Məhkəmə qərarları › İş №2(019)-489/2021

Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-489/2021

01.04.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-489/2021 01.04.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlu, Balakən rayonu Qullar kənd sakinləri İddiaçı1, İddiaçı2 və İddiaçı3 məhkəməyə daxil olmuş iddia ərizəsini nəzərdən keçirərək müəyyən etdim : Balakən rayonu Qullar kənd sakinləri İddiaçı1, İddiaçı2 və İddiaçı3 Balakən Rayon Məhkəməsinə iddia ərizə ilə müraciət edərək Reyestr tərəfindən buraxılmış səhvdə düzəliş aparılması üçün Balakən Dövlət Reyestr xidmətinə göstəriş verilməsini xahiş etmişlər. Ərizəyə baxaraq hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, ərizənin məzmunundan görünür ki, Balakən rayonu Qullar kənd sakinləri İddiaçı1, İddiaçı2 və İddiaçı3 Balakən Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Reyestr tərəfindən buraxılmış səhvdə düzəliş aparılması üçün X3 xidmətinə göstəriş verilməsini xahiş etmişlər. Ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 149-cu maddəsinin tələblərinə uyğun tərtib olunmamış, tələb konkret göstərilməmiş, cavabdeh və onun ünvanı qeyd edilməmişdir. Eyni zamanda ərizəyə tələbin əsaslandırıldığı hallara dair sənədlərin təsdiq olunmamış kserosurətləri əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 149.1-149.2 və 149.4-cü maddələrinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Ərizədə ərizənin verildiyi məhkəmənin adı; işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları; iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu, nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin, iddiaçının vəsatətləri də göstərilir. Həmin Məcəllənin 150-ci maddəsinə əsasən iddia ərizəsinə cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri; dövlət rüsumunun ödənilməsi haqqında sənəd; nümayəndənin səlahiyyətlərini təsdiq edən etibarnamə və ya digər sənəd; iqtisadi mübahisələr üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd; iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri; onun mübahisələndirildiyi halda, normativ aktın mətni; müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd əlavə edilməlidir. Mülki Prosessual Məcəllənin 152-ci maddəsi ilə müəyyən edilmişdir ki, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə işin hallarını, iddia ərizəsinin formasına və məzmununa əməl edilməməsini, sözügedən tələbə cavab verməli olan şəxs və onun hüquqi ünvanının ərizədə qeyd edilməməsini, tələbin konkret göstərilməməsini, ərizəyə qanunla müəyyən edilmiş sənədlərin kserosurətlərinin əlavə edilməsini, mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, İddiaçı1, İddiaçı2 və İddiaçı3 qızının ərizəsi geri qaytarılmalıdır. Məhkəmə onu da diqqətə çatdırır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X2 Xidməti inzibati orqandır və İnzibati orqanın üzərinə vəzifə qoyulması tələbinə dair iddialara (məcburetmə haqqında iddia ) İnzibati Məhkəmələr tərəfindən baxılır. İddiaçı1, İddiaçı2 və İddiaçı3 izah edilməlidir ki, qərardadda göstərilən nöqsanları aradan qaldırmaqla yenidən ümumi qaydada ikinci dəfə müvafiq məhkəməyə müraciət etmək hüquqları vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152,263- 264 və 268.1-ci maddələrini rəhbər tutub qərara aldım: İddiaçı1, İddiaçı2 və İddiaçı3 ərizəsi geri qaytarılsın. İddiaçı1, İddiaçı2 və İddiaçı3 izah edilir ki, qərardadda göstərilən nöqsanları aradan qaldırmaqla yenidən ümumi qaydada ikinci dəfə müvafiq məhkəməyə müraciət etmək hüquqları vardır. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar