Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-773/2021 08.06.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı “xxxx” KB Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İddiaçı “xxxx” KB ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən “xxxx” KB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 2375.55 manat əsas və 623.06 manat faiz olmaqla, cəmi 2998.61 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, iddiaçı «xxxx» KB ASC ilə cavabdeh arasında bağlanmış 19.02.2020-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 48 ay müddətinə illik 29% ödəmək şərtilə 2500 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor “xxxx” KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. “xxxx” KB ASC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə baxışını onların iştirakı olmadan keçirib qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, 19.02.2020-ci il tarixli kredit müqaviləsinə əsasən “xxxx” KB ASC-dən 4 illik 2500 manat kredit götürmüşdür. Bir müddət ödənişlərə həyata keçirsə də sonradan işdən çıxmış və krediti ödəməyə davam edə bilməmişdir. Hal-hazırda işsizdir, kredit müqaviləsi üzrə qalıq borcu tam şəkildə ödəməyə maddi vəziyyəti imkan vermir. Odur ki, məhkəmədən iddia tələbinin qismən təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan 19.02.2020-ci il tarixli, 114nkİSML/20 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı “xxxx” KB ASC tərəfindən Cavabdeh 48 ay müddətinə illik 29 % kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 2500 AZN məbləğində kredit verilmişdir. İşdə olan «Ödəniş cədvəli»nin surətindən görünür ki, Cavabdeh 114nkİSML/20 saylı kredit müqaviləsinə əsasən ona verilmiş 2500 AZN məbləğində kredit vəsaitini hər ay 89 manat məbləğində, sonuncu ay isə 61.50 manat məbləğində ödənişlər etməklə 48 ay ərzində annuitet qaydada qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan 23.04.2021-ci il tarixli, PİKMD\949548 saylı maliyyə arayışından görünür ki, Cavabdehnın banka 23.04.2021-ci il tarixə 19.02.2020-ci il tarixli, 114nkİSML/20 saylı kredit müqaviləsinə əsasən 2375.55 AZN əsas, 623.06 AZN faiz borcu olmaqla cəmi 2998.61 AZN borcunun olması göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh iddiaçıdan kredit məbləği almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüşdür. Borclu ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Bildiriş məktubundan görünür ki, «xxxx” KB ASC kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə barəsində qanuni tədbirlərin görüləcəyi barədə borcluya xəbərdarlıq etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı «xxxx” KB ASC-nin iddia tələbi tam əsaslıdır. Belə ki, məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, 23.04.2021-ci il tarixə Cavabdeh 19.02.2020-ci il tarixli, 114nkİSML/20 saylı kredit müqaviləsinə əsasən əsas borcu 2375 manat 55 qəpik, faiz borcu 623 manat 06 qəpik olmuşdur. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2375 manat 55 qəpik əsas borc, 623 manat 06 qəpik faiz borcu olmaqla ümumilikdə 2998 manat 61 qəpik borc və 30 manat dövlət rüsumu iddiaçı “xxxx” KB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh 2375 manat 55 qəpik əsas borc, 623 manat 06 qəpik faiz borcu olmaqla ümumilikdə 2998 manat 61 qəpik borc və 30 manat dövlət rüsumu iddiaçı “xxxx” KB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-773/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-773/2021
08.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver