Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-65/2022 25.01.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X9 İddiaçı, onun vəkili X12 Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaqların himayədə saxlanılması və aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaqların himayədə saxlanılması və aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında Zaqatala RİHB-ın Bəhmətli kənd inzibati ərazi nümayəndəliyində 01 iyun 2006-cı ildə 07 nömrə ilə qeydə alınmış nikahın pozulması, cavabdehlə birgə nikahlarından 18 may 2007-ci ildə doğulmuş X2 və 02 aprel 2012-ci ildə doğulmuş X3 onun himayəsinə verilməsi, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşaq üçün 500 manat, cəmi 1000 manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdehlə nikahlarını 01 iyun 2006cı il tarixdə Zaqatala RİHB-ın Bəhmətli kənd ərazi nümayəndəliyində rəsmiləşdirməklə evlənmişlər. Birgə nikahdan onların 18 may 2007-ci ildə X7 və 02 aprel 2012-ci ildə X8 adlı iki uşaqları doğulmuşdur. Cavabdehlə evləndikdən sonra bir müddət mehriban yaşasalar da, sonradan münasibətləri pozulmuşdur. Buna səbəb cavabdehin ailəsinə biganə yanaşması, onu dəfələrlə döyməsi və uşaqları ilə evdən qovması olmuşdur. Cavabdehlə bir aydan çoxdur ki, ayrı yaşayırlar və həmin vaxtdan sonuncu uşaqları ilə maraqlanmamışdır. Hesab edir ki, bundan sonra ər-arvad kimi yaşamaqları və ailənin mövcudluğunu saxlamaq qeyri-mümkündür. Uşaqları onun himayəsindədir və onların saxlanılmasında çətinlik çəkir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı 21 yanvar 2022-ci il tarixdə “iddia ərizəsinə əlavə” barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlə birgə nikahlarından 18 may 2007-ci ildə doğulmuş X2 və 02 aprel 2012-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşaq üçün 500 manat, cəmi 1000 manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə 01 iyun 2006-cı ildə nikaha daxil olub evlənmişlər. həmin nikahdan xx.xx.2007-ci il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X8 adlı övladları doğulmuşdur. Cavabdeh ilə aralarında olan nikahın pozulmasına və alimentin tutulmasına dair məhkəmədə iddia qaldırmışdır. Hazırda həmin iddia ərizəsi Zaqatala rayon məhkəməsinin icraatındadır (2(033)-1075/2021 (hazırkı nömrə 2(033)- 65/2022) nömrəli mülki iş). Məhkəmənin xx.xx.2021-ci il tarixli 2(033)-1075/2021 nömrəli Qərardadı ilə barışıq üçün 3 (üç) ay müddət müəyyən edilmiş və işə baxılması 21 yanvar 2022-ci il tarixə saat 10:00-ə təxirə salınmışdır. Qərardadla həmçinin, 18 may 2007-ci ildə doğulmuş X2 və 02 aprel 2012-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 15 sentyabr 2021-ci il tarixdən başlayaraq Cavabdeh sabit pul məbləğində hər ay, hər uşağa görə 120 (bir yüz iyirmi) manat, cəmi 240 (iki yüz qırx) manat miqdarında aliment müvəqqəti tutularaq X1 ödənilməsi müəyyən edilmişdir. Təyin olunan alimentin məbləği ilə bağlı bildirir ki, 120 manat bir uşaq üçün çox azdır. Fidan universitetə qəbul imtahanlarına hazırlaşır və aylıq onun hazırlıq və dərs vəsaiti xərcləri 300 manatdır. Hər iki uşaq musiqi təhsili alır. Onların geyim xərcləri var, xəstəliyin yayıldığı bir vaxtda onların müalicə xərcləri var, hazırlığa, məktəbə və musiqi dərslərinə getmək üçün nəqliyyat xərcləri var və s. Bir uşaq üçün 120 manat sadəcə yemək puludur. Dövlət bir uşaq üçün tələb olunan minimum vəsaitin məbləğini müəyyən etmişdir. Həmin məbləğ 2021-ci il üçün 175 manat, 2022-ci il üçün 193 manatdır. Məhkəmə aliment təyin edərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən etməlidir. Uşağın əvvəlki təminat səviyyəsi yüksək olmuş, qəbul imtahanlarına hazırlıq xərcləri, geyim xərcləri, yemək xərcləri, müsiqi təhsili ilə bağlı xərclər və s. xərclər cavabdeh tərəfindən qarşılanmışdır. Lakin ayrı yaşadıqları dövrdə uşaqların təminatı xeyli azalmış və uşaqların təhsili ilə bağlı, yemək, geyim, nəqliyyat, məktəb ləvazimatları və s. xərclərinin əvvəlki kimi qarşılanması mümkünsüz olmuşdur. Cavabdeh heç bir əlavə xərclərin ödənilməsində iştirak etmir. Uşaqların bütün xərcləri onun aldığı aşağı əmək haqqından qarşılanır. 2021-ci ilin avqust ayından uşaqları onun himayəsində qalmış, onların bütün maddi və mənəvi tələbatlarını təkbaşına ödəməyə çalışmışdır. Cavabdeh bir ata kimi azyaşlı uşaqlarının necə yaşaması və hansı maddi çətinliklərlə üzləşməsi barədə maraqlanmamış, valideynin uşaqlarını saxlamaq vəzifəsini yadından çıxarıb və təəssüf ki, bu məsuliyyəti hələ də dərk etməyib. O sadəcə məhkəmənin təyin etdiyi 120 manat alimenti ödəyir, onu da gecikdirə gecikdirə. O özlüyündə onu və uşaqları cəzalandırmağa çalışır. Cavabdeh aylıq icarə gəliri 6500 manatdır. Digər sahibkarlıq fəaliyyətindən isə 5000 manatdan çox gəlir əldə edir. Həmin gəlirlərindən ayda 4000 manatdan çox kredit ödəyir. Cavabdeh ilə X19 (VÖEN **********) arasında bağlanmış xx.xx.2021 -ci il tarixli 2 və 3 saylı müqavilələrə əsasən 236.8 kv.m. və 259.20 kv.m. qeyri-yaşayış sahələri Cavabdeh tərəfindən X17 tədris kursu (Kainat hazırlıq kursu) məqsədilə icarəyə verilib. Bu müqavilələr üzrə aylıq 744,0 (355.2+388.8) manat icarə haqqından gəlir əldə edir. Cavabdeh ilə X10 (VÖEN **********) arasında bağlanmış xx.xx.2021-ci il tarixli 3 saylı müqaviləyə əsasən 120 kv.m. qeyri-yaşayış sahəsi Cavabdeh tərəfindən X5 gözəllik salonu və estetik mərkəz məqsədilə icarəyə verilib. Bu müqavilə üzrə aylıq 150,0 manat icarə haqqından gəlir əldə edir. Cavabdeh ilə X13 (VÖEN **********) arasında bağlanmış xx.xx.2021-ci il tarixli 4 saylı müqaviləyə əsasən 80 kv.m. qeyri-yaşayış sahəsi Cavabdeh tərəfindən X11 restoran məqsədilə icarəyə verilib. Bu müqavilə üzrə aylıq 100,0 manat icarə haqqından gəlir əldə edir. Göründüyü kimi, Cavabdeh rəsmi müəyyən edilmiş gəliri aylıq 994,0 manat təşkil edir. Faktiki isə 6500,0 manatdır. Rəsmi gəliri 994,0 manat olduğu üçün iki uşağa təyin olunmalı aliment minimum 331,33 manat edir. Lakin aliment ən azı uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumundan az olmamalıdır. Cavabdeh Zaqatala şəhəri Faiq Əmirov küçəsində yerləşən Ağ Sarayın 1 -ci mərtəbəsini icarəyə götürərək sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Obyektin birinin adı "Roman", digərinin adı "Studio Zaqatala"dır. "Roman" adlı obyektində məktəb və ofis ləvazimatları satır. "Studio Zaqatala" adlı obyektində isə kompüter satışını, fujifilm fotoşəkillərin çəkilməsi və çıxarılması, poliqrafiya, kompüter və printerlərin təmiri ilə məşğul olur. Cavabdeh bu fəaliyyətindən 5000 manatdan çox gəlir əldə edir. Lakin vergi ödəmir, obyektləri vergi orqanında qeydiyyata aldırmamışdır. O, cavabdehin gəlirlərini bu səbəbdən də məhkəməyə rəsmi təqdim edə bilməmişdir. Bundan əlavə cavabdeh Talaçay şadlıq sarayında toy çəkilişlərini həyata keçirir və heç bir vergi ödəmir, "xxxx" ASC-nin Zaqatala filialına xx.xx.2018-ci il tarixli 18036-S033150/315185 nömrəli kredit müqaviləsinə və əlavələrinə əsasən aylıq 5000 (beş min) manat kredit ödəyir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin bildirmişdir ki, verilmiş 3 ay vaxt ərzində cavabdehlə arasında barışıq əldə edilməmiş və o, nikahın pozulmasına təkid edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək göstərmişdir ki, iddiaçı ilə nikahlarını 01 iyun 2006-cı il tarixdə Zaqatala RİHB-ın Bəhmətli kənd ərazi nümayəndəliyində rəsmiləşdirməklə evlənmişlər. Birgə nikahdan onların 18 may 2007-ci ildə X7 və 02 aprel 2012-ci ildə X8 adlı iki uşaqları doğulmuşdur. İddiaçı ilə münasibətləri pozulduğundan hazırda ayrı yaşayırlar. İddiaçının iddiasını qəbul etmir, boşanmaya razı deyildir. Belə ki, o, uşaqlarının atasız böyüməsini istəmir. Bundan başqa onun aylıq gəliri 994 manat təşkil edir və hazırda onun banklara xeyli miqdarda borcu vardır, iddiaçının tələb etdiyi alimenti ödəməyə maddi imkanı yoxdur. Odur ki, göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxs Zaqatala Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Zaqatala rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında arayışlardan görünür ki, X7 18 may 2007-ci ildə, X8 02 aprel 2012-ci ildə doğulmuşdur. Ataları Cavabdeh və anaları İddiaçıdır. İş materiallarına əlavə edilmiş Zaqatala RİHB-ın Bəhmətli kənd icra nümayəndəliyi tərəfindən verilmiş AZ-İ N 234043 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X6 ilə Cavabdeh nikahlarını 01 iyun 2006-cı ildə 7 nömrə ilə rəsmiləşdirmişlər. Nikah bağlandıqdan sonra arvada Balaməmmədova soyadı verilmişdir. Məhkəmə baxışı zamanı Zaqatala Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli 2(033)-1075/2021 saylı qərardadı ilə 18 may 2007-ci ildə doğulmuş X2 və 02 aprel 2012-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 15 sentyabr 2021-ci il tarixdən başlayaraq Cavabdeh sabit pul məbləğində hər ay, hər uşağa görə 120 (bir yüz iyirmi) manat, cəmi 240 (iki yüz qırx) manat miqdarında aliment müvəqqəti tutularaq İddiaçı verilməsi qərara alınmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin ümumi uşaqları yetkinlik yaşına çatmamışlar. Tərəflər 2006-ci ilin iyun ayından rəsmi nikahda olub yaşamaqlarına baxmayaraq hazırda ailə münasibətləri kəsilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 16-cı maddəsinə əsasən nikaha xitam verilməsi müvafiq icra hakimiyyəti orqanı, bu Məcəllənin 19-21-ci maddələrində nəzərdə tutulmuş hallarda isə məhkəmə tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 17.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqlarının olmasından asılı olmayaraq ərin (arvadın) ərizəsi əsasında nikaha xitam verilməsi aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanında aparılır: ər (arvad) məhkəmə qaydasında itkin düşmüş hesab edildikdə; ər (arvad) məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə; ər (arvad) cinayət törətməyə görə ən azı 3 il müddətinə azadlıqdan məhrum olunduqda. Eyni Məcəllənin 19.1-ci maddəsinə görə Ailə Məcəlləsinin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Ailə Məcəlləsinin 20.1-ci maddəsinə görə ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.2-ci maddəsinə görə tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Eyni Məcəllənin 21.3-cü maddəsinə görə nikahın məhkəmə qaydasında pozulması ər-arvadın bu barədə ərizə verdikləri gündən 1 aydan tez olmayaraq həyata keçirilir. Həmin Məcəllənin 23.1-ci maddəsinə görə nikah müvafiq icra hakimiyyəti orqanında pozulduqda pozulmanın dövlət qeydiyyatına alındığı gündən, məhkəmə qaydasında pozulduqda isə bu barədə məhkəmənin qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən nikaha xitam verilmiş sayılır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, № 8-2/2016 saylı Qərarında məhkəmələrə izah edilmişdir ki, “Nikahın pozulması və aliment tələbinə dair işlərə baxarkən məhkəmə ailənin qorunub saxlanılması məsələsinə xüsusi diqqət yetirməli, tərəflərin məhkəmə iclasında şəxsən iştirakının təmin olunması üçün qanunla nəzərdə tutulan bütün tədbirləri görməlidir. Tərəflərdən birinin nikahın pozulmasına razılığı olmadıqda məhkəmə boşanmanın səbəblərini öyrənməli, ailənin bərpası, tərəflərin barışması üçün qanunla yol verilən bütün imkanlardan istifadə etməlidir. Bu məqsədlə məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Tərəflər arasında barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur.” Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikasının ailə qanunvericiliyi nikahı kişi ilə qadının ailə qurmaq məqsədi ilə və hər ikisinin ailə qurmaq niyyəti olduğu halda müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqı kimi tanıyır. Nikahın bağlanmasındakı məqsəd ailə hüququ münasibətləri üzrə hüquq və vəzifələr əldə etmək olur ki, belə nikahın bağlanmasından sonra ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü müəyyən edildikdə heç kəs iradəsinin əleyhinə nikahda saxlanıla bilməz. Bu mənada məhkəmə verilmiş 3 ay ərzində barışıq əldə edilməməsini, iddiaçının bundan sonra tərəflərin ailə münasibətlərinin bərpasının mümkünsüzlüyü ilə bağlı iradə ifadəsini nəzərə alır və hesab edir ki, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildiyindən tərəflər arasında bağlanmış nikah pozulmalıdır. Həmçinin qeyd edilməlidir ki, Ailə Məcəlləsinin 22.1-ci maddəsinə görə nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Həmin Məcəllənin 22.2-ci maddəsinə əsasən Ailə Məcəlləsinin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə: boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli; uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməli; ər-arvadın (onlardan birinin) tələbi ilə onların birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalı; ərindən (arvadından) saxlanması üçün vəsait almaq hüququna malik olan arvadın (ərin) tələbi ilə ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən etməlidir. Məhkəmə birgə nikahdan olan uşaqların yaşını və üstün mənafelərini rəhbər tutaraq, tərəflər arasında uşaqların yaşayış yeri ilə bağlı mübahisə olmamasını nəzərə alaraq hesab edir ki, tərəflər arasındakı nikah pozulduqdan sonra birgə nikahdan olan uşaqların iddiaçının yanında qalmaları onların mənafeylərinə daha uyğundur. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh qazancı (gəliri) qeyri-müntəzəm və dəyişəndir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehdən sabit pul məbləğində aliment tutulmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, № 8-2/2016 saylı Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Sabit pul məbləğinin miqdarı ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında qanuna əsasən uşaqlar üçün bu məbləğ 193 (bir yüz doxsan üç) manat müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən Qərarının və ailə qanunvericiliyinin uşaqların saxlanılması üçün alimentin tutulması şərtlərini və qaydasını müəyyən edən qeyd edilən maddələrinin tələblərinə əsasən hesab edir ki, Cavabdeh yetkinlik yaşına çatmayan hər bir uşağa görə tutulmalı olan aliment sabit pul məbləğində tutulmalı, sabit pul məbləğinin miqdarı ilə bağlı məhkəmə tərəflərin maddi və ailə vəziyyətini, habelə aylıq aliment məbləğinin dövlət tərəfindən uşağın saxlanması üçün müəyyən edilmiş minimum ehtiyac meyarından aşağı olmamasının zəruriliyini nəzərə alaraq hesab edir ki, uşaqların saxlanması üçün alimentin sabit pul məbləğində aylıq miqdarı hər bir uşağa görə 193 (bir yüz doxsan üç) manat, cəmi 386 (üç yüz səksən altı) manat müəyyən edilməlidir. Həmin məbləğ uşaqların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, İddiaçı aliment tələbini nikahın pozulması barədə iddia ərizəsi ilə birlikdə məhkəməyə 15 sentyabr 2021-ci ildə təqdim etmişdir. Ona görə də məhkəmə hesab edir ki, alimentin tutulmasının əvvəli 15 sentyabr 2021-ci il tarixdən hesablanmalı və Zaqatala Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli 2(033)- 1075/2021 saylı qərardadı ilə müvəqqəti alimentin tutulması nəzərə alınmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2-ci və 234.2.1-ci maddələrinə əsasən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah pozulmalı, nikah pozulduqdan sonra tərəflərin birgə nikahdan doğulmuş uşaqlar iddiaçının yanında saxlanmalı və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşağa görə 193 (bir yüz doxsan üç) manat, cəmi 386 (üç yüz səksən altı) manat miqdarında sabit pul məbləğində aliment tutularaq cavabdehə verilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu” haqqında qanunun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. “Dövlət rüsumu” haqqında qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. “Dövlət rüsumu” haqqında qanunun 8.4.9-cu maddəsinə əsasən, nikahın və təkrar nikahın ləğv olunması haqqında iddia ərizələri üçün dövlət rüsumunun məbləği 20 manatdır. MPM-nin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 500 manatdan çox olduqda ödənilməli olan dövlət rüsumunun məbləği 30 manatdır. İddiaçı iddia ərizəsinin nikahın pozulmasına dair hissəsi üçün ödədiyi dövlət rüsumu 20 (iyirmi) manatı tələb etmədiyinə görə həmin rüsum xərci onun özünə aid edilməlidir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, dövlət rüsumunun qalıq qalmış 10 (on) manat məbləğində hissəsi cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında Zaqatala RİHB-ın Bəhmətli kənd inzibati ərazi nümayəndəliyində 01 iyun 2006-cı ildə bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 07 nömrə ilə qeyd edilmiş nikah pozulsun. Tərəflərin birgə nikahından 18 may 2007-ci ildə doğulmuş X7 və 02 aprel 2012-ci ildə doğulmuş X8 İddiaçı himayəsində saxlanılsın. 18 may 2007-ci ildə doğulmuş X2 və 02 aprel 2012-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 15 sentyabr 2021-ci il tarixdən başlayaraq Cavabdeh sabit pul məbləğində hər ay, hər uşağa görə 193 (bir yüz doxsan üç) manat, cəmi 386 (üç yüz səksən altı) manat miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Zaqatala Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli 2(033)-1075/2021 saylı qərardadı ilə müvəqqəti alimentin tutulması nəzərə alınsın. Cavabdeh 10 (on) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №2(033)-65/2022
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-65/2022
25.01.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver