Məhkəmə qərarları › İş №2(019)-511/2021

Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-511/2021

08.04.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-511/2021 08.04.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Ərizəçi onun doğum tarixi ilə bağlı vətəndaşlıq vəziyyəti aktı qeydində düzəliş edilməsinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq, müəyyən etdim: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Balakən rayonu Tülü kənd icra nümayəndəliyi tərəfindən 06.11.1959-cu il tarixdə tərtib edilmiş 135 saylı doğum akt qeydində doğum tarixinin 31.10.1959-cu ildən xx.xx.1959-cu ilə düzəliş edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəyə ona əlavə edilmiş sənədlərlə birlikdə baxaraq, hesab edirəm ki, məhkəmə qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə hazırki ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-nin 305-ci maddəsində məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlərin siyahısında, həmçinin həmin Məcəllənin 307-ci maddəsində hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərin siyahısında vətəndaşlıq vəziyyəti aktının qeydində düzəliş edilməsi haqqında işlərə baxılması nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası MPM-nin 305.1.7-ci maddəsində və 339-341-ci maddələrində məhkəmənin xüsusi icraat qaydasında vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası MPM-nin 340-cı maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında ərizədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərin düzgün olmamasının nədən ibarət olması, nə vaxt və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan hansı orqanın edilmiş qeydi düzəltməkdən imtina etməsi göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 341-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göründüyü kimi, qanunda məhkəmə tərəfindən o cümlədən doğum tarixi ilə bağlı vətəndaşlıq vəziyyəti aktları qeydində düzəliş aparılması müəyyən edilməmişdir. Qanunvericilikdə məhkəmə qaydasında vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi nəzərdə tutulmuşdur ki, vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmamasının müəyyən edilməsinə dair məhkəmə qətnaməsi əsasında da müvafiq qeydiyyat orqanı bu qeydin düzəldilməsini və ya dəyişdirilməsini həyata keçirir. Lakin hazırki ərizədə Ərizəçi onun doğum tarixi ilə bağlı düzəlişin məhkəmə tərəfindən edilməsini xahiş edir. Hansı ki, qanunvericilikdə vətəndaşlıq vəziyyəti aktları qeydiyyatında düzəlişin məhkəmə tərəfindən həyata keçirilməsi nəzərdə tutumamışdır. Yəni bu iş məhkəmə qaydasında baxılmalı deyildir. İşin hallarını və mülki-prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq, hesab edirəm ki, iddianın yolverilməzliyinə görə Ərizəçi onun doğum tarixi ilə bağlı vətəndaşlıq vəziyyəti aktının qeydində düzəliş edilməsinə dair ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Həmçinin ərizəçiyə doğum tarixi ilə bağlı vətəndaşlıq vəziyyəti aktı qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi barədə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263-264 və 266-268-ci maddələrini rəhbər tutub, q ə r a r a a l d ı m: İddianın yolverilməzliyinə görə Ərizəçi onun doğum tarixi ilə bağlı vətəndaşlıq vəziyyəti aktının qeydində düzəliş edilməsinə dair ərizəsinin qəbul edilməsindən imtina edilsin; Ərizəçi doğum tarixi ilə bağlı vətəndaşlıq vəziyyəti aktı qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi barədə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar