Məhkəmə qərarları › İş №2(033)-335/2021

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-335/2021

11.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-335/2021 11.03.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X1 katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Zaqatala rayon qeydiyyat şöbəsinə qarşı şəxsin vəfat etməsi hüquqi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 27 mart 1982-ci il təvəllüdlü X2 17 sentyabr 2006-cı il tarixdə Zaqatala rayonu Muxax kəndində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı Ərizəçi ərizədə göstərilən tələbi müdafiə edərək izahatında göstərdi ki, 27 mart 1982-ci il təvəllüdlü X5 onun qardaşıdır. O, 17 sentyabr 2006-cı il tarixdə Zaqatala rayonu Muxax kəndində bədbəxt hadisə nəticəsində vəfat etmişdir. Onun ölümünü rəsmi qeydə aldırmaq üçün xəstəxanadan ölüm haqqında tibbi şəhadətnaməni götürərək qeydiyyat şöbəsinə və ərazi icra nümayəndəliyinə verməli olduqlarını bilməmişlər. Onun ölüm haqqında şəhadətnaməsi ona görə də, onlara verilməmişdir. Ailələrinə məxsus X9 kitabında 20 fevral 2014-cü il tarixdə 1583 nömrə ilə uçota alınan torpaq sahəsinin sənədləşdirilməsi üçün onun ölüm haqqında şəhadətnaməsinin əldə edilməsi zərurəti yaranmışdır. Zaqatala rayonu qeydiyyat şöbəsinə bu barədə müraciət etsə də, ona ölüm haqqında şəhadətnamə verilməmiş, bu barədə imtina məktubu təqdim edilmişdir. Qardaşının vəfat etməsindən 15 ilə yaxın müddət keçdiyindən onun ölümünün qeydə alınması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclası zamanı maraqlı şəxs Zaqatala rayon qeydiyyat şöbəsinin nümayəndəsi X6 izahat verərək ərizənin təmin olunmasına etirazı olmadığını bildirdi. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işdə olan Zaqatala rayonu Muxax kənd soveti tərəfindən 06 aprel 1982-ci il tarixdə verilmiş Vİİ- ЖГ 468471 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 27 mart 1982-ci il tarixdə anadan olmuş, onun atası X3, anası isə X4r. İşdə olan Zaqatala RPŞ tərəfindən 10 oktyabr 2003-cü il tarixdə verilmiş AZE 01553077 nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 27 mart 1982-ci il tarixdə Zaqatala rayonu Muxax kəndində anadan olmuşdur. İşdə olan Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Muxax kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən 04 fevral 2021-ci il tarixdə verilmiş 103 nömrəli arayışdan görünür ki, həqiqətən 27 mart 1982-ci il tarixdə Zaqatala rayonu Muxax kəndində doğulmuş Muxax kənd sakini X5 17 sentyabr 2006-cı il tarixdə vəfat etmişdir və 18 sentyabr 2006-cı il tarixdə Muxax kənd qəbiristanlığında dəfn edilmişdir. İşdə olan Zaqatala rayon qeydiyyat şöbəsi tərəfindən 06 fevral 2021-ci il tarixdə Ərizəçi ünvanlanmış 05/q-50/15 nömrəli məktubdan görünür ki, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. İşdə olan Zaqatala rayon prokurorluğunun 10 mart 2021-ci il tarixli 408 nömrəli məktubundan görünür ki, 2006-cı ildə Zaqatala rayonu Muxax kənd sakini X2 Yuxarı Tala kəndi ərazisindəki futbol-idman meydançasında 17 sentyabr 2006-cı il tarixdə başına metal turba düşməsi nəticəsində ölməsi barədə Zaqatala rayon prokurorluğunun müstəntiqi tərəfindən 42C-06 nömrəli material üzrə araşdırma aparılmış və 25 sentyabr 2006-cı il tarixli qərarla material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin material saxlama müddəti keçdiyindən məhv edilmişdir. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydalarının 8.5-ci bəndində göstərilmişdir ki, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 193-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəçinin izahatından, mülki iş materiallarından və işə əlavə edilmiş Zaqatala rayon prokurorluğunun 10 mart 2021-ci il tarixli 408 nömrəli məktubundan aydın oldu ki, Ərizəçi qardaşı X5 17 sentyabr 2006-cı il tarixdə Zaqatala rayonu Yuxarı Tala kəndi ərazisindəki futbol-idman meydançasında başına metal turba düşməsi nəticəsində vəfat etmişdir. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilərək, Ərizəçi qardaşı X2 17 sentyabr 2006-cı il tarixdə Zaqatala şəhərində ölməsi faktı müəyyən edilməlidir. Ərizəçi dövlətə ödədiyi 10 manat rüsumu tələb etmədiyindən dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.8, 307.2.11 və 308-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. Ərizəçi qardaşı, 27 mart 1982-ci il tarixdə anadan olmuş X2 17 sentyabr 2006-cı il tarixdə Zaqatala şəhərində ölməsi faktı müəyyən edilsin. Ərizəçi dövlət büdcəsinə ödədiyi 10 (on) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar