Məhkəmə qərarları › İş №2(019)-680/2021

Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-680/2021

08.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-680/2021 08.06.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Ərizəçi hüquqmüəyyənedici sənədlər əsasında verilmiş 0,06 ha torpaq sahəsinin ona məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsini nəzərdən keçirərək, müəyyən etdim: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Balakən rayon XDS Rəyasət heyətinin 22 fevral 1994-cü il tarixli, 47 nömrəli iclas protokolunun qərarına və Balakən Rayon İcra Hakimiyyəti Memarlıq va Tikinti şöbasinın 04 fevral 2021 -ci il tarixli ayrıc aktına əsasən Balaxan şəhəri ("Kübrə birliyi" adlı ərazidə) ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin “X1”' yox, “X2” məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra Azərbaycan Respublikası MPM) 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-39-cu fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Hazırki ərizənin məhkəmə icraatının mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, ərizənin Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət olunmamışdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsində işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb, Azərbaycan Respublikası MPM-nin 149.2.5-ci maddəsinə əsasən ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 50.0.5-ci maddəsinə əsasən ərizəyə iddiaçının öz tələblərinin əsaslandırıldığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri əlavə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən müəyyən olunur. Göründüyü kimi, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində, nə də digər qanunvericilik aktlarında hüquqi əhəmiyyəti olan fakt kimi hər hansı torpaq sahəsinin şəxsə məxsus olması faktının müəyyən olunması nəzərdə tutulmamışdır. Ona görə də hesab edirəm ki, hazırki ərizədə ərizəçinin irəli sürdüyü tələb düzgün göstərilməmişdir. Belə ki, ərizədə tələb kimi hüquqmüəyyənedici sənədlər əsasında verilmiş torpaq sahəsinin şəxsə məxsus olması faktının müəyyən edilməsi deyil, həmin hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsi qeyd olunmalıdır. Şərh olunanlar hazırki ərizənin qaytarılması üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Ona görə də hesab edirəm ki, Ərizəçi hüquqmüəyyənedici sənədlər əsasında verilmiş 0,06 ha torpaq sahəsinin ona məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi geri qaytarılmalı və Ərizəçi ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149-152, 263-264 və 266- 268-ci maddələrini rəhbər tutaraq, qərara a l d ı m: Ərizəçi hüquqmüəyyənedici sənədlər əsasında verilmiş 0,06 ha torpaq sahəsinin ona məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi geri qaytarılsın; Ərizəçi ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar