Məhkəmə qərarları › İş №2(027)-701/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-701/2025

07.05.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-701/2025 07.05.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı müqavilələrin bağlanmış hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Quba rayonu, Ərməkiqışlaq kəndində yerləşən 0.45 ha torpaq sahəsinə dair İddiaçı ilə Cavabdeh1 və X4 arasında imzalanmış 4 oktyabr 2004-cü il tarixli torpağın alğı-satqısı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxx 1973-cü il tarixdə anadan olmuşdur. Hazırda Quba rayonu, Ərməki kəndində pasport qeydiyyatında olmaqla faktiki yaşayır. Quba rayonu, Ərməkiqışlaq kəndində yerləşən 45 sot torpaq sahəsi 20 ildən çoxdur ki, onun faktiki mülkiyyətində və istifadəsindədir. Belə ki, sözü gedən torpaq sahəsini 2004-cü il tarixdə iş üzrə cavabdeh X6 ilə öz aralarında bağladıqları alğı-satqı müqaviləsi ilə sonuncudan almış və torpağın dəyəri olan 3.500 (üç min beş yüz) ABŞ dolları məbləğində pul tərəfindən cavabdehə ödənilmişdir. Qeyd olunan müqavilə hər ikisinin imzası ilə təsdiq edilmişdir və surəti iddia ərizəsinə əlavə edilir, (əsli məhkəmə iclasında təqdim ediləcəkdir.) Cari ilin iyun ayında cavabdeh onunla əlaqə saxlamış, torpağı həmin vaxtı ucuz satdığını bildirərək ondan 8.000 (səkkiz min) manat məbləğində pul tələb etmiş, əks halda, torpağı ondan geri alacağını bildirmişdir. Yuxarıda da qeyd etdiyi kimi torpaq sahəsi 20 ildən çoxdur ki, onun faktiki mülkiyyətində və istifadəsindədir. Həmin torpaq sahəsində bağ salmış və tək gəlir yeri məhz ordan gələn puldur. Bu səbəbdən də cavabdeh ilə razılaşmış və istədiyi 8.000 (səkkiz min) manat məbləğində pulu cavabdeh X5 vermişdir. Həmin pulun 4.000 (dörd min) manatını məhz bankdan kredit götürmüşdür. Bununla bağlı sənədlər də vardır. Həmçinin bildirir ki, yuxarıda qeyd olunan hallar ilə bağlı şahidlər də vardır, sözügedən müqaviləni öz imzaları ilə təsdiq etmişdirlər və zərurət olacağı halda məhkəmə iclasında da bilavasitə iştirak edəcəkdirlər. Artıq ondan cavabdehin münasibətindən və qeyd olunan hərəkətindən dolayı onun gələcəkdə yenə də bu cür hərəkətlər edə biləcəyinə dair müəyyən şübhələr yaranmışdır. Çünki öz aralarında alqı-satqı edən zaman torpağın dəyərinin əvəzi olaraq ondan 3.500 ABŞ dolları istəmiş, o da, onla razılığa gələrək həmin məbləği ona ödəmişdir. Lakin illər sonra ondan yenə əlavə pul tələb etmiş, əks halda, torpağın ilkin sənədlərinin öz adına olması səbəbindən onu hədələyərək torpaq sahəsini əlindən almaqla hədələmişdir. O, isə illərdir əziyyət çəkdiyini və faktiki olaraq onun istifadəsində və mülkiyyətində olan torpaq sahəsini itirməmək üçün cavabdehin tələb etdiyi 8.000 (səkkiz min) manat məbləğində pulu ona ödəmişdir. Lakin hazırda çox narahatdır. Çünki cavabdehin yenə də gələcəkdə bu cür hərəkətlər etmək ehtimalı vardır. Hesab edir ki, hazırki məsələnin məhkəmədən kənar həlli mövcud deyildir. Məhkəmə iclasında İddiaçı ərizənin məzmununa uyğun izahat verərək torpaq sahəsinin aktının və cizgisinin əslinin həmin vaxtdan onda olduğunu bildirmiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək, iddia tələbinə etiraz ərizəsi verərək bildirmişdir ki, iddiaçı iddia ərizəsində sözügedən torpaq sahəsini ondan 2004-cü il tarixdə 3500 ABŞ dollarına satın aldığını bildirmiş, sonradan ona 8000 manat pul verdiyini qeyd etmişdir. Bu, tamamilə yalandır və həqiqətə uyğun deyildir. Belə ki, o, həmin torpaq sahəsi üçün Çıxarışı və aidiyyəti sənədləri xx.xx.2024-cü ildə almışdır. 20 il bundan əvvəl oda Çıxarış olmamışdır ki, o, onu iddiaçıya sata bilsin. O, torpaq sahəsini iddiaçıya satmamış, sadəcə olaraq ona istifdə etmək üçün vermişdir. O, öhdəsinə belə bir öhdəlik götürməmiş və buna görə də heç bir məsuliyyət daşımır. Göründüyü kimi, o, mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirmək niyyətində olmamışdır. Əgər belə olsaydı, 2024-cü ildə həmin torpaq sahəsi üçün öz adına Çıxarış almaz, sonradan həmin torpaq sahəsini qızı Rahidə Yarəliycvaya bağışlamazdı. O, həmin torpaq sahəsini iddiaçıya istifadə etmək üçün vermiş və bu günə kimi yaxın qohumluq münasibətlərindən istifadə edərək ona heç bir haqq ödəməmişdir. Onların aralarında hər-hansı torpaq icarə müqaviləsi mövcud deyildir. Əgər o, iddiaçı ilə torpaq sahəsinin alğı-satqısına dair müqavilə bağlamışdısa, bunu nəyə görə notariatda etməmiş və müqavilə dövlət reyestrində qeydə alınmamışdır. İddiaçı oan qeyd etdiyi məbləğləri vermiş olsaydı, o, bunu rəsmiləşdirməni nəyə görə bu günə kimi tələb etməyib. Bundan əlavə onun həyat yoldaşı da həmin müqavilənin tərtib olunmasında iştirak etməli və yazılı razılığını bildirməli idi. Arvadı həmin torpaq sahəsinin satılmasına heç vaxt razılıq verməmişdir. Qüvvədə olan mülki qanunvericiliyə görə daşınmaz əmlakın alğı-satqı müqaviləsi notariatda təsdiq olunmalıdır. İddiaçı xatırlamadığı tarixdə ona hansısa ağ kağıza onu aldadaraq imza etdirmişdir. Nəyə görə qanunvericilin tələb etdiyi formada müqavilə bağlamamışlar. Ona görə ki, iddiaçı onun həmin torpaq sahəsini satmaq niyyətində olmadığını bilmişdir. İddiaçı iddia ərizəsində ona 2004-cü ildə 3500 ABŞ dolları verdiyini qeyd etmişdir. Həmin pula həmin vaxt Bakı şəhərində 2 otaqlı normal təmirli mənzil almaq olardı, nəinki, Ərməkiqışlaq kəndində 0,42 ha torpaq sahəsi. İddiaçının bu faktı da yalandır. Bundan başqa, o, iddiaçıdan 3500 ABŞ dolları və 8000 manat pul ümumiyyətlə almamışdır. Quba RPŞ-nin təhqiqatçısı İlkin Rəhimov tərəfindən 2024-cü ilin avqust ayında aparılmış araşdırmanın (HK-1/2269) nəticəsi olan xx.xx.2024-cü il tarixli qərarında da qeyd etdiyi faktlar öz təsdiqini tapmışdır. Məhkəmə iclasında cavabdeh X4 iddia tələbini qəbul etməyərək Cavabdeh1 ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirmişdir ki, iddiaçı və cavabdeh onun qohumudurlar. Aktda adı qeyd olunmasa da, iddiaçı mübahisə predmetini təşkil edən torpaq sahəsini cavabdeh alıb əkib-becərib. Həmin torpaq sahəsi 20 ildir ki, iddiaçı tərəfindən istifadə olunur. Kənd camaatı da, həmin torpaq sahəsinin iddiaçının olduğunu bilir. Akif həmin torpaq sahəsini cavabdehdən aldığını, cavabdeh də iddiaçıya satdığını demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 bildirmişdir ki, iddiaçı və cavabdeh onun həmkəndliləridir. 20 ildir ki, cavabdeh mübahisə predmetini təşkil edən torpaq sahəsini iddiaçıya satmışdır. Bu zamana qədər iddiaçı tərəfindən həmin torpaq sahəsi əkib-becərilmişdir, cavabdehi o torpaq sahəsində görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 bildirmişdir ki, tərəfləri tanıyır. Bağ cavabdeh tərəfindən iddiaçıya satılıb. 20 ildir ki, cavabdeh bağı iddiaçıya satıb. Məhkəmə tərəflərin izahatlarını və şahidlərin ifadələrini dinləyib, sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Torpağa Mülkiyyət Hüququna Dair JN-0030 KOD 30313108 saylı Dövlət Aktının surətindən görünür ki, Aqrar İslahat Komissiyasının 17 saylı, xx.xx.1998-ci il tarixli qərarı ilə Cavabdeh1 və X2 Quba rayonu, Ərməki kəndində yerləşən 1.00 ha torpaq sahəsi mülkiyyətinə verilmişdir. İş materiallarında olan xx.xx.2004-cü il tarixli “torpaq sahəsinin satılmasına dair Akt”dan alğısatqı müqaviləsindən görünür ki, Cavabdeh1 və X4 onlara məxsus Quba rayonu, Ərməkiqışlaq kəndində yerləşən 45 sot torpaq sahəsini İddiaçı satdıqlarını öz imzaları ilə və şahidlərin imzaları ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmin Məcəllənin 331.2-ci maddəsinə əsasən tərəflərin razılaşmasında əqdin formasının uyğun gəlməli olduğu əlavə tələblər (müəyyən formalı blankda tərtibetmə, möhürlə təsdiqləmə və i.a.) müəyyənləşdirilə bilər və bu tələblərə riayət edilməməsinin nəticələri nəzərdə tutula bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh1 və X4 ilə İddiaçı arasında torpaq alğı-satqısı barədə razılıq əldə olunmuş və xx.xx.2004-cü ildə cavabdehlər onlara məxsus Quba rayonu, Ərməki kəndində yerləşən 0.42 ha torpaq sahəsini İddiaçı satılması barədə tərəflərin iştirakı ilə yazılı əqd imzalarla təsdiqlənmiş, lakin notarial qaydada təsdiqlənməmişdir. Cavabdeh mübahisə predmetini təşkil edən torpaq sahəsini iddiaçıya satmadığını və istifadə üçün verildiyini bildirmişdir Məhkəmə qeyd edir ki, 24 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən salınmış Mülki Məcəllənin 335-ci maddəsi ilə əqdin notariat formasına riayət edilməməsinin nəticələri müəyyən edilirdi. Həmin maddəyə əsasən, əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. «Ə.Nəsibovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 15 aprel 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 may 2012-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi bundan ibarətdir: Konstitusiya Məhkəməsinin Plenumu İ.K.Rəcəbovun şikayəti üzrə 22 mart 2006-cı il tarixli Qərarında “əqdin notarial formasına riayət edilməməsi”nin nəticələri ilə bağlı formalaşdırdığı hüquqi mövqeyini qeyd etməklə bir daha vurğulayır ki, göstərilən müddəanın mahiyyətinə görə əqdi tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır. Yaşayış evinin alqı-satqısı haqqında müqavilə də yazılı formada tərtib edilməli olan əqdlərdən biridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 mart 2023-cü il tarixli Qərarına əsasən qeyd edilən maddə, forma şərtinə riayət edilməməsi səbəbindən etibarsız əqdlərin etibarlı hala gətirilməsini (konvalidasiyasını) nəzərdə tuturdu. Qeyd edilən Qərara əsasən notarial qaydada təsdiqlənmə tələbinə uyğun olmayan əqdin etibarlı hala gətirilməsi üçün, belə iddia irəli sürən şəxsin əqdi tamamilə icra etməsi tələb edilir ki, məhz bu şərtlə onun tələbi məhkəmə tərəfindən təmin oluna bilər. Belə məhkəmə qərarı notarial təsdiqetməni əvəz edir. Nəzərə almaq lazımdır ki, notarial təsdiqetmə əqdə münasibətdə xarici element olaraq əqdin bağlanmasına təsir etmir, ona hüquqi qüvvə verir. Konstitusiya Məhkəməsi Plenumunun S.Əliyevanın şikayəti üzrə 2006-cı il 31 may tarixli Qərarında Mülki Məcəllənin 335-ci maddəsi ilə əlaqədar formalaşdırdığı hüquqi mövqeyinə əsasən əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab etməsi üçün mütləq aşağıdakı hallar mövcud olmalıdır: - əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; - məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; - əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, tərəflər arasında, yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş qanuna zidd olmayan əqd mövcuddur. Yazılı əqdin mövcud olması işin mübahisələndirilməyən halıdır. Qeyd edilən hal isə Konstitusiya Məhkəməsi Plenumunun S.Əliyevanın şikayəti üzrə 2006-cı il 31 may tarixli Qərarında Mülki Məcəllənin 335-ci maddəsi ilə əlaqədar formalaşdırdığı hüquqi mövqeyinə əsasən əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab etməsi üçün mütləq şərtlər üzrə digər dəyərləndirmələrin aparılmasını mümkün edir. Həmçinin şahidlərin ifadələrilə və sübutlarla təsdiq olunur ki, bağlanmasının müəyyən edilməsi xahiş edilmiş əqdin icrası elə həmin tarixdən baş tutmuşdur. Əqdin icrasının baş tutmaqla etibarlığına qiymət verərkən məhkəmə torpaq sahəsinin dövlət aktı və torpaq sahəsinin plan cizgisinin iddiaçıda olduğunu və tərəflərin müqavilədən sonrakı hərəkətlərini də nəzərə almışdır. Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında da formalaşdırdığı hüquqi mövqeyə əsasən, müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarına əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Xüsusən mülkiyyət hüququ ilə bağlı mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayətinə dair 2021-ci il 12 aprel tarixli Qərarı). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh1 və X4 arasında bağlanmış xx.xx.2004-cü il tarixli alğı-satqı müqaviləsi bağlanmış hesab edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 mart 2023-cü il tarixli Qərarına əsasən mülki dövriyyənin sabitliyinin təmin edilməsi məqsədi ilə məhkəmələr təqdim olunmuş sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq onların əsasında müqavilə üzrə tərəflərin əsl məqsədlərini və iradə ifadələrini dəqiqləşdirməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsini müəyyən etməli, müqavilələrin etibarlı olub-olmamasına düzgün hüquqi qiymət verməlidir. İddianın mülkiyyət hüququnun tanınması hissəsilə bağlı məhkəmə bildirir ki, iddidaçının hüquqi marağı torpaq sahəsinə dair hüquq müəyyən edici sənəd alınması ilə bağlıdır ki, mahiyyət etibarilə eyni tələb olmaqla, təmin edilən ilkin tələb üzrə qətnamənin icrası halında bu mümkün olacaqdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh1 və X4 arasında Quba rayonu, Ərməki kəndində yerləşən 0.42 ha torpaq sahəsinin alğı-satqısına dair xx.xx.2004-cü il tarixli müqavilə bağlanmış hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver