Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1239/2022 29.07.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “kirayə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayonun Qobuqıraq kəndində yerləşən 5 otaqlı evində kirayə qalmasına görə kirayə haqqının ödənilməmiş hissəsi olan 700 manat məbləğində pulun, rüsum kimi ödədiyi 30 manat məbləğində pulun həmçinin ona vurulmuş maddi və mənəvi zərər olan 1000 manat məbləğində pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsində göstərmişdi ki, 2020-ci ilin mart ayında Xaçmaz rayonun Qobuqıraq kəndində yerləşən ona məxsus 5 otaqlı evi cavabdehə kirayə verib. Aralarında olan razılığa görə cavabdeh öz ailəsi ilə evində kirayəçi kimi yaşayacaq və hər ay ona 300 manat kirayə haqqı ödəyəcəkdir. Kommunal xərcləri də özü tərəfindən ödəyəcəyini vəd etmişdir. Cavabdeh 2021 -ci ilin mart ayına kimi evində ailəsi ilə birlikdə kirayəçi kimi yaşamışdır. Cavabdeh kirayə haqqının müəyyən hissəsini ödəmiş və 700 manat qalıq pulu ödəməkdən yayınır. Dəfələrlə həmin pulu tələb etsə də qaytarmaq istəmir. Bu məsələ ilə əlaqədar Xaçmaz RPŞ-ınə müraciət edib cavabdeh izahatında həmin pulu qaytaracağını bildirsə də hazıra kimi qaytarmamışdır. Cavabdehin qanunsuz hərəkətləri və əsassız olaraq onu məhkəmə çəkişmələrinə cəlb edilməsi nəticəsində ona həm maddi və həm də mənəvi zərər vurmuşdur. Bir il ərzində borclu olduğu 700 manat məbləğində pulun alınması üçün dəfələrlə cavabdehi müxtəlif ünvanlarda axtarılması, Xaçmaz RPŞ-nə və məhkəməyə müraciət edilməsi üçün xeyli miqdar pul xərcləyib və mənəvi sarsıntı keçirib. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalaraq, Xaçmaz rayonun Qobuqıraq kəndində yerləşən 5 otaqlı evində kirayə qalmasına görə kirayə haqqının ödənilməmiş hissəsi olan 700 manat məbləğində pulun, rüsum kimi ödədiyi 30 manat məbləğində pulun həmçinin ona vurulmuş maddi və mənəvi zərər olan 1000 manat məbləğində pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməyinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı dinləyib, mülki iş üzrə sənədləri tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. Beləki, iş materiallarında olan Xaçmaz RPŞ-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixli müraciətinə əsasən bildirilir ki, araşdırma zamanı göstərilmiş xüsusiatlara görə inzibati xəta müəyyən edilməmiş, tələb mülki xarakterli olduğundan aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə olunub. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə Cavabdeh Xaçmaz RPŞ-də verdiyi izahatından görünür ki, o, həqiqətən İddiaçı məxsus evdə kirayədə yaşayıb və bununla bağlı kirayə haqqını 300 manata razılaşıb, lakin İddiaçı tərəfindən ona heç bir rəsmi sənəd təqdim olunmayıb, hal-hazırda yerdə qalan 670 manat kirayə borcunu az-az ödəyəcəyini qeyd edib. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, idiaçı iddia ərizəsinə görə 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan AZE ******** seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Xaçmaz RPŞ-nin xx.xx.2022-ci il tarixli Xaçmaz rayon Vəkil bürosuna ünvanlanmış məlumatına əsasən məlum olur ki, görünür ki, Cavabdeh Quba rayonu, Rustov kəndində qeydiyyatdadır. “İnsan Hüquqları və X1 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə möəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 697.2-ci maddəsinə əsasən əgər kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi kirayəyə götürdüyü əşyanı qaytarmırsa, kirayəyə verən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb edə bilər; otaqların kirayəsi üzrə hüquq münasibətlərində bunun əvəzinə kompensasiya kimi o, həmin ərazidə bu cür otaqların kirayəsi üçün adətən tutulan məbləğdə kirayə haqqı verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ da istisna edilmir. Lakin yaşayış otaqlarını kirayəyə verən digər zərərin əvəzinin ödənilməsini yalnız o halda tələb edə bilər kı, əşya kirayəçinin cavabdeh oldıığu halların nəticəsində qaytarılmasın; zərərin əvəzi yalnız həmin şəraitdə haqq-ədalətin tələb etdiyi dərəcədə ödənilir. Əgər kirayəçi ləğvetməyə dair bildiriş verərsə, bu müddəa tətbiq edilmir. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərəkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi icranın gecikdirilməsi hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Buna baxmayaraq, Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş, gəlməməyinin üzrlü səbəbləri barədə məlumat verməmiş, həmçinin məhkəməyə etiraz və iradını bildirməmiş, yetərli sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Məhkəmədə İddiaçı tələbinin əsası kimi istinad etdiyi halları qismən sübut etdi. Göstərilənlərə əsasən və işdə olan sübutları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 670 (altı yüz yetmiş) manat kirayə haqqı və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğdə pul vəsaiti tutulub İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəllənin 385, 739-cu, Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 670 (altı yüz yetmiş) manat kirayə haqqı və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğdə pul vəsaiti tutulub İddiaçı xeyrinə ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi göndən bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1239/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1239/2022
29.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver