına çatmayan uşaqların valideyinlərdən hansının yanında qaldığını müəyyən edir. Məhkəmə təhqiqatı zamanı həmçinin müəyyən olunmuşdur ki, tərəflərin birgə nikahından 27 mart 2012-ci ildə anadan olmuş X2 və 29 may 2014-cü ildə anadan olmuş X3 adlı iki nəfər uşaqları anası İddiaçı yanında yaşayırlar və iddiaçı bundan sonra da uşaqların onun yanında qalmasını istəyir. Ona görə də həmin uşaqların anası İddiaçı yanında qalmaları müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitutsiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikasının da qoşulduğu 02 sentyabr 1990-cı ildə qüvvəyə minmiş “Uşaq Hüquqları Haqqında Konvensiya”nın 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları-onlara əsas qayğı obyektidir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunveriliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8- 2/2016 nömrəli Qərarının 8.4-1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanılmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini «xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun» məzmununda ifadə etməlidir). «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği xx.xx.2025-ci il tarixdən 400 manat həddində müəyyən edilmişdir. 27 mart 2012-ci ildə anadan olmuş X2 və 29 may 2014-cü ildə anadan olmuş X3 adlı iki nəfər uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün aliment təyin edilərkən məhkəmə alimentin məbləğini tərəflərin maddi və ailə vəziyyətini, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin olunaraq İddiaçı ilə Cavabdeh arasında 13 oktyabr 2010-cu il tarixdə Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının Hacıbədəlli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində bağlanmış 20 saylı nikah qeydi pozulmalı, tərəflərin birgə nikahından 27 mart 2012-ci ildə anadan olmuş X2 və 29 may 2014-cü ildə anadan olmuş X3 adlı iki nəfər uşaqların anası-İddiaçı yanında qalmaları müəyyən edilməli, həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşağa sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində aliment tutulub İddiaçı xeyrinə ödənilməli və iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı iddia ərizəsi 09 iyul 2024-cü il tarixdə məhkəməyə daxil olduğundan alimentin tutulması həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Belə olan halda məhkəmə hesab edir ki, qətnamənin aliment hissəsi dərhal icra olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 13 oktyabr 2010-cu il tarixdə Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının Hacıbədəlli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində bağlanmış 20 saylı nikah qeydi pozulsun. Tərəflərin birgə nikahından 27 mart 2012-ci ildə anadan olmuş X2 və 29 may 2014-cü ildə anadan olmuş X3 adlı iki nəfər uşaqların anası-İddiaçı yanında qalmaları müəyyən edilsin. Cavabdeh 27 mart 2012-ci ildə anadan olmuş X2 və 29 may 2014-cü ildə anadan olmuş X3 adlı iki nəfər uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün 09 iyul 2024-cü il tarixdən başlanaraq hər ay hər bir uşağa sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində aliment tutulub İddiaçı xeyrinə ödənilsin. Qətnamənin aliment hissəsi dərhal icra olunsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver