Məhkəmə qərarları › İş №2(021)-1763/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1763/2021

02.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1763/2021 02.06.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən e t d i: İddiaçı Aslanova Almaz Nəbi qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Hüseynov Zöhrab Nürəddin oğlundan 5.500 manat əsas borc və iddia qaldırmaq üçün ödədiyi 30 manat pulun alınaraq onun xeyrinə verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı Nəbi qızı iddia tələbini onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə cavabdeh Hüseynov Zöhrab Nürəddin oğlunun qardaşı ilə yaxın münasibətləri var idi. Bu səbəbdən də bir neçə dəfə ondan borc istədikdə ona borc vermişdir. Hüseynov Zöhrab Nürəddin oğlu 30 avqust 2020-ci il tarixdə qaytarmaq şərti ilə 13 fevral 2020-ci il tarixdə 4.500 manat, sonradan isə 2 dəfəyə əlavə olaraq 1.000 manat borc vermişdir. Belə ki, Bank vasitəsi ilə ona 500 manat və 500 manat pul göndərmişdir. Ümumilikdə ondan 5.500 manat pul almışdır. Bu barədə cavabdehin ondan pul almasını təsdiq edən öz xətti ilə yazdığı iltizamı iddia ərizəsinə əlavə etmişdir. Borclarını qaytarmadığını görüb pulunu tələb etdikdə hər dəfə müxtəlif bəhanələr gətirməyə başlamışdır. Bərdə Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etməsinə baxmayaraq, heç bir nəticəsi olmamışdır. Bu səbəbdən də məcbur olub məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı Nəbi qızı iddia ərizəsinə uyğun izahat verib, iddia tələbini müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh Nürəddin oğluna məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh Nürəddin oğlunun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş üzrə iddiaçının izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AA № ******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxxxx 1969-cu ildə doğulmuşdur. Mülki işə əlavə edilmiş Bərdə Mənzil Təmir İstismar Sahəsi tərəfindən verilmiş 207 nömrəli, 22 aprel 2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bərdə şəhəri, Ü.hacıbəyov küçəsi 43/1 yaşayır. Mülki işə əlavə edilmiş iltizamın surətindən müəyyən olunur ki, Cavabdeh Nürəddin oğlu İddiaçı ilə mehriban münasibəti olduğudan 13 fevral 2020-ci il tarixdə ondan 4500 manat aldığı borc pulu 30 avqust 2020-ci il tarixədək qaytaracağı barədə yazılı qəbz vermişdir. Mülki işə əlavə edilmiş, İddiaçı Nəbi qızı tərəfindən Bərdə Rayon Polis Şöbəsinə ünvanlanmış şikayət ərizəsinin surətindən müəyyən olunur ki, Cavabdeh Nürəddin oğlunun ondan borc aldğl pulun alınıb verilməsi barədə müraciət etmişdir. Mülki işə əlavə edilmiş Bərdə rayon Polis Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 26 dekabr 2020-ci il tarixli, 188-31739 A nömrəli məkbunun surətindən müəyyən olunur ki, müraciəti müki xarakterli olduğundan məhkəmə orqanlarına müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası Müki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Müki Məcəllənin 386.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin 740-cı maddəsinə müvafiq olaraq, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Müki Məcəllənin 442-ci maddəsinə müvafiq olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Müki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Hazırki işin materialları ilə tərəflərin borcun faizlər ilə verilməsini şərtləşdirirməsi təsdiq olunmur. Bundan başqa məhkəmədə onu da xüsusi olaraq vurğulamaq istəyir ki, iş materiallarında olan qəbz cavabdeh tərəfindən borcun etiraf edilməsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Həmin Məcəllənin 882.4-cü maddəsinə əsasən Mülki Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Beləliklə, İddiaçı Cavabdeh qarşı 5.500 manat məbləğində pulun tutulması barədə tələbinə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, tərəflərin arasındakı borc münasibətləri mübahisəsiz şəkildə təsdiq edilir, bu baxımdan iddiaçı iddia tələbində haqlı olması səbəbindən iddia tələbi təmin edilməli, Cavabdeh iddiaçı Aslanova Almaz Nəbi qızının xeyrinə 5.500 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 52.2-ci maddəsinə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 217-ci maddəsinə əsasən isə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh 5.500 (beş min beş yüz) manat və dövlət rüsumuna görə 30 (otuz) manat, cəmi 5.530 (beş min beş yüz otuz) manat alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar