Məhkəmə qərarları › İş №2(028)-595/2024

Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №2(028)-595/2024

25.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Bədbəxt hadisə faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(028)-595/2024 25.10.2024 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 Ərizəçi (maraqlı şəxslər "xxxx" MMC və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X5 Xidməti Sumqayıt regional ərazi şöbəsi) övladının ölməsi hadisəsinin bədbəxt hadisə kimi qiymətləndirilməsi və “İstehsalat zədəsi” formalı aktın verilməsinə dair "xxxx" MMC-nin üzərinə öhdəlik qoyulması tələbinə dair ərizəsini nəzərdən keçirib, m ü ə y y ə n e t d i: Ərizəçi məhkəməyə müraciət edərək, övladı X2 xx.xx.2019-cu il tarixdə ölməsi hadisəsinin bədbəxt hadisə kimi qiymətləndirilməsi və “İstehsalat zədəsi” formalı aktın verilməsinə dair "xxxx" MMC-nin üzərinə öhdəlik qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlir ki, Ərizəçi ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, ərizəçinin maraqlı şəxslərə qarşı tələbi mübahisə doğurduğu üçün ərizəsinə xüsusi icraat qaydasında baxıla bilməz. Eyni zamanda iş materiallarından müəyyən olunur ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5723/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı X3 (Ərizəçi həyat yoldaşı və X2 anası) cavabdeh "xxxx" MMC-yə qarşı “İstehsalat zədəsi” formalı aktın verilməsi tələbinə dair iddiası təmin edilməmişdir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikasi Ali Məhkəməsinin Plenumunun 3 saylı 12 aprel 2019-cu il tarixli qərarının 1.3-cü bəndində göstərilir ki, nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir Həmin Məcəllənin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 153-cü və 263-268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Ərizəçi (maraqlı şəxs "xxxx" MMC və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X5 Xidməti Sumqayıt regional ərazi şöbəsi) övladının ölməsi hadisəsinin bədbəxt hadisə kimi qiymətləndirilməsi və “İstehsalat zədəsi” formalı aktın verilməsinə dair "xxxx" MMC üzərinə öhdəlik qoyulması tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilsin. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qubadlı Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) verilə bilər. HAKİM ELMİR HÜSEYNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver