Məhkəmə qərarları › İş №2(021)-1551/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1551/2024

03.09.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1551/2024 03.09.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X11 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) cavabdehlər Cavabdeh1 (bundan sonra cavabdeh və ya Cavabdeh1) və Cavabdeh2 (bundan sonra cavabdeh və ya Cavabdeh2) qarşı “Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və X6 borclu-mərhum X4 miras qalmış əmlakın faktiki qəbul edilməsinə və Bərdə Rayon Məhkəməsinin 28 avqust 2015-ci il tarixli, 2(021)-1890/2015 saylı qətnaməsi ilə mərhum X4 tutlmalı olan 3500 manat borcun cavabdehlər Cavabdeh1 və X5 müştərək qaydada alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Bərdə Rayon Məhkəməsinin 28 avqust 2015-ci il tarixli, 2(021)-1890/2015 saylı qətnaməsinə əsasən X4 3500 manat borc pulun alınaraq ona verilməsi qət edilmişdir. Bərdə Rayon İcra və Probasiya Şöbəsinin əməkdaşlarının işə laqeyd yanaşması nəticəsində bu günə kimi borc ödənilməmişdir. Cavabdeh 25 iyul 2019-cu ildə vəfat etmişdir. Bundan sonra Bərdə Rayon İcra və Probasiya Şöbəsi işin icra edilməsinin mümkün olmadığını qeyd edərək icra işinə xitam vermişdir. Halbuki, icra sənədi 4 il icrasız qalmışdır. Hazırda mərhumun faktiki vərəsələri vardır. Belə ki, mərhum X7 faktiki miras əmlakını onun arvadı idarə edir. Mərhumdan miras qalmış əmlaka sahiblik edir. Dəfələrlə hazırkı iş üzrə Cavabdeh1 borcun ödənilməsi ilə bağlı xəbərdarlıq etməsinə baxmayaraq o, borcu ödəməkdən yayınır. Halbuki, cavabdehmərhum X4 miras qalmış torpaq sahəsini arvadı icarəyə vermiş, aralarında yaranmış mübahisəyə görə cavabdeh Bərdə Rayon Məhkəməsində mübahisə qaldırmışdır. Bu isə onu göstərir ki, cavabdeh mirası qəbul etmişdir. Məhkəməyə təqdim edilmiş sənədlərlə bir daha cavabdehin mirası qəbul etdiyi tam sübuta yetirilmişdir. Odur ki, qanunvericiliyin tələblərinə uyğun olaraq mərhumun borcu da cavabdeh tərəfindən ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin əsasının dəyişdirilməsinə dair məhkəməyə ərizə verərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mərhum X7 vərəsələri olması və mirası qəbul etmələri faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ərizəsini müdafiə etdi və ərizədə göstərdiklərinə uyğun izahat verərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mərhum X7 vərəsələri olması və ondan qalmış mirası qəbul etmələri faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin cavabdehlər heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan: AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1963-cü ildə Bərdə rayonu Göyüşlü kəndində anadan olmuşdur və Bərdə rayonu Böyük Göyüşlü kəndində qeydiyyatdadır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Böyük Göyüşlü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 20 fevral 2024-cü il tarixli 66 nömrəli arayışdan görünür ki, İddiaçı Bərdə rayonu Böyük Göyüşlü kəndində yaşayır. Bərdə Rayon Məhkəməsinin 28 avqust 2015-ci il tarixli 2(021)-1890/2015 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, cavabdeh X4 3500 (üç min beş yüz) manat və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 30 manat alınaraq İddiaçı verilməsi qət edilmişdir. “İcra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” Bərdə Rayon İcra və Probasiya Şöbəsinin 13 fevral 2018-ci il tarixli qərarından görünür ki, Bərdə Rayon Məhkəməsinin 28 avqust 2015-ci il tarixli 2(021)- 1890/2015 saylı qətnaməsi əsasında verilmiş icra sənədinin Bərdə Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Bərdə Rayon Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli 8(021)-247/2023 saylı qərardadından görünür ki, tələbkar İddiaçı ərizəsi təmin edilmiş, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin “İcra sənədinin qaytarılması haqqında” xx.xx.2018-ci il tarixli qərarının ləğv edilməsi, Bərdə Rayon Məhkəməsinin 28 avqust 2015-ci il tarixli 2(021)- 1890/2015 saylı icra sənədinin yenidən icraya yönəldilməsi qərara alınmışdır. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(021)-715/2023 saylı qərardadından görünür ki, şikayət təmin edilmiş, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra sənədinin qaytarılmasına dair 18 oktyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi, Bərdə Rayon Məhkəməsinin 2(021)-1890/2015 saylı 28 avqust 2015-ci il tarixli icra sənədinin yenidən icraya yönəldilməsi qərara alınmışdır. Bərdə Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli 8(021)-480/2023 saylı qərardadına əsasən tələbkar İddiaçı Bərdə Rayon Məhkəməsinin 28 avqust 2015-ci il tarixli 2(021)-1890/2015 saylı icra sənədi üzrə vəfat etmiş borclunun onun vərəsələri ilə əvəz edilməsi üçün Bərdə Rayon İcra və Probasiya Şöbəsi tərəfindən qərar qəbul edilməsi barədə ərizəsi təmin olunmamışdır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Kolayır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 12 iyun 2024-cü il tarixli 250 nömrəli arayışdan görünür ki, ərazinin Kolayır kəndində yaşamış, xx.xx.2019-cu ildə ölmüş mərhum X7 miras əmlakını ölümündən sonra arvadı Cavabdeh1, oğlu Cavabdeh2, qızı X3 və qızı X8 qəbul etmişlər. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Kolayır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 12 iyun 2024-cü il tarixli 249 nömrəli arayışından görünür ki, ərazinin Kolayır kəndində yaşamış, xx.xx.2019-cu ildə ölmüş mərhum X7 miras əmlakını ölümündən sonra arvadı Cavabdeh1 və oğlu Cavabdeh2 idarə edirlər. Bərdə Rayon Kolayır Bələdiyyəsinin 19 may 2024-cü il tarixli 18 nömrəli məktubundan görünür ki, mərhum X9 məxsus evdə arvadı Cavabdeh1 və oğlu Cavabdeh2 yaşayır, pay torpağından istifadə edirlər. Bərdə regional “ASAN xidmət” mərkəzi Notariat Ofisi tərəfindən verilmiş 27 may 2024-cü il tarixli 1275/2024 nömrəli məktubdan görünür ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X7 vəfatından sonra irs qalmış miras əmlaka dair vərəsəlik işinin açılıbaçılmamasına dair “Elektron notariat” X1 məlumat axtarış bazasına nəzər salınmış, 27 may 2024-cü il tarixədək olan dövrə heç bir məlumat aşkar olunmamışdır. 28 fevral 2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nin: 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2 və 307.2.9-cu maddələrinə əsasən, mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerini faktı məhkəmə tərəfindən müəyyən edilir. 308-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, mərhum X7 vərəsələrinin arvadı Cavabdeh1 və oğlu Cavabdeh2 olması və Elman Qurbanovdan irs qalmış əmlakın onlar tərəfindən qəbul edilməsi iddiaçının məhkəmə iclasında verdikləri izahatı və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, X7 vərəsələrinin Cavabdeh1 və Cavabdeh2 olması və mirasın onlar tərəfindən qəbul edilməsi faktı müəyyən olunmalıdır. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, iddiaçı həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması isə iddiaçıya Bərdə Rayon Məhkəməsinin 28 avqust 2015-ci il tarixli 2(021)-1890/2015 saylı qətnaməsinin icrası ilə bağlı lazımdır. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, habelə təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, ərizəçi İddiaçı öz tələbini mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-nin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, ərizəçi məhkəmədə iddia qaldırmaq üçün dövlət büdcəsinə 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, ərizənin verilməsi üçün ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233, 305-307 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Vərəsəlik faktının müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 mərhum X7 vərəsələri olması və ondan miras qalmış əmlakın Cavabdeh1 və Cavabdeh2 tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. İddianın qaldırılması üçün ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver