Məhkəmə qərarları › İş №2(033)-311/2021

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-311/2021

31.03.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Sair mülki iş - Torpaq mübahisələri - Maneənin aradan qaldırılması - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-311/2021 31.03.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X5 katibliyi, İddiaçı və cavabdeh X2 iştirakları ilə, İddiaçı cavabdeh X3 qarşı fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılma, sahiblik və istifadə etməyə qarşı yönəlmiş qərəzəli hərəkətlərə son qoyulması və yaradılmış maneələrin aradan qaldırılması tələbinə dair iddiası üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 xüsusi mülkiyyətində olan Zaqatala rayonu Mosul kəndində 0,0931 ha torpaq sahəsində yerləşən 16,1 kv.m. fərdi yaşayış evindən çıxarılmasına, xüsusi mülkiyyətində olan Zaqatala rayonu Mosul kəndində 0,0931 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən 16,1 kv.m. fərdi yaşayış evindən sahiblik və istifadə etməyə qarşı yönəlmiş qərəzəli hərəkətlərə son qoyulması və yaradılmış maneələrin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, cavabdeh X4 ilə aralarında 24 oktyabr 2019-cu il tarixdə notarial qaydada bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən cavabdeh Zaqatala rayonu Mosul kəndində yerləşən 0,0931 ha olan torpaq sahəsini və ümumi sahəsi 16,1 kv.m. olan fərdi yaşayış evini ona 5000 manat məbləğinə satmışdır. Lakin, cavabdeh bugünə kimi onun şəxsi mülkiyyətində yaşayır. Cavabdehdən ona məxsus evdən çıxmasını tələb etsə də, çıxmayacağını və həmin mülkiyyətin özünə məxsus olduğunu bildirir. Həmçinin cavabdeh ona mülkiyyətində olan Zaqatala rayonu Mosul kəndində 0,0931 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən 16,1 kv.m. fərdi yaşayış evindən sahiblik və istifadə etməyə imkan vermir və onun mülkiyyət hüquqlarını kobud şəkildə pozur. Hazırda o, cavabdehlə razılaşmışdır. Cavabdeh özünə ev tikənə qədər həmin evdə yaşayacaqdır, buna baxmayaraq hazırki iddianın təmin edilməsini xahiş edir. Məhkəmə baxışı iclasında iştirak edən cavabdeh X4 izahat verərək göstərdi ki, iddia tələbini qəbul edir və iddia ərizəsinin təmin edilməsinə etiraz etmir. Lakin hazırda yaşamaq üçün başqa yeri olmadığından iddiaçı ilə razılığa gəlmişdir, yaxın vaxtlarda ev tikəcək və hazırki evdən çıxacaqdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, işdə olan X4 ilə İddiaçı arasında 24 oktyabr 2019-cu il tarixdə bağlanmış Zaqatala Rayon 2 saylı Notariat Ofisində həmin tarixdə reyestrdə 4Ə-1689 nömrə ilə qeyd edilmiş AN-İ seriyalı ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”ndən görünür ki, satıcı olan X4 tərəfindən Zaqatala rayonu Mosul kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən 11.05.2016-cı il tarixdə verilmiş **********25-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən, ona məxsus, ümumi sahəsi 0,0931 ha olan torpaq sahəsi və ümumi sahəsi 16,1 kv.m. olan fərdi yaşayış evi 5000 (beş min) manata İddiaçı satılmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 18.11.2019-cu il tarixdə İddiaçı adına verilmiş daşınmaz əmlakın dövlət reyestrində 35 nömrəli reyestr kitabının 46 nömrəli vərəqində qeydiyyata alınmış, reyestr nömrəsi **********25-10301, qeydiyyat nömrəsi ********** olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Zaqatala rayonu Mosul kəndində 0,0931 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 16,1 kv.m sahəsi olan fərdi yaşayış evi İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. Məhkəmə iclasında tərəflərin izahatı və işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, Zaqatala rayonu Mosul kəndində yerləşən 0,0931 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 16,1 kv.m sahəsi olan fərdi yaşayış evi İddiaçı adına tam mülkiyyət hüququ əsasında Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hazırda cavabdeh X4 iddiaçıya mülkiyyət hüququ əsasında məxsus Zaqatala rayonu Mosul kəndində yerləşən 0,0931 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 16,1 kv.m. olan fərdi yaşayış evindən istifadə edir və həmin daşınmaz əmlakların mülkiyyətçisi olan iddiaçının həmin əmlakdan istifadəsinə maneələr yaradır və iddiaçıya məxsus torpaq sahəsi və fərdi yaşayış evindən çıxmır. İddiaçı iddia tələbini müdafiə edir. Cavabdeh isə özünə məxsus yaşayış yeri olmadığından, özünə ev tikdikdən sonra çıxacağını bidirir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının, o cümlədən mülkiyyət hüququnun müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tədbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da ”mülkiyyət” kimi qiymətləndirilə bilər. “Broniovski Polşaya qarşı” işdə (22 iyun 2004-cü il tarixli Məhkəmə qərarı) Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin tədbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından “mülkiyyət” müstəqil məna daşıyır. Mübahisə predmeti olan mülkiyyət barəsində hüquqi tələb irəli sürmək mümkün olmadıqda, 1 saylı Protokolun 1-ci maddəsi tədbiq edilmir, belə ki, yalnız real mövcud olan mülkiyyətin hüquqi mühafizəsi mümkündür və bu mühafizə hər hansı mülkiyyəti gələcəkdə əldə etmək hüququna şamil olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Həmin Məcəllənin 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ hər bir cəmiyyətin demokratik, stabil və dinamik inkişafını, eləcə də onun dayanıqlı və etibarlı olmasını şərtləndirən ən mühüm dəyərlərdən biridir. Mülkiyyət hüququ istifadə hüququna münasibətdə daha üstün hüquqdur və bu hüquqların kolliziyası (toqquşması) halında hər bir halda mülkiyyət hüququna üstünlük verilməlidir. Göründüyü kimi, iddiaçı Qurbanov X8 rayonu Mosul kəndində yerləşən 0.0931 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin mülkiyyətçisidir və onun öz əmlakından öz istədiyi kimi istifadə etmək hüququ vardır. Məhkəmə hesab edir ki, İddiaçı xüsusi mülkiyyət hüququ ilə məxsus olan Zaqatala rayonu Mosul kəndində yerləşən 0.0931 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən cavabdeh X2 çıxmaması, torpaq sahəsini və fərdi yaşayış evini boşaltmaması iddiaçının mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilməli, cavabdehin belə hərəkətləri qanunsuz sayılmalıdır. Buna görə də, məhkəmə hesab edir ki, mülkiyyətçinin özünə mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsindən və fərdi yaşayış evindən sərbəst və maneəsiz istifadə etmək hüququ bərpa olunmalı, cavabdeh həmin torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evindən çıxarılmalıdır. Məhkəmə araşdırılmasında həm də müəyyən edildi ki, İddiaçı tam mülkiyyətində olan barəsində mübahisə gedən fərdi yaşayış evindən istifadə və sahibliyə yönəlmiş qərəzli hərəkətlərə son qoyulması tələbi qanunvericiliyin tələblərinə tam uyğundur. Məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı xüsusi mülkiyyətində olan Zaqatala rayonu Mosul kəndində yerləşən 0.0931 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 16,1 kv.m. olan fərdi yaşayış evi üzərində cavabdeh hər hansı hüquqa malik olmadığı halda, onun həmin torpaq sahəsinə və fərdi yaşayış evinə iddiaçının sahiblik və istifadəsinə yaradılmış maneələrlə müşayiət olunun qərəzli hərəkətləri, iddiaçının həmin torpaq sahəsindən və fərdi yaşayış evindən sahiblik və istifadə etməsinə uzun müddətdir ki, maneçilik yaradır. Ona görə də cavabdehin iddiaçıya məxsus əmlakdan iddiaçının faktiki istifadə etməsinə və ona sahiblik etməsinə qarşı yönəlmiş istənilən hərəkəti qanunsuz sayılmalı və cavabdeh tərəfindən yaradılan həmin maneələr aradan qaldırılmalıdır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Bu əsasla məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh X2 İddiaçı xüsusi mülkiyyətində olan Zaqatala rayonu Mosul kəndində yerləşən 0.0931 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 16,1 kv.m. olan fərdi yaşayış evindən sahiblik və istifadə etməyə qarşı yönəlmiş qərəzli hərəkətlərinə son qoyulmalı, yaradılmış maneələr aradan qaldırılmalı, cavabdeh zəbt etdiyi Zaqatala rayonu Mosul kəndində yerləşən 0.0931 ha torpaq sahəsi və üzrərində yerləşən ümumi sahəsi 16,1 kv.m. olan fərdi yaşayış evindən çıxarılmalıdır. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddiaçı iddia ərizəsi ilə bağlı dövlətə ödədiyi 10 manat məbləğində rüsumu tələb etmədiyinə görə, dövlət rüsumu xərci iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı xüsusi mülkiyyətində olan Zaqatala rayonu Mosul kəndində yerləşən 0.0931 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 16,1 kv.m. olan fərdi yaşayış evindən iddiaçının sahiblik və istifadə etməsinə qarşı yönəlmiş cavabdeh X2 qərəzli hərəkətlərinə son qoyulsun, yaradılmış maneələr aradan qaldırılsın. Cavabdeh X1 rayonu Mosul kəndində yerləşən 0.0931 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 16,1 kv.m. olan fərdi yaşayış evindən çıxarılsın. İddiaçının dövlət büdcəsinə ödədiyi 10 (on) manat məbləğində dövlət rüsumu xərci onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver