Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-237/2021 25.01.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı ASC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1158,02 manat əsas borc, 4646,02 cərimə borcu və 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar edilərsə iş aidiyyəti üzrə məhkəməyə verilir. Belə ki, Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119) – 648/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadına əsasən, İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair ərizəsi mülki iş aidiyyəti üzrə baxılması üçün Quba rayon Məhkəməsinə göndərilmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli 58 nömrəli qərarı ilə təsdiq olunmuş İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması Qaydalarına müvafiq olaraq İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 722-GL/18 nömrəli müqaviləyə əsasən lizinq predmetini lizinqə götürmüşdür. Cavabdeh üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirməmişdir. Müqavilə üzrə 1158.02 (bir min yüz əlli səkkiz manat, 02 qəpik) manat və lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən hesablanmış 4646.02 (dörd min altı yüz qırx altı manat, 02 qəpik) manat cərimə borcu qalmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Bununla da borclu "İddiaçı" ASC ilə bağladığı müqavilənin həmin bəndi ilə nəzərdə tutulmuş lizinq ödənişlərinin qrafik üzrə vaxtında və tam ödənilməsinə dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə təqdim edərək işə onun iştirakı olmadan baxılmasını, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə baxış iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli kənd təsərrüfatı texnikasının lizinq müqaviləsinə əsasən 4791 manat məbləğində spesifikasiyasında olan (ağac buğdağını doğrayan – 240 sm, çiləyici bağçılıq üçün ventilyator qoşulan AGTT-1000) lizinq müqaviləsinə əsasən Cavabdeh sahiblik və istifadəsinə verilmişdir. İş materiallarında olan maliyyə arayışdan görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixli 722- GL/18 nömrəli Lizinq müqaviləsi üzrə 3488 manat gecikdirilmiş borc, 1158,02 manat hesablanmış cərimə olmaqla, cəmi borcu 4646, 02 manatdır. Beləliklə, məhkəmədə müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 722-GL/18 nömrəli lizinq müqaviləsinə əsasən kənd təsərrüfatı texnikasının (ağac buğdağını doğrayan – 240 sm, çiləyici bağçılıq üçün ventilyator qoşulan AGTT-1000) İddiaçı ASC tərəfindən Cavabdeh sahiblik və istifadəsinə verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 748.1-ci maddəsinin tələbinə görə lizinq müqaviləsi yazılı formada bağlanılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 748-10.1-ci maddəsinə görə lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 748-10.2-ci maddəsinə görə lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 748-11.1.4-cü maddəsinə əsasən lizinq verənin mükafatının məbləği lizinq ödənişlərinin ümumi məbləğinə daxildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 748-1.5-ci maddəsinə əsasən lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 748- 1.12 və 748-1.12.4-cü maddələrinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 748-1.8-ci maddəsinə görə lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 748-2.1-ci maddəsinə əsasən lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2018-ci il tarixli 722- GL/18 lizinq müqaviləsinə əsasən 1158,02 manat əsas borc və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutularaq ödənilməlidir. Məhkəmə tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, cərimənin məbləği yüksək həddə hesablandığından onun azaldılması tərəflərin mənafeyinə uyğundur və məhkəmə lizinq alana hesablanmış cəriməni 50 (əlli) manat məbləğində müəyyən edir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli 722-GL/18 lizinq müqaviləsinə əsasən 1158,02 manat əsas borc, 50 manat cərimə pulu olmaqla ümumilikdə 1208,02 manat məbləğində borc və 30 manat dövlət rüsumu pul tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-237/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-237/2021
25.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver