Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-169/2021 04.10.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə İDDİAÇİ: İddiaçı CAVABDEH: Cavabdeh qarşı M/TƏRƏF: ƏMDK-in yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi Özgənin sahibliyindən əmlakın geri tələb edilməsi və tikililərin sökülməsi tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı X15 qarşı iddia qaldıraraq onun mülkiyyətinə verilmiş Dəvəçi (indiki Şabran) şəhərində yerləşən torpaq sahəsinin cavabdehdən alınaraq ona verilməsi və onun hesabına torpaq sahəsində olan tikililərin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şabran rayon məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli qərardadına əsasən, İddiaçı cavabdeh X15 qarşı «özgənin sahibliyindən əmlakın geri tələb edilməsi və tiklilərin sökülməsi» tələbi barədə iddiası üzrə işə, zərurət olduğundan Cavabdeh əsl cavabdeh qismində işə cəlb edilmişdir İddiaçı iddia ərizəsinə dəqiqləşmə verərək, onun mülkiyyətinə verilmiş Dəvəçi (indiki Şabran) şəhərində yerləşən torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunmuş hissəsinin alınaraq ona verilməsi və onun hesabına torpaq sahəsində olan tikililərin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, 11.12.2019-cu il tarixində Quba regional "ASAN xidmət" mərkəzinin notariat ofisində o, alqı- satqı müqaviləsi əsasında, Şabran şəhəri ərazisində yerləşən 4,023 ha kənd təsərrüfatı təyinatlı torpaq əldə etmişdir. 27.12.2019-cu il tarixində o, həmin torpaq sahəsini Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqlarını ********** qeydiyyat nömrəsi ilə qeydiyyata aldırmış və ona Daşınmaz Əmlakın Dövlət reyestrindən müvafiq çıxarış verilmişdir. Aldığı torpaq sahəsini istifadə etmək istədikdə, ona məlum olmuşdur ki, onun torpaq sahəsini cavabdeh istifadə edir və orada tikililər quraşdırmış inşa etmişdir. O, cavabdehə torpaq sahəsinin qaytarılmasını və tikililərin sökülməsini xahiş və tələb etmiş, lakin cavabdeh onun torpaq sahəsini geri qaytarmamışdır. Bu səbəbdən o, məhkəməyə müraciət etmişdir. Xahiş edir, onun mülkiyyətinə verilmiş Dəvəçi (indiki Şabran) şəhərində yerləşən torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunmuş hissəsinin alınaraq ona verilməsi və cavabdehin hesabına torpaq sahəsində olan tikililərin sökülməsi barədə qətnamə çıxarılsın. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, o, torpaq sahəsini (iddiaçının mülkiyyətində olan sahə ilə qonşu olan 0,7604 ha sahə, reyestr nömrəsi **********77, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 11.03.2011-ci il olan reyestdən çıxarış) 10 il bundan əvvəl aldığı zaman mübahisələndirilən tikili də həmin sahədə mövcud olmuşdur. Mülkiyyətində olan 0,7604 ha torpaq sahəsi özəlləşdirilən pay torpaqları kimi 2000- ci ildə X8 və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Sözügedən tikililər X8 tərəfindən 2003-2005-ci illərdə inşa edilmişdir. 2011-ci ildə alqı-satqı əsasında torpaq sahəsi (reyestr nömrəsi **********77, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 11.03.2011-ci il olan reyestdən çıxarış üzrə mülkiyyətdə olan 0,7604 ha torpaq sahəsi) onun mülkiyyətinə keçdiyi vaxtda sahənin üzərində tiklililər mövcud olmuşdur. Həmin tikililər 2003-2005-ci illərdə X8 tərəfindən inşa edilərkən İddiaçı bundan xəbərdar olmuşdur, onlar arasında yaxın dost münasibətləri olmuşdur. 20 il müddətində həmin ərazidə qonşu torpaq sahələrinin mülkəyyitçiləri arasında heç bir mübahisə olmamışdır. Bununla təsdiq olunur ki, bütün qonşu torpaq sahibləri arasında qarşılıqlı razılaşma mövcud olmuşdur. İddiaçı irəli sürdüyü məsələ (iddia predmeti) barəsində 15 ildir ki xəbərdar olduğunu özü də etiraf edir, əvvəlki mülkiyyətçilərin guya qorxduqları üçün etiraz etmədiklərini bildirir. Bu arqumentin absurd olduğu şübhəsizdir. O, torpaq sahəsini alan zaman X8 və DƏDRX ərazi idarəsinin əməkdaşları tərəfindən ona torpaq sahəsinin naturada ölçüləri göstərmiş və o, buna əsasən sahəyə sahiblik etmişdir. Butun bunlardan isə İddiaçı və digər qonşular tam məlumatlı olmuşlar. Həmin vaxt X8 ilə İddiaçı yaxın dost olmuşlar, onlar çoxdan tanış idilər, hazırda da onların dostluq münasibətləri davam edir. Göründüyü kimi iddiaçının guya sahədəki tikililərdən yeni xəbərdar olması barədə dedikləri tamamilə yalandır. O, Qasımov Allahverən, eləcə də o ərazidə olan torpaq mülkiyyətçiləri həmin torpaq sahələri özəlləşdirilən zamanlardan (1999- 2000-ci illər) bəri orada baş verənlərdən hər zaman xəbərdar olmuşlar. O, iddiaçının torpaq sahəsini zəbt etməmişdir. Bu səbəbdən də, iddianı əsassın hesab edir, xahiş edir, iddia əsassız olduğundan təmin edilməsin. Maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə müraciət etməmişdir. Məhkəmə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümükün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş Hüquqların Dövlət Qydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, reyestr nömrəsi **********47 olan, qeydiyyat tarixi 27.12.2019ci il, qeydiyyat nömrəsi ********** olan çıxarışdan görünür ki, Şabran şəhəri ərazisində yerləşən 4.032 ha torpaq sahəsi İddiaçı adına qeydə alınmışdır. İşə əlavə edilmiş 267316 saylı, 31 yanvar 2011-ci il tarixli müqavilədən görünür ki, X4 öz adından və X5 adından və X7 adından hərəkət edən X17, X1 şəhəri ünvanında yerləşən 3.36 ha torpaq sahəsini Cavabdeh 3000 AZN satmışdır. İşə əlavə edilmiş 25 yanvar 2011-ci il tarixli arayışdan görünür ki, Şabran şəhəri ünvanında yenrləşən 3.36 ha kənd təsərrüfatı təyinatlı torpaqlar X2, X5, X7, X11, X6 mülkiyyətinə verilmişdir. İşə əlavə edilmiş Daşınmaz əmlakın Kadastr və Ünvan Reyestr Xidməti tərəifndən verilmiş 08 may 2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Hüquqların Dövlət Qydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, reyestr nömrəsi **********47, qeydiyyat tarixi 27.12.2019-ci il, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən verilmiş 4.032 ha torpaq sahəsinin cavabdeh X20 tərəfindən 0.4349 ha hissəsi zəbt edilmişdir. İşə əlavə edilmiş X14 tərəfindən verilmiş 30 iyul 2021-ci il tarixli 245 saylı ekspert rəyindən görünür ki, Hüquqların Dövlət Qydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, reyestr nömrəsi **********47, qeydiyyat tarixi 27.12.2019-ci il, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 4.32 ha torpaq sahəsinin zəbt edilmiş hissəsində cavabdeh X20 tərəfindən 595 kvm və 35 kvm tövlələrin, həmçinin 52 kvm çoban evinin (tikili) inşa olunduğu müəyyən edilmişdir. İşə əlavə edilmiş X14 MMC tərəfindən verilmiş 30 iyul 2021-ci il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı tərəfindən ekspertiza xərci üçün 450 (dörd yüz əlli) manat pul ödənilmişdir. İşə əlavə edilmiş Torpağa Mülkiyyət Hüququna Dair JN-0635 KOD 30401004 saylı Dövlət Aktından görünür ki, Dəvəçi rayon Aqrar İslahat Komissiyasının 12 sentyabr 2000ci il tarixli 06 saylı qərarına əsasən X3 və ailə üzvlərinin mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 3.36 ha pay torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş Hüquqların Dövlət Qydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, reyestr nömrəsi **********77, qeydiyyat tarixi 11.03.2011-ci il, qeydiyyat nömrəsi ********** olan çıxarışdan görünür ki, Şabran şəhəri ərazisindən Cavabdeh mülkiyyətinə 0.7604 ha torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş Hüquqların Dövlət Qydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, reyestr nömrəsi **********76, qeydiyyat tarixi 11.03.2011-ci il, qeydiyyat nömrəsi ********** olan çıxarışdan görünür ki, Şabran şəhəri ərazisindən Cavabdeh mülkiyyətinə 2.5995 ha torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Akvakultura təsərrüfatlarına məxsus torpaqlar aid olduqları torpaq kateqoriyasında saxlanılır və digər kateqoriyaya keçirilmir. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar aid edilir. Həmin Məcəllənin 12.4-cü maddəsinə əsasən kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur. Bu torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə yol verilir. Həmin Məcəllənin 48.5-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri olan hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində öz hüquqlarını həyata keçirərkən ətraf təbii mühitə, başqa şəxslərin hüquqlarına və mənafelərinə zərər vurmamalıdırlar. Həmin Məcəllənin 66-cı maddəsinin 1-ci bəndinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyətinin orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 84.1. maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 103.1. maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tiklilər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Mülki Məcəllənin 157.2-ci maddəsinə müvafiq olaraq, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir Həmin Məcəllənin 373.2-ci maddəsində qeyd edilir ki, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İş materialları ilə müəyyən olunur ki, İddiaçı Şabran şəhəri ərazisində yerləşən 4.032 ha torpaq sahəsinə 27.12.2019-ci ildə mülkiyyət hüququ əldə etmişdir. Bundan sonra, torpağının zəbt olunduğu ona məlum olmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsi “X24rşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 yanvar 2010-cu il tarixli qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki və torpaq qanunvericiliyin müddəalarından da göründüyü kimi tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. ... Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsində qeyd edilir ki, «məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.» Azərbaycan Respublikası MPM-nin 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1. maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə tərəfindən tərəflərə məhkəməyə əlavə sübutlar təqdim edilməsi barədə təklif olunmasına baxmayaraq tərəflər məhkəməyə əlavə sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 88 maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmaldır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İddiaçı tərəfindən 450 (dörd yüz əlli) manat ekspertiza xərci ödənildiyi üçün həmin pul məbləği Cavabdeh tutulmalıdır. Məhkəmə tərəfindən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmış və tərəflərin izahatları yoxlanılmış, tədqiq olunan sübutlara əsaslanaraq məhkəmə belə nəticəyə gəlir ki, Hüquqların Dövlət Qydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, reyestr nömrəsi **********47, qeydiyyat tarixi 27.12.2019-ci il, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 4.032 ha torpaq sahəsinin 0.4349 ha hissəsi cavabdeh tərəfindən zəbt edilmişdir. Zəbt edilmiş həmin hissədə cavabdeh X20 tərəfindən 595 kvm və 35 kvm tövlələrdən, həmçinin 52 kvm çoban evindən (tikilidən) istifadə edilir. Tərəflərin mülkiyyətində olan torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Ona görə də, iddia təmin edilməli, İddiaçı mülkiyyətinə verilmiş Dəvəçi (indiki Şabran) şəhərində yerləşən torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt olunmuş hissəsi alınaraq İddiaçı verilməli və Cavabdeh hesabına torpaq sahəsində olan tikililər sökülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq iddia təmin edildiyindən İddiaçı tərəfindən X9 450 (dörd yüz əlli) manat ekspertiza xərci ödənildiyi üçün həmin pul məbləği Cavabdeh tutulub İddiaçı verilməli, əlavə olaraq Cavabdeh 341.32 (üç yüz qırx bir manat otuz iki qəpik) manat ekspertiza xərci alınıb Kapital Bank ASC Xətai filialı kod 200071, VÖEN **********, SWİFT kod AİİBAZ2X, Mühbir hesab AZ37NABZ********************, Benefisiarın adı Kadastr və Yerquruluşu Layihə TADQ MAR, benefisiarın hesabı AZ 23AŞŞB********************, VÖEN ********** olan hesaba köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçı mülkiyyətinə verilmiş Dəvəçi (indiki Şabran) şəhərində yerləşən torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt olunmuş hissəsi alınaraq İddiaçı oğluna verilsin və Cavabdeh hesabına torpaq sahəsində olan tikililər sökülsün. Cavabdeh X9 ödənilmiş 450 (dörd yüz əlli) manat ekspertiza xərci alınıb İddiaçı verilsin. Cavabdeh 341.32 (üç yüz qırx bir manat 32 qəpik) ekspertiza xərci tutularaq Benefisiarın Bankı: Kapital Bank ASC Xətai filialı, filialın kodu: 200071, VÖEN: **********, SWİFT kodu: AİİBAZ2X, mühbir hesab: AZ37NABZ********************, KADASTR VƏ YERQUR LAYİHA TADQ MAR, benefisiarın hesabı:AZ23AİİB********************, VÖEN********** hesaba ödənilsin. Məhkəmə qətnaməsi şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HakimÇingiz İsgəndərov
Məhkəmə qərarları › İş №2(031)-169/2021
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-169/2021
04.10.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver