Məhkəmə qərarları › İş №2(021)-1622/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1622/2024

27.06.2024 · Müqavilələrin bağlanması - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1622/2024 27.06.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X15 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) cavabdehlər Kərı̇ mov Əziz Savalan oğluna (bundan sonra cavabdeh və ya Cavabdeh1) və Qurbanov Çı̇ ngı̇ z Məmməd oğluna (bundan sonra cavabdeh və ya Cavabdeh2) qarşı, üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi olmaqla, "Alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və reyestrdən çıxarışın etibarsız hesab edilməsi" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Bərdə rayonu Saatlı kəndi ərazisində yerləşən 1,0 ha təsərrüfat təyinatlı torpaq sahəsinin Cavabdeh1 tərəfindən 2009-cu ildə ona 3000 manata satılmasına dair onunla aralarında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə və digər Cavabdeh2 adına olan xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********90 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Ağdam rayonundan məcburi köçkün kimi ailə üzvləri ilə birlikdə 2005-ci ildən Bərdə rayonu Saatlı kəndində məskunlaşıb yaşayır. 2005-ci ilədək ailələri əvvəlcə Bərdə rayonu Şirvanlı kəndində, daha sonra isə Qax rayonunda məcburi köçkün kimi məskunlaşıb yaşamışdır. Onun və ailə üzvlərinin əsas fəaliyyəti heyvandarlıqla məşğul olmaq olduğuna görə şəxsi təsərrüfatında bir xeyli mal-qarası vardır. Saatlı kəndində məcburi köçkün kimi məskunlaşandan sonra mal-qaranı saxlamaq üçün ot və yem cəhətdən çətinlik çəkmişdir. Ona görə də 2009-cu ildə qərara gəlmişdir ki, torpaq sahəsi alıb orada yonca əkib-becərsin, bununla da heyvanlarının ot problemini həll etsin. Həmkəndlisi olan, əvvəldən yaxşı tanıdıqları Cavabdeh1 atasına bildirmişdir ki, onun ailə üzvlərinin Bərdə rayonu Saatlı kəndində Bərdə Rayon Aqrar İslahat Komissiyasının qərarı il verilmiş 2,01 ha kənd təsərrüfatı təyinatlı pay torpağı vardır, onun 1 hektarını Saatlı kənd sakini X1, qalan 1 hektarı, bundan başqa nənəsindən miras qalmış, çiy kərpicdən tikilmiş, heç kimin yaşamadığı, Saatlı kəndində yerləşən köhnə tikili evi satır. Atası ilə birlikdə Cavabdeh1la görüşmüş, Cavabdeh1 bildirmişdir ki, sözügedən 1 hektar torpağı və nənəsindən miras qalmış evi birlikdə ona 11000 manata sata bilər. Bunun 3000 manatı 1 hektar pay torpağının, 8000 manatı isə nənəsindən miras qalmış evə görədir. Razılaşmışlar və bir neçə gündən sonra 11000 manat pulu atası ilə birlikdə aparıb Saatlı kəndində Cavabdeh1 nənəsindən miras qalmış evin həyətində şəxsən Cavabdeh1 vermişdir. Cavabdeh1 bildirmişdir ki, bu gündən etibarən həmin ev və həmin 1 ha pay torpağı onundur, satdığı 2,01 ha pay torpağına dair mülkiyyət sənədi olan Dövlət X3 vermişdir, Dövlət Aktını ondan alıb həmin torpağın 1 ha hissəsini ona satdığını rəsmiləşdirərlər, yəni alqı-satqı müqaviləsi bağlayarlar. Həmkəndli kimi bir-birlərini tanıdıqlarından və yaxşı münasibətləri olduğundan, bu səbəblərdən də Cavabdeh1 inandığına görə 11000 manatı ona verməsini notariat qaydada rəsmiləşdirməyə, sözügedən 1 ha torpaq sahəsinin və miras evin dərhal adına notariat təsdiqli alqı-satqı müqaviləsi ilə rəsmiləşdirilməsinə ehtiyac bilməmişdir. Lakin 2009-cu ildən başlayaraq 1 ha torpaq sahəsindən istifadə etməyə başlamışdır. Ev isə köhnə və uçuq-sökük olmaqla yaşayış üçün tam yararsız olduğuna görə onu uçurmuş, yerində ev tikmişdir. Bir neçə dəfə Rasim Əliyevdən xahiş etmişdir ki, dövlət aktını ona versin, Cavabdeh1 aldığı 1 ha torpaq sahəsini adına rəsmiləşdirsin. Rasim Əliyev ona bildirmişdir ki, Cavabdeh1 həqiqətən də dövlət aktını ona vermişdir, ancaq dövlət aktını tapa bilmir. Sonrakı illərdə isə Cavabdeh1 xəstələnmiş, daha sonra arvadından boşanmış, əsasən Bakı şəhərində müalicə olunub və orada oğlunun evində qalmışdır. Odur ki, 1 ha torpaq sahəsini rəsmi alqı-satqı müqaviləsi bağlanılmaqla onun adına rəsmiləşdirilməsi məsələsi yubanmış və baş tutmamışdır. 2023-cü ilin əvvələrində Cavabdeh1 Fatma və Məhsəti adlı qızları gəlib ona bildirmişlər ki, 14 ildir ki, istifadə etdiyi 1 ha pay torpaq sahəsi onların pay torpaqlarıdır. Torpaqlarını boşaldıb onlara təhvil verməsini tələb etmişlər. Torpaq sahəsini və evi almaq üçün onların atası Cavabdeh1 2009-cu ildə 11000 manat pul verdiyini bildirdikdə onlar atalarının onlara heç bir pul vermədiyini və ya xərcləmədiyini bildirmişlər. Daha sonra isə Fatma və Məhsəti onun barəsində Bərdə Rayon Polis Şöbəsinə şikayət etmişlər ki, guya özbaşına onların pay torpaq sahəsini zəbt etmişdir. Odur ki, atası Camal Məmmədovla birlikdə Bakı şəhərinə gedib Cavabdeh1 tapmışdır. Cavabdeh1 bildirmişdir ki, 2009-cu ildə onun qızları Fatma və Məhsəti uşaq olublar, odur ki, torpağı satarkən onların razılığını almağa ehtiyac olmayıb, torpağı həqiqətən də ona satmışdır. Cavabdeh1 ona etibarnamə yazıb vermişdir. 2023-cü ilin iyun ayında isə onun adına Bərdə Rayon Məhkəməsindən məhkəmə bildirdişi gəlmişdir. Həmin bildirişdə göstərilmişdir ki, iddiaçı Cavabdeh2 ona qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir və iş üzrə şifahi icraat qaydasında hazırlıq iclası Bərdə Rayon Məhkəməsinin inzibati binasında keçirilməklə xx.xx.2023-cü il tarixə təyin edilmişdir. Yalnız bu zaman, yəni həmin iş üzrə keçirilmiş məhkəmə iclaslarında ona məlum olmuşdur ki, Cavabdeh1 ona satdığı 1 ha pay torpaq sahəsi də daxil olmaqla, onun X2 bildirdiyi 1 ha torpaq sahəsi - cəmi 2,01 ha torpaq sahəsi artıq xx.xx.2023-cü il Qeydiyyat tarixli, ********** Qeydiyyat nömrəli, **********90 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” əsasında Cavabdeh2 xüsusi mülkiyyətidir. Cavabdeh2 qızı Rasim Əliyevin oğlu X7 arvadıdır. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-152/2024 saylı qərardadı ilə Cavabdeh2 həmin iddiası baxılmamış saxlanılmışdır. Cavabdeh2 adına olan həmin Çıxarışı qanunsuz hesab edir. Belə ki, Çıxarışda göstərilən 2,01 ha torpaq sahəsinin 1 ha hissəsi 2009-cu ildə Cavabdeh1 tərəfindən ona 3000 manata satılmışdır. 2009-cu ildə onun qızları Fatma və Məhsəti azyaşlı olduqlarına görə Cavabdeh1 valideyn kimi bu alqısatqını etməkdə hüquqlu olmuşdur. Beləliklə də, rəsmən olmasa da, faktiki olaraq Cavabdeh1 ilə onun arasında şifahi əqd-alqı-satqı müqaviləsi bağlanmışdır. 2009-cu ildən 2023-cü ilin yayına kimi, yəni 14 il ərzində həmin 1 ha torpaqdan o istifadə etmişdir. Heç kim tərəfindən, o cümlədən də Cavabdeh2 tərəfindən ona qarşı həmin torpaq sahəsindən istifadə etməsi ilə bağlı hər hansı bir narazılıq və ya irad olmamışdır. Əksinə, Cavabdeh2 bildirmişdir ki, həmin 1 ha torpaq sahəsini Cavabdeh1 2009-cu ildə ona satmışdır. Cavabdeh1 xx.xx.2023-cü il tarixli yazılı Etibarnamə verməklə təsdiq edir ki, nənəsindən miras qalmış evi və pay torpağını 2009-cu ildə ondan 11000 manat pul almaqla həqiqətən də ona satmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək göstərdi ki, iddiaçının qeyd etdiyi 1 ha torpaq sahəsi hazırda onun mülkiyyətindədir. Belə ki, digər Cavabdeh1 qızları onunla görüşərək özlərinin mülkiyyətində 1 ha torpaq sahəsinin olduğunu, həmin torpaq sahəsini ilk öncə İddiaçı təklif etdiklərini, lakin İddiaçı torpağı almaqdan imtina etdiyini və hazırda həmin torpaq sahəsini satmaq istədiklərini ona bildirmişlər. O da həmin 1 ha torpaq sahəsini rəsmi qaydada alaraq öz adına rəsmiləşdirmişdir. Əgər iddiaçı həmin 1 ha torpaq sahəsini almışdırsa, niyə bu illər ərzində öz adına rəsmiləşdirməmişdir? Odur ki, iddia tələbi əssasız olduğuna görə rədd olunmasını xahiş edir. Cavabdeh1 və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin Cavabdeh1 və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, onların gəlməməsinin üzrlü səbəblərdən olması haqqında məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.5-ci maddəsinə əsasən Cavabdeh1 və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 göstərdi ki, Cavabdeh2 qudasıdır, yəni, Cavabdeh2 qızı onun oğlunun arvadıdır. Cavabdeh1 və ailə üzvlərinin adına 2 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuşdur. Bir neçə il əvvəl həmin 2 ha torpaq sahəsinin 1 ha hissəsini almış, digər 1 ha torpaq sahəsini isə İddiaçı istifadə etmişdir. Bundan başqa Cavabdeh1 anasından qalmış evi İddiaçı almışdır. Aldığı 1 ha torpaq sahəsini öz mülkiyyətinə keçirmiş və bununla bağlı çıxarış almışdır. Aldığı 1 ha torpaq sahəsi Cavabdeh1, arvadının və oğlunun mülkiyyətində olan torpaq sahəsi olmuşdur. Digər 1 ha torpaq sahəsi isə Cavabdeh1 qızlarının mülkiyyətində olan torpaq sahəsi olmuşdur. Bir müddət əvvəl evdə olarkən Cavabdeh1 qızları və İddiaçı onlara gəlmişlər. İddiaçı ona bildirmişdir ki, bu qızlar öz mülkiyətlərində olan torpağı satır. O da ona torpaq lazım olmadığını demişdir. Sonuncuya “Torpağı sən istifadə edirsən, sən də al” demişdir. İddiaçı torpağı almaq istəmədiyini bildirmişdir. Cavabdeh1 qızları bildirmişlər ki, “əgər torpağı almırlarsa onlar torpaqlarını başqa şəxsə satırlar”. İddiaçı bildirmişdir ki, neçə ildir sahə qonşusudurlar, torpaqları sərhəddir, bir-birlərini tanıyırlar, xasiyyətlərinə bələddirlər. Ona görə də torpağı alsın, torpaq başqa şəxsə satılmasın. Torpağın satılmasından hətta Bərdə rayonu Həsənqaya Bələdiyyəsinin də məlumatı olmuşdur. Sövdələşmə olmamış, Cavabdeh1 qızları çıxıb getmişlər. Bir neçə gün sonra İddiaçı torpağı alıb-almamasını soruşmuş, sonuncu torpağı almadığını bildirmişdir. Dəfələrlə təkid etməsinə baxmayaraq İddiaçı torpağı almayacağını bildirmişdir. Cavabdeh1 qızları bir daha kəndə gələrək torpağı satmaq istəyərkən, özünün imkanı olmadığından və torpaq sahəsi tanımadığı adamla qonşu olmasın deyə, həmin 1 ha torpağın alınmasını qudası Cavabdeh2 təklif etmişdir. Cavabdeh2 razılaşaraq pul müqabilində həmin 1 ha torpaq sahəsini mülkiyyətçilərdən alaraq öz adına rəsmiləşdirmişdir. Bir aydan sonra isə İddiaçı narazılığını bildirmişdir ki, “niyə sən almısan bizim torpağı, niyə bu cür hərəkətlər etmsən”. Bundan sonra iddiaçı tərəfindən ona qarşı təhdid və hədələr olmuşdur. Bildirir ki, Cavabdeh1 ilə İddiaçı arasında 2009-cu ildə heç bir alqı-satqı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 göstərdi ki, su cuvarı işləyir. Əvəz Kərimovun 1 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini eşitdiyinə görə İddiaçı almış, həmin torpaq sahəsi iddiaçının yaşadığı evin arxasında olmuşdur. Cavabdeh1 torpağı İddiaçı satdığını bildirmişdir. Lakin onun iştirakı ilə alqı-satqı olmamışdır. 2008- 2010-cu illərdə həmin torpaq sahəsi onun tərəfindən suvarılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 göstərdi ki, eşitdiyinə görə Cavabdeh1 və ailə üzvlərinə məxsus olan 2 ha torpaq sahəsinin 1 ha hissəsini İddiaçı almış və əkib-becərmişdir. Lakin onun iştirakı ilə alqı-satqı olmamışdır. Sonradan məlum olmuşdur ki, həmin torpaq sahəsi hansı formadasa başqa şəxsin mülkiyyətinə verilmişdir. 8-9 il olar ki, İddiaçı istifadə etdiyi torpaq sahəsini suvarır. İddiaçı evi alanda torpaq sahəsini də almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 göstərdi ki, eşitdiyinə görə İddiaçı Cavabdeh1 məxsus evi və 1 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini alıb və əkib-becərib. Lakin alqı-satqı notariat qaydada olmamışdır. Habelə alqı-satqıda o iştirak etməmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, şahidləri dindirib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1965-ci ildə Ağdərə rayonu Çıldran kəndində anadan olmuşdur, Ağdam rayonu Baş Güney kəndində qeydiyyatdadır. AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1961-ci ildə Bərdə rayonu Həsənqaya kəndində anadan olmuşdur, Bərdə rayonu Həsənqaya kəndində qeydiyyatdadır. AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1963-cü ildə Bərdə rayonu Saatlı kəndində anadan olmuşdur, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi İsazadə küçəsi 2 nömrəli yataqxanada qeydiyyatdadır. Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Bərdə rayonu bölməsinin 15 mart 2024cü il tarixli, 654 nömrəli arayışından görünür ki, İddiaçı Bərdə rayonu Saatlı kəndində müvəqqəti məskunlaşmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 22 may 2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Bərdə rayonu Saatlı kəndində yerləşən 2,01 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ½ hissəsi X7, ½ hissəsi isə Cavabdeh2 mülkiyyətindədir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin rəyindən görünür ki, TEKUİS məlumat bazasına əsasən JN-28 saylı Dövlət aktının əsasında satılmış və Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********90 reyestr nömrəli çıxarışla Cavabdeh2 və X7 birgə mülkiyyətində olan 2,01 ha torpaq sahəsi İddiaçı tərəfindən istifadə olunmur. Beləliklə, işin gerçək halları ilə müəyyən edilir ki, Bərdə rayonu Saatlı kəndində yerləşən 2,01 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 22 may 2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışına əsasən ½ hissəsi X7, ½ hissəsi isə Cavabdeh2 mülkiyyətindədir. İddiaçı Cavabdeh1 məxsus 1 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini sonuncudan 3000 manata aldığını bildirsə də, bu barədə məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): 146.1-ci maddəsinə görə daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2-ci maddəsinə görə daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 646.1-ci maddəsinə görə daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 646.2-ci maddəsinə görə əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 86-cı maddəsinin 7-ci bəndinə görə vətəndaşların və hüquqi şəxslərin mülkiyyətində olan torpaqlar, habelə onlar üzərində istifadə və icarə hüquqları bilavasitə satıldıqda, alqı-satqı tərəflər arasında bağlanılmış və notarial qaydada təsdiq edilmiş alqı-satqı müqavilələri əsasında həyata keçirilir. Göründüyü kimi alqı-satqı tərəflər arasında bağlanılmış və notarial qaydada təsdiq edilmiş alqı-satqı müqavilələri əsasında həyata keçirilməlidir. Cavabdeh1la İddiaçı arasında belə bir müqavilənin olması heç bir sübut növü ilə təsdiq edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, tərəflər arasında torpağın alqı-satqısı ilə bağlı notariat qaydada təsdiq edilmiş müqavilə olmadığından iddia tələbi Bərdə rayonu Saatlı kəndi ərazisində yerləşən 1,0 ha təsərrüfat təyinatlı torpaq sahəsinin Cavabdeh1 tərəfindən 2009-cu ildə ona 3000 manata satılmasına dair onunla aralarında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair hissədə təmin edilməməlidir. Məhkəmə iddianın “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın etibarsız hesab edilməsinə dair hissəsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi Bərdə rayonu Saatlı kəndi ərazisində yerləşən 1,0 ha təsərrüfat təyinatlı torpaq sahəsinin Cavabdeh1 tərəfindən 2009-cu ildə ona 3000 manata satılmasına dair onunla aralarında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair hissədə təmin edilmədiyindən, iddia Cavabdeh2 adına olan xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********90 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın etibarsız hesab edilməsinə dair hissədə də təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə görə, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İnsan Hüquqlarının və X5 X4 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc (sərbəst) istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin “Akimova Azərbaycana qarşı” məhkəmə işi üzrə 27 sentyabr 2007-ci il tarixli qərarının 42-ci bəndində göstərilmişdir ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edir ki, razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir. Qeyd olunan qərarın 44-cü bəndində göstərilmişdir ki, məhkəmə xatırladır ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyət hüququndan maneəsiz istifadəyə dövlət orqanının hər hansı müdaxiləsi qanuni olmalıdır. Bundan başqa, demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinə xasdır. Belə nəticəyə gəlinir ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilib-edilməməsi məsələsi yalnız o halda əhəmiyyətli ola bilər ki, müdaxilə qanunilik tələbinə cavab versin və özbaşına olmasın (bax, İatridis Yunanıstana qarşı, № 31107/96, § 58, İHAM 1999-İİ). Konvensiyada «qanun» və «qanuni» anlayışları mahiyyətcə geri daxili qanunvericiliyə istinad edir və həm də qanunun keyfiyyətinə aiddir ki, onun qanunun aliliyi prinsipinə uyğun olmasını tələb edir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, habelə təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, İddiaçı öz iddia tələbinin haqlı olmasını mötəbər sübutlarla sübut edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddiaçı cavabdehlər Kərı̇ mov Əziz Savalan oğluna və Qurbanov Çı̇ ngı̇ z Məmməd oğluna qarşı, üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi olmaqla, "Alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və reyestrdən çıxarışın etibarsız hesab edilməsi" tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver