Məhkəmə qərarları › İş №2(027)-2009/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2009/2022

24.11.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Torpaq mübahisələri - Mənzil mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2009/2022 24.11.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh, nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinə və fərdi yaşayış evinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması və zəbt edilmiş torpaqdan və fərdi yaşayış evindən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 24 noyabr 2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********72 reyestr nömrəli çıxarışa əsasən, ünvan 1ində yerləşən 0.02 ha torpaq sahəsinə və həmin torpaq sahəsində tikdiyi fərdi yaşayış evinə mülkiyyət hüququnun həyata keçirilməsinə Cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və Cavabdeh azyaşlı övladları ilə birlikdə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 24 noyabr 2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********72 reyestr nömrəli çıxarışa əsasən ona məxsus zəbt olunmuş 0.02 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılması, ödədiyi 400 manat məbləğində hüquqi yardım xərcinin və 100 manat məbləğində dövlət rüsumunun cavabeh Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək, qeyd etdi ki, mübahisəli torpaq sahəsi alınanda İddiaçı X5 ilə rəsmi nikahda olub. Torpaq 2017-ci ildə alınıb, 2017-ci ildə tikintiyə başlanıb. 04 noyabr 2021-ci ildə X20 rayonu, Timiryazev kəndində yerləşən 0,02 ha torpaq sahəsini bağışlanma müqaviləsiylə İddiaçı bağışlayıb və adına DƏDRX çıxarış alınaraq, həmin torpaq sahəsi üzərində G. Şahbalayevanın mülkiyyət hüququ yaranıb. Cavabdehin nə torpağa nə tikintiyə heç bir aidiyyəti yoxdur və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı xx xxxxx 1987-ci il tarixdə Xaçmaz şəhərində anadan olub. 30 oktyabr 2009-cu ildə X5 ilə rəsmi nikah qeyd etdirərək ailə qurub. Ayaz Şahbalayevlə birgə nikahdan 15 sentyabr 2009-cu il tarixdə X9, 18 sentyabr 2010-cu il tarixdə isə X12 adlı övladlarımız anadan olmuşdur. O X5 ilə ailə qurduqdan sonra Quba rayonu, Püstəqasım kəndinə gəlin köçmüş, gəlin köçdükdən sonra özünə və ailəsinə daha yaxşı yaşayış qurmaq üçün heyvandarlıqla, bağçılıqla və ticarətlə məşğul olmağa başlamışdır. Bununla da min-bir əziyyətlə əldə etdiyi vəsaitlə 21 sentyabr 2017-ci il tarixdə alqı-satqı yolu ilə ünvan 1i ünvanından 0,02 ha torpaq sahəsi satın alıblar. Həmin vaxt alqı-satqı müqaviləsini həyat yoldaşı X5 alıcı kimi notariusda imzalamışdır. 04 noyabr 2021-ci ildə həyat yoldaşı Ayaz Şahbalayev qeyd etdiyi ünvan 1ində yerləşən 0,02 ha torpaq sahəsini ona bağışlamışdır. Daha sonra o həmin torpaq sahasinə dair hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 24 noyabr 2021ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********72 reyestr nömrəli çıxarış alıb. Eyni zamanda o Quba Rayon İcra Hakimiyyətini məlumatlandırma icraatı qaydasında məlumatlandırmaqla və fərdi yaşayış evinin layihəsini hazırlatmaqla həmin torpaq sahəsində özünə fərdi yaşayış evi tikməyə başlayıb. Fərdi yaşayış evinin tikildiyi müddətdə o mütəmadi olaraq torpaq sahəsinə gələrək fərdi yaşayış evinin tikintisi və digər işlərlə yaxından məşğul olub. Fərdi yaşayış evi tikilib qurtardıqdan sonra Cavabdeh azyaşlı uşaqları ilə ona məxsus torpaq sahəsində tikdiyi fərdi yaşayış evinə daxil olaraq orada yaşamağa başlayıb. O xüsusi mülkiyyətində olan torpaq sahəsində tikdiyi fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarını dövlət reyestrində qeydiyyata alınması və texniki pasportun hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə ərizə ilə müraciət edib. Həmin qurumdan əməkdaşlar gələrək daşınmaz əmlakı yerində müayinə edərkən Cavabdeh əməkdaşlara maneə olmuş, ona görə də fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarını təsdiq edən sənədi əldə edə bilməmişdir. Göründüyü kimi cavabdeh heç bir hüququ olmadığı halda onun mülkiyyətində olan torpaq sahəsini və həmin torpaq sahəsində tərəfindən tikilmiş fərdi yaşayış evini qanunsuz olaraq zəbt edib çıxmır. Cavabdeh onun həyat yoldaşı olan X5 ilə qeyri-rəsmi münasibətləri olduğunu əsas gətirərək həmin evdən çıxmaq istəmir. Lakin bildirmək istəyir ki, cavabdehin onun yoldaşıyla hər hansı münasibətlərinin keçmişdə olması mülkiyyətində olan torpaq sahəsini və əziyyətlə tikdiyi fərdi yaşayış evini zəbt etməsinə əsas vermir. Bundan əlavə cavabdehin Quba rayonu, Qam-qam kəndində onun həyat yoldaşı Ayaz Şahbalayevin də maddi dəstəyi ilə tikdiyi fərdi yaşayış evi mövcuddur. O isə uzun illərdir Quba rayonu, Püstəqasım kəndində yaxın qohumunun evində sıxıntı kimi yaşayır. Ona görə də cavabdehin qanunsuz əməllərinə son qoyulması və pozulmuş mülkiyyət hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburyətində qalaraq, iddia ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, o X5 ilə qeyri-rəsmi ailə qurub. Uzun müddət ailə kimi bir yerdə yaşayıblar. Birgə münasibətlərindən bir oğlu, bir qızı var. Bir müddət kirayədə yaşayıblar. Ev tikmək məqsədilə torpaq almaq qərarına gəliblər. Ayaz Şahbalayevlə nikahı olmayıb, onlar alqı-satqı ilə bacısının, qardaşının göndərdiyi pullarla və kredit götürərək torpaq alıb və ev tikiblər. Torpaq Ayazın adına alınıb. Evin təmiri və tikintisinə lazım olan mal-materialları maqazalardan özü alıb. Evin açarı həmişə onda olub, həmin torpaq sahəsi onun adına olmalı olub, lakin o Rusiyaya gedib, ordan qayıdandan sonra əməliyyat olub. Həmin vaxtda Ayaz torpağı iddiaçının adına keçirib. Bir sözlə torpağın alınmasına və evin tikintisi onun gəlirləri hesabına başa çatıb. 2017-ci ildə torpağ alınıb, 2018-ci ildə evin tikintisi başa çatıb, o evdə onun əziyyəti, əməyi var. İddia tələbilə razılaşmır və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh, nümayəndəsi və vəkili X6 cavabdehin ifadəsini təsdiq edərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid X5 bildirdi ki, o torpağı 2017-ci ildə Elgün Hacıyevdən 10000 manata alıb, evin təmir-tikintisinə 70 000 manat civarında pul xərcləyib. Kənddə dükanı var, təsərrüfatla məşqul olur və bir ha. gilas bağı var.Torpağı öz puluna alıb. Öz puluna təmir edib. Evin tikintisi başlanandan axıra kimi atası işin üstündə olub. Xəyalə ora bir mant xərcləməyib. Xəyalə əvvəldən kirayələrdə yaşayıb, ona kömək edib, kirayə pulunu verib, yeməyini, içməyini alıb. O vaxtdan aralarnda münasibət yaranıb. Məqsədi həmin evi çıxarışını aldığdan sonra satmaq yanında olan 0.04 ha torpaq sahəsinin alıb yenidən ev tikmək olub. O bu barədə evdə deyib. Xəyalə bu barədə biləndə bu ev onun uşağındı, onu sata bilməzsən deyərək evin satılmasına qəti şəkildə etirazını bildirib və çıxarışın alınması üçün ölçü işlərini aparan mütəxəssiləri belə həyətə buraxmayıb. Sonrada döyülüb deyə ondan şikayətçi olub. Ona hamilə olduğunu və ona xəsarət yeticəyi ilə şərləyəcəyini deyib. Ondan izahatını geri götürülməsini istəyəndə, evə köçmək niyyətiylə, ya evə köçüb orda yaşayacağını, ya da izahatını geri götürməyəcəyini deyib, o da əvəzində Xəyaləyə evə köçüb orda yaşamağına icazə verib. Torpağı öz adına alıb, tikintisinə özü xərc çəkib, həyat yoldaşı İddiaçı bağışlayıb və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə şahid X15 bildirdi ki, həmin evdə usta kimi çalışıb, navesdə kafel metlaq işini görüb. Materialı Ayazla birlikdə alıb, pulunu da Ayaz verib. Qadınların hər ikisini tanıyır, belə tanıyır ki, orda işləyərkən Xəyalə həmin evdə olub, onlara bir neçə dəfə çay və bir dəfə yemək verib, işlədiyi işin zəhmət haqqını isə 300-500 manat kənddən Güllərdən gedib alıb. Məhkəmədə şahid X10 bildirdi ki, Cavabdeh onun bacısıdı, özü Bakı şəhərində gözəllik salonunda işləyir, özünün şəxsi salonudu. 2015-ci ildən Rusiyaya gedib, arada qonaq kimi gəlib qayıdıb, sonuncu dəfə bu ilin iyul ayında gəlib. Rusiyada olduğu müddətdə o və qardaşı bacısı Xəyaləyə pul göndərib, 2017-ci ildə torpaq alınıb, həmin ildən də tikintiyə başlanılıb. Torpaq alınandan tikinti başa çatana kimi o və qardaşı onlara maddi köməklik göstərib. 2019-cu ilin iyulun 30 da bacısı Xəyalə həmin evə köçüb. Sonra o Rusiyaya qardaşının yanına gedib, pandemiya olduğu üçün qayıda bilməyib. Həmin müddətdə Ayaz evi kirayəyə verib. Həmçinin qeyd etdi ki, o G. Şahbalayevanı tanımır, ilk dəfə onu görür. Məhkəmə tərəfləri dinləyib, iş sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edib sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ilkin iddia qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakın xx.xx.2017-ci il tarixli, AN-İ ******* nömrəli, notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı X11 tam mülkiyyət üzrə ona məxsus ünvan 1ində yerləşən ümumi sahəsi 0.1959 ha torpaq sahəsini X1. İş materiallarında olan AZ-İ 509774 seriya və nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən məlum olur ki, X5 ilə X7 arasında xx.xx.2009-cu il tarixində Quba RİHB-nın Rustov İƏD üzrə nümayəndəliyində nikah bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında 43 nömrə ilə qeyd edilmişdir. X7 “Şahbalayeva” soyadını qəbul etmişdir. İş materiallarında olan AZ-İİ 509405 seriya və nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən məlum olur ki, X9 xx.xx.2009-cu il tarixində anadan olmuş, xx.xx.2011-ci il tarixində 62 nömrə ilə qeyd edilmişdir. Atası- X5, anası- İddiaçı qeyd olunub. İş materiallarında olan AZ-İİ 573076 seriya və nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən məlum olur ki, X12 xx.xx.2010-cu il tarixində anadan olmuş, xx.xx.2010-cu il tarixində 94 nömrə ilə qeyd edilmişdir. Atası- X5, anası- İddiaçı qeyd olunub. İş materiallarında olan Daşınmaz Əmlakın xx.xx.2021-ci il tarixli, notarial qaydada təsdiq olunmuş bağışlanma müqaviləsinin surətindən görünür ki, hədiyyə verən-X5 tam mülkiyyət üzrə ona məxsus ünvan 1ində yerləşən ümumi sahəsi 0.02 ha torpaq sahəsini, arvadı- İddiaçı bağışlamışdı. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 24 noyabr 2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********72 reyestr nömrəli çıxarışa əsasən, ünvan 1ində yerləşən 0.02 ha torpaq sahəsi tam mülkiyyət hüqu ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 176 nömrəli reyestr kitabının 58 nömrəli vərəqində qeydiyyata alınmışdır Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Əarazi idarəsinin “Torpaq sahəsinin planı və ölçüsü” sxemindən məlum olur ki, ünvan 1ində yerləşən 0.02 ha torpaq sahəsinin hüquqi sahibi İddiaçı məxsusdur. İş materiallarında olan AZE 14880150 seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan hüquqi yardımın göstərilməsi haqqında xx.xx.2022-ci il tarixli, 253 nömrəli müqaviləyə əsasən İddiaçı hüquqi yardımla bağlı 400 (dörd yüz) manat vəsait ödəmişdir. İş materiallarında olan “Kapital Bank”ın mədaxil qəbzinə əsasən İddiaçı tərəfindən iddia ərizəsiylə bağlı 100 (bir yüz) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş ARCHİPLANS MMC-nin Memarlıq və Planlaşdırma Bölməsi tərəfindən ünvan 1ində “Tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi” ilə bağlı İddiaçı adına İN/L-18/2018 saylı lisenziya planı hazırlanmışdır. Göründüyü kimi məhkəmədə müəyyən edildi ki, İddiaçı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 24 noyabr 2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********72 reyestr nömrəli çıxarışa əsasən, ünvan 1ində yerləşən 0.02 ha torpaq sahəsinə və həmin torpaq sahəsində tikdiyi fərdi yaşayış evinə mülkiyyət hüququnun həyata keçirilməsinə Cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və Cavabdeh azyaşlı övladları ilə birlikdə ona məxsus zəbt olunmuş 0.02 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılması, ödədiyi 400 manat məbləğində hüquqi yardım xərcinin və 100 manat məbləğində dövlət rüsumunun cavabeh Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını tələb edir. Belə ki torpaq sahəsi ona rəsmi nikahda olduğu əri, X5 tərəfindən bağışlanmış və ƏMDK-nin yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 176 nömrəli reyestr kitabının 58 nömrəli vərəqində qeydiyyata alınaraq, adına Çıxarış verilmişdir. Lakin torpaq sahəsi üzərində yerləşən yaşayış evi çıxarışda öz əksini tapmamış və dövlət qeydiyyatına alınmamışdır. Həmin çıxarışla yalnız 0,02 ha həyəyanı torpaq sahəsi tam mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27 avqust 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: İddianın predmeti və onun əsası. Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir, ilk növbədə məhkəmə iddiaçının bu iddianı qaldırmağa subyektiv hüququnun olubolmamasını, eləcə də cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını aydınlaşdırmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğu üçün qismən təmin edilməli, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 24 noyabr 2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********72 reyestr nömrəli çıxarışa əsasən İddiaçı məxsus olan, ünvan 1ində yerləşən sahəsi 0.02 ha olan torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsinə Cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılsın və Cavabdeh azyaşlı övladları ilə birlikdə, həmin 0.02 ha torpaq sahəsindən çıxarılmalıdırlar. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157-ci və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 24 noyabr 2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********72 reyestr nömrəli çıxarışa əsasən İddiaçı məxsus olan, ünvan 1ində yerləşən sahəsi 0.02 ha olan torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsinə Cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılsın və Cavabdeh azyaşlı övladları ilə birlikdə, həmin 0.02 ha torpaq sahəsindən çıxarılsın. Cavabdeh hüquqi yardım üçün ödənilmiş 200 manat məbləğdə və dövlət rüsumu üçün ödənilmiş 100 manat məbləğdə pul vəsaiti alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver