Məhkəmə qərarları › İş №2(027)-2274/2021

Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-2274/2021

07.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-2274/2021 07.10.2021 QUBA RAYON MƏHKƏMƏSİ Mən, Quba Rayon Məhkəməsinin hakimi Məmmədov İlqar Aslan oğlu, kreditor "xxxx" MMC-nin Borclu borcun tutulması barədə məhkəmə əmrinin çıxarılmasına dair ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, Müəyyən etdim: Kreditorun məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizəsindən və ərizəyə əlavə edilən sənədlərdən görünür ki, "xxxx" MMC ilə Borclu arasında bağlanmış 13.12.2019-cu il tarixli ******* saylı alqı-satqı müqaviləsinə əsasən 12 ay müddətinə 499 manat məbləğində “Meizu” mobil telefonu satılıb və kreditin qaytarılması üçün qrafik tərtib edilmiş, borclu ilkin ödəniş etmədən hər ay üçün 41.58 manat ödəmək şərtilə aldığı malın dəyərini ödəməyi ödəsinə götürmüşdür. Lakin borclu alqı-satqı müqaviləsində nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməyərək, əsas borcundan bu günədək 180 manat ödəniş etmiş, qalan 314 manat borcu ödəməmiş, alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud surətdə pozmuşdur. Dəfələrlə ona edilmiş şifahi və yazılı xıbərdarlığlara baxmayaraq, borcu ödəməkdən yayınmış nəticədə kreditorun biznes fəaliyyətinə ciddi ziyan vurmuşdur. Göstərilənlərə əsasən, ərizəyə əmr icraatı qaydasında baxıb Borclu "xxxx" MMC-nin xeyrinə 314 manat əsa borc və 20 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin çıxarılmasın xahiş etmişdir. Hesab edirəm ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə riayət edilmədən verildiyindən məhkəmə əmirinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edilməlidir. Belə ki, ərizədən və ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, kreditor "xxxx" MMC 20 manat məbləğdə dövlət rüsumu ödəmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğdə dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Eyni Məcəllənin 279.2.2-ci maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edir. Həmin Məcəllənin 279.4-cü maddəsinə əsasən məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Göstərilənlər əsasında hesab edirəm ki, ərizənin qəbul olunmasından imtina edilməlidir. Ona görə də hesab edirəm ki, kreditor "xxxx" MMC-nə ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149,150-152, 263-264 və 266- 268-ci, 276, 279-cu maddələrini rəhbər tutaraq, qərara aldım : Kreditor "xxxx" MMC-nin Borclu borcun tutulması barədə məhkəmə əmrinin çıxarılmasından imtina edilsin. Ərizə və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılsın. Kreditor "xxxx" MMC -nə izah edilsin ki, ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan şikayət verilə bilməz. Hakim: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar