Məhkəmə qərarları › İş №2(021)-1102/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1102/2021

30.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1102/2021 30.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cəmi 1052,89 manatbundan 316,33 manat əsas, 693,52 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 43,04 manat borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Nərimanov filialı ilə Cavabdeh arasında bağlanmış 09 dekabr 2014-cü il tarixli 958478 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə 300 manat məbləğində kredit xətti açılmışdır. Kredit xətti müqaviləsinin 3.3-cü bəndinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də o, bu öhdəliyi yerinə yetirməmişdir. 19.11.2020-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 1052,89 manat təşkil edir. Bundan 316,33 manat əsas, 693,52 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 43,04 manat faiz borcu təşkil edir. Kredit müqaviləsinin 3.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bnkın hüququ vardır. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********351 saylı 25.11.2020-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X2 məhkəməyə teleqram göndərərək təyin olunmuş məhkəmə baxışını iştirakları olmadan keçirib iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Onun məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə k i, iş materiallarında olan 09 dekabr 2014-cü il tarixli 1031-14 saylı kredit kartın verilməsi və istifadəsi üzrə müqavilədən müəyyən olunur ki, bu müqavilənin predmeti bank tərəfindən buraxılmış “Dəmir Taksit” kredit kartının müştəriyə verilməsi, kart vasitəsilə kredit xəttinin açılması, müştəri tərəfindən isə kart vasitəsilə mallar, iş və xidmətlər üzrə ödənişlərin yerinə yetirilməsi, nağd pul vəsaitinin əldə edilməsi, habelə kredit xətti üzrə öhdəliklərin yerinə yetirilməsi üzrə əməliyyatların həyata keçirilməsi barədə öhdəlikdir. -bank müştəri üçün 24 ay müddətinə kredit buraxır. Bank tərəfindən kart bankın xüsusi mülkiyyətidir. İş materiallarında olan 04 dekabr 2020-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, 19.11.2020-ci il tarixə Cavabdeh əsas borcu 316,33 manat əsas, müqavilənin bitmə tarixinə hesablanmış 693,52 manat cərimə borcu, 43,04 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği olmaqla, cəmi 1052,89 manat təşkil edir. İş materiallarında olan 25 noyabr 2020-ci il tarixli bildiriş surətindən müəyyən olunur ki, Cavabdeh bank ilə aralarında olan münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə, tələb olunan borcun ödənilməsini 3 gün ərzində təmin etməsi, əks təqdirdə bank öz mülki hüquqlarının müdafiəsi məqədi ilə kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət edəcəyi barədə cavabdehi xəbərdar etmişdir. İş materiallarında olan 02 fevral 2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, ləğv prosesində olan İddiaçı ASC məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iş üzrə sənədləri araşdıraraq müəyyən etdi ki, Cavabdeh 09.12.2014-cü il tarixli kredit müqaviləsinə əsasən ona verilmiş kredit borcunu vaxtında icra etmədiyindən, hazırda onun 316,33 manat əsas, müqavilənin bitmə tarixinə hesablanmış 693,52 manat cərimə borcu olmaqla, cəmi 1009,85 manat məbləğində borcu yaranmışdır. Cavabdehə dəfələrlə borcunu ödəməsi üçün yazılı və şifahi məlumat verilsə də, o, borcunu ödəməkdən yayınmışdır. Məhkəmə yuxarıda qeyd olunan sübutların məcmusuna qiymət verərək hesab edir ki, Cavabdeh kredit alması və həmin kredit üzrə 316,33 manat əsas, müqavilənin bitmə tarixinə hesablanmış 693,52 manat cərimə borcu olmaqla, cəmi 1009,85 manat məbləğində borcu yaranması sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Cavabdeh 09 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış 316,33 manat əsas, müqavilənin bitmə tarixinə hesablanmış 693,52 manat cərimə borcunu ödəməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, tələb edilən cərimə pulunun miqdarı yaranmış müqavilə üzrə əsas borc 316,33 manat məbləğinə mütənasib olmadığından 693,52 manat məbləğində cərimə pulunun 13,52 manat məbləğinə azaldılması məqsədəuyğundur. Məhkəmə yuxarıda göstərilən maddi və prosessual hüquq normalarına əsasən hesab edir ki, Cavabdeh kredit alması və həmin kredit üzrə 316,33 manat əsas kredit borcu, 693,52 manat müqavilə müddəti üçün hesablanmış cərimə borcu qalması sübuta yetirildiyindən iddia tələbi 316,33 manat əsas, 13,52 manat cərimə borcunun tutulmasına dair hissədə təmin edilməlidir. İddia tələbinin kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 43,04 manat faiz borcu tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəf qeyd olunan tələblə bağlı məhkəməyə sübut təqdim edə bilmədiyindən, həmçinin iddiaçı iddia müddətinin bitdiyi vaxtdan uzun müddət keçəndən sonra məhkəməyə iddia ərizəsi ilə müraciət etdiyindən, yəni gecikdirilmiş vaxt üçün hesablanmış fazi iddiaçının təqsiri nəticəsində yarandığından iddia tələbi həmin hissədə təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 316,33 manat əsas, 13,52 manat cərimə borcu olmaqla, cəmi 329,85 (üç yüz iyirmi doqquz manat səksən beş qəpik) manat məbləğində kredit borcu və 30 (iyirmi) manat dövlət rüsumu alınaraq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar