Məhkəmə qərarları › İş №2(021)-3736/2021

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-3736/2021

29.10.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-3736/2021 29.10.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, İddiaçı İddiaçı1 və qeyrilərinin cavabdehlər Cavabdeh1 oğluna, Cavabdeh2 qarşı “ torpaq sahəsindən çıxarma “ tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək məhkəmə, Müəyyən etdi: İddiaçı1 və qeyriləri cavabdehlər Cavabdeh1 oğluna, Cavabdeh2 qarşı “ torpaq sahəsindən çıxarma “ tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bərdə rayon X1 05.07.2005-ci il tarixli 03 saylı qərarı ilə 7 nəfərlik ailə üzvlərinə verilmiş KN- 0297 KOD 61000108 saylı dövlət aktında göstərilən 2.66 ha pay torpaq sahəsindən Bərdə rayon Əmirli kənd sakinləri cavabdehlərin çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, məhkəməyə təqdim olunmuş iddia ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsində iddiaçılar qismində İddiaçı1 , İddiaçı2, İddiaçı3, İddiaçı5, İddiaçı6 və İddiaçı4 qeyd olunmasına baxmayaraq , iddia ərizəsi etibarnamə üzrə nümayəndələri qeyd olunmaqla, İddiaçı1 tərəfindən imzalanmışdır. Halbuki onun iddiaçı İddiaçı2 adından iddia ərizəsini imzalamaq hüququnun olması barədə etibarnamə iddia ərizəsinə əlavə olunmamış, iddia ərizəsinə əlavə olunmuş etibarnamələrdə isə digər iddiaçılar İddiaçı3, İddiaçı5, İddiaçı6 və İddiaçı4 tərəfindən İddiaçı1 verilmiş səlahiyyətlər sırasında “iddia ərizəsinin imzalanması” səlahiyyətinin verildiyi göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Belə ki, MPM-in 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. MPM-in 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı1 və qeyrilərinin cavabdehlər Cavabdeh1 oğluna, Cavabdeh2 qarşı “ torpaq sahəsindən çıxarma “ tələbinə dair iddia ərizəsi onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalandığından geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152 -ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a ra aldı : İddiaçı İddiaçı1 və qeyrilərinin cavabdehlər Cavabdeh1 oğluna, Cavabdeh2 qarşı “ torpaq sahəsindən çıxarma “ tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən 10 gün müddətinə Bərdə rayon məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar