Məhkəmə qərarları › İş №2(026)-6/2023

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-6/2023

18.08.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-6/2023 18.08.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ********** qeydiyyat nömrəsi və **********09-10301 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış evin və 0,028 ha həyətyanı torpaq sahəsinin ümumbirgə mülkiyyətdə olan torpaq sahəsinin naturada ayrılması və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər birinə 1000 manat kompensasiya verməklə həmin evdən istifadə hüquqlarına xitam verilməsi və həmin evdən çıxarılmaları tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ********** qeydiyyat nömrəsi və **********09-10301 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış evin və 0,028 ha həyətyanı torpaq sahəsinin ümumbirgə mülkiyyətdə olan torpaq sahəsinin naturada ayrılması və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər birinə 1000 manat kompensasiya verməklə həmin evdən istifadə hüquqlarına xitam verilməsi və həmin evdən çıxarılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, cavabdehlər kompensasiya verilməklə evdən çıxmalarına razı olmaqdıqlarına görə onların hazırda yaşadıqları otağı deyil, evin qərb tərəfindəki 20.3 kv olan otağından sığınacaq kimi, müvəqqəti istifadə etmələrinə razıdır. Lakin qalan otaqlardan, yaşayış və qeyri-yaşayış sahələrindən çıxarılmalarını xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Qobustan rayonunun Yekəxana kəndində xüsusi mülkiyyətində evi və həyətyanı torpaq sahəsi vardır. Ev və həyətyanı torpaq sahəsi 12 oktyabr 2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi və **********09-10301 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Ev 1971-ci il tarixdə tikilmişdir. Cavabdeh1 ilə isə 05 iyul 1993-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Yəni ev birgə mülkiyyətdə deyil. Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan da görünür ki, ev tam mülkiyyət əsasında ona məxsusdur. 0,14 ha həyətyanı torpaq sahəsinin isə 1/5 hissəsi (0,028 ha) ona məxsusdur. Qobustan rayon məhkəməsinin 11 dekabr 2020-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Bundan sonra Şəhlayla bir yerdə, bir evdə yaşamaları qeyri-mümkündür. Ona görə də cavabdehlərin onun evindən çıxmalarını istəyir. Kənddə Şəhlanın ata evi var və hazırda həmin evdə heç kim yaşamır. Mülkiyyətində olan evin 15-16 min manat qiyməti olar. Cavabdehlərin hər birinə 1500 manat olmaqla, cəmi 3000 manat verməyə razıdır. Şəhla istəsə atasının həyətində yaşasın, istəsə həyətin onlara düşən hissəsində özünə ev tikib yaşasın. İstədiyi torpaq sahəsinin cavabdehlərin torpaq sahəsindən ayrılmasıdır. Evinin boşaldılmasını istəyir ki, ömrünün qalan hissəsini öz evində sakit yaşasın. Lakin cavabdehlər onun evindən könüllü çıxmaq istəmirlər. Məsələnin həlli ilə əlaqədar mediasiya xidmətinə müraciət etsə də, cavabdehlər gəlmədiyindən məsələnin həlli mümkün olmamışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kompensasiya verilməklə evdən çıxmalarına razı olmaqdıqlarına görə onların hazırda yaşadıqları otağı deyil, evin qərb tərəfindəki 20.3 kv olan otağından sığınacaq kimi, müvəqqəti istifadə etmələrinə razıdır. Lakin qalan otaqlardan, yaşayış və qeyri-yaşayış sahələrindən çıxarılmaları barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı vəkili və nümayəndəsi Vəkil iddianı müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı ilə 05 iyul 1993-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan 22 mart 1994-cü ildə Həlimə, 30 noyabr 1995-ci ildə Aytən və 16 yanvar 1999-cu ildə Ağası adlı övladları anadan olmuşdur. Qobustan rayon məhkəməsinin 11 dekabr 2020-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Nikah pozulduqdan sonra da oğlu Ağası ilə birlikdə həmin evdə yaşayır. 30 ildir ki, həmin evə gəlin getmişdir, evin və həyətdəki tikililərin inşa olunmasında əziyyət çəkmişdir. Onun və oğlunun yaşamağa başqa yerləri yoxdur. Ona görə də həmin evin yarısının ona və övladı Ağasıya verilməsini, hazırda yaşadıqları otaqda qalmalarını istədiyini bildirərək məhkəmədən müvafiq qərar çıxarılmasını xahiş etdi. Cavabdeh2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, atası Abasqulu onları evdən çıxartmaq istəyir, onlara 1500 manat kompensasiya təkilif edir. 1500 manat çox azdır. Həmin evi atası və anası birlikdə tikiblər və evin tikilmə ili atasının dediyinə əsasən Onların yaşamağa başqa yerləri yoxdur. Həmin evdə günçıxan tərəfdəki otaqda yaşayırlar. Həmin otağın onlara veilməsini istəyirlər. Əgər atası onların evdən çıxmasını istəyirsə anası ilə ikisinə 20000 manat kompensasiya verilsin ki, onlar da özlərinə sığınacaq tiksinlər. 20000 manat kompensasiya vermirsə iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddiaçının və onun vəkili və nümayəndəsinin və cavabdehlərin izahatlarını dinləyib, işdə olan sənədləri araşdırıb belə hesab edir ki, aşağıda qeyd olunanlara əsasən iddia əsassız olduğundan təmin olunmamalıdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 12 oktyabr 2021-ci il tarixli çıxarışın surətindən görünür ki, Qobustan rayonunun Yekəxana kəndində İddiaçı, X1, X3, Cavabdeh1 və X2 mülkiyyətində 0,14 ha torpaq sahəsi vardır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 14 saylı Şamaxı Ərazi İdarəsinin fərdi yaşayış evinin **********09- 10301 reyestr nömrəli texniki pasportunun surətindən görünür ki, Qobustan rayonunun Yekəxana kəndində ümumbirgə mülkiyyətdə olan 0,14 ha torpaq sahəsində yerləşən 1971-ci ildə tikilən 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1S-4 nömrə ilə qeydiyyata alınmışdır. Həmin həyətdə 121.3 m2 sahədə 1978-ci ildə 1 mərtəbəli tövlə, 41.6 m2 sahədə 1980-ci ildə 1 mərtəbəli hamam, anbar, 155,4 m2 sahədə 1997-ci ildə talvar, 1989-cu ildə hasar tikilmiş və 1987-ci ildə darvaza qoyulmuşdur. Qobustan rayon məhkəməsinin 11 dekabr 2020-ci il tarixli 2(026)-192/2020 aylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında Qobustan rayon Bədəlli kəndi üzrə nümayəndəliyində 05 iyul 1993-cü il tarixdə 42 sayla qeydə alınmış nikah pozulmuşdur. “Mediasiya prosesinə xitam verilməsi haqqında” 15 aprel 2022-ci il tarixli 00041 saylı protokoldan görünür ki, İddiaçı Cavabdeh1 qarşı əmlak tələbinə dair müraciəti ilə əlaqədar tərəflərdən biri mediasiya prosesində iştirak etməmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 32.1.3-cü maddəsinə əsasən, yəni tərəflər və ya onlardan biri mediasiya prosesindən imtina etdikdə mediasiya prosesinə xitam verilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 noyabr 2022-ci il tarixli 10/4683 saylı ekspert rəyində göstərilir ki, Qobustan rayonunun Yekəxana kəndində yerləşən ********** qeydiyyat nömrəsi və **********09-10301 reyestr nömrəsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmış yaşayış evinin və 0,14 ha həyətyanı torpaq sahəsinin İddiaçı ilə digər mülkiyyətçilər X4, X5, Cavabdeh1 və X6 arasında bölünməsi “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4 və 2.9-cu bəndlərinin və metodik tövsiyyənin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün deyildir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 may 2023cü il tarixli 10/82 saylı təkrar ekspertiza rəyində göstərilir ki, fərdi yaşayış evinin planda yerləşməsini, torpaq sahəsinin 3 tərəfdən qonşu sahələrlə, bir tərəfdən isə yol ilə əhatə olunduğunu, torpaq sahəsinin 5 mülkiyyətçinin ümumi birgə mülkiyyətinə verildiyini, eləcə də fərdi yaşayış evinin giriş qapısının yola nisbətdə arxa tərəfdə olduğunu nəzərə alaraq, iddiaçıya ayrılası torpaq sahəsinin evlə birlikdə iddiaçıya verilməsinin metodik vəsaitin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən olunmuşdur. Məhkəmə iclası zamanı müəyyən olundu ki, Qobustan rayonunun Yekəxana kəndində İddiaçı vəsaiti hesabına 1971-ci ildə tikilmiş, həyətyanı torpaq sahəsi 12 oktyabr 2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi və **********09-10301 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı Cavabdeh1 ilə 05 iyul 1993-cü il tarixdə rəsmi nikaha daxil olmuş, Qobustan rayon məhkəməsinin 11 dekabr 2020-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001-ci il tarixli qərarında göstərilir ki, 2000-ci ilin sentyabr ayının 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquqi münasibətlər ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquqi münasibətləri ilə mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-buluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər: digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxlərin yaşayış sahəsindən istifadə istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda saxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Konstitusiyanın 27-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin yaşamaq hüququ vardır. Konstitusiyanın 29.3-cü maddəsinin İİİ hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 31-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır. Konstitusiyanın 71-ci maddəsinin İ bəndinə görə konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Konstitusiyanın 71-ci maddəsinin Vİİ bəndinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Azərbaycan Respublikadı MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh X10 05 iyul 1993-cü il tarixdən İddiaçı ilə rəsmi nikaha girərək çıxarılması tələb olunan evdə yaşadığından onun və digər cavabdeh-ailə üzvləri olan Cavabdeh2 başqa yaşayış sahəsi olmadığından, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli qərarına və 01 sentyabr 2000-ci il tarixə qədər qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən iddia tələbi təmin edilməməlidir. İddiaçı 150 manat ekspertiza xərci alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər birinə 1500 manat olmaqla, cəmi 3000 manat kompensasiya verilməklə Qobustan rayonunun Yekəxana kəndində yerləşən İddiaçı xüsusi mülkiyyətində olan fərdi yaşayış sahəsinə istifadə hüquqlarına xitam verilməsi və onların evdən çıxarılmasına dair iddiası təmin olunmasın. İddiaçı 150 manat ekspertiza xərci alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhər Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver