Məhkəmə qərarları › İş №2(028)-33/2021

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-33/2021

25.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-33/2021 25.02.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ Hakim Vladimir Yefimoviç Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, İddiaçı, Cavabdeh Ələmşah oğlunun iştirakları ilə İddiaçı Cavabdeh Ələmşah oğluna qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə müraciət edərək, cavabdehdən hər bir uşağının yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 170 manat məbləğdə alimentin tutulması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmədə iddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, o, cavabdehlə 2003-cü ildə rəsmi nikah bağlamışdır. Birgə nikahdan üç övladları var. Ailə qurduqdan sonra münasibətləri yaxşı olsa da, son dövrdə pisləşmişdir.Münasibətləri normalaşdırmaq cəhdləri heç bir nəticə verməmişdir. Birgə nikahdan olan övladları onun himayəsindədirlər.Cavabdeh uşaqları saxlamaqda köməklik göstərmir.Bu səbəbə görə cavabdehdən uşaqların saxlanması üçün aliment tutulmalıdır. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Bunları nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Ələmşah oğlu göstərdi ki, iddianı qismən qəbul edir. Belə ki, o, xəstəlik ilə əlaqədar tələb olunan alimenti ödəmək iqtidarında deyil. Bunu nəzərə alaraq iddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçını və cavabdehi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Qubadlı rayon VVADQ şöbəsi tərəfindən verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin kserosurətindən görünür ki, Cavabdeh Ələmşah oğlu və X1 xx.xx.2003-cü ildə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 193 № ilə qeyd edilmişdir. İş materiallarında olan Qubadlı rayon VVADQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin kserosurətindən görünür ki, Nəbiyeva Şəfəq Şöhlət qızı xx.xx.2004-cü il tarixdə doğulmuşdur. Atası Cavabdeh Ələmşah oğlu, anası İddiaçıdır. İş materiallarında olan Qubadlı rayon VVADQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin kserosurətindən görünür ki, Nəbiyev Fərid Şöhlət oğlu xx.xx.2006-cı il tarixdə doğulmuşdur. Atası Cavabdeh Ələmşah oğlu, anası İddiaçıdır. İş materiallarında olan Sumqayıt “ASAN xidmət mərkəzi” qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin kserosurətindən görünür ki, Nəbiyeva Xanım Şöhlət qızı xx.xx.2018-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh Ələmşah oğlu, anası İddiaçıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin edilməsi, hüquq və manafelərinin mühafizəsi valideynlərinin əsas vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. İddiaçı bir uşağının saxlanılması üçün cavabdehdən tutulacaq alimenti 170 manat məbləğində tələb edir. Həmin məbləğ «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanuna uyğun olduğuna görə cavabdehdən bir uşağın saxlanması üçün hər ay 170 manat sabit pul məbləğində aliment tutulub iddiaçıya verilməlidir. «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-ci il qərarına əsasən, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100-cü maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh Ələmşah oğlundan hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment xx.xx.2020-ci il tarixdən başlayaraq tutulub xx.xx.2004-cü il tarixdə doğulmuş Nəbiyeva Şəfəq Şöhlət qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün, hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment xx.xx.2020-ci il tarixdən başlayaraq tutulub xx.xx.2006-cı il tarixdə doğulmuş Nəbiyev Fərid Şöhlət oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün və hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment xx.xx.2020-ci il tarixdən başlayaraq tutulub xx.xx.2018-ci il tarixdə doğulmuş Nəbiyeva Xanım Şöhlət qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar