Məhkəmə qərarları › İş №2(025)-219/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-219/2021

28.01.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-219/2021 28.01.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” barədə məhkəməyə ərizə ilə müraciət edərək, anası Gözəlova Sevda Əzim qızının xx xxxxx 2017-ci il tarixdə Qəbələ rayonu, Durca kəndində ölməsi hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, xx xxxx 1980-ci ildə Ağdaş rayonunda anadan olmuş və hazırda Qəbələ rayonu, Soltannuxa kəndində yaşayır və qeydiyyatdadır. O, vərəsəlik işini açmaq üçün vərəsəliklə bağlı notariat kontoruna müraciət etmişdir. Bütün sənədləri topladıqdan sonra notariat kontorundan ona bildirmişlər ki, onun anası Gözəlova Sevda Əzim qızının ölüm şəhadətnaməsi yoxdur. Anası xx xxxxxx 1950-ci ildə doğulmuş və xx xxxxx 2017-ci il tarixdə vəfat etmişdir. Onların kənd icra nümayəndəsinin və ya başqa bir idarənin səhlənkarlığı ucbatından ölüm şəhadətnaməsi almamışdır. Onlar analarını Qəbələ rayonu Durca kənd qəbirstanlığında dəfn etmişlər. Bundan sonra o, anasının vəfatı barədə sənəd almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin vəfatı ilə bağlı heç bir akt qeydi aşkar olunmadığı üçün ölüm şəhadətnaməsi verməkdən imtina etməklə, məhkəməyə müraciət edilməsi göstərilmişdir. O, məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Ərizəçi qeyd olunanlara uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 göstərdi ki, ərizəçi onun qonşusudur. Ərizəçi mərhum anası Gözəlova Sevda Əzim qızı xx.xx.2017-ci il tarixdə vəfat etmiş və Qəbələ rayonu Durca kəndində dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 göstərdi ki, o, Qəbələ rayonu Soltan Nuxa kəndində yaşayır və ərizəçinən eyni kənddə yaşayır. Ərizəçi mərhum anası Sevda Gözəlova xx.xx.2017-ci il tarixdə Qəbələ rayonu Durca kəndində vəfat etmiş, onun qəbrinin qazılmasında və onun dəfnində iştirak etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçi və şahidləri dinləyib hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.1987-ci il tarixli, Xİİ-ЖГ seriyalı, 317500 №-li «Doğum haqqında» şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1980-ci ildə Ağdaş rayonunda doğulmuşdur, atası Gözəlov Azər Muxtar oğlu, anası Gözəlova Sevda Əzim qızıdır. İş materiallarında olan xx.xx.1985-ci il tarixli, İİİ-ЖГ seriyalı, 434499 №-li nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Gözəlov Azər Muxtar oğlu ilə X3 xx xxxxxx 1985-ci ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 192 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Gözəlov, arvada Gözəlova soyadı verilmişdir. İş materiallarında olan xx.xx.2008-ci il tarixli, AZ-İ seriyalı, 446801 №-li nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə Gözəlova Sevinc Azər qızının xx xxxxxxx 2008ci ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 22 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə İsrəfilov, arvada İsrəfilova soyadı verilmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 05/Q-336/13 nömrəli məktubdan görünür ki, Ərizəçi vəfat etmiş anası Gözəlova Sevda Əzim qızının ölümü barədə “Avtomatlaşdırılmış qeydiyyat informasiya” sistemində və arxiv məlumatlarında akt qeydi aşkar olunmadığı bu barədə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İşdə olan Qəbələ Rayon İcra Hakimiyyəti SoltanNuxa kənd İƏD tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 446 nömrəli arayışdan görünür ki, mərhum Gözəlova Sevda Əzim qızı xx.xx.2017-ci il tarixində vəfat etmiş və Durca kənd qəbristanlığında dəfn edilmişdir. İşdə olan “Elektron Məhkəmə Portal”dan çıxarışdan görünür ki, Gözəlova Sevda Əzim qızı xx xxxxxx 1950-ci ildə Ağdaş rayonunda anadan olmuşdur. İşdə olan Gözəlova Sevda Əzim qızına məxsus qəbir daşının foto-şəkillərindən görünür ki, Gözəlova Sevda Əzim qızı xx.xx.1950-ci il tarixdə doğulmuş və xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan ASAN-QƏBƏLƏ tərəfindən verilmiş xx.xx.2016-ci il tarixli, AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1980-ci il tarixdə Ağdaş şəhərində doğulmuş, Qəbələ rayonu, Soltan Nuxa kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi işlərinə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinin tələbinə görə isə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olundu ki, Ərizəçi anası - Gözəlova Sevda Əzim qızı xx.xx.2017-ci il tarixdə Qəbələ rayonu Durca kəndində vəfat etmiş və Qəbələ rayonu Durca kəndində dəfn olunmuşdur. Bununla bağlı müvafiq sənədləşməni başqa qaydada ala bilməmiş və bu səbəbdən də məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə ərizəni əsaslı sayıb, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-220; 233.1; 305-311ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi anası – Gözəlova Sevda Əzim qızının xx.xx.2017-ci il tarixdə Qəbələ rayonu Durca kəndində ölməsi hüquqi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar