Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-538/2021 04.10.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 Ruvinovun sədrliyi, Aynurə Akif qızı Mustafayevanın katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3400 (üç min dörd yüz) manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumum tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, Cavabdeh onun yaxın rəfiqəsinin xalası oğludur. 10.09.2019-cü il tarixdə o, cavabdehə 5 ay müddətinə qaytarmaq şərti ilə 1000 manat məbləğində borc vermişdir.Bunun müqabilində cavabdeh pulun qaytarılması barədə öz xətti və imzası ilə tərtib edilmiş qəbz vermişdir.Bir müddət sonra cavabdeh yenə ondan borc istəmişdir. 18.02.2020-ci il tarixdə o, cavabdehə 2400 manat məbləğində borc vermişdir.Bu barədə cavabdeh öz xətti və imzası ilə tərtib edilmiş qəbz vermiş və 3400 manat borcu olmasını və hissə-hissə qaytaracağını qeyd etmişdir.Lakin cavabdeh hal-hazıra qədər aldığa borcunu ona qaytarmamışdır.Dəfələrlə ona müraciət etsə də, cavabdeh pulu qaytarmağa imkanı olmadığını bildirir.Bu səbəbə görə məhkəməyə müraciət etmək məcburiyyətindədir.Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbələri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və Cavabdeh tərəfindən öz dəstixətti ilə 10.09.2019-cu il tarixdə tərtib edilmiş qəbzdən görünür ki, o, Aidə xanımdan 5 ay müddətinə qaytarmaq şərti ilə 1000 manat borc götürüb. İş materiallarında olan və Cavabdeh tərəfindən öz dəstixətti ilə 18.02.2020-ci il tarixdə tərtib edilmiş qəbzdən görünür ki, o, Aidə xanımdan hissə-hissə qaytarmaq şərti ilə toplam 3400 manat borc götürüb. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən cəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin içrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-in 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üc min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan hüquqları üzrə Avropa məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 3400 (üç min dörd yüz) manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №2(028)-538/2021
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-538/2021
04.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver