Məhkəmə qərarları › İş №2(031)-798/2020

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-798/2020

28.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-798/2020 28.10.2020 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi və Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə İDDİAÇİ: İddiaçı CAVABDEH: Cavabdeh qarşı Sabit pul məbləğində alimentin müəyyən edilməsi tələbi barədə mülki işə xx xxxxxxx 2020-ci ildə Şabran şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh hər uşaq üçün ayda 170 manat sabit pul məbləğində alimentin tutulub xx.xx.2010-cu ildə doğulmuş X1 və xx.xx.2013-cü ildə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə əvvəlcə qeyri-rəsmi ailə qurmuşlar. Nikahlarını xx.xx.2011-ci ildə rəsmiləşdirmişlər. Ər-arvad münasibətindən xx.xx.2010-cu ildə Dilarə və xx.xx.2013-cü ildə Amil adlı uşaqları olmuşdur. Cavabdeh uşaqların saxlanılması üçün maddi köməklik etmir, evə baxmır, ailənin qayğısına qalmır, o, tək maddi köməklik olmadan uşaqları saxlamaqda çətinlik çəkir. Ona görə də uşaqların saxlanılması üçün aliment müəyyən edilməsi barədə iddia qaldırmışdır. Xahiş edir, Cavabdeh hər uşaq üçün ayda 170 manat sabit pul məbləğində alimentin tutulub xx.xx.2010-cu ildə doğulmuş X1 və xx.xx.2013-cü ildə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ona verilməsi barədə qətnamə çıxarılsın. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, İddiaçı ilə əvvəlcə qeyri-rəsmi ailə qurmuşlar. Nikahlarını xx.xx.2011-ci ildə rəsmiləşdirmişlər. Ər-arvad münasibətindən xx.xx.2010-cu ildə Dilarə və xx.xx.2013-cü ildə Amil adlı uşaqları olmuşdur. Aralarında narazılıqlar olsa da, onların boşanmamışlar, iddiaçı ilə bir evdə, eyni otaqda yaşayırlar. Hər ikisi Xaçmaz rayon «Zirə» broyler fabrikində işləyirlər. Hər ikisi fəhlə işləməklə ayrı-ayrılıqda 350 manat əmək haqqı alırlar. İddiaçını anası öyrədib ki, məhkəməyə ərizə verib aliment tələb etsin. Anası geri çəkilsə, Məleykə də ona qarşı mehriban olar. İki aydır ki, maaş almırlar, uşaqları atası saxlayır. Onun iddiaçının tələb etdiyi alimenti ödəmək imkanı yoxdur. Məhkəmə cavabdehi dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş AZ-İ seriyalı 666709 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı xx xxx 2011-ci ildə nikahlarını rəsmi qeyd etdirmişlər. İşə əlavə edilmiş AZ-İİİ seriyalı 566272 saylı və AZ-İİ seriyalı 691515 saylı doğum haqqında şəhadətnamələrdən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2010-cu ildə Dilarə və xx.xx.2013-cü ildə Amil adlı uşaqları olmuşdur. Məhkəmədə tədqiq olunan sübutlarla müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh əvvəlcə qeyri-rəsmi ailə qurmuşlar. Nikahlarını xx.xx.2011-ci ildə rəsmiləşdirmişlər. Ərarvad münasibətindən xx.xx.2010-cu ildə Dilarə və xx.xx.2013-cü ildə Amil adlı uşaqları olmuşdur. Cavabdeh uşağların saxlanması üçün heç bir maddi və mənəvi köməklik etmir. Ona görə də iddiaçı uşağları saxlamaqda çətinlik çəkir. İddiaçı alimentə ehtiyacı var. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqların saxlama qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1. maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancı (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76 maddəsinə uyğun oalaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2. maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 99 maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, bu Məcəllənin 13-16 fəsillərində göstərilmiş şəxslər aliment tutulması barədə məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikası Qanununa görə 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2. maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi andan tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 101.2. maddəsinə əsasən məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətlərini nəzərə almalıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı qərarının 17-ci bəndinin mənasına görə heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideyinləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideyinlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideyinlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərindən görünür ki, valideynlər öz uşaqları barəsində bərabər vəzifələrə malikdirlər, belə vəzifələrdən biri də valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsidir. Məhkəmə tərəflərin maddi və ailə vəziyyətini, uşağın saxlanılması vəzifəsinin hər iki valideynin üzərinə düşməsini,iddiaçının da işləməsini və aylıq 350 manat əmək haqqı almasını nəzərə alaraq uşağların saxlanması üçün cavabdehdən hər uşaq üçün ayda 120 (bir yüz iyirmi) manat məbləğində aliment tutulmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə tərəfindən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmış və tərəflərin izahatları yoxlanılmış, tədqiq olunan sübutlara əsaslanaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx xxxxxxxx 2020-ci il tarixdən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması məqsədi ilə hər uşaq üçün ayda 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx xxxxxxxx 2020-ci il tarixdən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması məqsədi ilə hər uşaq üçün ayda 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Qətnamə dərhal icla edilsin. Məhkəmə qətnaməsi şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuniyi qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. H A K İ M ÇİNGİZ İSGƏNDƏROV.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar