Məhkəmə qərarları › İş №2(025)-271/2021

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-271/2021

07.01.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-271/2021 07.01.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi ilə İddiaçı cavabdeh X3 qarşı “sabit pul məbləğində aliment və ödənilməmiş alimentin ödənilməsi” tələbinə dair ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X3 qarşı “sabit pul məbləğində aliment və ödənilməmiş alimentin ödənilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 149-cu maddəsinə əsasən: 149.1. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.1. ərizənin verildiyi məhkəmənin adı; 149.2.2. işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları; 149.2.3. iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.2.4. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; 149.2.5. ərizəyə əlavə edilən sənədlərin siyahısı. 149.3. İddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. 149.4. Ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir. Azərbaycan Respublikası MPM-nin 150.0.5-ci maddəsinə əsasən iddiaçının öz tələblərini əsaslandırdığı hallara aid sənədlər iddia ərizəsinə əlavə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 9.1-ci maddəsinə əsasən ədalət məhkəməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. Qeyd olunan Məcəllənin 9.3-cü maddəsinin tələbinə görə hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. Göründüyü kimi iddiaçı iddia ərizəsində cavabdeh və onun ünvanı barədə məlumat verməmiş və konkret irəli sürdüyü tələbin nə olduğunu qeyd etməmişdir. Belə ki, iddiaçı iddia ərizəsinə Şəki Apellyasiya Məhkəməsinin 2(107)-37/2015 nömrəli, xx xxxxxx 2015-ci il tarixli qətnaməsini əlavə etmiş və həmin qətnamədən də görünür ki, xx xxxx 2010-cu il tarixdə anadan olmuş X5 və xx xxxxxx 2011-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün X1 hər ay hər uşaq üçün 75 manat olmaqla, ümumilikdə 150 manat sabit pul məbləğində aliment tutularaq X2 verilməsi qət edilmişdir. Lakin iddiaçı ərizəsində hər uşağa ödəniləcək alimentin sabit pul məbləğində müəyyən edilməsini xahiş etmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-37/2015 nömrəli, xx xxxxxx 2015-ci il tarixli qətnaməsindən də göründüyü kimi aliment sabit pul məbləğində müəyyən edilmişdir. Bundan əlavə məhkəmə iddiaçının ərizəsində cavabdehdən ödənilməmiş qalıq aliment məbləğinin ödənilməsi ilə bağlı tələbi ilə bağlı qeyd edir ki, həmin məsələ məhkəmənin deyil, icra məmurunun səlahiyyətində olan məsələdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 106.3-cü maddəsinə əsasən borclar alimentin məhkəmənin qətnaməsi və ya aliment ödənilməsi barədə saziş ilə müəyyən edilən miqdara uyğun olaraq məhkəmə icraçısı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 106.4-cü maddəsinə əsasən bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq yetkinlik yaşına çatmayanlara ödənilən aliment üzrə borcların miqdarı aliment ödəməli olan şəxsin onu ödəmədiyi dövr ərzindəki qazancına və başqa gəlirlərinə görə müəyyən edilir. Həmin şəxs göstərilən dövrdə işləmədikdə və ya onun əmək haqqının və (və ya) başqa gəlirlərini təsdiqləyən sənəd təqdim edilmədikdə, aliment üzrə borcların miqdarı borc tutulduğu vaxtda Azərbaycan Respublikası üzrə orta əmək haqqına görə müəyyən edilir. Borcların bu cür müəyyən edilməsi tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozarsa, həmin tərəf məhkəməyə müraciət edə bilər. Bu halda məhkəmə tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq aliment üzrə borcları sabit pul məbləğində müəyyən edə bilər. Həmçinin Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(025)-1378/2020 nömrəli qərardadı ilə də iddia ərizəsi iddiaçıya geri qaytarılmış və qalıq aliment borcunun ödənilməsinin məhkəmənin deyil, icra məmurunun səlahiyyətində olması iddiaçıya izah edilmişdir. Buna baxmayaraq iddiaçı eyni tələblə yenidən məhkəməyə müraciət etmişdir. Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinin tələbinə görə isə ərizənin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim ərizəni və ona əlavə olunmuş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə belə hesab edir ki, iddia ərizəsi iddiaçıya geri qaytarılmalı və ona izah edilməlidir ki, qeyd olunan çatışmazlıqları aradan qaldırdıqdan sonra müvafiq ərizə ilə məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 149.2.5, 150.0.5, 152.1, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh X3 qarşı “sabit pul məbləğində aliment və ödənilməmiş alimentin ödənilməsi” tələbinə dair idida ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İzah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrar məhkəməyə müraciət etmək olar. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar