Məhkəmə qərarları › İş №2(021)-3465/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3465/2021

14.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3465/2021 14.12.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Kərimova Anar Fərman oğluna və Fərzəliyeva Nigar Yadulla qızına qarşı kredit borcunun qaytarılması tələbinə dаir mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Kərimova Anar Fərman oğluna və Fərzəliyeva Nigar Yadulla qızına qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Kərimova Anar Fərman oğlundan və Fərzəliyeva Nigar Yadulla qızından 2080,38 manat əsas, 23.45 manat faiz borcun, cəmi 2103,83 manat və 30,40 manat ödənilmiş dövlət rüsumunun tutulması, 115.LN.1676.221110.00003 nömrəli, 29 iyul 2019-cu il tarixli kredit müqaviləsinə xitam verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 115.LN.1676.221110.00003 nömrəli, 29 iyul 2019-cu saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 1 faiz olmaq şərtilə 60 ay müddətinə 2080,38 manat məbləğində kredit verilmişdir. Kərimov Anar Fərman oğlu ilə bağlanmış kredit müqaviləsinin təminatı olaraq digər cavabdeh Fərzəliyeva Nigar Yadulla qızı arasında zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu Cavabdeh1 müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Nəticədə 2080,38 manat əsas, 23.45 manat faiz borcun, cəmi 2103,83 manat borcu yaranmışdır. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC iddia ərizəsində işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdehlər Kərimov Anar İlqar oğluna və Fərzəliyeva Nugar Yadulla qızına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, onlar, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzürlü olmasına dair hər hansı sübut təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş xəbərdarlıqdan görünür ki, iddiaçı tərəfindən cavabdehə borcunun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30.40 manat məbləğində dövlət rüsumu, ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, 115.LN.1676.221110.00003 nömrəli, 29 iyul 2019–cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən cavabdeh Cavabdeh1 60 ay müddətinə illik 1% olmaqla 2080,38 manat məbəğində kredit verilmişdir. Həmin məbləğin ödəniş cədvəli üzrə ödənilməsi müəyyən edilmişdir. Lakin iş üzrə Cavabdeh1 müqavilə üzrə öhdəliklərin icrasını lazımınca təmin etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Göründüyü kimi, borclu Kərimova Anar Fərman oğlu və Cavabdeh2 Yadulla qızı bank qarşısında götürdükləri öhdəlikləri yerinə yetirməmişlər və Ləğv prosesində olan İddiaçı ASCnin Ləğvedici Əmanətlərin Sığortalanması Fondu müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarmı müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafıq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdehlərin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdehlər müqavilə ilə üzərlərinı götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehlər risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə müvafiq olaraq, (Mülki Məcəllənin 445.7-ci maddəsində təsbit edilmiş illik beş faiz dərəcəsindən kənar) pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilən miqdarda faizlər ödənilməlidir. Bank, vəsaitindən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ Mülki Məcəllənin 21.2-ci maddəsi ilə əlaqəli şəkildə həmin Məcəllənin 449.3-cü maddəsindən irəli gəlir. Göründüyü kimi, kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir. Məhkəmə baxışı zamanı kreditorun həyata keçirdiyi kredit əməliyyatlarının tərkibini və bu zaman əldə etdiyi, bazara uyğun faiz dərəcələrinin müvafiq orta miqdarını təsvir etməsi kifayətdir. Kreditorun kredit əməliyyatlarını ayrı-ayrı kredit növləri üzrə açıqlaması mümkün olmazsa, o, öz faiz tələbinin ən az faiz gəliri gətirən kredit (kapital) növünün bazara uyğun faiz dərəcəsi həddində olacağı ilə razılaşmalıdır. Yuxarıda təsvir olunan mücərrəd qaydada hesablama metodu belə bir ehtimala əsaslanır ki, kreditor, bank ticarəti dövriyyəsində işlərin adi gedişatına əsasən borc məbləği vaxtında ona qaytarıldığı təqdirdə, bu məbləğdən tez bir zamanda müvafiq faizlərə uyğun şəkildə istifadə edə bilərdi. Bununla belə, sözügedən qayda kreditorun konkret olaraq yeni bir kredit əməliyyatı aparmış olacağını sübuta yetirməsini tələb etmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 424-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən tərəflərin öhdəlikləri dəyişdirilmiş şəkildə saxlanılır. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Fərzəliyeva Nigar Yadulla qızından 2080,38 manat əsas, 23.45 manat faiz borcun, cəmi 2103,83 manat borcu və 30.40 manat ödənilmiş dövlət rüsumu iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmalı, 115.LN.1676.221110.00003 nömrəli, 29 iyul 2019-cu il tarixli kredit müqaviləsinə xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Kərimova Anar Fərman oğluna və Fərzəliyeva Nigar Yadulla qızına qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası təmin edilsin. Cavabdehlər Kərimova Anar Fərman oğlundan və Fərzəliyeva Nigar Yadulla qızından 2080,38 manat əsas, 23.45 manat faiz borcun, cəmi 2103,83 manat (iki min yüz üç manat səksən üç qəpik) manat və 30.40 manat ödənilmiş dövlət rüsumu rüsumu LPO İddiaçı ASCnin xeyrinə tutulsun. Tərəflər arasında bağlanmış 115.LN.1676.221110.00003 nömrəli, 29 iyul 2019-cu il tarixli kredit müqaviləsinə xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar