Məhkəmə qərarları › İş №2(022)-88/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-88/2023

09.02.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-88/2023 09.02.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Hakim köməkçisi Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı Allahşükür oğlunun, Cavabdeh iştirakı ilə, İddiaçı Allahşükür oğlunun Cavabdeh qarşı istifadə hüququna xitam verilməklə evdən və qeydiyyatdan çıxarma tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Allahşükür oğlu Cavabdeh qarşı Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən evindən Cavabdeh və ailə üzvlərinin istifadə hüquqlarına xitam verilməklə evdən və qeydiyyatdan çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Allahşükür oğlu məhkəmə iclasında verdiyi izahatında iddiasını müdafiə edərək və dəqiqləşmə ərizəsi verərək göstərmişdir ki, Cavabdeh onun doğma oğludur. O, 1977-ci ildə doğulmuşdur. ünvan 1 ev onun mülkiyyətindədir.Oğlu Xəqaninin 2 arvadı vardır, onun nikahlı arvadı Bəydili kəndində yaşayır, faktiki nikahda olduğu arvadı isə bir uşağı ilə onun evində yaşayır. Onun 83 yaşı vardır.Cavabdeh mütəmadi olaraq onu döyməklə təhqir edir.Belə ki, o, dəfələrlə məhkum olunmuşdur. Dəfələrlə cavabdehdən evindən çıxmasını tələb etsə də, onu ölümlə hədələyir. Artıq cana doymuşdur. Qalan ömrünü sakit yaşamaq istəyir, belə gedərsə faciəli hadisələr baş verə bilər. Odur ki, mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən evindən Cavabdeh və ailə üzvlərinin istifadə hüquqlarına xitam verilməklə evdən çıxarılmalarına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahatında iddia tələbini qəbul etmədiyini bildirərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının və cavabdehin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Biləsuvar şəhər inzibati ərazi dairəsi üzrə nümayənd\liyinin oktyabr 2022-ci il tarixli 4082 saylı arayışından görünür ki, İddiaçı Allahşükür oğlu Bİləsuvar şəhəri, Puşkin küçəsi 27 nömrəli evdə yaşayır. İş materiallarında olan Biləsuvar RPŞ-nin xx.xx.2022-ci il tarixli İddiaçı Allahşükür oğluna ünvanlanmış cavab məktubundan görünür ki, iddiaçı cavabdehin qeydiyyatdan çıxarılması barədə müraciət etmiş və onun müraciətindən imtina edilmişdir. İş materiallarında olan Torpağın mülkiyyətə verilməsinə dair JN-627A kod 80801004 saylı Şəhadətnamənin surətindən görünür ki, Biləsuvar şəhər sakini İddiaçı Allahşükür oğluna, X1, X3 Biləsuvar rayon Aqrar islahat komissiyasının 30 iyun 2005-ci il tarixli 04 saylı qərarı ilə 0,15 ha həyətyanı torpaq sahəsi verilmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarında göstərilmişdir ki, - “2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh 1977-ci ildə ünvan 1 evdə doğulmaqla həmin evdə yaşamış və hazırda mübahisə olunan evdə yaşayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1-ci maddəsinə əsasən mülkiyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır; 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar; İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr publik hüquqi şəxsin 8 saylı Ərazi İdarəsinin Biləsuvar rayon məhkəməsinə ünvanlanmış 05 dekabr 2022-ci il tarixli məktubundan görünür ki, Torpağın mülkiyyətə verilməsinə dair JN- 627A kod 80801004 saylı Şəhadətnamədə torpaq sahəsi üzərində hər hansı tikilinin olması barədə idarənin arxivində məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə əgər bu, onların mahiyyətinə zidd deyildirsə oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (köhnə redaksiyada) 54-cü maddəsinə əsasən, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Yetkinlik yaşına çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa həmin maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Həmin Məcəlləsinin 53-cü maddəsinin 3-cü hissəsinə əsasən kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də kirayəçinin ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar kirayəçinin ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, kirayəçinin və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 54-cü maddəsinin 1-ci hissəsinə əsasən kirayəçi özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 sentyabr 2007-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu yekun hüquqi mövqeyini belə ifadə etmişdir ki, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mənzil qanunvericiliyində normanın mövcud olmamasına görə iddianın rədd olunması və konkret mübahisənin həllindən faktiki imtina edilməsi yolverilməzdir.Mənzil qanunvericiliyində müəyyən münasibətlərin tənzimlənməməsi öz əlamətlərinə görə mülki hüququn predmetinə aid mülki münasibətlərin mövcudluğu və mülki qanunvericilikdə oxşar münasibətləri tənzimləyən normanın olması bütövlükdə dövlətin iradəsinin ifadəsindən çıxış edərək boşluğun tamamlanması məqsədilə qanunun analogiyasının tətbiqi üçün əsas götürülə bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin «O.ROUK Birləşmiş Krallığa qarşı» işində ərizənin qəbul edilənliyi barədə qərarında və «Gillounun Birləşmiş krallığa qarşı» işi üzrə 24 noyabr 1986-cı il tarixli qərarında qeyd edilmişdir ki, şəxs qaldığı yerin 8-ci maddədə nəzərdə tutulan mənada «mənzil» sayılması üçün həmin yerlə yetərli və davamlı əlaqələrinin olduğunu sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 8ci maddəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, İddiaçı Allahşükür oğlunun Cavabdeh qarşı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən evindən Cavabdeh və ailə üzvlərinin istifadə hüquqlarına xitam verilməklə evdən çıxarılmaları tələbinə dair iddia rədd edilməlidir. MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia rədd edildiyinə görə ödənilmiş 100 manat məbləğdə dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı Allahşükür oğlunun Cavabdeh qarşı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən evindən Cavabdeh və ailə üzvlərinin istifadə hüquqlarına xitam verilməklə evdən çıxarılmaları tələbinə dair iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar