Məhkəmə qərarları › İş №2(027)-441/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-441/2021

28.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-441/2021 28.10.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “aktın, tələbnamənin ləğv edilməsi və borcun silinməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı «Azəriqaz» İstehsalat Birliyinə qarşı iddia ərizəsiylə məhkəməyə müraciət edərək, «Azəriqaz» İstehsalat Birliyi nin əməkdaşları tərəfindən tərtib olunmuş 28 sentyabr 2020-ci il tarixli ******* saylı aktın etibarsız hesab edilməsi, 30 sentyabr 2020-ci il tarixli qərarın (dəymiş ziyanın bərpasına dair tələbnamə) ləğv edilməsi və mənə məxsus Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən Quba rayonu Timiryazev kəndində yerləşən mənzilə dair 30 sentyabr 2020-ci il tarixli qərarın (dəymiş ziyanın bərpasına dair tələbnamə) üzrə hesablanmış 216,50 manat məbləğində pulun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək təmin olunmasınəı məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Quba rayonu Timiryazev kəndində yaşayır. Ona məxsus fərdi yaşayış evinə 28 mart 2020-ci il tarixdə “Azəriqaz” İB nin əməkdaşları gələrək qaz sayğacına baxış keçirmiş, elsten markalı 617 nömrəli ******* saylı qaz sayğacını çıxararaq əvəzinə elsten markalı 617 nömrəli ******* saylı qaz sayğacı quraşdırmışlar. Bundan bir müddət sonra 28 sentyabr 2020-ci il tarixdə “Azəriqaz” İB nin əməkdaşları fərdi yaşayış evinə gələrək qaz sayğacına baxış keçirmişlər. Bu zaman ******* nömrəli sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plombun aşkar edildiyi bildirilmiş və bu barədə 28 sentyabr 2020-ci il tarixli ******* saylı Akt tərtib etmişlər. Həmin Akta əsasən ona 216,50 manat məbləğində borc yazılmışdır. İstehlak etdiyi təbii qazın dəyərini vaxtlıvaxtında ödəyir və heç bir zaman cavabdeh təşkilatla qaz borcu ilə bağlı problemi olmayıb. Ona məxsus fərdi yaşayış evinə quraşdırılmış sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plombun aşkar edilməsi ilə bağlı hər hansı təqsiri yoxdur, bundan xəbərsizdir, ona görə cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib olunmuş 28 sentyabr 2020-ci il tarixli ******* saylı aktın etibarsız hesab edilməsi, 30 sentyabr 2020-ci il tarixli qərarın (dəymiş ziyanın bərpasına dair tələbnamə) ləğv edilməsi və mənə məxsus Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən Quba rayonu Timiryazev kəndində yerləşən mənzilə dair 30 sentyabr 2020-ci il tarixli qərarın (dəymiş ziyanın bərpasına dair tələbnamə) üzrə hesablanmış 216,50 manat məbləğində pulun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə cavabdeh "Azəriqaz" İstehsalat Birliyinə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, birliyin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Оnа görə də Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdeh "Azəriqaz" İstehsalat Birliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı dinləyib, məhkəmə baxışında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azəriqaz İB-nin Xaçmaz RQİ-nin Quba QİS-nin əməkdaşları tərəfindən abonent İddiaçı adına tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 28.09.2021-ci il tarixli ******* saylı akta əsasən abonentin mənzilinə baxış keçirərkən ******* nömrəli sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plombun aşkar edildiyi nəticəsində 2160 m3 həcmində qaz itkisi olduğu göstərilmişdir. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair təlabnamənin surətindən görünür ki, İddiaçı məxsus Quba rayonu Timiryazev kəndində İddiaçı məxsus mənzildə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 2160 m3 həcmində qaz itkisi hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-dan ********** qeydiyyat nömrəli, 08.05.2017-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən məlum olur ki, Quba rayonu Timiryazev kəndində yerləşən daşınmaz əmlakın ümumi sahəsi 80.8 kv olan fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. İş materiallarında olan AZE ******** seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı Quba rayonu Timiryazev kəndində qeydiyyatdadır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları"nın 4.2-ci bəndinə görə qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Bu Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Məhkəmə qeyd edir ki, hesablaşma cihazı olan qaz sayğacı iddiaçının cavabdehliyi sərhədindən kənar quraşdırıldığından bu sayğacda olan hər hansı qüsura görə o, cavabdehlik daşımır. Göründüyü kimi “Azəriqaz” İB-nin əməkdaşları maddi ziyan vuran, təqsirli və hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) hərəkət və ya hərəkətsizliyə yol verən şəxsi düzgün müəyyən etməmişlər. Bundan başqa “Azəriqaz” İB qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsinə dair mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə iddia tələbi qismən təmin olunmalı, «Azəriqaz» istehsalat Birliyinin əməkdaşları tərəfindən dəymiş ziyanın bərpasına dair 30.09.2020-ci il tarixli təlabnamə ləğv edilməli və Quba rayonu Timiryazev kəndində yerləşən yaşayış evinə dair İddiaçı adına hesablanmış 216 (iki yüz on altı) manat məbləğində pul vəsaiti abonent bazasından silinməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. «Azəriqaz» istehsalat Birliyinin əməkdaşları tərəfindən dəymiş ziyanın bərpasına dair 30.09.2020-ci il tarixli təlabnamə ləğv edilsin və Quba rayonu Timiryazev kəndində yerləşən yaşayış evinə dair İddiaçı adına hesablanmış 216 (iki yüz on altı) manat məbləğində pul vəsaiti abonent bazasından silinsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar