Məhkəmə qərarları › İş №2(031)-436/2021

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-436/2021

08.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-436/2021 08.06.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə İDDİAÇİ: "xxxx" MMC-nin CAVABDEH: Cavabdeh qarşı Pul tələbi barədə mülki işə 08 iyun 2021-ci ildə Şabran şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia qaldıraraq 06.02.2020-ci il tarixli müqavilə üzrə Samsung LED TV üçün 1800 manat ödənilməmiş hissə, 360 manat dəbbə, ümumilikdə 2160 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2190 manat Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. "xxxx" MMC məhkəməyə teleqramla müraciət edərək onların iştirakı olmadan işə baxılaraq iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə "xxxx" MMC-nin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı "xxxx" MMC iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh, «xxxx» MMC ilə 06.02.2020-ci il tarixli müqaviləyə əsasən Samsung LED TV almış və nəticədə 2160 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 06.02.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2029 manat (18 ay x 100 manat = 229 manat ilkin ödəniş) Samsung LED TV üçün ümumilikdə, 2160 manat olmaqla ondan, 1800 manat ödənilməmiş hissə, 360 manat dəbbə, cavabdehin cəmi ödədiyi məbləğ 229 manat təşkil edir. Xahiş edir, 06.02.2020-ci il tarixli müqavilə üzrə Samsung LED TV üçün 1800 manat ödənilməmiş hissə, 360 manat dəbbə, ümumilikdə 2160 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2190 manat Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5. maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri barədə məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş 06.02.2020-ci il tarixli, 20082962 saylı müqavilədən görünür ki, Cavabdeh Samsung LED TV almış və nəticədə 2160 manat borc yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 389.3-cü maddəsinə əsasən bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Mülki Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Mülki Məcəllənin 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifələrinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən «Öhdəliyin icra edilməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1. maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MPM-nin 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.3. maddəsinə əsasən işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edir. Məhkəmə tərəflərə əlavə sübutlar təqdim etməyi təklif etməsinə baxmayaraq, tərəflər məhkəməyə əlavə sübutlar təqdim etməmişdir. Həmin Məcəllənin 78.1. maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Ona görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 06.02.2020-ci il tarixli müqavilə üzrə Samsung LED TV üçün 1800 manat ödənilməmiş hissə, 30 manat dəbbə, ümumilikdə 2160 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1860 manat Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 238-244, 252, 253cü maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. 06.02.2020-ci il tarixli müqavilə üzrə Samsung LED TV üçün 1800 manat ödənilməmiş hissə, 30 manat dəbbə, ümumilikdə 2160 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1860 manat Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Məhkəmə qətnaməsi şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar