Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-464/2025 29.04.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurduğu maddi ziyana görə onun xeyrinə 450 manat məbləğində pul vəsaiti, 70 manat dərman preparatlarına verdiyi nağd pulun və 20 manat çəkdiyi xərcin, ödədiyi 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bərdə rayon, Qarayusifli kəndində ailəsi ilə yaşayır, iş yeri yoxdur və yaşadığı ünvanda xırda heyvandarlıq təsərrüfatı ilə məşğul olur. xx.xx.2024-cü il tarixdə xırdabuynuzlu heyvan almaq üçün Bərdə rayon mal bazarına getmiş, həmin müddət bazarda alver edən Cavabdeh 3 baş xırdabuynuzlu heyvanın ümumi qiymətinin cəmi 450 (dörd yüz əlli) manata almış və cavabdehlə heyvanın sağlam olması barədə söhbət etmişlər, hətta adını Şahin olaraq demişdir. 02 markalı jiquli avtomobillə heyvanları gətirmişdir. Cavabdeh ona bildirmişdir ki, ona satdığı heyvanlar tam sağlamdır və öz təsərrüfatında saxlayıb. O, razlaşmış və heyvanların sağlamlığı və cavabdehə məxsus olması barədə arayış istəmiş, lakin cavabdeh mal bazarına təcili gəldiyini bildirərək, telefon nömrəsini ona vermişdir. O, cavabdehin telefonuna zəng edib aktiv olduğuna əmin olmuş və heyvanları yaşadığı ünvana aparmaq üçün 20 manat avtomobilə vermiş və yaşadığı ünvana aparmış, heyvanların həyətə çatan vaxt halı dəyişmişdir. O, tez bir zamanda baytar həkimi çağırmış, heyvanları müalicə etdirmək üçün 70 manat dərman preparatları almış, buna baxmayaraq cavabdehdən aldığı heyvanın 2 başı həmin aldığı günün səhərisi ölmüş, dərhal o cavabdehin telefonuna zəng etmiş, lakin zəng açıb guya heç nə olmayıbmış kimi cavab vermiş, sonradan zəng çatsa da telefonu götürməmiş, ona dələduzluq yolu ilə xəstə heyvanları verən cavabdeh barədə Azərbaycan Respublikasının Daxilişlər Nazirliyinin 102 qaynar xəttinə məlumat vermişdir. Cavabdehin işlətdiyi telefon nömrəsi həyat yoldaşı X1 adına olmuşdur. Cavabdehdən ona vurduğu maddi ziyanı tələb etsə də, cavabdeh müəyyən bəhanələr edir, artıq onun yalan vədlərinə inanmır. Məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini, iddiaçını tanımadığını, ona xırdabuynuzlu heyvan satmadığını, Bərdə rayon mal bazarına getmədiyini bildirmişdir. Ona görə də iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını və şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə vermiş X2 ifadəsində bildirmişdir ki, İddiaçı onun qonşusudur. xx.xx.2024-cü il tarixdə iddiaçı ilə Bərdə rayon mal bazarına getmişdilər. Cavabdehdə orda xırdabuynuzlu heyvan satırdı. İddaçı cavabdeh ilə razılığa gəlib, ondan 450 manata 3 baş xırdabuynuzlu heyvanı almışdır. Sonradan isə iddiaçı bildirmişdir ki, heyvan xəstə olduğundan ölmüş və bu barədə polisə məlumat vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bərdə RPŞ tərəfindən xx.xx.2024-cü il tarixdə İddiaçı ünvanlanmış məktubdan görünür ki xx.xx.2024-cü il tarixli ərizədə göstərmiş xüsusatlar mülki iddia xarakterli olduğundan aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etmək hüququ İddiaçı izah olunmuşdur. Baytar həkimi Qasımov Rafiq, Qarayusifli kənd sakinləri İddiaçı və Mahmudov Fizulinin iştirakı ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli Aktdan görünür ki, Bərdə rayonu, Qarayusifli kənd sakini İddiaçı həyətində olan və xx.xx.2024-cü il tarixində Bərdə rayon mal-qoyun bazarında alınmış 3(üç) baş xırda buynuzlu heyvanın biri həmin günü, qalan ikisi də xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə ölməsinə şahid olmuşlar. Odur ki, akt tərtib edib doğruluğunu öz imzaları ilə təsdiq etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 587.1-ci maddəsinə əsasən, əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə alış qiymətinin mütənasib azaldılması; əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb etsin. 587.2-ci maddəsinə əsasən, əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə- alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. 587.3-cü maddəsinə əsasən, bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər. 587.4-cü maddəsinə əsasən, komplektə daxil olan əşya hissələri lazımi keyfiyyətli olmadıqda alıcı əşyanın həmin hissəsi barədə bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində nəzərdə tutulan hüquqları həyata keçirə bilər. 587.5-ci maddəsinə əsasən, əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alğı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 588.1-ci maddəsinə əsasən, əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. 588.2-ci maddəsinə əsasən, satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. 608-ci maddəsinə əsasən, əgər bu paraqrafın aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alğı-satqısına əşyaların alğısatqısı haqqında ümumi müddəalar tətbiq edilir. 609.1-ci maddəsinə əsasən, heyvan, quş və balıq satıcısı yalnız müqaviləyə aşağıda müəyyənləşdirilmiş uyğunsuzluqlar (başlıca qüsurlar) üçün və yalnız bu qüsurların konkret müddətlər (qarantiya müddətləri) ərzində aşkara çıxdığı halda məsuliyyət daşıyır. 609.2-ci maddəsinə əsasən, faydalı və damazlıq heyvanların satıldığı halda cıdır və yük heyvanlarında - manqo, şüurun azalması ilə baş beyinin sağalmaz xəstəliyi, qırtlağın və ya traxeyanın və ya ağ ciyərlərin və ya ürəyin sağalmaz xəstəliyi nəticəsində tənəffüsün çətinləşməsi, habelə gözün daxili orqanlarının iltihablı dəyişməsi - 14 günlük qarantiya müddəti ilə; qaramalda - heyvanın vəziyyəti ümumən pisləşməklə vərəm xəstəliyi - 14 günlük qarantiya müddəti ilə, habelə ağ ciyərlərin tam iltihabı - 28 günlük qarantiya müddəti ilə; davarda - qoturluq - 14 günlük qarantiya müddəti ilə, qızıl yel - 3 günlük qarantiya müddəti ilə; taun - 10 günlük qarantiya müddəti ilə başlıca qüsurlar sayılır. 609.5-ci maddəsinə əsasən, qarantiya müddəti riskin alıcıya keçdiyi günün sonundan başlanır. 611-ci maddəsinə əsasən, qarantiya müddəti ərzində hər hansı başlıca qüsur aşkar edildikdə ehtimal olunur ki, həmin qüsur riskin alıcıya keçdiyi ana qədər mövcud idi. 612.1-ci maddəsinə əsasən, heyvanlarda, quşlarda və balıqlarda başlıca qüsurların olması nəticəsində alıcı yalnız müqavilənin ləğvini tələb edə bilər, qiymətin azaldılmasını isə tələb edə bilməz. 612.1.2-ci maddəsinə əsasən, əgər müqavilə ləğv edilənədək alıcının cavabdeh olduğu hallar nəticəsində heyvanın, quşun və ya balığın vəziyyəti əhəmiyyətsiz dərəcədə pisləşmişdirsə, alıcı onun dəyərinin azalmasını kompensasiya etməlidir. Heyvandan, quşdan və ya balıqdan istifadə nəticəsində hər hansı faydanın əvəzini alıcı yalnız bu cür faydanı əldə etmiş olduğu halda ödəyir. 612.1.3-cü maddəsinə əsasən, müqavilənin ləğv edildiyi halda satıcı alıcıya heyvanın yemlənməsinə və bəslənməsinə, baytarlıq müayinələrinə və qulluğuna çəkilmiş xərclərin, habelə heyvanın məcburən öldürülməsinə və uzaqlaşdırılmasına çəkilmiş xərclərin əvəzini ödəməlidir. 612.2-ci maddəsinə əsasən, müəyyən cins əlamətləri olan heyvan, quş və ya balıq alıcısı müqavilənin ləğvi əvəzinə tələb edə bilər ki, müqaviləyə uyğun gəlməyən heyvanın, quşun və ya balığın əvəzinə ona müqaviləyə uyğun gələn heyvan verilsin. 612.3-cü maddəsinə əsasən, əgər satıcı heyvanın, quşun və ya balığın hər hansı başlıca qüsurlarının olmadığına və ya hər hansı konkret xassələrinin olduğuna xüsusi qarantiya verirsə və onlar bu qarantiyaya uyğun gəlmirsə, alıcı müqavilənin ləğvini və ya icra edilməmə nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmə hesab edir ki, iddia üzrə sübutetmə yükü üzərinə düşən iddiaçı, iddiasının faktiki əsası kimi istinad etdiyi halları – yəni, 450 manat məbləğinə 3 baş qoyun almasını, 70 manat dərman preparatlarına ödədiyi pulu və 20 manat qoyunların aparılmasına görə maşına ödədiyi xərc tələb etsə də, tələbini biri digərini tamamlayan mötəbər dəlillərlə sübut edə bilməmişdir. Belə olan halda isə, onun həmin dəlillərini əsaslı hesab etmək mümkün deyildir. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”. Məhkəmənin qənaətinə görə, iş üzrə dindirilmiş şahid ifadəsinə gəldikdə isə, həmin şahidin ifadəsi “əsaslı şübhədən kənar” sübut kimi qəbul edilə bilməz. Həmçinin nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İddianın rədd edilməsi əsas götürülərək iddiaçı tərəfindən iddia ərizəsi məhkəməyə təqdim olunarkən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Kоnstitusiyаsının 127-ci mаddəsinin İİ hissəsində ədаlət mühаkiməsinin həyаtа kеçirilməsinin əsаs prinsipləri kimi işlərə qərəzsiz, ədаlətlə, tərəflərin hüquq bərаbərliyinə, fаktlаrа əsаsən və qаnunа müvаfiq bаxılmаsı təsbit еdilmişdir. Аzərbаycаn Rеspublikаsı MPM-nin 9.1-ci mаddəsində göstərilir ki, ədаlət mühаkiməsi çəkişmə, tərəflərin bərаbərliyi və fаktlаr əsаsındа həyаtа kеçirilir. Həmin Məcəllənin 9.3-cü mаddəsində göstərilir ki, məhkəmə bütün hаllаrdа prоsеsin çəkişmə prinsipini təmin еtməli, öz qərаrını yаlnız tərəflərin çəkişmə prinsipinə əsаsən müzаkirə еtdiyi dəlillərlə, оnlаrın vеrdiyi izаhаtlаrlа, sənədlərlə əsаslаndırmаlıdır. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №2(020)-464/2025
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-464/2025
29.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver