Məhkəmə qərarları › İş №2(025)-470/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-470/2021

07.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-470/2021 07.05.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, JN-081F, KOD 40607038 saylı Torpağın mülkiyyətə verilməsinə dair X1 məxsus olması hüquqi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. 07.05.2021-ci il tarixdə Ərizəçi iddianın dəqiqləşdiriməsi ilə bağlı məhkəmə ərizə təqdim edərək JN-081F, KOD 40607038 saylı Torpağın mülkiyyətə verilməsinə dair X2 məxsus olması hüquqi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən İddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib göstərdi ki, o, Ərizəçi 28.02. 1947-ci il tarixdə Qəbələ rayonu Kiçik Əmili kəndində anadan olmuşdur. X9 ilə ailə qurmuşdur. Qəbələ rayonu Kiçik Əmili kəndi ərazisində Aqrar islah zamanı onunla aiə olmuşlar. İslahat vaxtı təşkil olunmuş Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 may 1998-ci il tarixli, 10 saylı qərarı ilə həmçinin JN-081F, KOD 40607038 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsaəsn mülkiyyətlərinə digər mülkiyyətçilərlə birlikdə 0.30 ha həyətyanı torpaq sahəsi verilmişdir. Qeyd olunan sənədlə də torpağa dair mülkiyyət hüquqları rəsmiləşdirilmişdir. Lakin, mülkiyyət sənədi verilən zaman sənəddə mərhum arvadı “X9” əvəzinə səhvən X8 qeyd edilmişdir. X3 03 fevral 2013-cü ildə vəfat etmişdir. Torpağın mülkiyyətə verilməsinə dair sənədlərdə onun şəxsiyyətini təsdiq edən sənədlər arasındakı bu uyğunsuzluğu müvafiq qaydada çıxarışın verilməsi üçün aidiyyatı üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə keçdiyindən aidiyyatı üzrə Xidmətin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət edəndə bilmişdir. Buna görə dəşəhadətnamənin ona məxsus olması faktının müəyyən edilməsi məqsədi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Odur ki, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçiləri dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-081F nömrəli 40607038 kodlu «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 26 may 1998-ci il tarixli 10 nömrəli qərarına əsasən, Ərizəçi Balabəy oğlu, X8 və X5 ümumi birgə mülkiyyətinə 0,30 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 28 aprel 2021-ci il tarixli doğum haqqında arayışdan görünür ki, X10 10 dekabr 1946-cı il tarixdə anadan olmuş, doğum haqqında arayışda ərizəçinin mərhum həyat yoldaşının ata adı “Curux” olaraq qeyd edilmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən 20 aprel 2021-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamədən çıxarışdan görünür ki, X10 28 may 1971-ci il tarixdə Ərizəçi ilə nikah bağlamış, nikah bağlandıqdan sonra ərə Məsimov, arvada Məsimova soyadı verilmişdir. Nikah haqqında şəhadətnamədə ərizəçinin mərhum həyat yoldaşının ata adı “Curux” olaraq qeyd edilmişdir. İşdə olan Qəbələ rayon Kiçik Əmili kənd İ.Ə.N tərəfindən verilmiş 05 fevral 2013-cü il tarixli AZ-İ № 594091 saylı Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 03 fevral 2013-cü il tarixdə Qəbələ rayonu, Kiçik Əmili kəndində vəfat etmişdir. Ölüm haqqında şəhadətnamədə ərizəçinin mərhum həyat yoldaşının ata adı “Curux” olaraq qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçi və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 0,30 ha həyətyanı torpaq sahəsinin verilməsini təsdiq edən JN-081F nömrəli 40607038 kodlu «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnaməsində yalnışlığa yol verilərək, “X9” əvəzinə “X8” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: Ərizə təmin edilsin. JN-081F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin ərizəçinin mərhum həyat yoldaşı X7 aid olan hissədə məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar