Məhkəmə qərarları › İş №2(028)-508/2021

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-508/2021

07.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-508/2021 07.10.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ X6 Ruvinovun sədrliyi, Aynurə Akif qızı Mustafayevanın katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh Cavabdeh ASC-nin nümayəndəsi X4 iştirakları ilə İddiaçı cavabdeh Cavabdeh ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə əsassız hesablanmış 492,18 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçının nümayəndəsi iddianı müdafiə edərək göstərdi ki, ünvan 1 ünvanında yerləşən fərdi evi iddiaçının mərhum həyat yoldaşı X2 mülkiyyətində olmuşdur.Həmin ünvanda məcburi köçkünlər kimi 1994-cü il tarixindən məskunlaşmışdırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli, 11 saylı qərarı ilə təsdiqlənmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın qanuni qüvvəyə minməsinədək onlar kommunal xərclərdən azad olmuşlar. Qayda qanuni qüvvəyə minənnən sonra hər ay kommunal xərclərini ödəməyə başlamışlar.Lakin Qaydanın qanuni qüvvəyə minməsinədək yığılan borclar hələ də qalmaqdadır. Əsassız hesablanmış 492,18 manat borc iddiaçıya həmin evi satmağa və yaxud başqasının adına keçirməyə mane olur. İddiaçı dəfələrlə Cavabdeh ASC-yə müraciət edərək əsassız hesablanmış borcların silinməsini xahiş etmiş, lakin heç bir nəticə olmamışdır.Bu səbəbə görə məhkəməyə müraciət etmək məcburiyyətindədir.Göstərilənlərini nəzərə alaraq iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh ASC-nin nümayəndəsi iddianı rədd edərək və etiraz təqdim edərək göstərdi ki, ünvan 1 Cavabdeh ASC-nin abonent bazasında X5 göstərilmişdir. Halhazırda həmin ünvana su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə 06.10.2021-ci il tarixinə 377,18 manat borcu qalmışdır.Qeyd olunan ünvanda 2002-ci ildə kod açılaraq hesabat aparılmışdır.Həmin ünvanda 2018-ci il tarixdə su sayğacı quraşdırılmışdır. 01.01.2017-ci ildə məcburi köçkünlər üçün nəzərdə tutulmuş limit ləğv edilmişdir. «Sudan istifadə qaydalarının» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarının 4.1.3 bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini istehlakçı təmin etməlidir. Mübahisəli borc məbləğinin yaranacağı dövrdən su təchizatı müəssisəsi tərəfindən vətəndaşa su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin dəyərinə uyğun olaraq vergi orqanına mütəmadi olaraq vergi ödənilmişdir. Bunları nəzərə alaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və Cavabdeh ASC-yə Sumqayıt Sukanal İdarəsi tərəfindən verilmiş hesab fakturadan görünür ki, X3 dövriyyədən əvvəl 492,18 manat qalıq borcu var. Cavabdeh ASC tərəfindən təqdim edilmiş iddia ərizəsinə etirazda göstərilmişdir ki, 2011-ci ildən 2017-ci ilə qədər ünvan 1 ünvana 493,10 manat borc olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2017-ci il tarixli Fərmanının 1- 1-ci bəndinə əsasən fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan sıx müvəqqəti məskunlaşma yerlərində (keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda) faktiki yaşayan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin (fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) onlar fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olan yeni yaşayış sahələrinə köçürülənədək istifadə etdikləri təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınmasına görə haqların 2017-ci il 1 yanvar tarixinədək məcburi köçkünlər üçün müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada ödənilməsi təmin olunsun. 31.12.2016-ci ilə qədər məcburi köçkünlərin borcun silinməsi barədə Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən limitdən artıq istifadə olunan su silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh ASC tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə əsassız hesablanmış 492,18 manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar