Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № 2(033)-283/2021 25.01.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Mən, Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlu, İddiaçı ASCnin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsini nəzərdən keçirib müəyyən etdim: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 14 oktyabr 2019-cu il tarixli, SBNPU-2571 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 1520,05 manat, faiz borcuna görə 43,93 manat, dəbbə borcuna görə 0 manat, cəmi 1563,98 manat məbləğində pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb belə nəticəyə gəlirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152-ci maddəsi rəhbər tutularaq məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1-ci və 152.1.2-ci maddələrinə görə, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hazırkı iddia ərizəsi isə bu tələblərə riayət edilmədən hazırlanmışdır. Belə ki, iddia ərizəsi İddiaçı ASC-nin Məhkəmələrlə İş şöbəsinin rəisi Dilqəm Musayev tərəfindən imzalansa da, iddia ərizəsinin qoşma hissəsində “imza səlahiyyətlərini təsdiq edən etibarnamənin və İddiaçı ASC-nin Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışlar”nın surətinin əlavə edilməsi göstərilsə də, həmin sənədlər və ya onun həqiqətən İddiaçı ASC-nin Məhkəmələrlə İş şöbəsinin rəisi olmasını təsdiq edən sənəd, əsas iş yeri həmin hüquqi şəxsdə olmasına dair əmək kitabçasının surəti və ya səlahiyyətlərini təsdiq edən sənəd (etibarnamə) iddia ərizəsinə əlavə olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69.1-ci maddəsinə əsasən, hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən, hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Buna görə də, İddiaçı ASC-nin iddia ərizəsi onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalandığından ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, İddiaçı ASC-nə göstərilənlərə əməl etməklə yenidən məhkəmədə iddia qaldıra bilmək hüququ izah edilməlidir. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151, 152, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, q ə r a r a a l d ı m: İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №2(033)-283/2021
Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №2(033)-283/2021
25.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver