Məhkəmə qərarları › İş №2(028)-717/2021

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-717/2021

30.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-717/2021 30.11.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 Ruvinovun sədrliyi İddiaçı MMC Cavabdeh qarşı “pul tələbinə” dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 178,74 manat qalıq borcu, 54,75 manat cərimə, cəmi 233,49 manat borcun və 30 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı MMC ilə bağlanılmış 04.05.2018-ci il tarixli ST28587 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdehə 308,76 manat dəyərində məhsul nisyə satılmışdır və məhsul cavabdehə təhvil verilmişdir.Müqavilənin və tərəflər arasında tərtib edilmiş ödəniş qrafikinin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmişdir.O, borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra erməmişdir.Cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilmişdir, lakin o, öhdəliyini yerinə yetirməmişdir. Müqavilənin 6.1-ci bəndinə və 6.1.1-ci yarımbəndinə əsasən cavabdeh müqavilə üzrə üzərinə götürdüyü borc öhdəliklərini yerinə yetirmədiyi (lazımınca yerinə yetirmədiyi) təqdirdə, kreditor nisyə mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb etmək hüququna malikdir.Cavabdehin iddiaçı qarşısında müqavilə üzrə qalıq borcu 178,74 manat təşkil edir. Müqavilənin 5.6-cı bəndinə əsasən borcun ödənişi gecikdirildikdə, hər gecikdirilmiş gün üçün gecikdirilmiş borc məbləğinin 0,3%-i həcmində cərimə ödəməyi cavabdeh öhdəsinə götürmüşdür.Cavabdehin kreditor qarşısında müqavilə üzrə cərimə borcu 547,48 manat təşkil edir.Hazırda cavabdehə qarşı güzəşt siyasəti tətbiq edildiyi üçün hesablanmış cərimənin yalnız 10%-ni ödəməyi borcludan tələb edilir.Belə olan halda hesablanmış cərimə məbləğinin 10%-i 54,75 manat təşkil edir.Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında”Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh ünvanlanmış məhkəmə bildirişi cavabdehin ünvanı tam olmadığına görə məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işin materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan 04.05.2018-ci il tarixli ST28587 saylı Nisyə alqı-satqı müqavilədən görünür ki, satıcı( İddiaçı MMC) alıcıya (Cavabdeh) Təhvil-təslim aktında göstərilən mal(ları) satır, alıcı isə həmin mal(ları) qəbul edir və bu müqavilə ilə razılaşdırılmış qaydada mal(lar)ın dəyərini satıcıya ödəyir. 04.05.2018-ci il tarixli Təhvil-təslim aktından görünür ki, Cavabdeh dəyəri 308,76 manat olan Xiaomi Redmi markalı telefon təhvil verilmişdir. 04.05.2018-ci il tarixli, ST28587 saylı Nisyə alqı-satqı müqaviləsinə Əlavə 1-dən görünür ki, Cavabdeh dəyəri 308,76 manat olan malı 12 ay müddətinə hər ay 26 manat ödəmək şərti ilə almışdır. 15.09.2021-ci il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh 04.05.2018-ci il tarixli ST28587 saylı Nisyə alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC-yə 178,74 manat əsas, 1046 gün gecikməyə görə hesablanmış 560,89 manat cərimə məbləğinin 30%-i olaraq 168,27 manat cərimə, cəmi 347,01 manat borcu vardır. İş materiallarına əlavə olunmuş bildirişdən görünür ki, Cavabdeh Cəmiyyətə borcu barəsində İddiaçı MMC tərəfindən bildiriş göndərilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan avadanlığı cavabdehə vermiş, lakin cavabdeh avadanlığın dəyərini hər ay ödəniş cədvəlinə uyğun olaraq ödəməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1, 600.1,600.4,600.5-ci maddələrinə istinadən qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-in 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hesablanmış borc kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini təmin edir. Bunu nəzərə alaraq məhkəmə hesab edir ki,dəbbə pulunun məbləği – 54,75 manat tənasübsüz surətdə yüksəkdir və müvafiq olaraq 10 manat məbləğinində dəbbə pulunu ağlabatan və ədalətli məbləğ kimi müəyyən edir. Məhkəmə qeyd edir ki, dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsuludur. Öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-1-284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 178,74 manat qalıq borc, 10 manat cərimə, cəmi 188,74 manat borc və 30 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar