Məhkəmə qərarları › İş №2(025)-964/2020

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-964/2020

01.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-964/2020 01.10.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, JN-0091, KOD 40604048 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının mərhum anası Umudalıyeva Zöhrə Süleyman qızına aid olan hissədə Umudalıyeva Zöhrə Süleyman qızına məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib göstərdi ki, Qəbələ rayon AİK-nın xx.xx.1998-ci il tarixli 13 saylı qərarı ilə verilmiş JN-0091 saylı,kodu 40604048 olan Torpağa mülkiyyət hüququna dair Dövlət aktının hüquq sahiblərinin adının siyahısında 1-ci sırada mərhum anasının soyadı Umudalıyeva Zöhrə Süleyman qızı əvəzinə texniki səhv olaraq Umudova Zöhrə Süleyman qızı kimi qeyd edilmişdir. Mərhum anası Umudalıyeva Zöhrə Süleyman qızı xx.xx.2004cü il tarixdə Xroniki bronxit xəstəliyindən ölmüşdür. Qeyd olunan Dövlət aktında göstərilən torpaq sahəsi üzərində payların müəyyən edilməsi ilə bağlı DƏDRX-nin 9 saylı Qəbələ ərazi idarəsinə müraciət edərkən məlum olmuşdur ki, JN-0091 saylı, kodu 40604048 olan Dövlət aktında həmin Dövlət aktı üzrə hüquq subyekti olan mərhum anasının soyadı Dövlət aktında hüquq subyektləri siyahısında 1-ci sırada texniki səhv olaraq Umudalıyeva Zöhrə Süleyman qızı əvəzinə Umudova Zöhrə Süleyman qızı kimi qeyd edilmişdir. JN-0091 saylı Dövlət aktında göstərilən texniki səhvə görə əməliyyat aparmaq mümkün olmamışdır. JN-091 saylı Dövlət aktında mərhum anasının soyadının Umudalıyeva əvəzinə “Umudova” kimi qeyd olunması texniki səhvdir. xx.xx.1959-cu il tarixdə Qəmərvan kənd soveti tərəfindən adına verilmiş Doğum haqqında şəhadətnamədə anası qrafasında mərhum anasının soyadı düzgün olaraq Umudalıyeva Zöhrə Süleyman qızı kimi qeyd edilmişdir. Mərhum anasının adına xx.xx.2020-ci il tarixdə Qəbələ rayonu Çarxana kənd İƏN-yi tərəfindən verilmiş AZ-İİ №067195 saylı ölüm haqqında şəhadətnamədə də düzgün olaraq soyadı Umudalıyeva Zöhrə Süleyman qızı kimi qeyd edilmişdir. Qəbələ rayonu Çarxana kənd X2 tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 143 sayılı arayışda da JN-0091 saylı Dövlət aktında Umudalıyeva Zöhrə Süleyman qızının soyadının səhvən “Umudova” kimi yazıldığı qeyd edilmişdir. JN-0091 saylı Dövlət aktında qeyd edilən texniki səhv məhkəmə qaydasında düzəliş edilməlidir. Odur ki, ərizəçi ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-0091 (Kod: 40604048) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktından görünür ki, Qəbələ rayon AİK-in xx xxxxxx 1998-ci il tarixli 13 nömrəli qərarına əsasən, Umudova Zöhrə Süleyman qızı və Ərizəçi ümumi birgə mülkiyyətinə 1,34 ha fərdi kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ rayonu Çarxana kənd İ.Ə.N tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli AZ- İl 067195 nömrəli “Ölüm haqqında” şəhadətnamədən görünür ki, Umudalıyeva Zöhrə Süleyman qızı xx.xx.2004-cü il tarixdə Qəbələ rayonuÇarxana kəndində vəfat etmişdir və bu barədə Qəbələ rayonu Çarxana kənd İ.Ə.N-də 01 nömrəli akt qeydi tərtib olunmuşdur. İşdə olan Qutqaşen rayonu Qəmərvan kənd soveti tərəfindən verilmiş xx xxxxxxxx 1959-cu il tarixli İ-ИЕ № 615950 saylı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxxxx 1959-cu ildə Qəbələ rayonu Qəmərvan kəndində doğulmuşdur. X1, anası Umudalıyeva Zöhrə Süleyman qızıdır. İşdə olan Azərbaycan Respublikası Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Çarxana Kənd X2 üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 143 saylı arayışından görünür ki, JN-0091 saylı KOD 40604048 olan Dövlət aktında hüquq sahibi olaraq adı qeyd olunmuş Umudova Zöhrə Süleyman qızının adı texniki səhv olaraq düşmüşdür əslində “Umudalıyeva Zöhrə Süleyman qızı” kimi oxunmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçinin və onun mərhum anası Umudalıyeva Zöhrə Süleyman qızının mülkiyyətinə 1,34 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin verilməsini təsdiq edən JN-0091 (Kod: 40604048) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında yalnışlığa yol verilərək, “Umudalıyeva Zöhrə Süleyman qızı” əvəzinə “Umudova Zöhrə Süleyman qızı” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. JN-0091 (Kod: 40604048) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının ərizəçinin mərhum anası - Umudalıyeva Zöhrə Süleyman qızına aid olan hissədə ona məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar