Məhkəmə qərarları › İş №2(027)-666/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-666/2021

18.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-666/2021 18.03.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan “xxxx” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh cəmi 764,65 (yeddi yüz altmış dörd manat 65 qəpik) manat - bundan 264,72 (iki yüz altmış dörd manat 72 qəpik) manat əsas, 456,93 (dörd yüz əlli altı manat 93 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 43 (qırx üç) manat faiz borcu və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq, ləğv prosesində olan İddiaçı-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin İçəri Şəhər filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli ******* nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 36 (otuz altı) ay müddətinə 800 (səkkiz yüz) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 3.5-ci bəndinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. xx.xx.2020-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 764,65 (yeddi yüz altmış dörd manat 65 qəpik) manat təşkil edir. Bundan 264,72 (iki yüz altmış dörd manat 72 qəpik) manat əsas, 456,93 (dörd yüz əlli altı manat 93 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 43 (qırx üç) manat faiz borcu təşkil edir. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh borcu ödəməkdən imtina edir. İddia ərizəsinin əsasında mülki iş başlanmışdır. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli ******* nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 36 (otuz altı) ay müddətinə 800 (səkkiz yüz) manat məbləğində kredit verilmişdir. İşin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçı tərəfin təqdim etdiyi maliyyə arayışa əsasən cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmişdir, onun iddiaçının qarşısında 264,72 (iki yüz altmış dörd manat 72 qəpik) manat əsas, 456,93 (dörd yüz əlli altı manat 93 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 43 (qırx üç) manat faiz borcu olmaqla, cəmi 764,65 (yeddi yüz altmış dörd manat 65 qəpik) manat pul öhdəliyi vardır. Cavabdeh tərəf isə iddia tələbinə dair etirazını əsaslandıracaq hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən əsas öhdəliyin icra edilməməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, borc tələbinə dair iddianın hüquqi əsası aşağıdakı normalardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-739.2-ci maddəsinə əsasən Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Müəyyən edilmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərlərinə düşən öhdəlikləri icra etməmiş və bunun nəticəsində onun bank qarşısında borcu yaranmışdır. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam və lazımi qaydada icra etmədiyindən 264,72 manat məbləğində əsas borcun ondan iddiaçının xeyrinə tutulmasına dair iddia tələbi təmin edilməlidir. Lakin faktiki olaraq ləğvetmədə olan və bank fəaliyyəti ilə məşğul olmayan iddiaçıya dəymiş zərərin nədən ibarət olmasını, həmin məbləğlərin hansı meyarlarla hesablanması əsaslandırılmamış və buna dair məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Ona görə də, iddia tələbi kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən 43 manat məbləğində hesablanan faiz məbləği hissəsində təmin edilə bilməz. Məhkəmə tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, cərimənin məbləği yüksək həddə hesablandığından onun azaldılması tərəflərin mənafeyinə uyğundur və məhkəmə borcluya hesablanmış cəriməni 40 manat məbləğində müəyyən edir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin xeyrinə 264,72 (iki yüz altmış dörd manat yetmiş iki qəpik) manat əsas borc, 40 (qırx) manat cərimə borcu olmaqla, ümumilikdə 304,72 (üç yüz dörd manat yetmiş iki qəpik) manat habelə ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar