Məhkəmə qərarları › İş №2(027)-591/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-591/2021

25.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-591/2021 25.05.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahından doğulmuş, hal-hazırda onun himayəsində olan 05 oktyabr 2009-cu il təvəllüdlü X5 və 25 yanvar 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 200 (iki yüz) manat olmaqla, iki uşağa görə 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək, iddiaının təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsində göstərmişdir ki, 24 dekabr 2011-ci ildə Cavabdeh ilə rəsmi nigaha girərək ailə qurub. Birgə nigahdan övladları 05.10.2009-cu il təvəllüdlü X5 və 25.01.2012-ci il təvəllüdlü X4 dünyaya gəlib. Quba rayon Məhkəməsinin 23.06.2016-cl il tarixli, 2(027)- 2856/2016 saylı qətnaməsinə əsasən Cavabdeh ilə aralarındakı nikah pozulmuş və birgə nigahdan olan övladları X5 və X4 onun himayəsində saxlanılmışdır. Həmin məhkəmə prosesində onu nümayəndə qismində təmsil edən atası X3 müəyyən səbəblərdən aliment tələbindən imtina etmişdir. Keçmiş həyat yoldaşı Cavabdeh hər hansı rəsmi iş yerinin olmasından məlumatı olmasa da onun ticarətlə məşğul olduğu ona məlumdur. Nikah pozulduqdan sonra cavabdeh övladlarının saxlanılması üçün könüllü olaraq heç bir köməklik göstərməmişdir. Bu müddət ərzində övladlarının maddi ehtiyaclarını atası Qrişa Yusufovun hesabına ödəyir. Hazırda uşaqların böyüməsi və onların qida, geyim və təhsil xərcləri xeyli çoxaldığından həmin xərclərin qarşılanmasında müəyyən çətinliklərlə qarşılaşır. Cavabdeh tərəfindən uşaqların saxlanılması üçün alimentin ödənilməsi ilə bağlı aralarında hər hansı saziş olmadığından məhkəməyə müraciət etmək qərarına gələrək, Cavabdeh ilə birgə nikahından doğulmuş, hal-hazırda onun himayəsində olan 05 oktyabr 2009-cu il təvəllüdlü X5 və 25 yanvar 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 200 (iki yüz) manat olmaqla, iki uşağa görə 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Оnа görə də Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİ 843401 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 05 oktyabr 2009-cu il təvəllüdlü X5 Bakıda doğulmuş və 4653 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında X4, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarında olan AZ-İV 927324 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 25 yanvar 2012-ci il təvəllüdlü X4 Bakıda doğulmuş və 2369 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında X4, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarında olan AZE 1******** nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı ünvan 1 ünvanda qeydiyyatdadır. İş materiallarında olan DİN-nin BPQMİ-nin MAPS şöbəsinin arayışından məlum olur ki, X4 ünvan 2 ünvanda qeydiyyatdadır. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 23.06.2016-cl il tarixli, 2(027)- 2856/2016 saylı qətnaməsinə əsasən Cavabdeh ilə aralarındakı nikah pozulması və birgə nigahdan olan övladları X5 və X4 onun himayəsində saxlanılması qət edilmişdir. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Məhkəmə bu müddəadakı “özlərinin qabiliyyəti çərçivəsində” ifadəsini vurğulayaraq qeyd edir ki, cavabdeh əmək qabiliyyətlidir, aliment verə biləcək səviyyədə qazanc əldə etmək imkanına malikdir. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materialından görünür ki, ərizə baxılmamış saxlanmış və iddiaçı 07 may 2021-ci il tarixdə icraatın təzələnməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə iddiaçının uşağların saxlanmasında çətinlik çəkməsini nəzərə alaraq, Cavabdeh 07 may 2021-ci il tarixdən başlayaraq, 05 oktyabr 2009-cu il təvəllüdlü X5 və 25 yanvar 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 150 (yüz əlli) manat olmaqla, iki uşağa görə 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 07 may 2021-ci il tarixdən başlayaraq, 05 oktyabr 2009-cu il təvəllüdlü X5 və 25 yanvar 2012-ci il təvəllüdlü X6 oğlunun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 150 (yüz əlli) manat olmaqla, iki uşağa görə 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. Qətnamə dərhal icraya yönəldilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar